Aqustin Qarsiya Rubio: “Meksika Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsinin tərəfdarıdır”
Tarix: 27.02.2020 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


LA RAZON qəzeti: Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın həmin ərazilərdə yaratdığı oyuncaq rejim dünyanın heç bir dövləti tərəfindən tanınmır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən davam edir. Bu günlərdə xarici ölkələrdə bir sıra tədbirlər keçirilib.
Son günlər xarici ölkələrdə təşkil edilən tədbirlərin bir çoxu Xocalı faciəsinin ildönümünə həsr edilib. Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı Soloturn şəhərində “Xocalı-92” adlı tətbiqi-pedaqoji kvest/simulyasiya oyunu keçirilib. AZƏRTAC xəbər verir ki, Soloturnda fəaliyyət göstərən “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası” diaspor təşkilatının nəzdində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı keçirilən kvest/simulyasiya oyununu Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov tərəfindən şagirdlərin iştirakı ilə təşkil olunub. Kvest Q.Nəsirov tərəfindən BMT-nin təcrübəsinə müvafiq olaraq hazırlanıb və Xocalını tərk etməyə məcbur olan insanların məruz qaldıqları dəhşətləri canlandırmağa çalışan oyun formasında təşkil olunub. Oyun zamanı iştirakçılar Xocalıdan olan həqiqi insanların ad və soyadlarını götürərək, iki saat ərzində bu şəxslərin rolunu oynayıblar.
Layihənin ikinci hissəsində şagirdlər bir otağa yığışaraq oyun zamanı yaşadıqları barədə fikirlərini paylaşıblar. Layihənin sonunda şagirdlər Xocalıda qəddarcasına qətlə yetirilmiş 613 günahsız Xocalı sakininin ruhunu yad etmək üçün kağızdan göyərçinlər düzəldərək, bu kağızların üzərinə öz fikirlərini yazıblar. Bu yazılar arasında “Bir daha müharibə olmasın”, “Bu dəhşət təkrar olunmasın”, “Bunu törədənlər insaniyyətdən uzaqdırlar”, “Bunu unutmaq olmaz” kimi fikirlər yer alıb.
Oyundan sonra şagirdlərin öz təəssüratları barədə səsləndirdiyi fikirlər bu layihənin onlara çox güclü təsir etdiyini və Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması sahəsində uğurlu bir layihə olduğunu təsdiq edib.

Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb

Almaniyanın “nex24.news” saytında tədqiqatçı, Cənub-Şərqi Avropa və Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xristian Yohannes Henrixin Xocalı soyqırımı barədə müsahibəsi dərc olunub. Müsahibədə almaniyalı tədqiqatçı Xocalı qırğınında insanların qətlə yetirilməsindən, doğma yurd-yuvalarından didərgin düşmək məcburiyyətində qalmalarından danışıb. Xristian Yohannes Henrix erməni diasporunun və daşnak veteranlarının Xocalı soyqırımında canfəşanlıqla iştirakını qeyd edərək diqqəti erməni vəhşiliklərinin tarixinə yönəldib. Misal olaraq, o, ASALA erməni terror təşkilatı tərəfindən həyata keçirilmiş terror aktlarını göstərib. O bildirib ki, 1990-cı ildə Liviyada müharibə başa çatdıqdan sonra çoxlu sayda erməni Ermənistana köçdü və onların bir çoxu məhz yuxarıda qeyd edilən erməni terrorçular idi. Bu terrorçular öz təcrübələrini istər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, istərsə də Ermənistanın daxilində qarşıdurmalarda istifadə etdilər.
Müsahibədə Xocalıda 613 nəfərin öldürüldüyü, onlardan 63-nün uşaq, 106-nın qadın, 70-nin isə qoca olduğu bildirilib. Səkkiz ailənin tamamilə məhv edildiyi və bundan əlavə, 1275 nəfərin əsir götürüldüyü, 155-dən çox insanın taleyinin isə indiyədək naməlum qaldığı diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalı faktını təsdiq edən və bu işğalın qəbuledilməz olduğunu özündə əks etdirən BMT qətnamələri və digər beynəlxalq regional təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərdən söz açılıb.

