Mollanəsrəddinçilər və psixi həyatın fenomenoloji təhlili Kamal Camalov yaradıcılığında
Tarix: 12.02.2020 | Saat: 13:16:00 | E-mail | Çapa göndər



“Mollanəsrəddinçilərin maarifçilik ideyaları” adlı monoqrafiyada mənəvi dəyərlərin təbliği


“Molla Nəsrəddin” jurnalının tədqiqini uzun müddətdir ədəbiyyatşünaslar, dilçilər, tarixçilər, filosoflar, iqtisadçılar və bir sıra başqa sənət, peşə sahibləri öyrənirlər. Mollanəsrəddinşünaslığın müxtəlif sahələrini təmsil edən alimlərin birgə əməyi özünün gözəl bəhrəsini verir.
Mollanəsrəddinçilərin (Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Mirzə Əli Möcüz, Üzeyir Hacıbə­yov, Mirzə Məhəmməd Hatif (Axundov), Salman Mümtaz, Əli Razi Şəmsizadə, Əliqulu Qəmküsar və b.) həyatı və fəaliyyətini bütövlükdə işıqlandıran monoqrafiyalarla bərabər, “Molla Nəsrəddin” jurnalı yaradıcılığının ayrı-ayrı problemlərindən bəhs edən tədqiqat əsərləri meydana çıxır. Mollanəsrəddinçilər yaradıcılığının sənətkarlığına, dil və üslub xüsusiyyətlərinə, publisist fəaliyyətləri və şifahi ədəbiyyat əlaqələrinə, ədəbi, fəlsəfi, iqtisadi və pedaqoji görüşlərinə, müasirlərinin onlar haqqındakı məqalə və xatirələrinə həsr olunmuş əsərlər, əlbətdə, məhz bu birgə əməyin bəhrəsi kimi qiymətləndirilməlidir. Ancaq hər bir tədqiqatçı xalqının tale yüklü dövrlərində problemə yeni baxımdan yanaşır, onu zamanın ölçüləri ilə qiymətləndirib təhlil edir.
Mollanəsrəddinçilər dövründəki problemə yeni baxışdan yanaşan, onu zamanın ölçüləri ilə qiymətləndirib təhlil edən tədqiqatçılardan biri də pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovdur.
Oxucularının görüşünə “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” adlı monoqrafiyası ilə gələn Kamal Camalov problemi böyük məhəbbətlə öyrənmiş və gərgin əməyi sayəsində mollanəsrəddinçilərin pedaqoji-psixoloji görüşlərini açıqlamağa çalışmış, Azərbaycan pedaqoji-psixologiyasının sistemli öyrənilməmiş prioritet sahələrindən birini- mollanəsrəddinçilərin maarifçi görüşlərinin bənzərsiz konsepsiyalarını səmimi övlad məhəbbətilə araşdırmışdır.
Monoqrafiyaya Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Oruc Həsənli böyük ürəklə elmi redaktor olmuşdur. Həmçinin, əsəri oxuyub məmnunluqla rəy verən professor Elbəyi Maqsudovun, professor Fərrux Rüstəmovun, professor Rüfət Hüseynzadənin və professor Əsgər Qədimovun əməyini ayrıca qeyd etmək istəyirəm. Monoqrafiya giriş, üç fəsil, nəticə, təklif və zəngin ədəbiyyat siyahısı ilə birgə doqquz yarımfəsildən, ümumilikdə isə 356 səhifədən ibarətdir. Monoqrafiya üçyüz tirajla “Elm və təsil” nəşriyyatında nəfis şəkildə çap olunmuşdur.
Kamal Camalov haqlı olaraq monoqrafiyada mollanəsrəddinçilərin insan konsepsiyası, şəxsiyyət konsepsiyası seçimilə psixopedaqoji konsepsiyaya söykənir. Mən de­yərdim ki, bu təkcə Azərbaycan fəlsəfi-pedaqoji-psixoloji fikrinin deyil, dünya fəlsəfi-pedaqoji-psixoloji fikir tarixinin böyük nailiyyətidir. Mollanəsrəddinçilərin yuvarlaq desək yüz on il bundan öncə qabartmağa başladığı maarifçi görüşlər bu gün də aktuallıq kəsb edir. Nəinki Azərbaycan, həm də dünya pedaqoji-psixoloji fikir tarixində mühüm bir mər­hələ kimi önəmli yer tutur. Qeyd etdiyimiz kimi, əsrlər, qərinələr boyu Azərbaycan pedaqoji-psixoloji və bədii fikri mollanəsrəddinçilərin zəngin irsindən qidalanmış, onun əsasında vüsətlə inkişaf etmiş və etməkdədir.
