Azərbaycan və Türkiyə qanunları: fərqlər və bənzərliklər
Tarix: 16.02.2020 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


TRT “Türkiyənin səsi” radiosu və TRT/Azərbaycan saytının qonağı Türkiyə Vəkilləri Kollegiyası İnsan Haqları üzrə komissiya üzvü, Ekmen hüquq bürosunun təsisçisi, 2018 Hərəkatının qurucu üzvü Səidə Ekmendir.

Sevda Mirzə (aparıcı və jurnalist): T
RT “Türkiyənin səsi” radiosu və TRT/Azərbaycan saytının “Könül coğrafiyasından Türkiyə” proqramının bugünkü qonağı Türkiyə Vəkilləri Kollegiyası İnsan Haqları üzrə komissiya üzvü, Ekmen hüquq bürosunun təsisçisi, 2018 Hərəkatının qurucu üzvü və Türkiyə nümayəndəsi, 2015-ci ildə "İlin ən yaxşı hüquqşünası" mükafatını almış azərbaycanlı hüquqşünas Səidə Ekmendir. Azərbaycanlıların haqlarını Türkiyə qanunları çərçivəsində qoruyan bir xanım.

Səidə xanım, istərdim əvvəl söhbətə 2018 Hərəkatı ilə başlayaq. 2018 Hərəkatı nədir?

Səidə Ekmen (Türkiyə Vəkilləri Kollegiyası İnsan Haqları üzrə komissiya üzvü): Məncə, gözəl yerdən başladıq. 21 ildir Türkiyədə bir hüquqşünas olaraq işlərim istər-istəməz Azərbaycanla bağlıdır. Bu illər boyu Azərbaycanın tarixi, ədəbiyyatı, milli görüşlərini tanıtmaq üçün fərdi olaraq Türkiyədəki səfirliyimizlə vəkillərimizlə bərabər çalışırdıq.

2018-ci il Azərbaycan üçün, bilirsiniz, çox əlamətdar bir il idi. Azərbaycan Demokratik Xalq Cümhuriyyəti və Azərbaycan Silahlı Qüvvələrinin qurulmasının 100-cü ildönümüydü. Bu əlamətdar tarixlə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev 16 may 2017-ci ildə bir sərəncam imzaladı. O sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin təkcə ölkədə deyil, xaricdə, beynəlxalq arenada da tanınması ilə əlaqədar işlər başlanıldı. Bu sərəncama əsaslanaraq ölkənin siyasi, iqtisadi, elmi, hüquqi, bədii və mədəni sahələrində çalışan 100 nəfərilə 2018 Hərəkatını təsis etdik. Bu işdə siyasətçilərimiz, yazıçılarımız, şairlərimiz və akademiklərimiz xüsusilə çox fəal oldular. 2018 Hərəkatının təsisçisi Azərbaycanın tanınmış yazıçı və şairi Xəyal Rzadır. Üzvlərimzi də demək istəyirəm. Çünki çox aktiv çalışan siyasətçi üzvlərimiz var. Bu işdə Azərbaycanın millət vəkillərindən professor Jalə Əliyeva, Adil Əliyev, bizə yaxından kömək edən Qənirə Paşayeva, Sona Əliyeva, Türkiyənin Azərbaycandakı əvvəlki səfiri Hulusi Kılıç, TBMM-nin deputatı Şamil Ayrım, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçunun əməkləri böyükdür. Amma bu hərəkatın fəaliyyəti 2018-ci il çərçivəsində qalmadı, sonrakı illərdə də davam etdi və edir. 2018 Hərəkatı vasitəsiylə bizim əsas missiyamız Azərbaycanımızı, tariximizi, milli düşüncəmizi tanıtmaqdır. Bu silsilədən Xocalı faciəsi ilə bağlı tədbirlər də mühüm yer tutur.

