Təbriz mətbuatı tarixindən oxuculara yeni bir ərməğan
Tarix: 14.01.2020 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Cənubi Azərbaycan mövzusu Azərbaycanın bir çox qələm və söz sahiblərində (şairlərdən S.Rüstəm, B.Azəroğlu, M.Gülgün, H.Bülluri, S.Tahir və b.) həssas mövzulardan biri olmuşdur. Bu kimi sələflərin xələfi sayılan filologiya üzrə elmlər doktoru, professor, “Tərəqqi” medallı Əsgər Qədimov da Cənub mövzusunda araşdırmalar aparır və bu gün də bu işi şərəf və ləyaqətlə davam etdirir. Professor Əsgər Qədimov Cənub mövzusunda araşdırmalar aparmaqla Azərbaycan məktəb və pedaqoji fikir tarixinin tədqiqi, təbliği və tədrisi sahəsində belə demək mümkünsə “Cənubi Azərbaycan məktəbi” yaratmış və həmçinin, bu işi indi də uğurla, gənclik həvəsi ilə davam etdirməkdədir.
Azərbaycan ədəbiyyat və təhsil tarixində özünəməxsus elmi üslubu, mövqeyi və xidmətləri olan, o cümlədən “Qurbanəli Şərifzadənin həyatı və yaradıcılıq yolu”, “XIX əsr Ordubad ədəbi mühiti. Qüdsi Vənəndi”, “Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı”, “XIX əsr Ordubad ədəbi mühiti”, “Əli Məhbus və əsərləri”, “Fəqir Ordubadi. Divan” və s. 16 monoqrafiya və tərtib kitabların, dərslik və dərs vəsaitlərinin, çoxsaylı elmi məqalələrin və şeirlərin müəllifi olan professor Əsgər Qədimov bu dəfə də ədəbiyyatşünas, folklorşünas, magistr, doktorant və dissertantların görüşünə “Təbriz mətbuat tarixindən: “Dədə Qor­qud” və “Koroğlu” jurnalları ədəbi-tarixi yaddaşın işığında” adlı sanballı monoqrafiyası ilə gəlmişdir (Naxçıvan: Əcə­mi, 2019, 576 səh.).
“Təbriz mətbuat tarixindən: “Dədə Qorqud” və “Koroğlu” jurnalları ədəbi-tarixi yaddaşın işığında” adlı monoqrafiyanı elmi və nəzəri şəkildə üzə çıxarıb yeni nəslə çatdırmaq çox vacib və vacib olduğu qədər də müqəddəs bir işdir. Belə təşəbbüs çağdaş zəmanəmizin görkəmli elm və maarif xadimi, professor Əsgər Qədimova nəsib olmuşdur.
Tədqiqatçı alim Əsgər Qədimov monoqrafiyada əsasən “Dədə Qorqud” və “Koroğlu” jurnalını bir neçə aspektdən tədqiq və təhlilə cəlb etmişdir. Yanaşma aspektlərindən biri jurnalların tədqiqi və nəşri tarixi, ideya-siyasi və ədəbi istiqamət, bədii nəsr və publisistika fonunda araşdırmalardan ibarətdirsə, başqa bir aspekt gün-güzəran problemi və zəh­mət adamlarına münasibət, satirik ədəbiyyat, folklor və aşıq poeziyasından ibarətdir.Digər aspektdə isə müəllif uşaq ədəbiyyatı məsələləri, ana dili və türk xalqları ədəbiyyatı problemi kimi aktual məsələ və problemlərə diqqət yetirmiş və təhlil süzgəcindən keçirmişdir.