Monoqrafiyanı oxuduqdan sonra görürük ki, pedaqoq-alim Kamal Camalovun başlıca məqsədi mollanəsrəddinçilərin yaradıcılığında psixi həyatın fenomenoloji təhlilinin xüsusiyyətlərini müəyyənləşdirmək, psixi proses və xüsusiyyətlər haqqında baxışlarını araşdırmaq, onları müasir pedaqoji-psixologiyanın elmi-nəzəri səviyyəsində mənalandırmaqdır.
Monoqrafiyanın birinci fəsli “Molla Nəsrəddin” jurnalının təşəkkülü, inkişaf istiqamətləri və mollanəsrəddinçilərin maarifçilik görüşləri” adlanır. “Yeni fikir, yeni düşüncə və milli təfəkkürün inkişafında “Molla Nəsrəddin” jurnalının, mollanəsrəddinçilərin yeri və rolu” adlı yarımbaşlıqda XX əsrin əvvəllərində Azərbaycanda maarifçi hərəkatın xarakterik xüsusiyyətləri əks olunur. Buradahəm “Molla Nəsrəddin” jurnalı, həm də mollanəsrəddinçilərin maarifçilik ideyaları yeni fikir, yeni düşüncə və milli təfəkkürün inkişafı baxımından öyrənilir. “Molla Nəsrəddin” jurnalının təşəkkül imkanlarının geniş-lənməsi güclü mollanəsrəddinçilər ordusu yetişdirmiş və onlar xalqı məqsədli şəkildə inkişafdan, tərəqqidən saxlayan ruhanilərə, fırıldaqçı din xadimlərinə, həmçinin insanlar arasında din və məzhəb toxumu səpməyə çalışan çar rusiyasına qarşı mübarizə apararaq milli oyanışa cid­di cəhd göstərmişlər. Bu çətin mübarizə yolunda tədqiqatçı haqlı olaraq belə nəticəyə gəlir ki, mollanəsrəddinçilər xalqın təhsili, təlimi, tərbiyəsi naminə yazdıqları və çap et dirdikləri əsərləri ilə Azərbaycan məktəb və pedaqoji-psixoloji fikir tarixini zənginləşdirmiş, xalqda milli təfəkkürün inkişafını, bu mənada onları oyatmağı, ayağa qaldırmağı, hərəkətə gətirməyi, düşündürməyi, zülm və əsarətə qarşı mübarizəyə ruhlandırmağı, “camaatın bəsirət gözünü açıb dost ilə düşmənini ona tanıtmağı” qarşılarına məqsəd qoymaqla öz ölməz əsərləriylə xalqı bəsirət sahibi etmiş, xalq azadlıq hərəkatına yaxından kömək göstərmiş, əzilən kütləni azad görmək arzusuyla yeni fikir, yeni düşüncə və milli təfəkkürün inkişafında doğru fikir yürütmüş, aydın nəticəyə gəlmişlər.
“Mollanəsrəddinçilərin ictimai-sosial, ideya-siyasigörüşləri” adlanan ikinci yarımbaşlıqda isə mollanəsrəddinçilərdə ideya-siyasi mədəniyyətin mahiyyəti, rolu, mövqeyi və maarifçiliyin gələcək inkişaf perspektivləri, mürəkkəb problemləri barədə çox maraqlı məsələlərhəm də ilk dəfə olaraq mollanəsrəddinçilərin digər jurnal və qəzetlərdə (“Dəbistan”, “Həyat”, “Həqiqət”, “Yeni həqiqət”,“Füyuzat”, “Yeni füyuzat”,“Zənbur”, “Bəhlul”, “İrşad”, “Səda”, “Tərəqqi”, “Tuti”, “Təzə həyat”, “Günəş” və s.) Azərbaycan, Avropa, rus və Şərq maarifçiliyinin bir-birinə təsir məsələsi paralellər aparılmaqla müqayisəli şəkildə araşdırılır, təhlilə