Xocalı soyqırımı dünya ictimaiyyətinin diqqətinə çatdırılır
Tarix: 03.03.2020 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Vaşinqtonda Ermənistan hökumətindən Xocalı soyqırımını tanımaq tələb olunub

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər xaricdə yaşayan soydaşlarımız tərəfindən də dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Xüsusən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bu istiqamətdə xaric ölkələrdə müxtəlif səpkili tədbirlər keçirilib. Belə ki, fevralın 28-də Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkil etdiyi aksiyada Vaşinqtonda və onun ətrafında, Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri iştirak ediblər. Etirazçılar əllərində Azərbaycan və ABŞ-ın dövlət bayraqlarını, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu plakatlar tutublar.
Tədbir aksiya iştirakçılarının Azərbaycanın dövlət himnini oxuması ilə başlayıb. Sonra “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, beynəlxalq hüquqa riayət et!”, “Köçəryan, Sarkisyan, Ohanyan cinayətkardırlar” və s. şüarlar səsləndirilib.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmsədri Bədir Məmmədli çıxışı zamanı Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciət edərək, 1992-ci il fevralın 26-da Xocalıda 613 mülkü şəxsin erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildiyini xatırladıb.
Xocalı soyqırımının ABŞ-ın bir çox ştatı, dünyanın bir sıra ölkələri tərəfindən tanındığına və pisləndiyinə diqqəti cəlb edən etirazçılar Ermənistan hökumətini də Xocalı soyqırımını tanımağa, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetməyə çağırıblar. Onlar erməni silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər.
Daha sonra aksiya iştirakçıları Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında toplaşıblar. Soydaşlarımız Suriyada türk əsgərlərinin həlak olması ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib və Azərbaycan icması adından öz dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il Xocalıda baş verən kütləvi qırğının soyqırımı kimi tanınması tələbilə Vaşinqtonda etiraz aksiyası təşkil edir, Amerika ictimaiyyətinin diqqətini Xocalı soyqırımına və ermənilərin digər hərbi cinayətlərinə cəlb etmək məqsədilə müxtəlif kampaniyalar həyata keçirir.

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində də Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.
Aksiyada Azərbaycan icmalarının Bostonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub.
Bannerlərdə əks olunmuş şüarlar vasitəsilə dünya birliyinə müraciət edən aksiyaçılar Xocalı soyqırımının dövlət səviyyəsində tanınmasının vacibliyinə diqqəti cəlb ediblər. Bu faciənin Massaçusets ştatı daxil olmaqla Amerikanın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanındığı və pislənildiyi haqqında məlumatlar səsləndirilib.
Aksiya zamanı şəhər sakinlərinə Xocalı soyqırımı haqqında faktları əks etdirən vərəqələr paylanılıb.

San-Fransiskoda Xocalı soyqırımına fərdi piketlərlə etiraz edilib

Kaliforniya ştatının San-Fransisko şəhərində də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fərdi piketlər keçirilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkil etdiyi fərdi piketlərdə məqsəd San-Fransisko sakinlərinin diqqətini Xocalı soyqırımına cəlb etmək olub. Assosiasiyanın fəalları əllərində Xocalıdan bəhs edən faktların yazıldığı plakatları şəhərin müxtəlif məkanlarında, insanların sıx toplaşdıqları yerlərdə nümayiş etdiriblər.
Həmin plakatlarda "26 fevral 1992-ci il tarixdə 613 nəfərin cəsədi tapılıb", "Qadın haqları? 106 qadının cəsədi tapılsa da, bu günədək hec kim cəzalandırılmamışdır", "Təsəvvür edin ki, dünən gecə hər iki valideyninizi itirmisiniz. 25 uşaq həqiqətən itirib", "28 il öncə Xocalıda 130 uşaq 1 valideynini itirib", "Kimin vecinədir ki, 8 ailə tamamilə məhv edilib?", "Heç kimin vecinə deyil ki, 150 insan 28 ildir ki, tapılmır" kimi ifadələr yazılıb. Bununla da soydaşlarımız Xocalı soyqırımını törədən erməni qatillərinin indiyədək cəzalandırılmamasına, Ermənistan tərəfindən azərbaycanlıların fundamental insan haqlarının kobudcasına tapdalanmasına, dünya ictimaiyyətinin Xocalı kimi soyqırıma biganə münasibət göstərməsinə kəskin etirazlarını bildiriblər.
Qeyd edək ki, fərdi piketlər San-Fransiskonun ətrafındakı şəhərlərdə də gerçəkləşdirilib.
Xatırladaq ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb.

