Soyuq öpüş
Tarix: 20.09.2013 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


|

İradə Kövrək (Sarıyeva İradə Murad qızı) 1978-ci ildə Borçalı mahalının Aran-Dəllər kəndində doğulub. Şeir yazmağa uşaqlıqdan başlayıb. İxtisasca jurnalistdir. Şeirləri bir neçə dəfə “Azərbaycan” jurnalında, müxtəlif almanaxlarda, qəzet və jurnallarda dərc olunub.


Soyuq öpüş
(Məzarlıqdan reportaj)


Soyuq öpüşlərin üşüdür məni...
Dodağım buzlayıb, dilim sızlayıb.
Bu daş yay gələndə yanardı yaman...
İndi qara daş da gülüm, buzlayıb...

Köhnə məzarlıq da həminki deyil...
Sənin məzarının üstü otlanıb...
Qızılgül ətrini itirib çoxdan-
Gələnin azalıb, qəbrin yadlanıb...

Öpdüm baş daşının dodaqlarından
Dodağım üşüdü, üzüm üşüdü...
Torpağın başına sığal da çəkdim,
Ayağım keyləşdi, dizim üşüdü...

Dünən məzarlıqda öpdüm üzündən
Öpüşün nə yaman soyuyub sənin,
Dodağın elə bil buza bələnib...
İstisi soyuyub qəlbin, sinənin...

Məzarlıq içində qara baş daşın
Yadımda bir soyuq öpüşün qalıb...
Torpağın qoynunda cavan sevdiyim,
Səninlə əbədi görüşüm qalıb...
Gələcəm yanına gün qayıdanda...
Soyuq öpüşünə hərarət qatıb...


Ayrılıq

Ayrılıq üzümü qarsıyan bir od,
Sınan ürəyimin yarası qanlı...
Ayrılıq ömrümün yorğun köhləni
Dərdin əlindədir onun yüyəni...

Ayrılıq sızlayan qaranquş kimi
gəlib yuva qurdu ömrümdə mənim.
Ayrılıq bir qərib durnaya dönüb
Dərdini daşıdı dərdli sinəmin...

Ayrılıq axşama, səhərə yağı
Ayrılıq bağladı yolumu gülüm.
Bir sönən ulduza döndü hər səhər
Mənə kədər verdi, bəxş etdi zülüm.

Ayrılıq bir sınıq saz kimi qəmli
Ayrılıq qırılan güzgüdür güzgü.
Zülmət ürəyinə yol tapan qızın,
Bircə dostu olmaz kədərdən özgə.

Hər kəs ürəyimi bir cür daşladı
Hər kəs ürəyimin qanını içdi...
Biri sözlərilə, biri gözüylə
Sənin vüsalını doğradı biçdi...

Ayrılıq-dərdimin qanlı köynəyi,
Ayrılıq bir küskün bənövşə oldu...
Ayrılıq axşama-səhərə yağı-
Ayrıldıq buludun gözləri doldu...
Ayrıldıq qırılan ürəyim oldu...


Adsız şeir

Kipriyim bağladı gözümü
Göz yaşım içəri axdı.
Qaranlıqdan mənə sarı
Yenə o, gizlincə baxdı.
Bizi görən Allah idi.
Axşam idi, sabah idi
Bu sevda bir günah idi.
Külək tək yoluma çıxdı...
Bahar ağzı günəş yalın,
Çiynimdədir güllü şalım,
Gəlim ora ayaqyalın?
Unudum qisməti, bəxti.

* * *

Deyirlər köçübsən yoxsan Bakıda
Yəqin ki, qərarı özün veribsən...
Yanan ürəyimi, sınan könlümü,
Ağlayan gözümü azmı görübsən?

Deyirlər Bakıdan köçüb gedibsən...
Bəs niyə bir dəfə qayıtmamısan?
Nə üçün yadına salıb sən məni-
Ağlayan bəxtimi kiritməmisən?

Bəlkə uzaqlarda yaşamaq asan,
Bəlkə ayrılığa daha dözürsən...
Bəlkə gecələrin birində mənsiz,
Gözünün yaşında yalqız üzürsən...


Ad günüm!


Qızıl saç payızın gizli sevdası
Sönən ulduzların son nəfəsiyəm.
Daha bu həyatda yaşamaq olmur...
Ölən durnaların vida səsiyəm...

Axşam tez yetişdi, ömür sızladı
Qərib bir bulud tək ağladı gözüm...
Qızaran üfiqin, sönən günəşin
Soyuq kül altında üşüdü közüm...

Doğuldum payızın ilk qədəmində,
Onda çöllər hələ soyunmamışdı...
Qaranquş getmişdi, bülbül uçmuşdu
Amma yuvaları soyumamışdı.






 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info