Politoloq İlyas Hüseynov: “Qondarma “seçkilər” göstərdi ki, qanunsuz xunta rejimini heç kim tanımır”
Tarix: 15.04.2020 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qanunsuz “seçkilər” ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mövqeyi bu ilin 31 mart tarixində ifadə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 14-də keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu məsələyə münasibət bildirərək qeyd etdi ki, "bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır". Bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilərin” ikinci turu ilə bağlı sualı cavablandırarkən deyib. L.Abdullayeva bir daha vurğulayıb ki, işğalçı ölkənin təşkil etdiyi bu “seçkilər”, neçənci mərhələsinin keçirilməsindən asılı olmayaraq, hər hansı hüquqi qüvvəsi olmayan və qurama oyundan başqa bir şey deyildir:
"Ölkəmizin müvəqqəti işğal altında olan Dağlıq Qarabağ böləsindəki bu qanunsuz aktla bağlı beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə bir daha istinad edərək, qondarma “seçkilər” və onların nəticələrinin çoxsaylı beynəlxalq təşkilat və dövlətlər tərəfindən rədd edildiyini xatırlatmaq istərdim. Qondarma “seçkilər” ilə bağlı beynəlxalq ictimaiyyətin üzvləri tərəfindən hələ də bəyanatlar verilməkdə davam edir və bu xüsusda, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur. Azərbaycan ərazisində seçkilər ölkəmizin Konstitusiyasına uyğun olaraq keçirilir və konkret olaraq ölkəmizin Dağlıq Qarabağ bölgəsində seçkilər hərbi işğal amili aradan qaldırıldıqdan sonra və bölgənin hər iki icmasının iştrakı ilə baş tuta bilər. Bu məsələdə hər hansı əlavə şərhə ehtiyac duyulduğunu zənn etmirəm".

Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri bəyanat yaydı

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyev də bəyanat yayıb. Bəyanatda deyilir: "Hazırda dünyanın üzləşdiyi ən böyük problem sərhəd tanımayan koronavirus pandemiyasıdır. Azərbaycan Respublikası tərəfindən vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək, onları pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadlardan qorumaq üçün zəruri və qabaqlayıcı addımlar atılır. Ölkə üzrə 22 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılmışdır. Mart ayında Azərbaycanın regionlarında, Goranboy, Qazax və Şəmkir şəhərlərində 3 yeni xəstəxana açılmışdır. Bakıda yeni istifadəyə verilmiş 575 çarpayılıq “Yeni klinika” koronavirus xəstələrinin müəlicəsi üçün nəzərdə tutulub. Azərbaycanda koronavirus xəstələrinin müayinəsi üçün 70 000-dən artıq test aparılıb.
600 000-dən artıq insanı əhatə edən iqtisadi, makroiqtisadi və məşğulluq problemlərinin həlli üçün dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Qeyd olunanlar Azərbaycanda həyata keçirilən dövlətin dəstəyinin yalnız bir hissəsidir. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əsir saxladığı Dağlıq Qarabağın erməni icmasının Azərbaycanın həyata keçirdiyi sosial, iqtisadi, səhiyyə və s. layihə və proqramlardan yararlanmasının qarşısını alır. Belə ki, həftələr öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal olunmuş ərazilərimizdə koronavirus xəstəliyinin yayılması barədə məlumat verməsinə və tərəfimizdən edilən xəbərdarlıqlara rəğmən, 31 mart 2020-ci il tarixində infeksiya halları gizlədilərək Ermənistanın əlaltısı olan rejim tərəfindən qanunsuz “seçki” şousu keçirildi. Bunun ardınca, infeksiyanın yayılmasını Ermənistan etiraf etsə belə, 14 aprel 2020-ci il tarixində yenidən bütün insanların həyatını təhlükəyə ataraq, “seçki” şousunun ikinci turu da təşkil olundu. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətdir və oradakı insanların həyatı və sağlamlığı Ermənistanı maraqlandırmır.
Ermənistan hakimiyyəti və qondarma rejimin nümayəndələri Qarabağda yaşayan sadə erməni icması üzvlərinin həyatını dəyərsiz sayaraq, onların Azərbaycan vətəndaşları kimi müalicə imkanlarından yararlanmasının qarşısını almaqda davam edir.
Azərbaycan Respublikasının siyasətinin ana xəttini Azərbaycan vətəndaşı və onun maraqlarının qorunması təşkil edir.
Bir daha bəyan edirik ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq və Azərbaycan Respublikasının vətəndaşı olmağın verdiyi imtiyazlardan bərabər hüquqlu şəkildə yararlanacaqlar".

"Bütün dünya bir daha göründü ki, erməni təbliğatı saxtakarlıq, yalan və mifologiya üzərində qurulub"

Qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və dünyaya yayılması dövlətimiz üçün prioritetdir. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev bu haqda da danışıb. Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Palitra"ya bildirib ki, məlum videokonfransda Prezident İlham Əliyev tərəfindən mühüm mesajlar verilib: "Videokonfrans zamanı dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxundu. Eyni zamanda, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş debatdan və qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən də söz açdı. Əvvəlcə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş debata toxunan dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı canlı efirdə həm tarixi həqiqətlər, həm də münaqişə ilə bağlı həqiqətlərin geniş auditoriyaya çatdırılmasında imkan olduğunu bildirdi. Münxen Təhlükəsizlik Konfransı imkan verdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünyaya çatdırılsın. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş debatda bütün dünya bir daha göründü ki, erməni təbliğatı saxtakarlıq, yalan və mifologiya üzərində qurulub. Azərbaycanın mövqeyi tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır. Buna görə də Münxen Təhlükəsizlik Konfransının yekunlarına əsasən deyə bilərik ki, Ermənistan təbliğatını darmadağın edildi və onların uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyuldu. Qondarma “seçkilər”ə də toxunan dövlət başçısı bildirdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri” Ermənistanın mövqeyinə növbəti böyük zərbə endirdi. Bu seçkilər bir daha göstərdi ki, qondarma rejim burada yaşayan əhalinin sağlamlığına da biganə yanaşır. Bütün dünyada koronavirus infeksiyasının geniş vüsət aldığı bir dönəmdə “seçkilər”in keçirilməsi nonsensdir. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndirdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info