“The London Post”: “Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”i rədd edib”
Tarix: 18.04.2020 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətini pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır”


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “The London Post” qəzetinə müsahibə verib. Nazir müsahibəsində Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətini pisləməyin kifayət olmadığını, bu bəyanatlara uyğun hərəkət etmək lazım olduğunu vurğulayıb. Nazir deyib ki, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, o cümlədən BMT Nizamnaməsi və 1975-ci il Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və buna görə də həmin “seçkilər” heç bir hüquqi qüvvəyə malik olmayacaq. E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi “seçkilər”lə bağlı bəyanat verib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilərin yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin tam iştirakı ilə keçirilə biləcəyini bildirib. Belə seçkilər isə yalnız erməni işğalçı qüvvələrinin geri çəkilməsindən, qovulan azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından və bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq, eləcə də əməkdaşlığın bərpasından sonra mümkün olacaq. Nazir vurğulayıb ki, əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”i qəti şəkildə rədd edib və bu “seçkilər”in qeyri-legitimliyini elan edib. Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, TÜRKPA və digər beynəlxalq təşkilatların, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və çoxsaylı dövlətlərin verdikləri ayrı-ayrı bəyanatları qeyd etməliyik. Əlbəttə ki, bu qanunsuz hərəkətləri pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır. Yəni, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır. E.Məmmədyarov Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə əsaslanaraq, 20 ildən çoxdur sülh danışıqlarında iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, əldə etmək istədiyimiz regionumuzda əmin-amanlıq və firavanlıqdır. Çoxdan gözlənilən sülhü təmin etmək isə yalnız münaqişənin nəticələrinin aradan qaldırılmasından, erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasından və köçkün Azərbaycan əhalisinin öz evlərinə qayıtmasından sonra mümkündür. Ümumiyyətlə, Azərbaycanın Konstitusiyasına və ölkənin müvafiq qanunvericiliyinə əsasən, seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma “seçkilər”in keçirilməsi ilə ölkə Konstitusiyasının və qanunlarının pozulması o qədər aşkardır ki, Konstitusiya Məhkəməsi bu “seçkilər”i heç nəzərə almadı. Azərbaycanın beynəlxalq münasibətlərin aparıcı iştirakçılarından gözləntisi BMT Təhlükəsizlik Şurasının tələblərinin icrası ilə bağlıdır. Nazir qeyd edib ki, bu gün Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xüsusiyyətləri dəyişdirmək məqsədilə məqsədyönlü fəaliyyət aparılır. Bu cür hərəkətlər, o cümlədən qondarma “seçkilər” beynəlxalq hüquq normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulması deməkdir. Aydındır ki, bu cür siyasət və təcrübələr heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədləri ilə uzlaşmır və geniş beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsində təsbit edilmiş qaydalara əsaslanan dövlətlərarası münasibətlərin norma və prinsiplərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görməsini tələb edir.

Qarabağ məsələsində Çinin insanpərvər mövqeyi dəyişməzdir

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda çıxan “Yerkramas” nəşrində Marina Qriqoryan ad-soyadlı birisi Azərbaycanın işğal edilmiş ərazilərində bu günlərdə keçirilmiş “seçkilər” adlı klounadanın nəticələrinin dünyada heç kim tərəfindən tanınmaması ilə əlaqədar şivən qaldırıb. AZƏRTAC bununla bağlı yazır: “O, özünü və oxucularını bununla sakitləşdirməyə çalışıb ki, bu “seçkilər”in nəticələrinin beynəlxalq aləmdə tanınmasını əslində Ermənistanda da o qədər də gözləmirdilər. Əlbəttə, heç kəs bu fikirlə mübahisə etmir, xüsusən ona görə ki, ermənilər özləri də namizədliklərini irəli sürmüş oyunbazların bu hoqqalarının legitimliyinə o qədər də inanmırlar. Bəli, inanmırlar, amma öz “miatsum”larının imicini ağciyərlərin süni ventilyasiya aparatı vasitəsilə qoruyub saxlamaqda davam etmək üçün bu inamsızlığı üzə vurmamağa çalışırlar. M.Qriqoryan öz uydurma ümidlərinin illüzorluğunu saxlamaq üçün hər ehtimala qarşı “hələlik tanınmamış Arsax” ifadəsindən istifadə edir. Azərbaycan torpaqlarının işğalının davam etdiyi otuz il ərzində ermənilər özlərinə “hələlik” sözü ilə təsəlli veriblər. Əlbəttə, onların bu arzusu ürəklərində qalacaq. İşğalın müvəqqəti hal olması bu yaxınlarda Bakıda açıq-aydın ifadə edildi ki, xüsusilə çətin anlayanlar da bunu başa düşsünlər. Əgər M.Qriqoryan əvvəlki kimi yenə də bunu anlamırsa, erməni qoşunları bir vaxt Qarsı, Ərzurumu necə tərk etmişdilərsə, Qarabağı da eləcə (könüllü və ya məcburi şəkildə) tərk edəndə onun əhvalı tamam korlanacaq. Onlar Qarsa, Ərzuruma da gələndə elə bilirdilər ki, bu “həmişəlikdir”, bir-birini “xilaskar” adlandırır, bir-birinin şərəfinə sağlıq deyirdilər. Onda da ermənilərin heç biri inanmaq istəmirdi ki, bütün bunlar müvəqqətidir. Amma ...
