“Münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir”
Tarix: 07.01.2020 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Olaf Gutting: “Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sənədlərinin tələbləri yerinə yetirilməlidir”

“Həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində dünya birliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb”

Ölkəmizin diplomatik fəaliyyətinin əsas istiqaməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üzərində cəmləşib

“BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri sənədlərin tələbləri yerinə yetirilməlidir”. Bunu Almaniya Bundestaqının deputatı Olaf Gutting ölkədəki onlayn platformaya müsahibəsində bildirib. O qeyd edib ki, münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və problem sülh yolu ilə həll olunmalıdır. Xatırladaq ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi beynəlxalq hüquq normalarına zidd olaraq işğal edilib. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb. Qeyd edək ki, ötən 2019-cu il ərzində beynəlxalq münasibətlər müstəvisində artan siyasi və iqtisadi gərginlik şəraitində Azərbaycan Respublikası milli maraqlarına arxalanan müstəqil xarici siyasət kursunu uğurla davam etdirib. Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir ki, yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər fonunda daxili sabitlik və ardıcıl inkişaf tempini təmin etmək, dövlət idarəçiliyi sahəsində əsaslı islahatlar reallaşdırmaq, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və fəal iştirakçısı olduğu irimiqyaslı layihələri səmərəli şəkildə həyata keçirməklə ölkəmiz beynəlxalq səviyyədəki yüksək nüfuzunun daha da artmasına müvəffəq olub.

Qoşulmama Hərəkatının Zirvə Görüşünün yekun sənədində münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulanıb

Ölkəmizin diplomatik fəaliyyətinin əsas istiqaməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üzərində cəmləşib. Həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində dünya birliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb. Sıralarında 120 üzv ölkəni birləşdirən və BMT-dən sonra ən böyük siyasi platforma təşkil edən Qoşulmama Hərəkatının ötən ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilmiş Zirvə Görüşünün yekun sənədində dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulamış və heç bir üzv dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaqlarını təsdiq etmişlər. Zirvə Görüşündə Qoşulmama Hərəkatına sədrlik 2019-cu ildən etibarən 3 il müddətinə Azərbaycan Respublikasına keçmişdir. Mayın 23-24-də keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət başçılarının 14-cü Zirvə görüşündə qəbul edilmiş Yekun Kommunikedə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikası ərazilərinin işğalı qətiyyətlə pislənilmiş və işğalın davam etdirilməsinə dolayı yolla belə yardım edəcək hər hansı bir fəaliyyətin qarşısının alınması üçün üzv dövlətlərə çağırış əks olunmuşdur. İƏT-in Xarici İşlər Nazirləri Şurasının martın 1-2-də keçirilmiş 46-cı sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması”, “Xocalı qırğınının qurbanları ilə həmrəylik”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” adlı qətnamələr qəbul edilmişdir. Mayın 17-də keçirilmiş Avropa Şurasının (AŞ) Xarici İşlər Nazirləri Şurasının 129-cu sessiyasının sənədlərində üzv dövlətlərin hüquq və öhdəlikləri barədə çıxarılan qərarda üzv dövlətlərin ərazi bütövlüyünə hörməti təsdiq edən müddəa öz əksini tapmışdır. Oktyabrın 15-də keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 7-ci Zirvə görüşünün Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə dair qətiyyətli dəstək öz əksini tapmışdır.

Müxtəlif qətnamə və tövsiyələrə məcburi köçkünlərin geri qayıtmaq hüququ, girovların dərhal azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair müddəaların salınmasına nail olunub

İyunun 14-15-də keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 5-ci Sammitinin Yekun Bəyannaməsində separatizmin pislənilməsi, regional münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar əsasında həlli məsələləri öz əksini tapıb. Dekabrın 12-də keçirilmiş GUAM üzv-dövlətlərinin Hökumət başçılarının Zirvə görüşünün yekun Bəyannaməsində GUAM ərazisində olan münaqişələrin tez bir zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktında öz əksini tapmış beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin suverenlik və ərazi bütövlüyünə hörmət və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyi vurğulanıb.
2019-cu il ərzində Azərbaycan Respublikasının Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan müzakirələr çərçivəsində 21 fevral, 30 may və 17 oktyabr tarixlərində Bakıda ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib. Yanvarın 22-də Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Ermənistanın baş naziri ilə görüşü baş tutub. Martın 29-da isə Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında görüş keçirilib. Keçən il Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin iştirakı ilə yanvarın 16-da Parisdə, aprelin 15-də Moskvada, iyunun 20-də Vaşinqtonda, sentyabrın 23-də Nyu-Yorkda və dekabrın 4-də Bratislavada olmaqla ümumilikdə beş görüş təşkil olunub. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşlər keçiriblər. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından əziyyət çəkən insanların, xüsusilə də məcburi köçkünlər, itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət cari ildə də davam etdirilib, müxtəlif qətnamə və tövsiyələrə məcburi köçkünlərin geri qayıtmaq hüququ, girovların dərhal azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair müddəaların salınmasına nail olunub.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
09.01.2020
ATƏT sədri: “Minsk qrupunun səylərini dəstəkləyəcəyik”
26.12.2019
“Ermənistan Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməlidir”
24.12.2019
“Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı”
23.12.2019
Səfir: “Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
19.12.2019
Dağlıq Qarabağın azərbaycanlı icmasının fəallaşması Ermənistanda ciddi narahatlığa səbəb olub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info