Gənclər QHT-ləri vətəndaş cəmiyyəti quruculuğunda
Tarix: 13.09.2013 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


|

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları (QHT-lər) mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında və inkişafında rolu danılmazdır. Əslində, vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Vətəndaşların əsas tələbatları və istəkləri əvvəlcə məhz QHT-lər vasitəsi ilə formalaşmış görkəm alır. QHT-lər vətəndaş cəmiyyəti fəlsəfəsinin, onun ideyalarının həyata keçirilməsində, reallaşmasında mühüm rol oynayır. Fikrimizcə QHT-lərsiz bu fəaliyyəti həyata keçirmək çətin məsələ olardı. Bəs ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda və onun inkişafında gənclər QHT-lərinin nə kimi rolu var? Nəzərə alsaq ki, gənclər hər bir cəmiyyətin fəal və aparıcı qüvvəsidir, onda sözügedən mövzu daim öz aktuallığını saxlamış olur.
Ümumiyyətlə, vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq gənclər QHT-lərinin də cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırmasından ibarətdir. Respublikamızda fəaliyyət göstərən gənclər QHT-ləri əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya və digər sahələrdə fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirirlər. Onlar əhalinin yuxarıda qeyd olunan müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində bu layihələr vasitəsilə kömək etməyə çalışırlar. Statistikaya görə 2013-cü ilə kimi 236 gənclər QHT-si Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Müqayisə üçün deyək ki, bu rəqəm 2003-cü ildə 51 olub.
Qeyd edək ki, bu gün gənclər QHT-lərinin layihələrini dəstəkləyən əsas donorlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasıdır. Son illərə kimi digər QHT-lər kimi gənclər QHT-lərinin layihələrinin əsas donorları arasında beynəlxalq donorlar üstünlük təşkil edirdisə, hal-hazırda bu nisbət yerli donorların hesabına dəyişib. Bir sıra statistik məlumatlara nəzər salmaqla bunu aydın görə bilərik. 2006-cı ildə Azərbaycan gənclər QHT-lərinin 28 layihəsini Avropa Gənclər Fondu, 12 layihəsini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib. 2007-ci ildə bu nisbət demək olar ki, bir-birinə yaxın olub. 28 layihə Avropa Gənclər Fondu, 27 layihə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib. 2008-ci ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlaması ilə digər QHT-lərlə bərabər gənclər QHT-lərinin də fəaliyyətində mühüm dönüş yarandı. Həmin ildə QHT-lərə Dövlət Dəstəyi Şurası gənclər QHT-lərinin 41, Gənclər və İdman Nazirliyi 14, Avropa Gənclər Fondu isə 33 layihəsini dəstəkləyib. 2009-cu ildən gənclər QHT-lərinin maliyyələşdirilməsində yerli donorların çəkisi daha da artmış və bu üstünlük bu günə qədər qorunub saxlanılır. Avropa Gənclər Fondunun dəstəklədiyi layihələr isə azalıb. 2012-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi gənclər QHT-lərinin 120, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 47, Avropa Gənclər Fondu isə cəmi 4 layihəsinə maliyyə yardımı ayrılıb. Bütövlükdə isə 2012‐ci ildə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Avropa Gənclər Fondu tərəfindən dəstəklənmiş gənclər QHT-lərinin layihələrin sayı 171, dəstəklənmiş layihələrin ümumi məbləği 4.249.034 manat olub.
2012-ci ili isə gənclər QHT-ləri üçün vətəndaş cəmiyyətinin quruculuğunda və inkişafında mühüm dönüş nöqtəsi hesab etmək olar. Məhz həmin ildən Azərbycan gəncliyinin innovativ potensialından geniş istifadə etmək məqsədi ilə Azərbaycan Gənclər Fondu fəaliyyətə başladı. Qeyd edək ki, fəaliyyətə başladığı andan Azərbaycan Gənclər Fondu məqsədlərinə uyğun olaraq gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirməyə başladı.
Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan Gənclər Fondunun yaradılıması ötən ildə hazırlanan və təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulub. Gənclər Fondunun əsasnaməsində gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək kimi öz əksini tapan maraqlı məqamlar bu gün praktiki olaraq icra olunmaqdadır. Gənclər Fondu elan etdiyi müsabiqələrlə gənclərin və gənclər təşkilatlarının ideya və təşəbbüslərinin reallaşmasına dəstək göstərməkdədir. Azərbaycan Gənclər Fondunun fəaliyyətə başlaması gənclər QHT-ləri üçün müxtəlif yönümlü ideyaların dəstəklənməsinə, onların vətəndaş cəmiyyəti quruculuğu istiqamətində yeni imkanlar yaratmış oldu. Yəni Gənclər Fondu gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideya olaraq müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə, liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkminləşmiş oldu.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Gənclər Fondunun üçüncü qrant müsabiqəsinin elan edib. 2013-cü il iyunun 24-dən 2013-cü il avqustun 12-dək elan edilmiş üçüncü qrant müsabiqəsi çərçivəsində A (yerli layihələr), B (beynəlxalq layihələr) və C (fərdi layihələr) kateqoriyaları üzrə qeyri-hökumət təşkilatları və yaradıcı gənclər tərəfindən təqdim olunmuş layihələrdən 331-i qalib olub. Müzakirələr nəticəsində Müşahidə Şurası “A” kateqoriyası (yerli layihələr) üzrə 139, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 10, “C” kateqoriyası (fərdi layihələr) üzrə 182 layihənin (cəmi 331 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Nəzərinizə çatdıraq ki, Gənclər Fondunun elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində 1 950 820 manat, ikinci qrant müsabiqəsinə isə 1 338 740 manat maliyyə vəsaiti ayrılıb.
Eyni zamanda Gənclər və İdman Nazirliyi də gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri elan edilib. Nazirliyin elan etdiyi müsabiqəyə 113 təşkilat layihə təqdim edib. Təqdim edilən layihələrin 2-i müsabiqənin mövzularına uyğun gəlmədiyindən 8 təşkilat isə gənclər təşkilatı olmadığından həmin təşkilatların layihələrinə baxılmayıb. 102 gənclər təşkilatının layihələri müsabiqənin şərtlərinə uyğun olaraq təhlil edilmiş və aşağıdakı 71 gənclər təşkilatının layihəsinin qismən maliyyələşdirilməsinə qərar verilib. Maliyyələşdirilən layihələrin ümumi büdcəsi 1.525.567 manat təşkil edir. Məlumat üçün bildirək ki, 2012-ci ildə Nazirlik tərəfindən ümumi məbləği 3 mln 925 min olan 120 layihə dəstəklənib.
Bu il eyni zamanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 49 gənclər QHT-sinin layihəsini dəstəkləyib.
Göründüyü kimi, gənclər QHT-lərinin vətəndaş cəmiyyətinin inkişafında atdıqları hər bir addımın yerli donorlar tərəfindən dəstəklənməsi gənclərin cəmiyyətdə özünü müəyyənləşdirmə, iqtisadi cəhətdən fəallıq və sərbəstlik və aid olduqları icmaların sosial və iqtisadi inkişafında fəal iştirakının təmin edilməsi üçün müvafiq bilik, bacarıq və münasibətlər aşılanmasına mühüm təsir göstərmiş oldu.




 
Müəllifin son yazıları

16.05.2016 Turizmin davamlı inkişafında QHT-lərin rolu

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info