Vyanada Xocalıya ədalət tələb olunub

Yeri gəlmişkən, Avstriyanın paytaxtı Vyana şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş aksiya keçirilib.
Şəhərin mərkəzindəki Ştefansplats meydanında gerçəkləşdirilən aksiyanı Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi ("Azer-DER") təşkil edib. Aksiya iştirakçıları üzərində “Xocalıya ədalət!” şüarı yazılmış böyük plakatı əllərində tutmaqla meydandan keçən insanların diqqətini cəlb ediblər. Burada qurulan köşədə Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış informasiya materialları və almanca vərəqələr yerli sakinlərə təqdim olunub. Xocalı faciəsinin tarixi ilə maraqlanan Vyana sakinlərinə matəm rəmzi olaraq qərənfillər paylanıb.
Aksiyaya maraq göstərən insanlara Ermənistanın işğalçı siyasəti, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylər barədə danışılıb.
Tədbir zamanı "Azer-DER"in rəhbəri Yardım Günəş çıxış edərək, Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən törədildiyini qeyd edib, dünya ictimaiyyətinin bu faciəyə obyektiv siyasi-hüquqi qiymət verməsinin və soyqırımı törədənlərin cəzalandırılmasının vacibliyini bildirib.
Sonda Xocalı soyqırımı barədə bəyanat səsləndirilib. Bəyanatda Avstriya parlamentinin Xocalı soyqırımı ilə bağlı öz mövqeyini bildirməsinə və bu bəşəri cinayəti pisləməsinə çağırış edilib.

Qazaxıstanın müxtəlif vilayətlərində Xocalı soyqırımı qurbanları anılıb
Qazaxıstanın Aktöbe və Qərbi-Qazaxıstan vilayətlərində də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Ölkəmizin Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə Aktöbe vilayətində təşkil edilən tədbirdə “Azərbaycanlılar Birliyi”nin rəhbəri Şahbaz Camalov, müavini Vaqif Fərzəliyev, Qazaxıstan Xalqı Assambleyasının katibliyinin müdiri Marjan Kabakbayeva, soydaşlarımız, müxtəlif xalqların etnik-mədəni cəmiyyətlərinin rəhbərləri və yerli ictimaiyyətin tanınmış simaları iştirak ediblər.
Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət!” sənədli filmi nümayiş olunub.
Mərasimdə çıxışı zamanı “Azərbaycanlılar Birliyi”nin rəhbəri Şahbaz Camalov 28 il öncə Azərbaycanın Xocalı şəhərində erməni silahlı dəstələrinin 366-cı motoatıcı alayın ağır texnikası və hərbçilərinin köməyi ilə dinc azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirdiyi, yaraladığı, əsir götürdüyü barədə ətraflı məlumat verib.
Tədbirdə etnik-mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri də ermənilərin törətdiyi Xocalı soyqırımını və Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti pisləyiblər.
Xocalı şəhidlərinin ruhuna duaların oxunması ilə yekunlaşan tədbirdə Xocalı soyqırımını əks etdirən foto-sərgi də təşkil olunub.
Həmin gün “Birlik” milli-mədəni cəmiyyəti tərəfindən Uralsk şəhərində də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə, cəmiyyətin üzvləri, türkiyəli iş adamları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə “Birlik” milli-mədəni cəmiyyətinin rəhbəri Nəcəf Məmmədov və başqaları çıxış edərək, erməni silahlı dəstələrinin xocalılara qarşı törətdikləri kütləvi qırğını və Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar və işğalçı siyasəti pisləyiblər.
Tədbir soyqırımı qurbanlarının və şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info