cəlb edilir. Kamal müəllim bu yarımfəsilə də düzgün predmetdən yanaşaraq belə əsaslandırır ki, Azərbaycan pedaqoji-psixoloji fikir tarixi üçün faydalı ideyalar irəli sürən, yetişəcək nəsillərin ideyasiyasi tərbiyəsi üçün dəyərli pedaqoji mühakimə yürüdən “Molla Nəsrəddin” jurnalı istedadlı və cürətli maarifçi pedaqoqlar zümrəsi yetişdirmiş; Mollanəsrəddinçi maarifçilər “Molla Nəsrəddin” jurnalında və digər mətbu orqanlarda sadə adamların, yaşanan mühitin ictimai yaralarını açmağa, cəmiyyətdəki eybəcərlikəri bütün çılpaqlığı ilə təsvir etməyə çalışmış; Güney və quzey Azərbaycanda, həm İranda, həm də türk dünyasında baş verən zərərli ictimai-siyasi hadisələrə qarşı sərt reaksiya vermişlər. Aparılan təhlillərdən Kamal müəllim belə nəticəyə gəlir ki, mollanəsrəddinçilər çar Rusiyasının, İran, Türkiyə və hətta Sovetlər dönəmində nokalayları, stolıpinləri, şura hökumətini, məmmədəli şahları, zilli sultanları, sultan əbdülhəmidləri və b. azadlıq və insan hüquqlarının tapdalamasını, onlar tərəfindən özbaşınalığın, istismarın hökm sürdüyünü, xalqın istək və arzularını öz şeir və felyetonlarında məharətlə təsvir etmiş; Xalqın acınacaqlı vəziyyətini vətəndaşılıq kədəri ilə qələmə alan mollanəsrəddinçilər ictimai quruluşun özözünə məhvini gözləməyin səhv olduğunu, bunun üçün xalqın, vətənin mənafeyi və tərəqqisi uğrunda mübarizə aparmağı başlıca amil saymış; Hər şeyə rəğmən ictimai-siyasi həyatın, pedaqoji-psixoloji, ədəbimədəni həyatın inkişafı üçün geniş imkanlar, insanların məişətində və şüurunda mühüm dönüş yaratmış, böyük ideallar uğrunda mübarizə aparmışlar.
Monoqrafiyanın ikinci fəslini “Mollanəsrəddinçi maarifçilərin təhsilin demokratikləşdirilməsi uğrunda mübarizəsi” adlandıran Kamal Camalov bu fəsli dörd yarımbaşlıq şəklində təhlil-tədqiq süzgəcindən keçirir. Monoqrafiyanı oxuyan zaman görürük ki, Ka­mal müəllimin bu fəsildə başlıca məq­sədi mollanəsrəddinçilərin pedaqoji-psixoloji görüşlərini funksiyalararası əlaqə baxımı kontekstində (Ana dilinin tədrisi və tərəqqisi mübarizədə mollanəsrəddinçilərin rolu və fəaliyyəti; Məktəbin demokratik əsaslarla qurulmasında mollanəsrəddinçilərin fikirləri; Müəllim kadrları hazırlığında pedaqoji əlaqələri; Uşaq əsərləri və xalq pedaqogikasından istifadənin əhəmiyyəti mollanəsrəddinçilərin təhlilində) və pedaqoji-psixoloji fenomenlərin (Nizami, Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Yan Amos Komenski, Lev Nikolayeviç Tolstoy, Fyodor Dostoyevski, Aleksandr Sergeyeviç Puşkin, Kons­tantin Dimitriyeviç Uşinski, Bayron, Viktor Hüqo, Vlyam Şekspir və b.) “şəxsiyyət əmsalını” müəyyənləşdirmək konsepsiyası axa­rına təhlil etməkdir.
