“Protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir”
Tarix: 10.12.2019 | Saat: 12:01:00 | E-mail | Çapa göndər


Ceyhun Məmmədov: “Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!”

Ölkəmiz icbari tibbi sığortanın tətbiqi ərəfəsindədir. Bu keçid dövrü çox məsuliyyətli və həyəcanlıdır – icbari sığorta xidmətinə keçdikdə, səhiyyəmizin taleyi necə olacaq?
Bu məsələ ilə bağlı bizi narahat edən sualları Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti polkovniki, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, Nyu-York Universitetinin magistri Ceyhun Məmmədova ünvanladıq.

- Heç kimə sirr deyil ki, Gömrük Komitəsi hazırda köklü islahatlar, neqativ stereotiplərin dağıdılması dövrünü yaşayır. Bu, Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının işində özünü necə göstərir?

- Tam haqlısınız. Dövlət başçısının uzaqgörən və ardıcıl siyasətinin nəticəsi olaraq bu gün Gömrük Komitəsində sadəcə imicin deyil, Azərbaycanda gömrük işinin məhz təşkili prinsiplərinin dəyişdirilməsi üzrə genişmiqyaslı işlər aparılır. Komitənin sədri general-leytenant Səfər Mehdiyevin təşəbbüs etdiyi islahatlar nəticəsində qısa müddət ərzində nəzərəçarpan və əhəmiyyətli nəticələr əldə olunub. Əlbəttə ki, bütün bunlar bizim Tibbi Xidmət İdarəsi, həmçinin, onun nəzdində olan Gömrük Hospitalından da yan keçməyib. Pozitiv dəyişikliklər və şəffaflıq şəraitində bizim xidmətdə artıq çoxdan yetişmiş kadr və struktur dəyişiklikləri aparmaq sözsüz ki, daha asan oldu.

- Dəqiq olaraq nəyi nəzərdə tutursunuz?

- Son bir il ərzində transplantologiya, uşaq və böyüklər üçün kardiocərrahiyyə sahələrinin ən yaxşı mütəxəssislərini desəm yanılmaram, Mərkəzi Gömrük Hospitalının fəaliyyətinə cəlb etməyə, şöbələri müasir tibbi avadanlıqlar və alətlərlə təchiz etməyə, hospitalın stasionar şöbələrində pasiyentlərə göstərilən xidmətlərin ümumi səviyyəsinin daha da yüksəldilməsinə nail ola bilmişik. Bundan başqa nəzarət-buraxılış məntəqələrinin dislokasiya yerlərində tibbi yardımın göstərilməsi üçün planlar hazırlanıb, sanitar-epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib, əhaliyə profilaktik tibbi yardım göstərmək məqsədi ilə səyyar mobil hospitalının imkanlarından istifadə olunub. Təbii ki, çox işlər görülüb, amma düşünürəm ki, hələ qarşıda duran vəzifələrimiz daha da çoxdur.

- Bu müddət ərzində görülmüş işlərdən nəyi xüsusi olaraq qeyd etmək istərdiniz?

-Ötən il Mərkəzi Gömrük Hospitalında çalışan həkimlərin işinin təkmilləşdirilməsi və onların elmi potensiallarının yüksəldilməsi məqsədilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Elmi Təcrübi və Tədris Mərkəzindən böyük gözləntilərimiz var. Bundan başqa, Hospitala ilk dəfə olaraq təhsillərini davam etdirmək üçün rezidentlər işə qəbul edilib. İnanıram ki, onları layiqli mütəxəssislər kimi yetişdirə biləcəyik. Ən çox da onunla fəxr edirəm ki, biz cari ildə cəbhə bölgəsində yaşayan əhaliyə, o cümlədən qaçqın və köçkünlərə yüksəktexnoloji tibbi xidmət göstərilməsinə yönəldilmiş bir sıra humanitar aksiyaları təşkil etməyə nail olmuşuq.

- Siz “Uşaq ürəkləri Qarabağda döyünür” aksiyasını nəzərdə tutursunuz?

- Əlbəttə, ilk növbədə. Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonunun Horadiz şəhərində və Ağdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirilən tədbirlər çərçivəsində 700 nəfərdən artıq insan zəruri yüksək texnoloji tibbi müayinədən keçmək imkanı əldə etmişdir. Bu, bizim tibbi heyətin təqdirəlayiq səyləri və səyyar mobil hospitalın texniki imkanları sayəsində mümkün olub. Bu aksiyaların təkcə bölgələrə səfərlərlə məhdudlaşmayıb, Bakı şəhərində Mərkəzi Gömrük Hospitalında davam etməsi mənim üçün çox əhəmiyyətlidir. Qürurla qeyd etmək istəyirəm ki, Cocuq Mərcanlıda həyata keçirilmiş tibbi müayinələr zamanı ən mürəkkəb ürək qüsuru aşkarlanmış 7 uşaq bizim Hospitalda uğurla əməliyyat edilib.

- Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq haqqında müqavilə imzalamısınız. Bu tərəfdaşlıqdan nələri gözləyirsiniz?

- Gözləntilərim çox optimisdir. Öncə qeyd edim ki, Florence Nightingale Xəstəxanalar Qrupu nüfuzlu tibb müəssisələri şəbəkəsi olaraq, həm Türkiyədə, həm də regionda bu sahənin liderlərindən biri sayılır. Şübhəsiz, istər tibbi yardımın göstərilməsində, istərsə də, keyfiyyətli xidmətin təşkili məsələlərində bizim onlardan öyrənməli və tətbiq etməli çox işlər var. İkincisi, türk tərəfdaşımız lap başlanğıcdan özünü çox pozitiv şəkildə etibarlı partnyor kimi göstərə bilib. Müraciətlərimizə böyük diqqətlə yanaşıblar. Hətta cəbhə xəttində yerləşən Cocuq Mərcanlıda keçirilən humanitar aksiyada türk professor kardiocərrahlar bizimlə bərabər müayinələrdə iştirak ediblər. Bununla da həmişəlik bizim sevgimizi qazanıblar!

- 90-a yaxın milli klinik protokolun redaktorusunuz. Bu protokollar bizim səhiyyə üçün nə dərəcədə aktualdır?

- Milli klinik protokolların tərtibi ilə hələ Amerika Beynəlxalq Səhiyyə Birliyinin (AIHA) ölkəmizdəki nümayəndəliyinə rəhbərlik etdiyim dövrdə məşğul olmağa başlamışam. AIHA və amerikalı tibb işçiləri ilə müştərək tərəfdaşlıq layihələri sayəsində anlaşıldı ki, klinik protokollar olmadan praktiki tibbin davamlı inkişafı mümkün deyil. Sonradan mənə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində də klinik protokollar üzərində işləməyi davam etdirmək qismət oldu. Layihə olduqca mürəkkəb idi, amma bununla belə, biz 2015-ci ilədək 90 klinik protokol ərsəyə gətirdik ki, bu gün də həkimlər onlardan fəal istifadə edirlər. Hazırda Tibbi Xidmət İdarəsinin qarşısında duran vəzifə klinik protokolların yazılması deyil, onların tətbiq edilməsidir. Bu vəzifə bir çox səbəblərdən o qədər də asan deyil. Həm də ona görə ki, Azərbaycan dilində olan protokollar hələ də məhdud saydadır. Çox təəssüf edirəm ki, biz bu problemlə icbari tibbi sığortanın tətbiqinə çox az qalmış, məsuliyyətli bir vaxtda qarşılaşmışıq. Çünki protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir.

- Biz sizi respublikada tibbi menecment sahəsində qabaqcıl mütəxəssislərdən biri kimi tanıyırıq. Sığortadan nələri gözləyirsiniz?

- Sözsüz, icbari tibbi sığortanın tətbiqi çoxdan tələb olunan və tamamilə düzgün addımdır. Lakin burada ölkəmizin şəraiti üçün ən optimal modeli seçmək olduqca vacibdir. Düşünürəm ki, bu məsələdə müəyyən informasiya boşluğu vardır. Bu isə həm əhalidə, həm də mütəxəssislərdə yerində narahatlıq doğurur. İcbari tibbi sığortanın praktikada tətbiqinin necə baş verəcəyi barədə daha çox məlumatlı olmağımızı istərdim. Çünki bu məsələdə yol verilən səhvlər ciddi neqativ nəticələrə səbəb ola bilər... Əlbəttə, icbari tibbi sığortadan böyük gözləntilərimiz var. Xatırlatsaq ki, “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası” 2008-ci ilin yanvarında təsdiq olunub, bu gözləntilər nəinki böyük, həm də uzunmüddətlidir. Bu Konsepsiya ən yaxşı milli ekspertlərin beynəlxalq, ilk növbədə, ÜST-ün mütəxəssisləri ilə intensiv əməkdaşlığının nəticəsi olub. Yeri gəlmişkən, bu əvəzolunmaz sənəddə göstərilən düşünülmüş, düzgün islahatlar prinsipləri bu gün də öz aktuallığını itirməməkdədir.