Sevda Mirzə :
Yəni 2018 Hərəkatının adı “2018” olsa da, fəaliyyət hələ davam edir. Türkiyə Vəkilləri Kollegiyası İnsan Haqları üzrə Komissiyanın üzvüsünüz. Sizə Türkiyədə yaşayan azərbaycanlıların da çox müraciətləri, sualları olur. Bu müraciətlər əsasən nə ilə bağlı olur?

Səidə Ekmen: Azərbaycanlıların ən böyük hüquqi çəkişmələri mülki xarakter daşıyır. Ən başda gələnlər: məhkəmələrdə boşanma işləri, ikinci sırada iqtisadi və ticari, yəni şirkətlərarası biznes məsələləri. Bundan əlavə, inzibati məsələlər var ki, bura daha çox tələbələrin müraciətləri daxildir. Tələbələrin müraciətləri əsasən nə ilə bağlıdır? Türkiyədə 2016-cı ilin 15 ilulunda bir çevriliş cəhdi yaşandı. Bundan sonra bir çox universitet bağlandı və belə olan vəziyyətdə tələbələr ortada qaldı. Türkiyə hökuməti bağlanan universitetlərin tələbələrinə başqa universitetə keçid haqqı tanıdı, amma azərbaycanlı tələbələrə, təəssüf ki, havalimanından giriş qadağası qoyulduğu üçün Türkiyəyə gələ bilmirlər. Bunların arasından 4, 5, hətta 6-cı, yəni son kurs tələbələri vardır ki, onlara bu haqq tanınmadığı üçün hələ də inzibati məhkəmə işləri davam edir.

Sevda Mirzə: Əslində o tələbələrin çoxunun günahı yoxdur, oxuduqları universitetlərin başında duran insanlara görə onlar da yazıq vəziyyətə düşüblər. Bu məhkəmə işlərindən qazanan tələbələr olubmu?

Səidə Ekmen : Çox çətindir. Biz ancaq azərbaycanlıların məhkəmə işlərinə baxmırıq. Bunlar əcnəbilərin inzibati məhkəmə işləridir ki, içində azərbaycanlılar da var. Əvvəllər hər iki tərəfin dəlil və sübutlarına məhkəmələrdə qarşılıqlı baxılır, qərar çıxarılırdı. 15 İyul hadisələrindən sonra inzibati məhkəmələrdə Miqrasiya (Göç) İdarəsi və Milli İstihbarat Təşkilatından (MİT) arayış lazım olur. Arayışda bu şəxslərin ölkədə təhlükə yarada biləcəyi, yəni təhlükə olmasa da, ola biləcəyi bir G kodu qoyulur. O maddəli arayış gəldikdən sonra vəkillər nə qədər müdafiə etsə də, inzibati məhkəmələrdə ümumilikdə rədd və “ölkə sərhədlərindən xaricedilmə” cavabları alırıq. Bu sırada həm Azərbaycan, həm də başqa əcnəbi tələbələr var, çalışmalarımız davam edir. Bu, qazanılmış haqqdır: həmin universitetlərdə oxuyan türkiyəli tələbələr təhsilə davam edirsə, azərbaycanlı tələbələr də edə bilər.

Sevda Mirzə:
Biz hər zaman “Bir millət, iki dövlət” deyirik. Türkiyəli tələbələr öz haqlarını qazanmışsa, o zaman azərbaycanlı tələbələrin də qazanma şansı vardır. Çünki onlar eyni zamanda eyni universitetlərə giriblər. Heç kim sonradan başına nə gələcəyini bilmir.

Səidə Ekmen: Hər nə qədər iqtisadi və siyasi həyatımızda “Bir millət, iki dövlət” şüarına əməl etsək ki, ədliyyə sistemində buna baxılmır.

Sevda Mirzə: Hüquq hüquqdur, insanın milliyyətindən asılı deyil.

Türkiyə Vəkilləri Kollegiyası, yəni Türkiyə Barolar Birliyinin üzvü olaraq həm Azərbaycan, həm Türkiyə hüquqları və bununla əlaqədar keçirdiyiniz treninqlər var. Yəni fəaliyyətiniz sadəcə Türkiyə və Azərbaycan sərhədləri içində qalmır, Avropa ölkələrindən də hüquqşünaslar dəvət edirsiniz. Hansı ölkələri əhatə edir fəaliyyətiniz?