Tədqiqatçı oxuculara “Dədə Qorqud” jurnalının 1980-1982-ci illərdə Hüseyn Feyzullahi Vahidin redaktorluğu və naşirliyi ilə (öz xərci hesabına) əsgi əlifba ilə Azərbaycan dilində Təbriz şəhərində işıq üzü gördüyünü məlumat verir [Bax: səh.15]. Bir çox görkəmli alimlər (akademik M.İbrahimov, A.Zamanov, H.Məmmədzadə və b.) “Dədə Qor­qud” jurnalının tək-tək nömrələrinə qəzet, jurnal və ya internet səhifələrində istinad etmişlər. Sistemli şəkildə isə ilk dəfəolaraq Əsgər Qədimov tərəfindən araşdırılaraq tədqiqə cəlb edilir. Əsgər Qədimov Azərbaycan dilini təbliğ etdiyinə görə yeddi il şah zindanında həbsə məruz qalan milli və mənəvi düşüncə sahibi Hüseyn Feyzullahini Azərbaycan milli dilini, milli folklorunu, xalq-aşıq ədəbiyyatını ruhən sevən və cəsarətlə təbliğ edən vətənpərvər jurnalist kimi oxuculara təqdim edir.
Əsgər Qədimov “Dədə Qorqud” jurnalının hər ay 5000 tirajla və jurnalın müxtəlif rubrikalar adı altında buraxıldığını əks etdirir. Oxucuların da maraq dairəsinə səbəb olacağına görə rubrikalardan bir neçəsinin adına nəzər salmaq istərdik: Azərbaycanın itkin keçmişlərindən, türk və Azərbaycan əsatiri, Azərbaycan nəqqaşları, Dədə Qorqud balaları (Uşaqlar səhifəsi), Azərbaycan qəhrəmanları, Azərbaycan aşıqları, Türkiyə şairləri, Türk tarixindən yarpaqlar, Türk peyğəmbərləri və s.
Bildiyimiz kimi, 1906-1931-ci illərdə fəaliyyət göstərən “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində redaktor Cəlil Məmmədquluzadənin adından başqa heç bir açıq imzaya rast gəlmirik (Ciddi yazı müəllifləri istisna olmaqla). Təbii ki, bunun bir çox səbəbi var idi. Əsas səbəblərdən biri də xurafata və cəhalətə qarşı yazılan satirik ruhlu əsərlər idi. “Təbriz mətbuat tarixindən: “Dədə Qorqud” və “Koroğlu” jurnalları ədəbi-tarixi yaddaşın işığında” adlı monoqrafiyanı oxuyan zaman görürük ki, 1980-1982-ci illər müasir dövr sayılsa da jurnalda çıxış edən cənublu müəlliflər öz həyati təhlükələrini sığortalamaq üçün gizli imzalardan bolluqla istifadə etmişlər. Monoqrafiyada oxuyuruq ki, “Dədə Qorqud” və “Ko­roğ­lu” jurnallarının redaktoru və naşiri Hüseyn Feyzullahi Vahid “H.Ulduz”, “H.Babək”, “H.Alpamış”, “Dədə Qorqud”, “Aydın”, “Bacadan baxan”, “Hüseyn Təpəgöz”, “Tısbağa Cavad”, “Cücə Bağır”, “At Yusif”, “Keçi Kərim”, “Cəvad Nərə”, “Mirzə Reyqan”, “Əsgər Daşqaçı”, “Kefli Kərim”, “Mülçük”, “Çopur Musa”, “Keçəl Ceyran” kimi 18 gizli imzadan istifadə etmişdir [Bax: səh.19]. Əsgər Qədimov jurnalın digər daimi üzvləri olan Əlirza Zihəqq, Məhəmməd Rza Kərimi, Mürtəza Məcidfər, Rza Hesari, Əli Şərif Dilcuyi, Əyyub Şəhbazi və başqalarının gizli imzalarını uzun yuxusuz gecə və gündüz zəhmətləri bahasına olsa da araşdıraraq üzə çıxarmışdır.
