“Virtual imperiya”nın “qulu” olmayın: yalan məlumatlara etibar etməyək
Tarix: 12.03.2020 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Artıq elə bir dünyada yaşayırıq ki, sosiallaşma özünün pik həddinə çatıb. Günümüzdə nadir ailələr qalıb ki, orada kiminsə internetə çıxışı olmasın, internetdən yararlanaraq sosial şəbəkə istifadəçisi kimi virtual aləmin bir hissəsinə çevrilməsinlər. İnformasiya bolluğunun olduğu bu sosial şəbəkələrdən isə hər kəs fərqli yararlanır. Kimisi iş qurur, gəlirini buradan artırır, kimisi təbliğat işlərini virtual aləmdə aparır, başqa biri bu saytlara sadəcə virtual ünsiyyət vasitəsi kimi baxır və s. Yüzlərlə məqsəd göstərmək olar ki, insanlar son olaraq sosial şəbəkələrdə birləşirlər, sosiallaşırlar hətta xəbər saytlarını belə qabaqlayıb baş verən hadisələri anında paylaşım etməklə bir-birinə çatdırırlar. Təbii ki, bu da internetin bizə verdiyi imkanlardan olan sosiallaşmanın müsbət tərəfləridir. Amma hər yenilik özü ilə müsbət şeylər gətirdiyi kimi o yeniliyin çatışmayan, mənfi tərəfləri də olur. Necə ki, internet yarananda hər kəs ondan doğru istiqamətdə istifadə edə bilmədi, eləcədə internet “məhsulu” olan və hazırda dünya əhalisinin az qala yarısından çoxunun yararlandığı sosial şəbəkələrdən də bəzilərimiz doğru-düzgün istifadə edə bilmirik, bu istiqamətdə mənfi meyllər isə ilbəil artır. Bu günlərdə sosial şəbəkələrdə ən çox müzakirə mövzusu olan və həyəcanla izlənilən məlum yeni növ koronavirusla bağlı xeyli sayda xəbər və məlumatlara rast gəlmək olar. Düzdür, dünya iqtisadiyyatı və ümumilikdə ictimai-siyasi durumunda yeni situasiya yaradan bu virus özünün təhlükəli həddinə çatıb, artıq yeni növ COVID-19 - koronavirus infeksiyasının pandemik olduğu da elan edilib. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru da həyəcan dolu açıqlamalar verib. Onu da xatırladım ki, pandemiya ölkə daxilində, qonşu dövlətlərin ərazilərində və bəzən dünyanın bir çox ölkəsində yoluxucu xəstəliyin yayılması ilə səciyyələnən qeyri-adi güclü bir epidemiyadır. Amma güclü epidemiyadan da təsirli və qorxulu məsələ var-sosial ajiotaj, dezinformasiya, psixoloji travmalara səbəb olan təsdiqini tapmayan məlumatların yayılması. Təbii ki bütün bunlar sosial şəbəkələr vasitəsilə edilirsə, burada təhlükə birə-beş artır. Bu günə qədər “Whatsapp” və “Facebook” kimi insanların kütləvi istifadə etdiyi sosial şəbəkələrdə xeyli dezinformasiya, bilərəkdən və ya məsuliyyətsizcəsinə hazırlanıb ajiotaj yaratmağa hesablanmış səs yazılarının şahidi olmuşuq. Nəticədə xeyli valideyn, xəstə insan, ümumilikdə həssas vətəndaşların nə qədər psixoloji travmalara məruz qalmasının şahidi olurduq. İndi də ara-sıra məlum virusdan dünyada ən az zərər çəkən ölkələr sırasında olan Azərbaycanda tez-tez məsuliyyətsizcəsinə yayılan xəbərlərə rast gəlirik. Təbii ki, burada bütöv bir cəmiyyətin üzərinə məsuliyyəti qoya bilmərik. Cəmiyyətdə əqli məhdudiyyətli insanlar da, oğru, asan yolla qazanc əldə etmək istəyənlər də olur, qatillər də, köhnə peşə sahibləri də. Cəmiyyət mövcud olduqca, hər cürə fərdlərə də rast gələcəyik... Yəni, biz durub deyə bilmərik ki, sosial şəbəkələrdə kütləni qorxuya salacaq dezinformasiyalar yayılmasının tam olaraq qarşısı alınmalıdır. Bu mümkün də deyil. Kimin ağlına nə gəlirsə, sosiallıqda onu da edir. Bu isə bir qədər təəssüf hissi doğurur. Amma biz çağırışlar edə bilərik ki, bu cür dezoların yayılmasına vəsilə olmayın! Bu cür təsdiqlənməmiş məlumatları yaymaqla elə o ajiotaja səbəb olan məlumatların qurbanı bilmədən özünüz və yaxınlarınız olursunuz... Əgər dünyada pandemiya elan edilən bir güclü epidemiya varsa, azdan-çoxdan təbii ki, o bizə də sirayət edəcək və bununla bağlı faktlar aşkarlandıqca hökumət açıqlamalar da verir və eyni zamanda ciddi tədbirlər də görür. Çünki heç bir dövlət öz ərazisində belə ciddi neqativ proseslərin cərəyan etməsini istəməz və arzu etməz. Demək ki, bizdə də ölkə rəhbərliyi ən yüksək səviyyədə bu məsələ ətrafında olan prosesləri nəzarətdə saxlayır. Amma bir daha qeyd edirəm ki, sosial şəbəkələrdən, internetdən istifadənin qarşısının alınması mümkün olmadığı kimi vətəndaşlarımız da məsuliyyətli olub burada yerli-yersiz əsası olmayan məlumatları yaymamalıdırlar. Çünki bir ağır xəbərin yükü, yüz doğru xəbərin yükündən təsirli olur. Sən ha real olan məlumatı cəmiyyətə çatdırmağa çalış, biri durub dezo yayıb faciəvi durumun olması ilə bağlı xəbər yaysa, kütlə o xəbəri oxumağa qaçacaq... İndiki halda isə doğru xəbərlərin izlənməsi və yayılmasına daha çox ehtiyac yaranıb. Çünki bir daha qeyd edirəm ki, dünyada cərəyan edən proseslərin fonunda bu ağır sınaqlardan üzüağ çıxmağa çalışan ölkəmizdə heç bir ciddi virus, epidemiya böhranı yaşanmır, heç ehtimal da edilmir. Odur ki, kimlərinsə bekarçılıqdan ya bilərəkdən, paylaşmaları ilə özünü “doğrultmaq”, diqqət çəkmək üçün, yaxud da haya-küyə gedərək yaydığı yalan dolu məlumatları bəyənib, paylaşıb insanlarda narahatlıq, həyəcan, psixoloji travmalar yaratmayın. Həmin şəxslərin sosial şəbəkələri “virtual imperiya” halına sizləri isə bu imperiyanın “qulları” kimi istifadə etməsinə imkan verməyin!




 
Müəllifin son yazıları

07.01.2020 Təhqiri peşə seçənlər
20.06.2019 İslahatlar müxalifəti niyə narahat edir?
07.03.2019 Leyla Yunusun daxilindəki erməni sevgisi
11.02.2019 Qərəzin də bir həddi var...
31.01.2019 “Milli şura”nın növbəti iflası

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info