Meyvə-tərəvəz istehsalı artır: emal müəssisələri yaradılmasına ehtiyac var
Tarix: 21.01.2020 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Bu gün ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən islahatlar öz nəticələrini verməkdədir. İxracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı keçən il iqtisadi sahədə əldə edilmiş nəticələrin qənaətbəxş olduğunun bildirib. Qeyd edilib ki, ümumi daxili məhsul 2,2 faiz artıb, xüsusilə qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Kənd təsərrüfatı təxminən 7 faiz artıb. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olub - 10 faizdən çox. Ölkə başçısı vurğulayıb ki, xarici ticarət əlaqələrimiz artır. Ticarət dövriyyəsində qeyri-neft ixracının 14 faiz artması bilavasitə bu fəaliyyətlə bağlıdır. Bir çox ölkələrdə bizim ikitərəfli hökumətlərarası komissiyalarımız fəaliyyət göstərir. Biz bir neçə ölkədə Azərbaycan ticarət evlərini yaratdıq.
Ölkə başçısı iqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının xüsusi rolu olduğunu bildirib: “Növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıb. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvə - bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır”. Ölkədə müxtəlif sahələrin inkişafına gəldikdə isə bu gün inkişaf edən sahələrdən biri üzümçülükdür, bildirilib ki, şərabçılıq da ixracyönümlü məhsuldur: “ Bu gün Azərbaycan şərabı bir çox ölkələrdə satılır və bunun həcmi artmalıdır. Mən hesab edirəm ki, şərabçılıq üçün bazarlarla bağlı problem olmayacaq. Çünki ənənəvi bazarlar var və yeni, misal üçün, Çin kimi böyük bazar var. Azərbaycan şərabları artıq ora ixrac edilir”.
Qeyd edək ki, ixracla bağlı müqayisəyə gəldikdə də Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir.

Hollandiya kənd təsərrüfatı məhsulları ixracında dünyada ikinci oldu

Dünya ölkələri iqtisadiyyatın inkişafında ixraca önəm verirlər və bunun nəticəsidir ki, hər il bu sahədə artan rəqəmlər müşahidə edilir. Hollandiya Statistika İnstitutu və Wageningen Universitetinin İqtisadi Tədqiqat Mərkəzinin məlumatlarına görə, Hollandiya keçən il 94,5 milyard avro kənd təsərrüfatı məhsulları ixrac edib.
Əvvəlki ilə nisbətən ixrac nisbətini təxminən 5 faiz artıran Hollandiya, ABŞ-dan sonra dünyada ikinci ən böyük kənd təsərrüfatı ixracatçısı titulunu qoruyub.
Hollandiya əhalinin sayına görə bir çox ölkədən geri qalır. Buna baxmayaraq, təxminən 17 milyon əhalisi olan ölkə hər il kənd təsərrüfatı məhsullarının ixracını artırır. Hollandiyanın dünyaya satdığı məhsullar qida məhsulları, çiçək soğanı və bitkilərdir. Rəsmi rəqəmlərə görə, Hollandiyanın 2019-cu ildə ən çox ixrac etdiyi altı məhsul var ki, bunlar biri çiçək və bəzək bitkiləri: 9,5 milyard avro, ət və ət məhsulları: 8,8 milyard avro, süd məhsulları və yumurta: 8,6 milyard avro, tərəvəz: 7,3 milyard avro, meyvə: 6,2 milyard avro, içki: 5.8 milyard avro təşkil edib. Təzə tərəvəz və meyvələrdən əlavə 2019-cu ildə ət ixracı da xeyli artıb.

Firdovsi Fikrətzadə: “Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın əsas yolu emal sənayesi vasitəsilə mümkündür”

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, Azərbaycanda emal sənayesinin inkişafı üçün böyük potensial var. Hazırda kənd təsərrüfatının emalı sənayesində yaradılan əlavə dəyərin ilkin kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yaradılan əlavə dəyərə nisbəti 25 faiz təşkil edir.
Mərkəzin direktoru diqqətə çatdırıb ki, ki, bu göstərici inkişaf etmiş ölkələrdə ən azı 1 - 1,2, hətta 1,4 faiz nisbətindədir: “Meyvə-tərəvəzin qurudulması, toxuculuq, pambıqçılıq, ipəkçilik, süd məhsullarının emalı sahələrinin perspektivləri var. Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın əsas yolu emal sənayesi vasitəsilə mümkündür. Azərbaycan emal olunmamış kənd təsərrüfatı məhsulları üzrə ixrac edə biləcəyi həcmin demək olar ki, maksimumuna yaxınlaşıb. Bu baxımdan, dövlətimizin başçısının da vurğuladığı kimi, emal sənayesinin böyük perspektivi var. Hazırda emal sənayesi üzrə ölkənin mövcud potensialının çox az bir hissəsindən istifadə olunur. Demək olar ki, kənd təsərrüfatı məhsullarının emalı üzrə ixracın ilkin mərhələsindəyik. Emal sənayesinin inkişafı ölkənin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac potensialının gücləndirilməsində mühüm rol oynayacaq”.
Firdovsi Fikrətzadə, həmçinin qeyd edib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində görüləcək işlərə dair texniki əsaslandırmalar hazırlayır və bununla bağlı təkliflər hökumətə təqdim olunacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Azərbaycan şirkətləri beynəlxalq sərgidə mükafata layiq görüldü
20.02.2020
Çay idxalımız iki dəfədən çox artıb
20.02.2020
Azərbaycan alüminium ixracını 44 faiz artırıb
20.02.2020
Azərbaycan Livana fındıq ixrac etdi
20.02.2020
İtaliyanın “Intesa Sanpaolo” bankı Avropa üzrə 7-ci ola bilər

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
3 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
4 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
5 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info