Əsgər Qədimov yazır ki, “Dədə Qorqud” jurnalı Azərbaycanın milli dərdlərini bütün türkdilli xalqlara bəyan edən el sovqatı, el ərmağanı olmuşdur. Cənubi Azərbaycanın və onun müxtəlif bölgələrinin mütərəqqi ziyalıları, şeir-sənət adamları jurnalın səhifələrində milli ruhlu məqalələrlə çıxış etmiş, xalqın dərdlərini işıqlandırmışlar.Təbii ki, jurnalın bu kimi platforması Azərbaycanın Şimal bölgəsində də ziyalıların da (akademik M.İbrahimov, C.Xəndan, B.Vahabzadə, X.R.Ulutürk, A.Zamanov və b.) sevincinə səbəb olmuşdur.
Görkəmli tədqiqatçı Əsgər Qədimov oxucularına dövrünün milli ruhlu şair və ziyalılarının necə sevinc və fərəh hissi yaşadıqlarını Tehrandan “Qaftanlı” imzası ilə yazan şairin şeirin­dən belə çatdırır:
Yaz, dönüm gözünə, gözəl yazırsan,
Cəhlin, cəhalətin kökün qazırsan.
Harda el dərdi var, orda hazırsan,
Yaz, elim yatmayıb, bircə oyansın,
Daha yadlara yox, özünə yansın.

Yaz Dədə Qorquddan,
Oğuz babadan,
Odlar diyarından, eldən, obadan,
Keçmiş zamanlardan, bu gün,
sabahdan,
Yaz nələr olmuşdu, nələr varımış,
Əzəldən yadların gözü darımış.

Yaz Sarı Aşığın döşündə sazın,
Aslan Koroğlunun, aslan Eyvazın,
Tutub paşaların sıxdı boğazın,
İftixar qazandı bizim ellərə,
Ellərin adını saldı dillərə.
Professor Əsgər Qədimov apardığı araşdırmalardan belə qənaətə gəlir ki, böyük mil li məramla Azərbaycan dilində nəşrə başlayan “Dədə Qorqud” jurnalı Cənubi Azərbaycan ziyalılarının milli hislərini oyatmış və həmçinin, onların vahid Azərbaycan birliyi uğrunda mübarizəsinə yeni istiqamət vermişdir. Tədqiqatçı bunu cənublu şair və milli ruhlu oxucuların Süleyman Rüstəmin “Cənub şeirləri”ni oxuduqlarından və ona saysız-hesabsız ithaf şeirləri çap etdirdikləri qənaətinə gələrək yazır. Müəllif Süleyman Rüstəmin Cənub şeirlərindən daha çox təsirlənən Süleyman Salisin ithaf şeirinin inandırıcılığının mahiyyətini belə işıqlandırı:
Bu tay Ələmdardır, o tay Ordubad,
O tayda bayramdı, bu tayda fəryad.
Şikar fikrindədir rəhmsiz səyyad,
Siz dadıbsız azadlığın dadını,
İcazə yox biz danışaq adını.
Əsgər Qədimovun apardığı araşdırmalar göstərir ki, Cənubda inqilabdan sonra (1979) Azərbaycan dilində nəşr edilən bir sıra qəzet və jurnallardan, ancaq “Dədə Qorqud” və “İnqilab yolunda” jurnalları müəyyən çətinliklərlə öz nəşrlərini davam etdirə bilmişlər. Göstərilir ki, “Dədə Qorqud” jurnalı nəşr olunduğu vaxtlardan mütamadi olaraq təqib olunduğundan bəzi aylarda saylarını birləşdirərək iki nömrəni bir yerdə nəşr etmək məcburiyyətində qalmışdır. Monoqrafiyanın 30-31-ci səhifələrində müəllif bu barədə ətraflı bəhs edir.
