Vətənə və sözə məhəbbətlə yaşanan ömür
Tarix: 12.03.2020 | Saat: 11:41:00 | E-mail | Çapa göndər


Bu gün Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 114 il ötür

Xalq şairi Süleyman Rüstəm Azərbaycan şeirinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. Onun yaradıcılığında yeni həyatın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur. Süleyman Rüstəmin yazdığı bütün əsərlər isə sevgidən, inamdan qaynaqlanıb. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. Təsadüfi deyil ki, Süleyman Rüstəm XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub.

O, yaradıcılığında Azərbaycanın bütün dilbər guşələrini vəsf edib, elə buna görə də vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 114 il ötür.

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.

Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyasının incilərindəndir.

“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.

İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava.

Alınsın düşməndən ömürlük qisas,

Torpaq nəfəs alıb dincəlsin bir az.

Silinsin ürəkdən, könüldən ağrı,

Bir də tapdanmasın vətənin bağrı.

Bu şeir İkinci Dünya müharibəsi zamanı qələmə alınsa da, bu günün özündə də aktuallığını itirməyib. Müharibə mövzusunda şeir yazan şairlər arasında Süleyman Rüstəmin məhz öz yeri vardı. O, qanlı səngərlərdə və arxa cəbhədə mərdlik nümunəsi göstərən soydaşlarımızın ovqatını poetik portretləşdirib desək, yanılmarıq. Bu qəbildən şairin "Ana və poçtalyon" adlı məşhur əsəri həmişə dillər əzbəri olub. Şair böyük məharət və həssaslıqla cəbhədən – oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli qələmə alıb.

Süleyman Rüstəmin böyük məhəbbətlə yaratdığı Ana və poçtalyon obrazları müharibə illərində min bir zillət çəkən Vətən övladlarının unudulmaz surətləridir. Bu surətlərdə çoxunun həyatı var idi. Süleyman Rüstəmin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli və təsirlisi məhz Cənub mövzusunda yazdığı əsərlərdir. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Süleyman Rüstəm İranda olub, orada yaşamış soydaşlarımızın ağır həyatını gözləri ilə görüb, cənublu şairlərlə görüşüb. Təbii ki, bütün bunlar da sonralar şairin könlündən poetik şəkildə kağızlara naxışlanıb. Süleyman Rüstəm vətən həsrəti ilə dərdi başdan aşan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, nisgilin axdığından danışır. Nə vaxtsa bir müjdənin veriləcəyinə - Təbrizlə əbədi görüşəcəyinə ümid bəsləyib. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı bütün şeirləri gözəl və təsirlidir. Ona görə yox ki, bu şeirlərdə paralanmış torpağımızın harayı eşidilir. Həm də ona görə dəyərlidir ki, şair böyük ustalıqla vətən gözəlliklərinə poetik abidələr yaradıb. Sərabı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edərək vətən torpağı olduğunu misraları ilə, poetik duyumu ilə poeziya tarixinin səhifələrinə möhürləyib.

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" adlı bir pərdəli komediyası ilə başlayan Süleyman Rüstəm dramaturq kimi də müəyyən uğurların sahibidir. 1940-cı ildə yazdığı "Qaçaq Nəbi" mənzum dramı, 1948-ci ildə qələmə aldığı "Durna" komediyası teatrlarımızın vaxtilə repertuarından düşməzdi. Bədii yaradıcılıqla, tərcümə ilə müntəzəm məşğul olan Süleyman Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışıb. Bir neçə çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı olub.

Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Könlünü vətəninə verən, onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edən Süleyman Rüstəm yazırdı:

Ey nazlı vətən,

mən sənə öz könlümü verdim,

Qarşında günahkarsa,

Süleymanı bağışla!




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur
07.04.2020
“Yuğ” Teatrı “Evdə qal, teatrsız qalma” kampaniyasına qoşulub
06.04.2020
Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək
06.04.2020
Azərbaycan Dövlət Rəsm Qalereyası virtual sərgi təşkil edib
06.04.2020
Beynəlxalq Muğam Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info