Meksika paytaxtındakı Xocalı meydanında soyqırımı qurbanlarının xatirəsi anılıb
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin və bu ölkənin Deputatlar Palatasının birgə təşkilatçılığı ilə Mexiko şəhərinin “Tlakskoake/Xocalı” (Tlaxcoaque/Jodyali) meydanında yerləşən Xocalı soyqırımı abidəsi önündə faciənin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Aqustin Qarsiya Rubio, deputatlar Monika Almeida Lopez, Fransisko Xavyer Qusman de la Torre, Adriana Losano Rodriqez, Meksikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan, Qazaxıstan, Pakistan, İran, Malayziya, Ukrayna, Kot-Divuar, Banqladeş, İndoneziyanın səfirləri, diplomatlar və hərbi attaşelər, KİV təmsilçiləri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər. Əvvəlcə Meksika Dəniz Hərbi Qüvvələrinin orkestrinin ifasında Meksika və Azərbaycanın dövlət himnləri səslənib. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Meksika Deputatlar Palatası və Azərbaycanın bu ölkədəki səfirliyi adından Xocalı soyqırımı abidəsinin önünə əklillər qoyulub.
Deputat A.Q.Rubio çıxış edərək Meksika ilə Azərbaycan arasındakı əlaqələrin yalnız iqtisadi və ticarət əlaqələri üzərində qurulmadığını, həm də 28 illik dostluğa əsaslandığını söyləyib. Xocalı faciəsi zamanı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların xatirəsinin məhz Azərbaycan hökumətinin dəstəyi ilə abadlaşdırılmış Tlakskoake/Xocalı meydanında yad edildiyini qeyd edən deputat xalqımızın Xocalı soyqırımı ilə bağlı ağrı-acısını bölüşdüyünü deyib. Meksika hökumətinin daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri, habelə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb. Həmçinin 2011-ci ildə Meksika Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımı zamanı baş vermiş cinayətləri qətiyyətlə pisləyən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında” adlı sənədin qəbul olunmasının Meksika hökumətinin münaqişə ilə bağlı mövqeyini əks etdirdiyini vurğulayıb.
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək öz dəhşətləri ilə dünyanı sarsıtmış Xocalı soyqırımından 28 il keçdiyini qeyd edib, həmin günün azərbaycanlıların xatirəsində ən ağrılı tarixlərdən biri kimi qaldığını deyib. Müstəqilliyinin ilk günlərindən Azərbaycanın hərbi təcavüzlə üzləşdiyini bildirərək Xocalı soyqırımının ölkə tarixinin ən qanlı və amansız səhifəsi olduğunu deyib. Sadəcə azərbaycanlı olduqlarına görə yüzlərlə günahsız insanın həyatlarına qəddarcasına son qoyulduğu, onlara misli görülməmiş əzab və işgəncə verildiyi bildirilib. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi adlandırıldığı qeyd edilib.
Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üzrə böyük nailiyyətlər əldə etdiyini deyib. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində, o cümlədən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu cinayətlə bağlı müvafiq qərarların qəbul edildiyi, Meksika, Pakistan, Kolumbiya, Çexiya, Türkiyə, Bosniya və Herseqovina, İndoneziya, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti, Paraqvay və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən artıq ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını tanıyan qətnamələrin qəbul olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Məmməd Talıbov dünya ictimaiyyəti tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını birmənalı şəkildə tələb edən müvafiq qətnamələrin yerinə yetirilməsi üçün işğalçı ölkəyə təzyiqlərin göstərilməsinin vacibliyini vurğulayıb, Xocalı qurbanlarına həsr olunmuş abidəni ziyarətə gələnləri Xocalıya ədalətə səsləyib.


LA RAZON qəzeti: Tarixin ən qəddar soyqırımlarından birinin törədilməsindən 28 il ötür


İspaniyanın böyük oxucu kütləsinə malik LA RAZON qəzetində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı geniş məqalə dərc olunub. “Tarixin ən qəddar soyqırımlarından birinin törədilməsindən 28 il ötür” sərlövhəli məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində soyqırımı cinayətinin törədildiyi, qətliam nəticəsində uşaqların, qadınların, qocaların amansızlıqla qətlə yetirildiyi, ümumilikdə, şəhərin xəritədən silindiyi qeyd olunur.
Yazıda vurğulanır ki, Ermənistan “Dənizdən dənizə Ermənistan” ideologiyası altında Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirib, Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş ən dəhşətli cinayət Xocalı soyqırımı olub. 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 155 nəfər itkin düşüb.
Erməni silahlıları dinc azərbaycanlılara qarşı amansızcasına divan tutmaqla kifayətlənməyib, qadağan olunmuş kimyəvi silahlardan, iri kalibrli mərmilərdən istifadə ediblər.
Diqqətə çatdırılır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın həmin ərazilərdə yaratdığı oyuncaq rejim dünyanın heç bir dövləti tərəfindən tanınmır.
Xüsusi olaraq vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə baxmayaraq, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayəti törətmiş şəxslərin hələ də cəzalandırılmaması təəssüf doğurur.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info