Müəllif, həmçinin, “Dədə Qorqud” jurnalının səhifələrindəki Azərbaycan xalqının qədim dövrlərdən başlayaraq çağdaş dövrü də daxil etməklə, ədəbiyyat və mədəniyyəti geniş şəkildə işıqlandırmış, şair və yazıçıların bədii əsərlərindən nümunələr vermis, həmçinin ədəbiyyatın ideya-estetik problemləri ilə bağlı elmi-nəzəri məqalələri də (“Kut­lar” (“Ku­tilər”), “Atropat”, “Hunlar basqını”, “Azərbaycana basqın edənlərə ibrət” və s.) monoqrafiyada işıqlandırmışdır. Əsgər Qədimov vurğulayır ki, jurnalda Nizami Gəncəvi, Qətran Təbrizi, İzzəddin Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Kişvəri, Həbibi, Məsihi, Heyran xanım kimi klassik şairlərin həyat və yaradıcılığı ilə də bağlı dəyərli məqalələr dərc edilmiş, bu şairlərin şeirlərindən nümunələr də verilmişdir.
Monoqrafiyada ədəbi-tənqidi yaradıcılıq da konkret faktlar və materiallar əsasında müəllif tərəfindən izlənilir və təhlil olunur. Belə ki, Hüseyn Ulduz jurnalda “Kitabi-Dədə Qorqud” dastanından söz açır və dastanın X əsrə aid olduğu qənaətinə gəlir. Əsgər Qədimov isə dastandakı hadisələrin izlərinin daha qədimlərə, hətta bizim eradan əvvəlki zamanlara gedib çıxdığı qənaətindədir. Monoqrafiyanın 45-ci səhifəsində müəllif yazır: “Dastanın müqəddiməsi dastandakı hadisələrin VII əsrə, “Rəsul Əleyhüssəlam zamanı”na aid olduğunu təsdiq edir. Odur ki, “Dədə Qorqud” jurnalının redaksiyası bu məqalədə dastandakı hadisələrin daha qədim dövrlərlə səslənməsini bildirsəydi, tarixi və elmi cəhətdən düzgün olardı [Bax: səh.45].
Monoqrafiyanın müəllifi Əsgər Qədimov yazı tərzində, üslubunda, mühakimə və təhlilində özünəməxsusluğu ilə fərqlənir. Tənqidçi klassik irsin ən yaxşı ənənələrini təsdiqlə yoxlamaq və möhkəmlətmək yolu ilə gedir. Hüseyn Ulduz yanlış olaraq göstərir ki, Nizami Gəncəvi, Qətran Təbrizi, Əbülüla Gəncəvi, Fələki Şirvani, Qivami Mütərrizi, İzzəddin Şirvani, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Mücirəddin Beyləqani və Xətib Təbrizi XI-ci əsrdə yaşamış və yaratmışlar. Yenə də müəllif Qədimov incə bir dillə qeyd edir ki, “Qətran Təbrizi və Xətib Təbrizinin yaradıcılığı XI əsrə, digər şairlərin yaradıcılığı isə XII əsrə aiddir” [Bax: səh.45].
Professor Əsgər Qədimov “Dədə Qorqud” jurnalının folklora həssaslıq və qayğıkeşliklə yanaşmasından, mifologiya və folklor tarixinə, həmçinin, aşıq yaradıcılığına geniş yer verməsindən də fərəhlə bəhs edir. Müəllif qeyd edir ki, “Dədə Qorqud” jurnalı öz səhifələrində Azərbaycan folklorunun mərasim janrları haqqında da dəyərli materiallar dərc etmiş, unudulmaqda olan xalq mərasimlərimizi rubrikalar adı altında yada salaraq onları qorumuş və bir daha yaddaşlara həkk etmişdir. Monoqrafiyanı vərəqlədikcə Azərbaycanın klassik aşıqları haqqında da müəllif tərəfindən maraqlı tapıntılarla da rastlaşırıq. Aşıq Qurbani, Sarı Aşıq, Aşıq Valeh, Xəstə Qasım, Aşıq Bəşir, Aşıq Sona, Aşıq Bəsti, Aşıq Nabat və başqaları monoqrafiyada milli azadlığa və istiqlala havadarlıq edən el sənətkarları kimi səciyyələndirilir.Tədqiqatçı haqlı olaraq digər tərəfdən də “Dədə Qorqud” jurnalındakı aşıq ədəbiyyatını milli dərdlərdən yazıb xalqı oyatmaq üçün bir üsul, vasitə və tərz metodu kimi dəyərləndirir.