Səidə Ekmen : Bu əməkdaşlıqla bağlı mən bir az əvvələ gedim. 2013-cü ildə Türkiyə Vəkilləri Kollegiyasının rəhbəri Metin Feyzioğlu seçildikdən sonra ilk səfərimiz Azərbaycana oldu. O zaman sadəcə Azərbaycan Vəkillər Kollegiyası ilə deyil, Milli Məclis, Prezident Aparatı, Ədliyyə Nazirliyi, hətta Asan Xidmətə baş çəkdik. Asan Xidmət, bilirsiniz ki, Azərbaycan ədalət sistemində ən sevimli (favori) qurumdur və mən hər zaman hər yerdə bunu söyləyirəm. 2013-cü ildən Azərbaycan-Türkiyə hüquqşünaslarının əməkdaşlıqlarının təməli atıldı. Ondan sonra Azərbaycan Vəkillər Kollegiyasının sədrini dəvət etdik. İlk görüşlər başladı. Hüquq elə bir sahədir ki, mütləq özünü inkişaf etdirməlisən. Ölkənin qanunları dəyişir, beynəlxalq qanunlar dəyişir, qarşılıqlı görüşlər, danışıqlar olmalıdır.

Mən Azərbaycandan gələn qərarların tanıma və icrası ilə də məşğulam, Türkiyə Ədliyyə Nazirliyi tərəfindən göndərirlər. Əvvəllər Azərbaycanda belə bir hüquqi sistem mövcud idi. Ölkədə vəkilsiz verilən qərarlar və nümayəndəliklər var idi ki, Türkiyə və beynəlxalq arenada bu, yox idi. Beynəlxalq hüququn 54-cü maddəsinə görə, şəxs ya özü, ya vəkili olmalıdır məhkəmədə. Ona görə Azərbaycan məhkəməsində qazanılmış işi, verilən qərarı Türkiyədə icraya qoya bilmirdik. Yəni Türkiyə tanımırdı o qərarları. Bununla əlaqədar çalışmalarımız davam etdi. Hal-hazırda Azərbaycanda məhkəmələr yalnız vəkillə olur, əvvəlki nümayəndəliklər artıq yoxdur.

Sevda Mirzə: Yəni Azərbaycanda bu qurum ləğv olundu, beynəlxalq standartlara uyğun oldu?

Səidə Ekmen: Bəli, bu, Azərbaycan-Türkiyə hüquqi əməkdaşlığının gözəl töhfələrindən biridir. Amma biz bu əməkdaşlığı sadəcə iki ölkə sərhədləri arasında qoymadıq, türk dövlətləri və qonşu ölkələrlə də bu görüşləri davam etdirdik. Bütün bu işlərin nəticəsində 2016-cı ildə Türkiyədə Türkdilli və Əqrəba Dillər Dövlətlərinin Təşkilatını qurduq ki, mərkəzi Ankaradır. İki qurultayımız olub Türkiyədə. Sədr müavini Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovdur.

Sevda Mirzə: Mən bu yerdə oxucularımızın və tamaşaçılarımzıın nəzərinə onu da çatdırmaq istəyirəm ki, Səidə Ekmen Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həyat yoldaşı da bu universitetdə təhsil alan Türkiyə vətəndaşıdır, övladları da bu ölkənin vətəndaşlarıdır. Səidə xanımın Azərbaycanda hüquq təhsili alması, sonradan Türkiyədə də bu sahə üzrə getməsi, məsləyini yorulmadan davam etdirməsi, Azərbaycan və Türkiyə qanunlarını harmonik şəkildə incələməsi və icra etməsi bizə çox böyük şərəf verir. Sizin bu xidmətlərinizin Türkiyəyə də böyük töhfəsi var.

