Millət vəkili: “Virusun yeganə dərmanı vətəndaşların evdə qalmalarıdır!”
Tarix: 08.04.2020 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Jalə Əhmədova: “Hazırda dövlətimiz, aidiyyəti qurumlar bəzi ölkələrdən fərqli olaraq vətəndaşlara karantinə əməl etmələrini aqressiv formada deyil, qayğı göstərərək başa salır, milli təhlükəsizliyimiz üçün insanlarımızın sağlamlığının qorunmasının bir nömrəli amil olduğunu göstərir”

Hazırda dünyanın bir nömrəli probleminə çevrilmiş yeni növ koronavirus(COVID-19) infeksiyası bəşəriyyət üçün hələ də ciddi təhdidlər törətməkdə davam edir. Azərbaycan da bu təhlükələrdən yan keçməyib, təəssüflər olsun ki, əsasən xaricdən gələn insanlar vasitəsilə yayılan virus ölkəmizdə də müəyyən çətinliklər yarada bilib. Amma zamanında verilən qərarlar, atılan addımlar, önləyici tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanda virus bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq faciəvi hal almayıb. Buna baxmayaraq təhlükə hələ də sovuşmayıb, bu səbəbdən də insanlarımızın evlərdə qalmaları virusla mübarizə üçün ən effektiv variant sayılır. Elə millət vəkili Jalə Əhmədova da “Palitra”ya verdiyi açıqlamada bildirdi ki, virusla mübarizə istiqamətində dövlətimiz hər şeyi edir, vətəndaşlar da sosial məsuliyyətlərini dərk edib vəziyyətə uyğun davranmalıdırlar. Çünki kütləvi şəkildə vətəndaşlarımızın sağlamlığı üçün ciddi təhdidlər qalmaqdadır. O vətəndaşların dövlət, aidiyyəti qurumlar ilə həmrəylik göstərib tövsiyə və tapşırıqlara əməl etmələrini vacib saydı:
“İnsan psixologiyası belədir ki, nəyisə təkidlə tələb edəndə, o əks reaksiya verir. Hazırkı dönəmdə də dünyanın hər yerində olduğu kimi ölkəmizdə də vətəndaşlardan dönə-dönə tələb edilir ki, evlərindən çıxmasınlar, sosial izolyasiya qərar və tapşırıqlarına riayət etsinlər. Amma buna əks reaksiya verənlər, karantinin qaydalarına əməl etməyən şəxslər də var ki, bu da azsaylı olsa belə, təəssüf doğurur. Çünki hazırda dövlətimiz, aidiyyəti qurumlar bəzi ölkələrdən fərqli olaraq vətəndaşlara karantinə əməl etmələrini aqressiv formada deyil, qayğı göstərərək başa salır, milli təhlükəsizliyimiz üçün insanlarımızın sağlamlığının qorunmasının bir nömrəli amil olduğunu göstərir. Düşünürəm ki, hazırda insanları pandemiyanın təhlükəsi ilə bağlı dönə-dönə başa salmağa ehtiyac qalmayıb. Artıq bütün cəmiyyətimiz bilir, görür və izləyir ki, dünyada hansı böyük faciələr yaşanır. Koronovirus indi insanları üç kateqoriayaya bölüb- sağlam qrup, infeksiyaya yoluxub xəstələnənlər, yəni artıq karantində olanlar, üçüncü qrup isə gizli daşıyıcılardır. Yəni üçüncü qrup artıq öz üzərində hansı təhlükələr daşıdığını bilmir. Bilmədikləri üçün də ətrafında olan daha çox kütləni xəstələndirməyə başlayırlar. Bu üç qrup insanı bir müddətlik, yəni iki-üç həftəlik bir-birindən təcrid edə bilsək, virus zəncirini qıra bilsək, koronavirus öz-özünə məhv olub gedəcək... İnsanlara tövsiyyələr edəndə ki, gigiyena qaydalarına riayət edin, bu zəncirin qırılması üsulunu da loru dildə izah etmək lazımdır ki, bəzi vətəndaşlarımız sosial məsuliyyətlərini anlasınlar, onları boşuna evə qapamadığımızı dərk etsinlər. Yəni məsələnin sadə həlli, sxemi bundan ibarətdir”.
Millət vəkili qeyd etdi ki, hazırda virusun nə dərmanı, nə da vaksini mövcud olmadığı üçün dərmanın özü hər bir vətəndaşın evdə qalması sayılır: “Çin və başqa dövlətlər də məsələnin daha da böyüməməsi üçün məhz bu üsula-izolyasiyaya əl atdılar. Hamı öz evinə çəkildi, bu üç qrup insan bir –biri ilə tamamilə izolyasiya edildi, nəticədə isə artıq Çin bəladan nisbətən qurtula bildi. Artıq Çində ilk aylarda olduğu kimi artan rəqəmlər əvəzinə azalma müşahidə edilir. Bu gün Azərbaycanda da insanların özünün marağında olmalıdır ki, onlar ilk növbədə çölə çıxmaqla yaxını üçün təhlükə yaradırlar, daha sonra isə böyük kütləni faciəvi duruma sala bilərlər... Nə qədər ki, izolyasiya var və ona əməl edən kütlə var, karantin müddəti də o qədər qısa olacaq. Bəlkə də bizə cəmi 20 günlük müddət lazımdır ki, buna səbr edib dözək və bəlanı atladaq. Sadəcə bir millət vəkili olaraq insanlarımıza tövsiyyə edirəm ki, qoyulan qaydalara sonadək riayət etsinlər, bəzi sərt tədbirləri anlayışla qarşılayıb sosial izolyasiyanın yaratdığı müvəqqəti çətinliklərə dözsünlər. Belə olsa, karantin müddətini qısalda bilərik”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info