Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
Tarix: 03.04.2020 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Onsuz da mümkün olduqca mütaliə etməyə çalışıram. Amma son günlər dünyanın öz başına açdığı bəladan – daha doğrusu öz əlləri ilə başına qoyduğu tacdan – “korona” virusundan dolayı mütaliə üçün daha çox vaxtım olur. İstəsən də istəməsən də, xoşuna gəlsə də gəlməsə də bu vəziyyətlə barışmaq və ayaqlaşmaq məcburiyyətindəsən. Özünün, ailənin və cəmiyyətin sağlamlığı üçün!
Virusla bağlı fərqli dəyərləndirmələr var. Belə görünür ki, koronavirus vəhşəti və təhlükəsi bitdikdən sonra tarixdə, siyasətdə, iqtisadiyyatda, sosiologiyada, bütün sferalarda “koronadan əvvəlki və sonrakı dövr”deyənə yeni məfhum dövriyyəyə girəcək. Bu mənim sözüm olmasa da tamamilə razıyam.
Bestseller kimi satılan kitablarda - “Sivilizasiyaların toqquşması”, “21-ci əsrdə 21 dərs”, “Tarixin sonu” və s. – bioloji müharibədən, viruslardan ya ümumiyyətlə danışılmır ya da səthi üstündən keçilir...
İndi, bu nə vəziyyətdi düşmüşük?! “Yol əhvalatı” filmində Paşa demişkən “tarix buduye student qədeş”.......
Koronavirus bütün dünyanı zəlil hala gətirib. Amma həyat da davam edir. Koronavirusun bioloji silah olması, heyvanlardan keçməsi, qəsdən yayılması və ya yersiz panika olduğu haqqında müxtəlif şaiyələrin şahidi olduq. Hətta, bu pandemiyanı İkinci Dünya müharibəsindən sonra ən böyük fəlakət, Üçüncü dünya müharibəsi adlandıranlar da var. Amma artıq bu cür məlumatlar arxa planda qalıb, sanki texniki xarakter daşıyır və az adamı hazırda düşündürür. Təəssüflər olsun ki, bu virusun yaratdığı vahimə və panikanı fürsət bilib daha çox qazanc əldə etməyə çalışanlar da az deyil. Necə deyərlər pul yemək deyil. Yəni, yalnız qazanc arxasında olanlar elə bir duruma düşə bilər ki, pulu olsa da yaşayış üçün zəruri tələbatları və məhsulları əldə edə bilməyəcək. Digər tərəfdən bu virusa tutulan və həyatını dəyişənlərin sayı da artıq bəzi ölkələrdə yalnız statistik göstərici kimi nəzərə alınır...
Bundan, ümid edirəm, insanlar da, dövlət adamları da, iqtisadiyyatçılar da, həkimlər də - hər kəs nəticə çıxardı. Bəlkə də, yaranmış vəziyyətə görə məcburi qadağaların bəzilərini bu karantin dövründən sonra da saxlamaqda fayda var?! Bilmirəm. Məncə var. Amma bunu da dəyərləndirmək lazımdır. Bu arada bir gerçək də ortaya çıxdı ki, ümumdünya səhiyyə təşkilatı da üzərinə düşənləri etməkdənsə daha çox statistika orqanı kimi fəaliyyət göstərir. İqtisadiyyat, biologiya və kimya sahəsində Nobel mükafatı alanlardan tutun beynəlxalq, regional və yerli səviyyəli alimlərə qədər çıxış yolu ortaya qoya bilmirlər. Bir vaxtlar alimlər yüksək səslə danışdıqları, yazdıqları vaxt onları qulaq ardına vuranlar da, bəzi güclü korporasiyaların təsiri altında olanlar da daxil hal-hazırda hər kəs əlində çıraq alim axtarışına çıxıb, bir vaxtlar bayağı mahnılara bir neçə milyonluq baxış olduğu halda indi alimlərə, virusoloqlara, bioloqlara, həkimlərin video müsahibələrinə milyonluq baxışlar var. Indi onlar nə qədər qısıq səslə danışırlarsa biz də o qədər diqqətlə onlara qulaq asmağa çalışırıq. Çünki, çarəsizlik var.