Hüquq kimi humanitar və sosial elmlər adətən insanın təhsil aldığı ölkəyə aid olur. Məsələn, siz Azərbaycanda hüququ oxumusunuzsa, təbii ki, bu, daha çox Azərbaycan konstitusiyası və hüquqalrını əhatə edir. Siz Türkiyəyə gəldiniz, burada yaşadınız, çalışdınız və iki ölkə arasında qanunlar bənzərliyi və ayrılığını əyani olaraq gördünüz. Bir hüquqşünas kimi Azərbaycanın hansı qanunlarının burada olması, Türkiyənin hansı qanunlarının Azərbaycanda olmasını istərdiniz?

Səidə Ekmen: Əvvəl bunu deyim ki, mən hər yerdə - treniqlərdə, dərs verdiyim məkanlarda, olduğum konfranslarda Bakı Dövlət Universitetinin məzunu olduğum üçün duyduğum qüruru dilə gətirirəm. O ki qaldı qanunlara, bütün dünyada bunlar arasında oxşarlıq da var, fərqlər də. Bu fərqlərlə əlaqədar dərslərdə olub diplom da almışam. Ona görə iki universitet məzunu sayılıram. Xüsusilə, konstitusiya hüquqlarında fərqlər mütləq vardır. Cinayət hüququ və mülki hüquq haradasa yaxındır. Azərbaycandan alınmalı olan Vəkillik Qanunudur. Azərbaycandakı Vəkillər Qanunu, məncə, Türkiyə Aukatlık (Vəkillik) Qanunundan çox irəlidir. Məsələn, biz Türkiyədə vəkil olmaq istəyən hüquqşünasın mütləq vəkillik imtahanına girməsini istəyərik, amma bu, hələ həyata keçməyib. Azərbaycanda vəkil olmazdan əvvəl ən az 3 il işləmək lazımdır, ondan sonra imtahana girirlər. Beş il vəkil olmayan biri hakim ola bilməz Azərbaycanda. Bu, çox gözəl bir qanundur. Hüquqşünas vəkil ikən həm təcrübə toplayır, həm də hakim olduqdan sonra vəkili də anlamış olur. Ona görə deyirəm ki, Azərbaycanda olan bu Vəkillik Qanunu Türkiyədə də olsa, çox-çox yaxşı olar. Ümumi baxdığımız zaman isə Azərbaycan və Türkiyə qanunları arasında elə böyük fərqlər yoxdur.
Türkiyədə vəkilin internet üzərindən insanlara daha rahat çatması mümkündür ki, bu, bir az Azərbaycanda zəifdir, amma zamanla bunun yoluna düşməsi mümkündür. Artıq ASAN Xidmətdə imzaya başlayıblar. Bu, əməkdaşlığımızın töhfələridir.

Sevda Mirzə: Bildiyimizə görə, Türkiyə və Azərbaycan vətəndaşları arasında daha çox ailə məhkəmələri olur. Boşanma proseslərində Azərbaycan və Türkiyə qanunlarına görə problemlər necə həll olunur? Qadın və kişinin haqqları baxımından qanunlarımız bir-birilə toqquşurmu?