- Bir çox xəstələr müasir tibbin nailiyyətlərinə, yüksəktexnoloji tibbi yardıma ümid bağlayırlar. Bu barədə düşüncələrinizi bölüşərdiniz.

- Müasir tibbin inkişafı yüksək texnologiyaların, müalicənin qabaqcıl metodlarının, kommunikasiya innovasiyalarının tətbiqi ilə sıx bağlıdır. Hesab edirəm ki, Mərkəzi Gömrük Hospitalı ölkədə və regionda öz infrastrukturunu son nəsil texniki yenilikləri ilə təchiz edərək bu prosesin önündə gedir. Bu mənada biz gömrük işçilərinə və əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək üçün ən yeni avadanlıqların əldə edilməsində bizə kömək edən Dövlət Gömrük Komitəsinin daim dəstəyini hiss edirik. Belə ki, 2020-ci ilin yanvarında 3 Tesla gərginlikli maqnit sahəsi yaratmaq qabiliyyətinə malik olan premium sinfindən Philips Ingenia Elition X maqnit-rezonans tomoqrafı həkimlərimizin istifadəsinə veriləcək. Bu ən yeni model sırasından olan unikal aparat diaqnostik şəkillərin yüksək keyfiyyətini və nəticələrin dəqiqliyini təmin edir. Pasiyentin tuneldə yerləşdirilməsi prosedurunun optimallaşdırılması və skanlaşdırmanın sürətinin yüksəldilməsi nəticəsində bu tomoqrafda MR-müayinələrini iki dəfə tez aparmaq mümkündür. Bundan başqa, bu aparatda istifadə olunan xüsusi audio və videomaterialların canlandırılması hesabına əmələ gələn “dalış effekti” pasiyentləri sakitləşdirməyə və bununla da MR-müayinədən daha rahat keçməyə kömək edir.

- Teletibbə münasibətiniz necədir? Tibbi xidmətlərin əlçatanlığı məsələsini həll etməyə onun köməyi ola bilərmi?

- Teletibb texnologiyalarına çox yaxşı yanaşıram. Bu gün biz bu texnologiyaların köməyi ilə regionlardakı nəzarət-buraxılış məntəqələrində gömrük işçilərinin sağlamlığının vəziyyətini məsafədən izləmək, həmçinin, ən yaxşı yerli və xarici mütəxəssislərlə məsafədən konsultasiyaların aparılması üzərində işləyirik.

- Ənənəvi sual: gələcəyə dair hansı planlarınız var?

- Biz ardıcıl və məqsədyönlü olaraq Mərkəzi Gömrük Hospitalının regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik. İnfrastrukturun müasirləşdirilməsi, ən yeni texnoloji nailiyyətlərin həyata keçirilməsi və tibbi menecmentin müasir metodlarının tətbiqi yolu ilə biz tibbi xidməti daim yeniləyirik. Mən əminəm ki, bu tibbi xidmətlərdən nəinki regionların və paytaxtın sakinləri, həm də xarici ölkələrdən gəlmiş “tibb turistləri” də fəal surətdə yararlanacaqlar. Sizə yeniliklərimiz haqqında bir neçə fakt gətirim. Dünyanın ən qabaqcıl sığorta şirkətlərindən biri olan AETNA bizimlə Azərbaycan üzrə eksklüziv müqavilə imzalamış, bununla da göstərdiyimiz tibbi xidmətlərin yüksək keyfiyyətini bəyəndiyini bildirmişdi. Kimya sənayesinin region üzrə lideri olan SOCAR Polymer şirkətinin əməkdaşlarına təcili tibbi yardım xidmətinin göstərilməsi ilə bağlı elan etdiyi tenderdə Mərkəzi Gömrük Hospitalı qalib seçilib. Beynəlxalq tərəfdaşlarımızın dəvətlərimizi qəbul edərək tərəfimizdən keçirilən konfrans və layihələrdə iştirak etməkləri və digər məqamlar göstərir ki, biz zamanın nəbzini tutaraq addımlayır və rəhbərliyin müasir tələblərinə cavab verərək uğurla inkişaf edirik.
İdarəmiz də, şəxsən mən də respublika üzrə səhiyyənin davamlı inkişafı naminə öz pozitiv təcrübəmizi bölüşməyə hər zaman hazırıq!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.01.2020
Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
13.01.2020
“Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
09.01.2020
Perm vilayətində deputat seçilən ilk azərbaycanlı: “Vətənimizi, xalqımızı, mədəniyyətimizi layiqincə təmsil etməliyik”
09.01.2020
“Əsas məqsədimiz dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaqdır”
09.01.2020
“Həkimin baxışı olmadan heç bir müalicə təyin oluna bilməz”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info