Bu gün həqiqi elm və alim artıq dövlət təhlükəsizliyi, xalqların yaşamaq deyil sağ qalmaq ümididir. Əvvəlki müharibələrdə də ixtiraçalara, alimlərə ehtiyac olub. Heç də hər qələbə yalnız sərkərdə və hərbi güclə qazanılmayıb. Hər zaman elmi və texnoloji cəhətdən irəli olan ölkələrin şansı daha yüksək olub.
İndi isə hər şey alimlərdən asılıdır. Nə hərbi sərkərdə, nə hərbi güc. Bu dəqiqə heç bir dövlət başçısının yadına nüvə silahı, kosmos, raketdən müdafiə sistemi, qırıcı təyyarələr düşmür. İnanın ki, bəlkə indi heç müdafiə nazirləri də bəlkə ali baş komandanlarının qəbulunua düşə bilmir. Hər kəs ölkəsindəki ən yaxşı virusoloqu, bioloqu, alimi axtarır. Onlar nə vaxt dərman tapacaq, vaksin tapacaq və s. Çox təəssüf ki, əsl alim və elm adamlarının qıtlığını yaşayır bütün dünya.
Məqalənin başlığını yanlış anlamayın. Alimlər “savaş” adamları deyil. Müharibələrin əleyhinədir. Amma, birdən-birə özlərini müharibə vəziyyətinin ortasında tapan alimlər, bu virtual döyüş meydanında tərəfə çevriliblər. Vəziyyətdən çıxmaq üçün bütün qüvvə, ağıl və təcrübələrini istifadə etmək məcburiyyətindədirlər. Ölüm ya olum mücadiləsi verirlər. Bu mübarizədə, bəlkə də hər gün, həkimlərimiz də qurban gedir.
Digər tərəfdən isə dünya səviyyəsində tanınmış bir sıra alimlər bilərəkdən və bəlkə də ən çox hallarda bilməyərəkdən virus əleyhinə dərman və vaksin yaratmaq yerinə əksinə yeni viruslar yaradıb xalqların başına bəla edirlər. Bunu qəsdən edənlər, şərə xidmət edən “dahilər” simasındadır. Bilməyərəkdən edənlər isə qrantların və sonradan isə ölüm qorxusu təhdidindən istismar obyektinə çevrilirlər. Tesla, Eynşteyn insanlıq naminə kəşfləri və ixtiraları üzərində çalışarkən onları pusquda pusan möhtəkirlər və goreşənlər ondan şəxsi maraqları üçün necə istifadə edəcəklərini hesablayırdılar. Bəlkə də, belə möhtəkir və qəssablara görə neçə-neçə alimlər necə kəşflərindən imtina edib və ya vaz keçiblər....
Birmənalı şəkildə aydındır ki, bu gün hansı ölkənin alimləri daha öncül həll yolu taparlarsa, onlar nəinki qalib olacaq, bu ixtirası ilə dünyanı bəladan qurtarıb qəhrəman olacaq, nəinki öz ölkəsinə böyük iqtisadi fayda verə biləcək, həm də xalqına və dövlətinə qarşı bioloji təcavüzü dəf edərək millətinin mövcudiyyətini təmin edəcəkdir. Bəşəriyyətin gələcək mövcudluğu elmdən asılıdır. Azərbaycanda həmişə elm adamları və dünya miqyaslı alimlər olub və olacaq. Bununla belə obyektiv səbəblərə görə ölkəmizin elmi potensialı böyük dövlətlərin elmi araşdırmaları və ixtiraları ilə müqayisə oluna bilməz. Ən azından dünyanın aparıcı ölkələrinin və elm mərkəzlərinin hesabatları, təhlilləri, araşdırmaları, proqnozları daimi və ciddi şəkildə izlənilməli və ölkəmizin ola biləcək bəlalardan qorunması və ya təsirlərinin azaldılması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu işdə isə Amerika, Avropa, Yaponiya, Çin, Rusiya, Türkiyə, İranda tədqiqatlar paralel şəkildə təhlil olunmalıdır.