Səidə Ekmen: İki ölkə arasındakı qanunlarda böyük fərqlər olmasa da, yenə ortaya bəzi məqamlar çıxır. Həm Azərbaycan, həm Türkiyədə məhkəmələr Birləşmiş Millətlər Təşkilatının əsas hədəfləri olan gender bərabərliyinə diqqət göstərsələr də, Türkiyədə buna daha çox fikir verirlər, yəni məhkəmələr daha çox qadının yanında olur. Xüsusilə, Türkiyənin 6284 saylı Ailəni Qoruma Qanunu insanın milliyyətinə baxmır, mütləq çətin vəziyyətdə qalan qadının yanındadır. İstanbul Konvensiyası da var. Azərbaycanda bununla əlaqədar çalışmalarımız sürür. Birləşmiş Millətlər Təşkilatının “SEDAW’ müqaviləsi var, Azərbaycan da, Türkiyə də onun tərəfdaşıdır. Amma əsas fərq nədədir, deyim. Bu, uşaqla bağlıdır. Son illər boşanma məhkəmələri artıb. Azərbaycanlılar və türkiyəlilər arasında boşanmalar sərhədlərin yeni açıldığı zamanlarda bir çox hallarda mədəniyyət uyuşmazlığından olurdu ki, bu gün bu hallar azalıb. Bir sıra boşanmaların əsas səbəbi sosial media üzərindən tanışlıqlar və qısa müddətdə evlənmələr hesabına olur. Bir-birini yaxşı tanımadan nigah bağlayıb evlənirlər, az sonra ayrılıqlar meydana gəlir. Buna saxta və vətəndaş nigahlar da daxildir. İki ölkə vətəndaşlarının boşanma prosesində əsas qarşılaşdığımız problem uşaqla bağlı olur. Türkiyə konsitusiyasına görə, ana və ya atadan biri Türkiyə vətəndaşıdırsa, uşaq avtomatik Türkiyə vətəndaşıdır. Uşaq Türkiyə vətəndaşıdırsa, onun ölkə xaricinə çıxarılmasının qarşısını almaq üçün uşağı əsasən ataya verirlər. Belə hadisələrlə çox qarşılaşmışıq. Məsələn, Kayserdə bir azərbaycanlı ana var idi, məhkəmə davam etdiyi müddətdə uşağın qəyyumluğunu müvəqqəti olaraq ataya vermişdilər. Biz Azərbaycan konstitusiyasından “Ana Azərbaycan vətəndaşıdırsa, uşağı da Azərbaycan vətəndaşıdır” maddəsini əsas gətirərək məhkəməni qazandıq.

Sevda Mirzə: “Uşaq Türkiyədə dünyaya gəlirsə, avtomatik Türkiyə vətəndaşı olur” dediniz həm də. Bəs bu işi necə qazana bildiniz? Uşaq Türkiyə vətəndaşı olduğu üçün Azərbaycan vətəndaşlığını itirmirmi?

Səidə Ekmen: Azərbaycan Konsitusiyasına görə, ana və ya atadan biri Azərbaycan vətəndaşıdırsa, uşağı hansı ölkədə doğulsa, mütləq Azərbaycan vətəndaşı da sayılır. Bu baxımdan Azərbaycan vətəndaşı olan ata və ya ananın uşağı istər nigah, istər nigahdan xaric Türkiyədə də doğularsa, o, həm də Azərbaycan vətəndaşıdır. Gördüyünüz kimi, eyni maddə, eyni qanun Azərbaycanda da, Türkiyə də vardır.

Sevda Mirzə: Deyək ki, ər Türkiyədən, qadın Azərbaycandandır. Uşaqları var. Qadının maddi imkanı kişidən yaxşıdırsa, uşağın gələcəyini təmin edə biləcəksə, vəziyyət necə olur?

Səidə Ekmen :
Əvvəl onu deyim ki, boşanma prosesində Türkiyə qadının işləməsinə, vəziyyətinin yaxşı olmasına baxmır, sadəcə gender bərabərliyinə üstünlük verir, yəni qadın ərindən aliment (navaka) alır, haqlı səbəbi varsa, təzminat də tələb edə bilir. Övlada gəlincə, məhkəmə sosioloq və psoxoloqları uşaqla söhbətə göndərir, onun həm ananın, həm atanın yanında qalma şəraitini dəyərləndirir. Amma həm Azərbaycan, həm Türkiyədə eyni bir qanun var ki, uşaq anaya möhtac yaşdadırsa, o zaman mütləq ananın yanında qalır. Bu qərar nəticələrə əsaslanan hakimin hökmünə bağlı olur. Hər bir halda qadının sosial haqları qorunur.