Əsgər Qədimov “Dədə Qorqud” jurnalındakı uşaq ədəbiyyatı məsələlərin təhlilini vəhdətdə, paralel aparmaqda, uşaq şeirlərinin estetik dəyərini, bədii duyğunun incəliklərini dərindən qavramaqla mən deyərdim ki, usta pedaqoq məharəti ilə diqqəti cəlb edir. Əsl ideyalı yaradıcılıq odur ki, tədqiqatçı öz elmi axtarışında ifadəsini aydın ifa edə bilsin.Əsgər Qədimov yaradıcılığında dövrün, gerçəkliyin bu baxımdan təzahür formalarına nail olmuşdur. Əsgər Qədimov yazır ki, “Dədə Qorqud” jurnalının ciddi əhəmiyyət verdiyi məsələlərdən biri də uşaq və gəncləri milli və mübariz ruhda tərbiyə etmək, onları xalqa, Vətənə, doğma ana dilinə bağlı, azadlıqsevər vətəndaşlar kimi yetişdirməkdən ibarət olmuşdur.Göstərilir ki, jurnalda laylalar, oxşamalar, atalar sözləri, tapmacalar, süjetli mənzumələr, hekayələr və sair janrlar ləyaqətli şəkildə işıqlandırılmışdır.Əsgər Qədimov belə hesab edir ki, uşaq şairlərindən Mirzə Əli Hüseynzadənin “Bulaq əfsanəsi”, Rza Ormanın “Uşaq və sərbaz”, Ağçaylı Xoyinin “Tüfəng”, Firidun He­sar­lının “Qarğa ilə bülbül” adlı şeir və mənzumələri uşaqların milli dünyagörüşünü formalaşdırır, eləcə də Vətən dilinə məhəbbət hissi oyadır.
Əsgər Qədimov bu bölmədə də tənqidi yanaşmadan yan keçməmişdir.Qədimov yazır ki, “H.Müəllim” imzası ilə çap olunan “Tülkü ilə qarğa” adlı mənzum hekayədə şair Mirzə Ələkbər Sabirin eyni adlı hekayəsindən istifadə etmişdir. “Lakin bu hekayənin mövzusu M.Ə.Sabirin əsərinin mövzusu ilə eyni olsa da, bədii təsvir üslubu yenidir. Yəni müəllif hekayədə M.Ə.Sabiri təkrar etməmişdir” [Bax: səh.396].
Monoqrafiyada işıqlandırılan Ağçaylı Xoyinin “Tüfəng” adlı uşaq şeiri çox maraqlı detalları ilə diqqətimizi çəkdi.Şeir ata ilə uşağın dialoqu üzərində təsvir olunur. Şeirdə əsasən uşağın necə bir vətənpərvər olması göstərilir. Şeiri oxuyan zaman görürük ki, balaca uşaq vətəninə aşiqdir, vətənini dərin məhəbbətlə sevir. Vətənini təhlükələr içində görən uşaq atasından ona tüfəng almasını istəyir.
İzn ver, dədə,
Söz deyim sənə.
Vətən xətərdə,
Tüfəng al mənə.

Tutum düşmanı,
Oda, atəşə.
Səsləyir Vətən
Məni döyüşə.
Tez ol, amandı,
Yubanma, ata.
Yubansan əgər,
Baş verər xətər.
Əsgər Qədimov monoqrafiyada “Dədə Qorqud” jurnalındakı uşaq ədəbiyyatı məsələlərini bütövlükdə tədqiq-təhlil süzgəcindən keçirdikdən sonra belə qənaətə gəlir ki, jurnal bədii nəsr nümunəsi ilə də uşaqlara vətənpərvərlik və milli istiqlal ideyası aşılamışdır.