Gəlin hadisələri qabaqlamayaq, hər şeyin öz vaxtı var, o cümlədən M.Qriqoryanın kədərlənməsinin də vaxtı gələcək. Bu qrafoman xanımın hər kəlməsi üzərində dayanmaq, onun mənasız söz yığınının hər abzasını şərh etmək öz dəyərli vaxtımızı qiymətləndirməmək və adını tələffüz etmək də çətin olan bir nəşri reklam etmək təsiri bağışlayardı. Bununla belə, həmin cızmaqaranın kənar müşahidəçiləri aldatmaması üçün bir mövzu üzərində qısaca dayanmaq istərdik, xüsusən ona görə ki, məhz indiki halda M.Qriqoryan bizim yüz yaşlı agentliyimizin adına da ləkə yaxmaq istəyir. M.Qriqoryan öz cızmaqarasında yazır ki, CCTV telekanalının müxbiri öz ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat katibinə sual verəndə Azərbaycanın Pekindəki səfirliyi “arzu edilən cavabı almayıb”. Onun sözlərinə görə, diplomatın cavabında Azərbaycanın ərazi bütövlüyünün Pekin tərəfindən dəstəklənməsi barədə heç nə deyilməyib. O elə buradaca AZƏRTAC-ı ifşa etmək istəyir, guya bu agentlik “özünün arzu etdiyi, lakin “həqiqətə uyğun olmayan” sözləri Çin hökumətinin “adına yazır”. Sadə dildə desək, M.Qriqoryan AZƏRTAC-ı Çin tərəfinin rəsmi mövqeyini “özbaşına tamamlamaqda” təqsirləndirir, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Pekin tərəfindən daim dəstəklənməsi barədə deyilənləri az qala “feyk” adlandırır. Guya Pekin “belə hesab etmir”, AZƏRTAC isə bütün bunları “onun adına yazır”. Bu yerdə nə deyəsən! Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin Azərbaycanın Pekindəki səfirliyinə bu həftə göndərilmiş rəsmi məktubu qarşımızdadır. Oradan sitat gətiririk: “Dağlıq Qarabağ məsələsində Çin tərəfinin mövqeyi aydın və dəyişməz qalır. Çin və Azərbaycan əməkdaşlıq üzrə dost tərəfdaşlardır, hər iki tərəf bir-birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dönmədən və qarşılıqlı surətdə hörmət edir, hər iki dövlət qarşılıqlı münasibətlərini məhz bu prinsiplər əsasında inkişaf etdirir”. Bu bəyanatın mənasını xırdalamağa ehtiyac varmı? Gəlin hadisələri sondan əvvələ doğru xronoloji ardıcıllıqla xatırlayaq. Bir ildən bir qədər az əvvəl – 2019-cu il mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Çinin Xarici İşlər Nazirliyinin başçılıq etdiyi nüfuzlu hökumət nümayəndə heyətini qəbul edir. ÇXR Xarici işlər naziri Van İ öz çıxışında iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını və Çin tərəfindən Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyini qeyd edir.
Bəlkə bunu da AZƏRTAC Çin tərəfinin “adına yazıb”?