Pedaqoji-psixologiya tarixi tədqiqinin nəzəri-metodoloji paradiqmaları monoqrafiyanın nəzəri əsasını təşkil edir. Tarixçilik prinsipinə əsasən, mollanəsrəd-dinçilərin psixoloji görüşləri müvafiq sosiomədəni şərait sistemində araşdırılır. Bundan başqa, monoqrafiyada müasir psixologiyada psixi həyatın strukturu haqqında bərqərar olmuş ümumi elmi-müddəalar əsas götürülür. Əməkdar müəllim Kamal Camalov Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini insan psixologiyasına dərindən bələd olan bir görkəmli pedaqoqun əsəri kimi qiymətləndirir. Öz fikrini həmin əsərdən gətirilən konkret misallarla şərh edir. Yazır ki, “Ölülər” əsərində “hisslərlə idrak arasında mövcud olan qarşılıqlı əla­qə” məsələsi canlı, həyati səhnələrdə əksini tapmışdır. Əsərdə “qorxu və onun təsiri ilə asanlıqla yaranan təlqin” (ölülərin dirilməsinə inam), “hisslərin sirayətedici xassəsi” (Şeyx Nəsrullahın ağlamasının təsiri), “qorxu hissinin idrak və fəaliyyətə mənfi təsiri” (“ölülər”in qorxudan sustalıb fəaliyyətdən qalası) kimi məsələlər də “psixoloji baxımdan düzgün həll edilmişdir”. Cəlil Məmmədquluzadənin şah əsəri sayılan “Ölülər” haqqında ulu öndər Heydər Əliyevin də fikirləri monoqrafiyada öz əksini tapmışdır. Yazıçı, şair dövrün nəbzini tutmağı bacarmalı, aktual mövzuları gündəmə gətirməli, ideya və bədii cəhətdən onları yüksək səviyyədə həll etməyi bacarmalıdır - deyən fenomenal hafizəyə və incə estetik-bədii duyuma malik Heydər Əliyev qeyd edir ki, “Biz indi öz dinimizə qayıtmışıq. Din mə­nəvi mənbələrimizdən biridir. İslam dininin, Qurani-Kərimin Azərbaycan xalqı üçün açdığı yol davam edəcək və biz get-gedə dinimizin hər yerdə özünə layiq yer tutmasına imkan yaradacağıq. Ancaq biz Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən bu gün də bəhrələnməliyik. Çünki bu gün də dini təhrif edənlər, dindən öz məqsədləri üçün istifadə edənlər, dindən istifadə edərək xalqımızı cəhalətə uğratmağa çalışanlar az deyil. Cəlil Məmmədquluzadə isə belələri ilə o vaxt mübarizə aparıbdır və “Ölülər” əsəri ilə bizə bu vəsiyyəti edibdir. Biz də onun vəsiyyətini yerinə yetirməliyik” [Bax: səh.111].
Mollanəsrəddinçilərin önəmli laboratoriyaları vardı - bu həm satirik və həm də ciddi yaradıcılıq laboratoriyası idi. Laboratoriyadan faydalanaraq mollanəsrəddinçilərin müəllim haqqında olan müddəalarını sistem halına salan müəllifin monoqrafiyasından bir neçəsini işıqlandırmaq istəyirəm: müəllim məktəbdə və ümumiyyətlə, maarif sahəsində ən mühüm sima olmalıdır; müəllimin əqidəsi - uşağın əqidəsinin təşəkkül etməsinə kömək etməlidir; müəllim yüksək ümumi və ixtisas hazırlığı ilə yanaşı, həm də yük­sək əxlaqi və mədəni səviyyəyə malik olmalıdır; müəllim əxlaq tərbiyəsi ilə şagirdlərdə bütün xeyirxahlıqlara, gözəlliklərə qüvvətli məhəbbət, nəcib hisslər və arzular inkişaf etdirməyi bacarmalıdır; müəllim uşaqları təbiət və cəmiyyət haqqında mümkün qədər dərin, hərtərəfli bi­lilərlə silahlandırmalı, onlarda doğru və tez düşünmək qabiliyyətini inkişaf etdirməlidir; müəllim xalq yolunda fədakarlıqla çalışmalı, yüksək elmi səviyyəyə, təşəbbüskarlığa, ciddiliyə malik olmalı,“elmi-həyat”, “elmi ruh”, “elmi əxlaq” kimi əsaslara yiyələnməlidir; müəllimin şagirdlərə verdiyi tələb onların yaş xüsusiyyətlərinə uyğun və aydın olmalıdır; müəllim səbirli, təmkinli olmalı, mühitin etinasızığına diqqət verməlidir; müəllim yüksək mənəviyyatlı, vicdanlı, namuslu, əfəndi bir şəxs olma­lıdır və s. [Bax: səh.185-186]. Bununla da, müəllif haqlı qənaətə gəlir. Həqiqətən də mollanəsrəddinçilərin müəllim və müəllim kadrlarının hazırlanması haqqında fikirləri bu günümüzlə səsləşən, yaxın və perspektivlərin müəyyənləşdirilməsi baxımından xüusi əhəmiyyətə malikdir. Onların müəllim şəxsiyyəti və müəllim kadrları hazırlığı haqqında olan fikirləri öz aktuallığını bu gün də saxlayır.Həmçinin, təlim-tərbiyə işi ilə məşğul olan müəllimlər ordusunu yeni-yeni müvəffəqiyyətlərə ruhlandırır.