Qeyd etdik ki, monoqrafiyada işıqlandırılan prioritet məsələlərdən biri də ana dili məsələsidir. Əsgər Qədimov yazır ki, “jurnal bu zəruri problemlə bağlı jurnalistikanın ək­sər janrlarından istifadə etmiş, mövzu ilə bağlı tədqiqat xarakterli məqalələr, şeirlər, tarixi-publisist yazılar, oçerksayağı tövsiyələr, dilə aid dini təbliğatlar, bədii hekayələr, bədii publisistika nümunələri, klassik şairlərdən doğma ana dili ilə bağlı fikirlər, fars şovinistlərinin Azərbaycan dilinə qarşı yönəlmiş fəaliyyətlərinin ifşasına həsr olunmuş mə­qalələr və s. çap etmişdir” [Bax: səh.423].
Tədqiqatçı müəyyənləşdirir ki, Hüseyn Feyzullahi, Balaş Azəroğlu, Hidayət Hə­sa­ri, Zühuri, Hacı Əli Ətayə, Məhəmməd Fərid, Məhəmmədəli Ocaqverdi, Əsgər Mə­sud, Eloğ­lu, Məhəmməd Gəncə və başqa demokratik və milli ruhlu yazarlar Azərbaycan mil­li di­linin qədim Oğuz dili olması fikrini öz məqalə və şeirlərində əks etdirmişlər. Əsgər müəllim monoqrafiyada ana dili ilə bağlı araşdırmalarında Urmiyalı şair Məsudun “Türk elləri mənim qədim elimdir” adlı şeirini də təhlil obyektinə çevirmişdir.Şeirdə dövrün siyasi durumu, Pəhləvi rejiminin xalqa zidd mövqeyi, Vətənə və milli türk dilinə bağlılıq mövqeyi xüsusi sevgi ilə vurğulanır.
Dilimi kəssən də danışacayam,
Öz ellərimlə mən barışacayam,
Azadlıq yolunda çalışacayam,
Türki dili mənim ana dilimdi,
Türk ellləri mənim qədim elimdi.

Yaza bilməzdim mən ana dilimi,
Pəhləvi kəsərdi mənim əlimi,
Eyləmədi tarix qəbul zülümü,
Türki dili mənim ana dilimdi,
Türk elləri mənim qədim elimdi.

Mən Təbrizəm, mən
Səlmasam, Urmuyam,
Mən Makuyam,
mən Mərəndəm, mən Xoyam,
Pəhləvidən aldım intiqam, oyam,
Türki dili mənim ana dilimdi,
Türk elləri mənim qədim elimdi.
Tədqiqatçı haqlı olaraq yazır ki,
“Dədə Qorqud” jurnalının səhifələrində milli istiqlal və milli dil azadlığına həsr olunmuş bu cür şeirlər ümumxalq milli intibahına yol açmış, cənublu ziyalıları doğma ana dilində kitablar yazıb nəşr etdirməyə də ruhlandırmışdır. Jurnal isə öz növbəsində doğma dildə çap olunan yeni kitabları öz səhifələrində rəyləndirmiş və onlara qiymət vermişdir.
Əsgər Qədimov monoqrafiyada “Koroğlu” jurnalının da nəşri tarixindən, ideyasiyasi və ədəbi istiqamətindən, “Koroğlu” jurnalında Azərbaycan ədəbiyyatı məsələlərindən, həmçinin, “Koroğlu” jurnalında Cənubi Azərbaycandakı soydaşlarımızın ana dili problemlərindən bəhs etmiş, tədqiq etmiş, bitkin, universal təsəvvür formalaşdırmışdır.
