“News Blaze”: “Qeyri-qanuni “seçkilər” dünya ölkələri tərəfindən sərt şəkildə pislənilib”
Tarix: 13.04.2020 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


“Beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Ermənistan artıq 30 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunda martın 31-də qeyri-legitim “prezident və parlament seçkiləri” keçirib”


“News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin “Ermənistan koronavirusu düşüncəsiz şəkildə Dağlıq Qarabağa ötürür” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Ermənistanın Azərbaycan ərazilərində işğalçılıq siyasətinin davam etməsindən və COVID-19 koronavirusunun Dağlıq Qarabağda yayılmasından danışılır. AZƏRTAC xəbər verir ki, müəllifin sözlərinə görə, beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Ermənistan artıq 30 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunda martın 31-də qeyri-legitim “prezident və parlament seçkiləri” keçirib. Bundan əvvəl rəsmi Yerevanın virusa yoluxan ermənilərin Dağlıq Qarabağa girişini məhdudlaşdırmağa söz verməsinə baxmayaraq, Ermənistandan 1000 nəfərdən çox adamın işğal olunmuş ərazilərə “seçkiləri müşahidə etmək üçün” getməsinə icazə verilib. Bildirilir ki, seçki dairələrində sosial məsafə saxlamaq qaydaları düşüncəsiz və yolverilməz şəkildə pozulub. Qringer yazır ki, Ermənistan tərəfindən Dağlıq Qarabağda təyin edilmiş məsuliyyətsiz erməni hakimiyyət orqanları və oyuncaq rejim koronavirusun daha da yayılması təhlükəsinə baxmayaraq, aprelin 14-nə təyin olunan təkrar seçkiləri keçirmək niyyətindədir. Məqalədə daha sonra erməni təcavüzü və 1990-cı illərdə Azərbaycana qarşı elan olunmamış müharibə haqqında tarixi məlumatlar göstərilir.

“Ermənistan tərəfindən Azərbaycan ərazilərinin etnik təmizlənməsi və davam edən hərbi təcavüz fonunda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq-aşkar pozulmasıdır”


Müəllif qeyd edir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı kimi qeyri-qanuni hərəkətlər azərbaycanlı vətəndaşların kütləvi qətli ilə müşayiət olunub. Onlardan ən dəhşətlisi və irimiqyaslısı 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş verib. Erməni ordusu şəhəri ələ keçirərək 613 dinc sakini, o cümlədən 300-dək uşaq, qadın və qocanı qətlə yetirib. Azərbaycan XİN-in bəyanatına istinad edən Qringer yazır ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin etnik təmizlənməsi və davam edən hərbi təcavüz fonunda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq-aşkar pozulmasıdır. Dünya birliyinin mövqeyini müzakirə edən Qringer vurğulayır ki, qeyri-qanuni “seçkilər” dünya ölkələri tərəfindən sərt şəkildə pislənilib. Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Almaniya, Gürcüstan, İtaliya, Litva, Latviya, Malayziya, Moldova, Monteneqro, Norveç, Pakistan, Rumıniya, Rusiya, İsveç, Türkiyə, Ukrayna, ABŞ və dünyanın bir çox başqa ölkələri, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası və GUAM “seçkiləri” pisləyərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. ABŞ Dövlət Departamenti bununla bağlı öz bəyanatında bildirib: “Birləşmiş Ştatlar Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Müvafiq olaraq, biz bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edəcək amil kimi qəbul etmirik”. Məqalənin sonunda bildirilir: “Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində COVID-19 pandemiyası səbəbindən aprelin 14-nə planlaşdırılmış “prezident seçkiləri”nin ikinci turunun keçirilməsi ilə bağlı qarşıdurma güclənir. Ümid yalnız ona qalır ki, Yerevandakı vəzifəli şəxslər cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin gündəlikdə duran hər hansı siyasi məsələnin icrasından daha vacib olmasını nəhayət başa düşəcəklər”. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

“İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil”

İşğal olunmuş ərazilərimizlə bağlı bir məqama da toxunaq ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi İrana məxsus yük avtomobillərinin Dağlıq Qarabağın işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən videogörüntülərlə bağlı açıqlama yayıb. Səfirlikdən verilən məlumata görə, açıqlamada bildirilir: "Azərbaycan mətbuatında İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayımlanan xəbəri təkzib edərək bildiririk ki, Tehran-Bakı əlaqələrinin hər tərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar. Azərbaycan Respublikasının hörmətli xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışmışlar. Göründüyü kimi sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır. Azərbaycan KİV-lərindən gözləntimiz budur ki, hər hansı bir xəbəri yaymazdan öncə bu xəbərin doğruluğunu dəqiqləşdirsinlər və etibarlı mənbələr olmadan xəbər yaymaqdan çəkinsinlər".

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info