Bu arada bir məsələ də açıq şəkildə adın oldu. Heç bir təşkilat və ya böyük dövlət digər dövlətlərə yardım edə bilmədi və ya etmək istəmədi. Ya da yardımlar o qədər kiçik oldu ki, heç bir günlük ehtiyacları belə qarşılaya bilmədi. Hər dövlət problemini özü və öz gücü ilə həll etmək məcburiyyətində qaldı. Bundan da bir sıra dövlətlər nəticə çıxarmalı, tibbi sahədə və kənd təsərrüfatı məhsulları sahəsində hər bir ölkə özünü ən zəruri məhsullarla uzun müddət təmin etmək məqsədilə proqram hazırlanmalı və xüsusi nəzarət altında dərhal həyata keçirilməlidir. Bu proqram çərçivəsində şəhər əhalisinin bir qismi kəndlərə qaytarılması (onları maliyyə cəhətdən maraqlandıraraq könüllü əsasda) və təsərrüfat üçün onlara yardımlar ayrılmalıdır. Kənd əhalisi şəhər əhalisini təbii və ekoloji qida məhsulları ilə təmin etməlidir. Vaxt itirməyə haqqımız yoxdur. Növbəti bəlanın nə vaxt gələcəyini kimsə bilmir. Hazırkı, karantin rejimi nələrin zəruri olduğunu hamımıza göstərdi. Bunu sınaq kimi də qiymətləndirmək olar.
Yəni sözümün canı odur ki, güclü ordu digər ölkənin və ölkələrin təcavüzündən qorunmaq üçün nə qədər vacibdirsə bu gün elm və alim də bütöv bir xalqın və millətin ümumiyyətlə mövcudiyyəti və sağ qalması üçün zəruridir. Elm adamlarına ehtiyac yalnız belə hallarda deyil hər zaman olmalıdır. Hadisələrin gələcək gedişatına bu və ya digər formada təsir etmək, qarşısını almaq və ya ən azından ağır nəticələrini azaltmaq baxımından dövlətlər tərəfindən elmi araşdırmalara, təhlillərə güclü və hərtərəfli dəstək verilməlidir. Elm adamları xarici qrantlardan asılı olmamalıdır. Çünki o halda onlar qrant aldıqları təşkilatların istəklərini yerinə yetirməyə məcbur qalırlar. Elm adamları yalnız dövlətin dəstəyi ilə araşdırma aparmalıdırlar. Dövlət təhlükəsizliyi konsepsiyasında bioloji təhlükəsizlik təhdidləri prioritet olaraq nəzərdə saxlanılmalıdır, ehiyac olduğu təqdirdə hətta dövlət başçısına tabe əlahiddə qürum da təsis edilə bilər.
Bu arada fədakar həkimlərimiz və virusoloqlarımız necə deyərlər ön cəbhədə mübarizə apardıqları məqamda daha məlumatlı təhlilçilərimiz, mətbuat işçiləri, hətta ehtiyac varsa psixoloqlar belə televiziya, mətbuat və sosial şəbəkələr üzərindən insanların kütləvi psixoz vəziyyətinə düşməsinin qarşısını almaq məqsədilə maarifləndirmə və profilaktika işləri aparmalıdırlar. Bu işdə virusa gündəlik yoluxma ehtimalı yüksək olan polis işçilərindən həkimlərə, tibb bacılarından sürücülərə qədər daimi xidmət yerlərində olmağa məcbur insanlara maddi, mənəvi-psixoloji dəstək artırılmalıdır.
Əks halda insanların gündəlik sosial problemləri, gərginlik, ümidsizlik, stress, qorxu ilə yanaşı psixoz da affekt vəziyyəti yarada bilər. Affekt vəziyyətində isə insan nə etdiyini sonradan artıq gec olduqda başa düşür amma heç nəyi dəyişmək iqtidarında olmur...

Seyran Mirzəzadə,
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info