Vüsalə Məmmədzadə: “Xaricdə təhsil alan tələbələrimizin yaşadıqları ölkədə qalması daha məqsədəuyğundur”
Tarix: 15.03.2020 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Psixoloq Fatimə Bayramova: “Doğrudur, onların ailələri düşünə bilərlər ki, övladımız bizim yanımızda olsa, daha təhlükəsiz olar. Əksinə, ən dogrusu olduqları ölkədə izolyasiya rejimində qalmalarıdır”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVİD-19 virusunun qlobal pandemiya elan edilməsi fonunda dünyanın bir çox ölkələri kimi Azərbaycan hökuməti də lazımi səviyyədə qabaqlayıcı və mübarizə tədbirləri həyata keçirir. Sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirəyə və bəzən əsassız təşvişə səbəb olan mövzulardan biri koronavirusun geniş yayıldığı yüksək risk ölkələrində yaşayan Azərbaycan vətəndaşlarının, xüsusilə tələbələrin ölkəyə geri qayıtmaq istəyidir. Cənubi Koreya təcrübəsi onu göstərdi ki, orada olan azərbaycanlı tələbələr bütün riskləri nəzərə alaraq məsuliyyətli davrandılar, Azərbaycana geri dönmədilər, daxili karantin qaydalarına riayət etdilər. Bunun nəticəsində də gənc həmvətənlərimiz arasında heç bir yoluxma faktı qeydə alınmadı. Son bir həftə ərzində koronavirusun Avropa ölkələrində geniş yayılması səbəbindən ali təhsil müəssisələri bağlanıb, ciddi karantin rejimi tətbiq olunub. Dərslərin olmaması və Azərbaycanda da qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alaraq, Avropada təhsil alan bir çox tələbələrimiz vətənə qayıdaraq həm bayramı yaxınları ilə keçirmək, həm də oxuduqları ölkələrdə vəziyyətin düzələcəyini Azərbaycanda gözləmək istəyirlər. Lakin kompakt şəkildə geri qayıdaraq özlərini, yaxınlarını və digər həmvətənlərini riskə atmaqdansa, Azərbaycanın səhiyyə sisteminə əlavə yük yaratmaqdansa, onların öz evlərində qalması və yerli ölkənin karantin qaydalarına ciddi riayət etməsi daha yaxşı olar. Çində, Cənubi Koreyada və İranda olduğu kimi Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları və onların ailə üzvləri Azərbaycana qayıtmadılar, olduqları ölkənin karantin rejiminə ciddi riayət etməklə öz fəaliyyətlərini davam etdirirlər. Tələbələr və valideynlər onu da nəzərə almalıdırlar ki, İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyana ən qabaqcıl sistemlərdən hesab olunur. Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Buna görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər. Ziyalılarımız, ictimaiyyət nümayəndələri ölkədə koronovirusla bağlı xaricdəki vətəndaşlarımızın, o cümlədən tələbələrin da hazırda yaşadıqları ölkədə qalmalarının daha məqsədəuyğun olduğunu bildirirlər.

“Onlar vətənə dönsələr, birinci növbədə özlərini, daha sonra ailə üzvlərini və yaxud da ətrafdaki dost-tanışlarını təhlükə altında qoymaq riskini yaşayacaqlar”

Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Vüsalə Məmmədzadə “Palitra”ya bildirdi ki, dünyanın bir çox nüfuzlu universitetlərində Azərbaycanlı tələbələr təhsil alır: "Məlum olduğu kimi koronovirus təhlükəsi ilə bağlı xaricdə təhsil alan tələbələrin valideynləri və yaxınları olduqca narahatdır. Bu məsələ ilə bağlı xaricdə fəaliyyət göstərən səfirliklər də oradakı tələbələrlə xüsusi maraqlanıb, onların bəzilərinin vətənə dönməsinə köməklik göstərdilər. Amma hesab edirəm ki, xaricdə təhsil alan tələbələrimizin valideynləri övladlarınin vətənə dönməsinə o qədər də can atmasınlar. Çünki Azərbaycanda kronovirus təhlükəsinə yoluxma halı qeydə alınmasaydı, bir valideyn və müəllimə kimi mən də onların təcili olaraq vətənə dönməsini istərdim. Tam əminliklə deyə bilərəm ki, xaricdə təhsil alan tələbələrimiz yaşadıqları ölkələrdə xüsusi olaraq karantində, nəzarət altınadırlar. Düşünürəm ki, onlar vətənə dönsələr, birinci növbədə özlərini, daha sonra ailə üzvlərini və yaxud da ətrafdaki dost-tanışlarını təhlükə altında qoymaq riskini yaşayacaqlar. Ona görə də tələbələrimizin yaşadıqları ölkədə qalmaları daha məqsədəuyğundur. Bu baxımdan mənim qənaətim belədir ki, onlara orada ciddi şəkildə nəzarət olunur, pulsuz müayinə edilir, dərmanlarla təmin edilir və bir sözlə, virusla bağlı olduqca ciddi tədbirlər görülməklə karantində nəzarət altinda saxlanılırlar".