Diqqətimi çəkən yarımbölmələrdən biri də mollanəsrəddinçi maarifçilərin yaradıcılığında xalq pedaqogikasının yeri, mövqeyi, uşaqların milli ruhda təhsili, uşaq ədəbiyyatının təşəkkülü və inkişafı məsələləridir. Müəllif tərəfindən müəyyən edilir ki, xalqın maariflən­məsinə böyük əmək sərf edən mollanəsrəddinçilər öz pe­daqoji fikirlərini yaymaq üçün həm də xalq pedaqogikasından geniş istifadə etmişlər.Xalq pedaqogikasından istifadənin əhəmiyyəti, təsviri, təşəkkülü və inkişafı monoqrafiyada mollanəsrəddinçilərin görüşləri baxımından təh­lil edilir, uşaqların milli ruhda tərbiyəsi məsələləri, həmin tərbiyəvi örnəklərin rolu müəyyənləşdirilir. “Folklor qəhrəmanını özünə təxəllüs götürən”, “Molla Nəsrəddin” jurnalının ətrafına toplaşan və əqidə, məslək, amal dostları sayılan Cəlil Məmmədquluzadə, Əli Nəzmi, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Əbdürrəhim Bəy Haqverdi­yev, Mirzə Əli Möcüz, Üzeyir Hacıbəyov, Mirzə Mə­həm­məd Ha­tif (Axundov), Salman Mümtaz, Əli Razi Şəmsizadə, Əliqulu Qəmküsar kimi şəxsiyyətlərin maarifçi-pedaqoji fəaliyyətinə diqqət etsək görərik ki, bunların hamısının təhsillən­dirmə, təlim-tərbiyə xarakteri daşıyan əsər və məqalələrində məhz xalqdan seçilib götürülən xalq pedaqogikası materialları əsas yer tutur. Hər bir oxucu XX əsrin əvvəllərində tərtib edilən dərslik və qiraət kitablarına nəzər salsa görər ki, xalq pedaqogikası materiallarından geniş istifadə olunub.
Digər tərəfdən, tədqiqatçı qeyd edir ki, XX əsrin əvvəllərində ictimai həyatda baş verən hadisələrlə əlaqədar olaraq xalq pedaqogikası ana dili, milli dil məsələləri ilə sıx bağlı idi. Azərbaycan xalq pedaqogikası ana dilinin, sadə xalq dilinin əsas mənbəyi hesab edilirdi. Bu dövrdə ana dilindən söhbət düşəndə mollanəsrəddinçilər ilk növbədə xalq dili məsələ­sini irəli sürürdülər. Bunu yenə də monoqrafiyanı vərəqləyərkən çox aydın görmək olur. “Molla Nəsrəddin”in xalq pedaqogikasına, demək olar ki, hər nömrəsində müraciəti, Cə­lil Məmmədquluzadənin “Ana­mın kita­bı”, “Kamança” pyeslərində, Mirzə Ələkbər Sabirin “Mollanəsrəddinin yorğanı”, “Camuşçu və sel”, “Mollanəsrəddin və oğ­ru”, “Yalançı çoban” və s. folklor nümunələri xalqın dünyagörüşü, dilinin ifadə forması kimi təqdim etməsi, Üzeyir Hacıbəyovun xalq ədəbiyyatı, xalq musiqisi əsa­sında əsərlər yazması, Şərqdə ilk opera yaratması, uşaq yazıçılarımızın xalq pedaqogikasından məharətlə istifadə etməsi, Firidun Bəy Köçərli, Məmməd Səid Ordubadi, Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev və baş­qalarının bir sıra məqalə və məktublarında ana dilini yad tə­sirlərdən qoru­maq mə­sələsi müəllif tərəfindən çox ciddi şəkildə araşdırılır. Cəlil Məmmədquluzadənin “Hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi… hərdənbir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var!- sözləri monoqrafiyadan gətirdiyimiz fikirlərə əsaslı dəlildir.