Əsgər Qədimov azadlıq nəğməkarı Hüseyn Feyzullahi Vahidin “Koroğlu” ədəbi jur­nalının 1979-cu ildə işıq üzü gördüyünü, ancaq jurnalın ömrünün çox qısa olduğunu oxuculara bəyan edir.“Koroğlu” jurnalı cə­mi üç nömrə ilə oxucularının görüşünə gələ bilmiş və maddi imkansızlıq üzündən bağlanmışdır.Müəllif göstərir ki, “Dədə Qorqud” jurnalı ilə “Koroğlu” ədəbi jurnalının məramnaməsi oxşardır. Məqsəd yalnız və yalnız xalqı oyatmaq, istibdad və zülmün səbəblərini xalqa anlatmaq, Azərbaycan dilini və ədəbiyyatını, onun mədəniyyətini və gözəl sə­nətlərini Azərbaycan xalqına tanıtmaq, milli sitəmi və onun aradan qaldırılması yollarını xalqa göstərmək, bütün siyasi baxışları xalqa izah etməkdən ibarətdir. Məhz bu nəzəri-tarixi konteksdən çıxış edən Əsgər Qədimov vurğulayır ki, “Koroğlu” jurnalı qısa müddətlik nəşri tarixində Azərbaycan xalqının milli dilini, folklorunu, ədəbiyyat və mədəniyyətini cəsarətlə təbliğ etmişdir.
Qələm dostumuz Əsgər Qədimov monoqrafiyada “Koroğlu” və “Qaçaq Nəbi” dastanlarından, Azərbaycan hürufi poeziyası və onun Nəimi və Nəsimi kimi dahi nümayəndələrindən söz açmış, həmçinin, təhlildə özünün nəzəri mülahizələri də təsdiqini və təfsirini tapmışdır.Əsgər Qədimov “Koroğlu” ədəbi jurnalında da nəşr olunan məqalələrə, yazılara təəbkarlıqla yanaşmış, yazı və ya məqalələrin uğurlu cəhətləri ilə bərabər, onun bəzi çatışmaz cəhətləri üzərində də dayanmış, belə demək mümkünsə polemikalar aparmış, yazarlara iradlar tutmuş və bütün bu ciddi araşdırmaların, təhlillərin sonunda obyektivlik və xeyirxahlıq dayanmışdır.
Sonda belə qənaətə gəlirik ki, professor Əsgər Qədimovun “Təbriz mətbuat tarixindən: “Dədə Qorqud” və “Koroğlu” jurnalları ədəbi-tarixi yaddaşın işığında” adlı monoqrafiyası milli maarifçiliyi və mətbuat tarixinizi öyrənmək baxımından çoxşaxəli bir tədqiqat əsəridir. Əsgər Qədimovun zərgər dəqiqliyi ilə tamamlayıb geniş oxucu kütləsinə təqdim etdiyi bu monoqrafiya sözün əsl mənasında qibtə ediləcək bir əsərdir. Müəllifin sonda gəldiyi nəticə, ədəbi-pedaqoji-psixoloji mühitə gətirdiyi elmi yeniliklər nəzəri və təcrübi inkişaf görüşündən mühüm millim və elmi əhəmiyyət kəsb edir.
Görkəmli kibernetik və riyaziyyatçı Norbet Vinerin mülahizələrinə görə, bütövlükdə dünya elmini alimlərin 5 faizinin yaradıcılığı inkişaf etdirir, qalan 95 faiz isə elmə o qədər də fayda vermir. Lakin bu 95 faiz olmasaydı, o 5 faiz də olmazdı. Filoloq alimlərin hər biri mübaliğəsiz və inamla deyə bilər ki, professor Əsgər Qədimovun yaradıcılığı məhz 5 faizə aiddir.
Beləliklə, Şimali və Cənubi Azərbaycan ədəbi mühitinin tam görüntülərini ortaya qoyan filologiya üzrə elmlər doktoru, professor, Tərəqqi medallı Əsgər Qədi­mova həyatda bəşəri nemət olan can sağlığı və yaradıcılıq işlərində uğurlar arzulayırıq.

Kamal Camalov
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi, AYB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Dədəm Qorqudun sözü” kitabının təqdimatı olub
19.02.2020
BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar
19.02.2020
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim edilib
19.02.2020
Bakı Ali Neft Məktəbinin tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu
19.02.2020
BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info