“Açıqlanan qaydalara əməl etmək lazımdır. Həyəcan yaratmadan, qaydalara əməl edərək problemin zamanla keçməsni gözləməliyik. Panika yaradıb öz sağlamlığımıza və ətrafa ziyan vurmamalıyıq”

Psixoloq Fatimə Bayramova günümüzün ən aktual, cansıxıcı problemi koronavirus olduğunu dedi: "Bu virus haqqında birinci dəfə eşidəndə hər kəsin ağlına ilk olaraq ölkələri sıra ilə aşdıqdan sonra bizə çatacaq fikri oldu. Təşviş səviyyəmiz elə də yüksəlmədi. Sonra İranda kütləvi şəkildə virusa yoluxma halı əhalinin bir qədər təşvişə saldı, amma yenə də xalqımız önəmsəmədi. Nəhayət, Azərbaycanda koronavirusuna yoluxan insan rəsmi olaraq qeydiyyatdan keçdikdən sonra bu təşviş daha da artdı. Operativ Qərargahın sosial izolyasiya qərarından sonra əhalinin təşvişi bir qədər də yüksəldi. Lakin bütün bunlara baxmayaraq, devalvasiya qorxusu içində olan insanlar bankların qarşısında kütləvi şəkildə toplaşırlar və izdiham yaradırlar. İnsanların pul, mal eşqi bu qədərmi üstündür sağlamlıqdan? Dərindən düşünmək lazımdır ki, bu izdihamlarda ölümcül virus tutandan, ailənə keçirdəndən sonra o 5-10 manatın əhəmiyyəti olacaqmı? Ona görə də sadəcə açıqlanan qaydalara əməl etmək lazımdır. Həyəcan yaratmadan, qaydalara əməl edərək problemin zamanla keçməsni gözləməliyik. Panika yaradıb öz sağlamlığımıza və ətrafa ziyan vurmamalıyıq. Əgər, siz daim öz təmizliyinizə riayət etmisinizsə, xəstə olduğunuz təqdirdə etik qaydalara əməl etmisinizsə sizin üçün çətin olmaz.Həmçinin sağlam qidalanmaq, yuxu rejiminə əməl etmək, bol su içmək kimi qorunma halları da yeni bir üsul deyil. Bunlar hamısı sağlam həyatın özəlliyidir. Həddən artıq həyəcan, gərginlik, stress sonradan fizioloji problemlər yaradar". Psixoloq onu da bildirdi ki, heç bir yerdə rəsmi şəkildə “havada korono virusu var” və ya “İtalyada, İranda olduğu kimi pik həddədir” deyə məlumat yoxdur: "Sadəcə italyanlar kimi etməyək, tamamilə bu problemə məsuliyyətsiz yanaşmayaq. Əks təqdirdə qarşısını ala bilmərik. Məhz bu səbəbdən də, səbrlə qeyd olunan şərtləri yerinə yetirməliyik. Hazırda xaricdə yaşayan həmvətənlərimiz, tələbələrimiz var. Doğrudur, onların ailələri düşünə bilərlər ki, övladımız bizim yanımızda olsa, daha təhlükəsiz olar. Əksinə, ən dogrusu olduqları ölkədə izolyasiya rejimində qalmalarıdır”. Əvvəla virusa yoluxmasalar belə, aeroportda virusa yoluxma ehtimalı yüksəkdir. Həmçinin yoluxub gəlsələr dövlətimiz o cür profilaktik işlər həyata keçirir, mərasimlərin keçirilməsi dayandırılıb,uşaqlarımız təhsildən ayrılıb - sırf bu virus yayılmasın deyə. Onun qarşılığında gələn şəxs həm özünə, ailəsinə və həmçinin həmvətənlərinə təhlükə yaratması məntiqli deyil". Psixoloq onu da vurğuladı ki, sosial şəbəkələrdə əsassız məlumatlar dərc olunur, “whatsapp” vasitəsilə reallığa uyğun olmayan məlumatlar paylaşılır: “Təşvişə düşən insanlar da fikirləşmirlər, bu xəbər məntiqə uyğundur, ya yox. Düşünsələr belə, onların ürəyindəki narahtçılıq şübhə yaradır, nəticə də deyilənlərə inanır və ya həyata keçirirlər. Məsləhət görərdim ki, virus barəsində rəsmi mənbələrdən verilən məlumatlara inansınlar, reallığa uyğun şəkildə davranmaq lazımdır".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
06.04.2020
“Tehranda koronavirusa yoluxma sayı artsa, vəziyyət nəzarətdən çıxacaq”
06.04.2020
“COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb“
05.04.2020
“Bizim ölkənin koronavirusla mübarizədə atdığı addımlar qonşu və yaxın ölkələrdə təkrarlanmaqdadır“
05.04.2020
“Tədbirlər planı həm məşğul, həm də işləməyən vətəndaşlarımızın sosial təminatına hesablanıb“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info