Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi “seçkilər”i rədd etdi
Tarix: 08.04.2020 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i pisləyən məqalə yayıb


Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qeyri-qanuni “seçkilər”lə bağlı analitik məqalə yayıb. Mərkəzin İdarə Heyətinin üzvü, geosiyasi məsələlər üzrə təhlilçi Mahmud Hasan Xanın müəllifi olduğu məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qeyri-qanuni “seçkilər” qətiyyətlə pislənilir. Vurğulanır ki, 1990-cı illərdən bəri Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdən Ermənistanın bu siyasəti inkişafa, hətta bütövlükdə insanlığa qarşı yönəlib. Qeyd edilir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi qondarma “seçkilər”lə bağlı dərhal bəyanat yayaraq bu “seçkilər”i rədd edib və həmin “seçkilər”in Azərbaycan Konstitusiyasına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə zidd olduğunu bildirib. Məqalədə qeyd edilir ki, koronavirus pandemiyasının dünyada tüğyan etdiyi bir vaxtda Ermənistan dünya ictimaiyyətini aldatmaq məqsədilə hiyləgərcəsinə seçkilər keçirsə də, öz mənfur məqsədlərinə çata bilmədi. Bu seçkilər İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, GUAM və digər təşkilatlar, eləcə də bir çox dövlətlər tərəfindən heç bir hüquqi qüvvəyə malik olmayan qanunsuz seçkilər adlandırıldı. Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi “seçkilər”i rədd etdi. Beləliklə, Ermənistanın beynəlxalq hüququn normalarına, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, həmçinin onun işğal olunmuş ərazilərindən qovulmuş əhalisinin insan hüquqlarına açıq hörmətsizliyinə haqq qazandırmaq iddiaları ciddi şəkildə sarsıdıldı. Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs edilir. Bildirilir ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. Bir milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmətini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləyən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdiriblər. Müəllif yazır ki, Ermənistan dövlət terrorizmi, planlı etnik təmizləmə və mənfur planları ilə tanınır. BMT, ATƏT, digər beynəlxalq təşkilatlar və dünya birliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz “seçkilər”i dəfələrlə pisləyib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını vurğulayıb. Pakistan parlamenti və Senatı da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalını pisləyib və dərhal bu ərazilərdən geri çəkilməsini tələb edib. Bundan əlavə, həmin “seçkilər” danışıqlar prosesinə xələl gətirib, vəziyyətin gərginləşməsinə səbəb olub. Azərbaycanın işğal olunmuş ərazisində qondarma “seçkilər”in keçirilməsi qanunsuz olmaqla yanaşı, həm də ATƏT-in Minsk qrupunun sülh yaratmaq səylərini təhlükə altına alır. “Mən Azərbaycan və MDB üzrə regional mütəxəssis olaraq Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən son “seçkilər”i Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcudluğunu “qanuniləşdirmək” istiqamətindəki növbəti “uğursuz siyasi dramı” kimi qiymətləndirirəm”, - yazan müəllif qeyd edir ki, İslam Əməkdaşlıq Təşkilatı da Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkilər”i tənqid edib. İƏT Azərbaycan Respublikasının işğal edilmiş bölgəsində keçirilmiş “seçkilər”in BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrə zidd olduğunu bildirib. Məqalədə qeyd edilir ki, Ermənistan insanlara bərabərlik vəd edən demokratik cəmiyyətin tərəfdarı deyil, soyqırımı tərəfdarıdır. Ermənistan cəmiyyətin inkişafının deyil, etnik təmizlənmə siyasətinin tərəfdarıdır. Ən nəhayət, Ermənistan hərtərəfli inkişafın tərəfdarı deyil, o, irqi ayrı-seçkilik siyasəti ilə tanınır. Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma “seçkilər” keçirməsi müasir demokratiyaya ləkədən başqa bir şey deyil. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalı, Ermənistanın beynəlxalq hüquqa hörmətsizlik etməsi, qətnamələrə məhəl qoymaması demokratiyaya, inkişafa və dialoqa xidmət etmir, əksinə, gələcəkdə baş veriləcək regional qarşıdurmaya səbəb ola bilər.

Tarixin dəhşəti: Ağdaban faciəsindən 28 il ötür

Onu da qeyd edək ki, erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 28 il ötür. Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər il “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən anım mərasimi təşkil edilir. İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu dəfə də faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Ağdaban soyqırımı haqqında məlumatlar gənclər tərəfindən sosial şəbəkələr vasitəsilə beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və xarici nümayəndəliklərə göndərilib. Bu barədə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov məlumat verib. O qeyd edib ki, tarixən Azərbaycan xalqının başına gətirilən faciələr tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, onlara hüquqi-siyasi qiymət verilir. Bu gün dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində xalqımızın başına gətirilən müsibətlər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Bu işə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilən cinayətlərdən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində baş verib. Belə ki, Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırımı cinayətinin qurbanları sırasında yer alırlar. Qeyd edək ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. Belə ki, faciə zamanı 33 Ağdaban sakini qətlə yetirildi, yaşı 90-dan çox olan 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu, bir kəndin sakinlərinə qarşı törədilmiş amansız və insanlıq adına sığmayan faciə idi. Ermənilər, bu faciə zamanı da Azərbaycanın mədəni irsinə qarşı vandalizm siyasəti törətdilər. Belə ki, şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları erməni cinayətkarları tərəfindən məhv edildi.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info