Sevda Mirzə: Bütün dünyada iki cür evlilik vardır: rəsmi və qeyri-rəsmi nigahlarla olanlar. Hər iki evlilikdə uşaq ola bilir. Bəzən ata qeyri-rəsmi evlilikdən dünyaya gələn uşağına öz soyadını vermək istəmir, ana öz familyasını övladına verməyi qəbul edir. Bu zaman maraqlı bir vəziyyət meydana çıxır. Məsələn, qadının soyadı İbrahimovadır, oğlan övladı dünyaya gətirib, bu vaxt oğlunun soyadı qismində İbrahimova yazılır. Yəni Faiq İbrahimov deyil, Faiq İbrahimova. Halbuki soyadlarımızn sonunda “a” şəkilçisi varsa, bu, qıza, qadına aiddir. Bu vəziyyət uşağı digər Azərbaycan və ya keçmiş Sovet ölkələrindən olan uşaqların yanında utandırır.

Səidə Ekmen: Bununla əlaqədar şəxsən mənə məhkəmə işi gəlməyib. Amma bildiyimiz ki, uşaq rəsmi nigahdan kənar doğulsa da, ata qəbul etdikdən sonra şəhadətnamənin “ata” xanasına atanın adı yazılır. Ata adı yazılması baxımından evliliyin rəsmi olub-olmamasının fərq yoxdur. Amma ata “ata” adını qəbul etmək istəməzsə, ana məhkəməyə gedə, uşağın ona aid olduğuna dair sübut-sənəd ala və o şəkildə yazdıra bilər. Yox, ana bunları etməyib öz soyadını uşağa yazdırmağı qəbul edirsə, Türkiyə tərəfi təbii ki, soyadın sonunda “a” ilə, ya “a”sız formasına baxmaz, sözün şəklini alaraq soyadı olduğu kimi yazar. Amma bu, düzəldilə bilən məsələdir. Belə ki, ana ya Azərbaycana gedərkən, ya da səfirliyimizə müraciət edərək bu məsləni həll edə bilər. Səfirlik də Azərbaycan qanunlarına uyğun olaraq familyanın düzgün yazılması və düzəldilməsinə dair arayış verəcəkdir.
Mənim bir müvəkilim var idi. Azərbaycanlı Hüseynov familyalı bir adamın uşağı Türkiyə vətəndaşı olduqdan sonra soyadı Hüseyn yazılır. Uşağı Türkiyədə həbsxanaya düşən atası ilə bu soyad səbəbindən görüşə bilmir. “Ata və oğulsa, soyad tutmur” deyirlər. Biz oğulun şəhadətnaməsinə əsasən Azərbaycan Səfirliyindən bunların həqiqətən ata və oğul olduqlarına dair sənəd aldıq. Bundan sonra oğul və ata görüşə bildilər.
Sevda Mirzə : Bütün dünyada belə hüquq elə bir sahədir ki, müzakirə etdikcə söhbət uzanır, ucu-bucağı olmur. Bəzən vəkillərin, hakimlərin, məhkəmələrin qarşısına qeyri-adi hadisələr də çıxa bilir ki, hakim ürəyinin səsinə qulaq assa bir, qanunlara əməl etsə, başqa qərar verməlidir. Ona görə də Allah adamı nə hakimə, nə də həkimə möhtac etməsin.
Səidə xanım, çox sağ olun ki, proqramımıza gəldiniz və hər iki ölkənin qanunları haqqında, qısa da olsa, danışa bildik. Təşəkkür edirəm.


P.S:
Gələn proqramlarımızın birində Səidə Ekmenlə Azərbaycan və Türkiyə arasında biznes müqavilələri və məhkəmələri haqqında danışacağıq.




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
“Petkim”in mövcudluğu Türkiyə üçün qürur mənbəyidir
02.04.2020
“Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
01.04.2020
Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01.04.2020
“Koronavirusla bağlı dövlət tərəfindən atılan addımlara xalqımız evdə qalmaqla dəstək olmalıdır”
31.03.2020
Əfsanə Şükürova: “Yeni qadağalar insanların təhlükəsizliyini gücləndirmək üçündür”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info