Daha sonra. Elə həmin 2019-cu il aprelin 24-də (yaxşı tarixdir, eləmi?) Pekində ÇXR Sədri Si Cinpin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub. Bu görüşdə Çin dövlətinin başçısı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. 2018-ci il sentyabrın 17-dən 21-dək Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Pekinə işgüzar səfər edir və çinli həmkarı ilə görüşüb. Çinin Xarici İşlər naziri görüşdə Ermənistan-Azərbaycan münaqişəsi məsələsində öz dövlətinin mövqeyinin dəyişməzliyini vurğulayıb. Bu mövqe hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış sənədlərdə və onların rəsmi bəyanatlarında da ifadə olunub. Qarşımızda 2018-ci il 14 may tarixli 078/2018 nömrəli daha bir sənəd var. Bu, Çinin Bakıdakı səfirliyinin Azərbaycan XİN-ə göndərdiyi notadır. Bu sənəddə də Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsindən bəhs edilir. Əcəba, bəs “arsaxın azadlıqsevər xalqının” təyini-müqəddərat hüququ harada qaldı? Bağışlayın, belə şey yoxdur! Bəlkə bu hüquq təsadüfən ÇİN XİN-in Yerevana ünvanlanmış notalarında göstərilir? Bu da absurddur...
2015-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə ÇXR Sədri Si Cinpin arasında görüş olub. Çin dövlətinin başçısı bu görüşdə bəyan edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə (!), onun müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş səyləri bundan sonra da dəstəkləyəcək. Elə həmin vaxt, 2015-ci ilin dekabrında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşməsi haqqında” Birgə Bəyannamə qəbul edilib. Tərəflər bu sənəddə bir-birinin ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsini, habelə Tayvanın ÇXR-in, Dağlıq Qarabağ regionunun isə Azərbaycan Respublikasının tərkib hissəsi kimi qarşılıqlı tanınmasını bəyan ediblər. Geriyə xronologiya bax belədir. Görəsən doğrudanmı, ən ali səviyyədə qəbul edilmiş bütün bu bəyanatlardan sonra M.Qriqoryan yenə də hansısa cəfəng illüziyalara uyacaq ki, XİN-in mətbuat katibi CCTV telekanalının müxbirinin sualına cavabında belə gözəl və ardıcıl ənənələrlə razılaşmayacaq? Marina, siz qara pişiyi öz qaranlıq otağınızda axtarın! Bizim otağımızda tapmayacaqsınız!
Bu yazını xoş bir sonluqla bitirmək istərdik. M.Qriqoryan vaxtilə bir ədalətli fikir söyləmişdi, demişdi ki, Çinin mövqeyi nə ermənipərəst, nə də azərbaycanpərəst mövqedir, bu, həqiqətən insanpərvər mövqedir. Bax bu, həqiqətdir. Şübhə etmirik ki, M.Qriqoryanın vurğuladığı kimi, məhz Çinin insanpərvərliyi və onun dünyanın və regionun mənafelərinə tamamilə adekvat olan humanist mövqeyi 1993-cü ildə ölkə rəhbərliyini BMT Təhlükəsizlik Şurasında Azərbaycanın ərazi bütövlüyünün birmənalı dəstəkləndiyi, Marinanın rahatlığını pozacaq “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsinin yazıldığı qətnamələrə dörd dəfə səs verməyə sövq etmişdi. “dqr” yox, “arsax” yox, məhz həmin sənədlərdə yazıldığı və Çinin dörd dəfə səs verdiyi ifadə. Bəli bu uzaq illərdən başlamış və o vaxtdan bəri dəyişməz qalmış Çinin insanpərvərliyi, onun mövqeyinin humanizmi və adekvatlığı Yerevana və onun əlindən yem alan cızmaqaraçılara heç rahatlıq vermir. Onlar əksər hallarda ümumbəşəri xarakterli hədəflərlə Yerevanda buna diametral zidd olan vektor arasında çox böyük sivilizasiya fərqini görmürlər. M.Qriqoryanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Çinin mövqeyini alqışlaması onun cızmaqaralarında azacıq da olsa müsbət məqamdır. Atalar yaxşı demişkən, “dəlidən doğru xəbər” buna deyərlər.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info