Mariya Zaxarova: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir”
Tarix: 18.04.2020 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


“Koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir”. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Rusiya və Azərbaycanın Xarici İşlər nazirlikləri başçılarının son iki telefon danışıqlarının mövzusu barədə suala cavabında bəyan edib. “Həqiqətən, koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir. Sualda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanın Xarici İşlər naziri cənab Məmmədyarovla telefon danışıqları xatırlanıb. Belə ki, daha əvvəl, aprelin 8-də Lavrovla onun erməni həmkarı cənab Mnatsakanyan arasında telefon danışığı olub. O cümlədən nizamlanma ilə bağlı məsələlər də nəzərdən keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa və ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Kaspşik tərəflər ilə müntəzəm əlaqə saxlayırlar. Davam edən məsləhətləşmələr seriyasında koronavirus infeksiyası mövzusu, onun danışıqlar prosesinə təsiri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bəzi məsələləri diqqət mərkəzindədir. Sərhəddə, təmas xəttində vəziyyət müzakirə olunub. Həmsədrlərin ortaq fəaliyyəti barədə məlumatı onların 19 mart tarixli birgə bəyanatından almaq olar. Bəyanat ATƏT-in saytında yerləşdirilib”, - deyə M.Zaxarova bəyan edib. RF XİN rəsmisi, həmçinin Rusiya və Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə əməkdaşlığını şərh edərək deyib: “Yeni koronavirus infeksiyasına qarşı mübarizədə və onun sosial-iqtisadi fəsadlarının aradan qaldırılması sahəsində ölkələrimizin səylərinin əlaqələndirilməsi məsələləri hazırda hər iki tərəfin gündəliyində duran mühüm mövzudur. Rusiya və Azərbaycan arasında bu sahədə sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub. Mövzu bir neçə dəfə iki ölkənin hökumət başçıları – cənab Mişustin və cənab Əsədov, Xarici İşlər nazirləri – müvafiq olaraq, cənab Lavrov və cənab Məmmədyarov tərəfindən müzakirə edilib. Rusiya və Azərbaycanın sahəvi qurumları da əlaqə saxlayırlar. Virusun laboratoriya şəraitində diaqnostikası məqsədilə cari ilin mart ayının əvvəllərindən Rusiya tərəfindən Azərbaycana 12 min tədqiqat üçün 120 dəst test sistemi verilib. Biz bundan sonra da tərəfdaşlarımıza lazımi köməklik göstərməyə hazırıq. Moskva və Bakı ölkələrimizin vətəndaşlarının öz vətənlərinə qayıtmaları məsələsində sıx əməkdaşlıq edirlər. Biz bu məsələdə göstərilən köməyə görə Azərbaycan tərəfinə minnətdarıq. Bu, birgə səylərdir, bir sözlə, işləyirik”.

İran mətbuatı: “Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır”

Yeri gəlmişkən qeyd edək ki, İranın bir sıra mətbuat orqanları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda ermənilərin keçirdikləri saxta seçkilərə diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, İRNA, İSNA, fa.shafaqna saytları qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən seçkilərin beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınmadığını nəzərə çatdırıblar. Qeyd olunub ki, rəsmi Tehran da beynəlxalq hüququ, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasını əsas tutaraq qondarma respublikada keçirilən prezident və parlament seçkilərini tanımır. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi bu məsələyə münasibət bildirərək deyib ki, İran münaqişənin dövlət sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasını istəyir. Materiallarda vurğulanır ki, Sovet İttifaqının dağılması ərəfəsində mərkəzi hökumətin zəifləməsindən istifadə edən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib. Bu gün tərəflər arasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları aparılır. İran bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına əsasən və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır.

Ərazi bütövlüyümüzün təmin edilməsi dövlətimizin xarici siyasətində əsas prioritet istiqamətdir

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov “Azərbaycan Prezidentinin dinamik, çoxşaxəli və milli maraqlara əsaslanan siyasəti” sərlövhəli yazısında qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Qeyd etmək vacibdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalı olduğumuzu vurğulayaraq qeyd etmişdir ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanın arqumentlərə qarşı Ermənistan tərəfinin heç bir ciddi arqument qoya bilmədiyini, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyaya əsaslandığını bildirən dövlət başçısı qeyd etdi ki, bu, əslində, onların xislətidir və onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar, bu da heç kimə sirr deyil. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirdi ki, Ermənistan təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Sonuncu, qondarma “prezident və parlament seçkilər"inin keçirməsi isə münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar (NATO, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa parlamenti, İƏT, GUAM və s.) və dövlətlər tərəfindən qanunazidd hərəkət kimi qiymətləndirilib və tanınmayıb. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Buna baxmayaraq, Ermənistan danışıqlarda Dağlıq Qarabağı “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır. Amma 2016-cı ilin aprel döyüşləri onu da sübut etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ” ordusu mövcud deyil. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan nəzarətində olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info