“Mollanəsrəddinçilərin şəxsiyyət tərbiyəsi haqqında ideyaları” adlanan üçüncü fəsilisə “Molla Nəsrəddin” jurnalında mənəvi ədalətsizliyin təsviri”, “Mollanəsrəddinçilərin mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırışı, əxlaqi keyfiyyətlərin təbliği” və “Mollanəsrəddinçi maarifçilərin yaradıcılığında xalqa, vətənə, ailəyə, təbiətə və əmə­yə münasibət tərbiyəsi” kimi yarımbaşlıqlardan ibarətdir. Bu fəsildə də müəllif “Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilərin maarifçilik sahəsində yaratdıqları pedaqoji-psixoloji irsin, maarifçilik ideyalarının tərbiyəvi imkanlarının öyrənilməsinə xidmət edən müxtəliftipli bədii əsərlərin for­ma, məzmun, üsul və yollarının elmi təhlilini dəyərləndirir, Azərbaycan məktəb və pedaqoji-psixoloji fikrində cərəyan etmiş mənəviəsasların dərki problemini tam olaraq müəyyənləşdirir. Həmçinin, müəllif mollanəsrəddinçilərin mə­nəvi-əxlaqi kamilliyə və insani davranışa çağırır, əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqelərini səciyyələndirmiş; onların bədii yaradıcılığında və publisistikasında maarifçi pedaqojipsixoloji prinsiplərin inikasını izləmiş və sistemləşdirmiş; “Molla Nəsrəddin” jurnalında gənc nəsli vətənə və xalqa məhəbbət ruhunda böyütmək, onlara mədəni vərdişlər, müsbət əxlaqi normalar aşılamaq yollarının üsul, vasitə və tərzlərini üzə çıxarmışdır.
Monoqrafiyanın nəticə hissəsi əsərin məzmununu əhatə edən ümumi müddəalar, ümumiləşdirmə səviyyəsi və lakonikliyi ilə seçilir. Tədqiqatçı gəl­diyi nəticələri on müddəada ümumiləşdirmiş və təkliflər irəli sürmüşdür. İstifadə edilmiş ədəbiyyat hissəsi düzgün tərtib edilmişdir. Əsərin dili aydındır, səlisdir və elmi üslubda yazılıbdır.
Fikrimcə, monoqrafiyanın ümumi məzmununa xələl gətirməyəcək bir sıra xırda qüsurlar da vardır.Belə ki, mollanəsrəddinçilərin əxlaq, əmək, ailə tərbiyəsi, fiziki tərbiyə iləbağlı fikirləri təhlilə cəlb olunsa da onların estetik tərbiyə ilə bağlı fikirləri tədqiqatdan təcrid olunmuşdur. Digər bir qüsur isə mo­noqrafiyanın nəticə hissəsi ilə bağlıdır. Nəticə həm ümumi fikir və görüşlərlə təhlil olunmuş, həm də, müddəalarla şərh edilmişdir. Müddəalar daha konkret olduğundan, zənnimcə, ümumi fikirlərin təhlilinə ehtiyac yox idi.
Bütün bunlar, qeyd etdiyim kimi, monoqrafiyanın ümumi məzmununa qətiyyən xələl gətirmir. Monoqrafiyada tətbiq olunan metodlardan, irəli sürülən ideya və tövsiyələrdən ali və orta məktəb müəllimləri, tərbiyəçilər, pedaqogika sahəsində tədqiqat aparan dissertant və doktorantlar, monoqrafiya, dərslik və dərs vəsaiti hazırlayan ziyalılar faydalana bilərlər. Həmçinin, tədqiqatdan təhsil tarixi ilə bağlı Azərbaycançılıq ideologiyası, pedaqoji-psixoloji, həmçinin, ədəbi-nəzəri problemlərlə məşğul olan tədqiqatçılar da istifadə edə bilərlər. Monoqrafiyadan müntəxəbatların, antologiyaların hazırlanmasında da istifadə etmək olar qənaətindəyəm.
20-dən artıq monoqrafiyanın, dərsliyin, dərs vəsaitin, proqramınvə 350-dən artıq elmi-pedaqojiməqalələrin müəllifi olan pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov öz əzmkar yaradıcılığı və pedaqoji fəaliyyəti ilə Azərbaycan gəncliyini işıqlı sabaha hazırlayır. Bu sabaha salam deyəcək insanlar kimi onlara əzmkarlıq, qətiyyət, mövqeseçmə, vətənpərvərlik öyrədir. Arzularının reallaşması üçün “yoruldum” deməyən tələbəm, həmkarım, siyasi xadim Kamal Camalova elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram.
Gültac Əliyeva
Psixologiya üzrə fəlsəfə doktoru, professor
Azərbaycan Respublikasının Əməkdar müəllimi




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
BMU-da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib
25.02.2020
Şəkidə “ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub
25.02.2020
AzTU İspaniya universitetləri ilə əməkdaşlıq edəcək
25.02.2020
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25.02.2020
Bakı Ali Neft Məktəbi koronavirus əleyhinə dezinfeksiya edildi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info