Ermənistan seçim qarşısındadır
Tarix: 07.05.2020 | Saat: 18:06:00 | E-mail | Çapa göndər



Ehtiram Aşırlı: “Ya işğalçı ölkənin rəhbərliyi danışıqlar prosesində düzgün mövqe sərgiləyərək sülh yolu ilə torpaqlarımızdan silahlı qüvvələrini çıxarmalıdır, ya da Azərbaycan Ordusu döyüşərək ərazi bütövlüyümüzün təmin olunması üçün torpaqları azad edəcək”


Bir neçə gündür ki, Ermənistanın daxili ictimai-siyasi həyatında əvvəlcə Rusiya Xarici İşlər naziri Serqey Lavrovun açıqlaması, sonra isə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalıyıq şəklindəki açıqlaması əsas müzakirə predmetinə çevrilib. Siyasi şərhçi-icmalçı Ehtiram Aşırlı bildirib ki, xüsusilə, bu açıqlama erməni KİV-lərində və Ermənistan parlamentinin deputatları arasında böyük narahatçılığa səbəb olub. Deputatların canına əməlli-başlı vəlvələ düşdüyü də açıq-aydın sezilir. Deputatlar öz yerlərini bərkitmək və Ermənistan əhalisi arasında əlavə xallar qazanmaq, eləcə də qorxularını xalqın canına yeritmək üçün Azərbaycan tərəfinin döyüşə başlamağa hazırlaşdığını iddia edirlər. Ehtiram Aşırlı qeyd edib ki, Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun açıqlamasından bir neçə gün sonra, daha dəqiq ifadə etsək, mayın 4-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev ilə birlikdə ön cəbhəyə səfəri erməni ictimaiyyəti arasında “növbəti Aprel döyüşlərimi başlayır?” şəklində fikirlərin səslənməsinə və rəhbərliklə xalq arasında gərginliyin artmasına gətirib çıxarıb: “Məhz buna görə, mayın 5-də Ermənistanda keçirilən parlament iclası zamanı “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun açıqlamasına istinad edərək “Gəlin, bu açıqlamalardakı riskləri saxta vətənpərvərlik və düşmənə bir qarış torpaq yoxdur” şüarları ilə ört-basdır etməyə çalışmayaq” kimi fikirlə çıxış edərək narahatlığını ifadə edib. Buradan belə bir qənaətə gəlmək olar ki, işğalçı ölkənin deputatı Ermənistan hökumətinə Azərbaycan Müdafiə nazirinin açıqlamasına ciddi yanaşmağa və erməni xalqını növbəti dəfə acı tale ilə üzbəüz qoymamağa çağırır. “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan müdafiə naziri Davit Tonoyandan fərqli olaraq çox yaxşı başa düşür ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun açıqlamaları Azərbaycan Ordusunun fəaliyyətlərində hər zaman əksini tapır. Bununla yanaşı, işğalçı ölkənin deputatı Ermənistan ordusu ilə Azərbaycan Ordusu arasında müqayisəolunmaz dərəcədə böyük bir uçurumun olduğunu və erməni xalqının bundan sonra növbəti müharibəyə tab gətirə bilməyəcəyini anlayır. Rusiya Xarici İşlər naziri Serqey Lavrovun və Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun açıqlamaları Ermənistan hökumətini iki seçim qarşısında qoyur. Ya işğalçı ölkənin rəhbərliyi danışıqlar prosesində düzgün mövqe sərgiləyərək sülh yolu ilə torpaqlarımızdan silahlı qüvvələrini çıxarmalıdır, ya da Azərbaycan Ordusu döyüşərək ərazi bütövlüyümüzün təmin olunması üçün torpaqları azad edəcək. Bu iki məqam işğalçı ölkənin bundan sonrakı danışıqlar prosesində konstruktiv addımlar atmağa məcbur edir”.

“Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir”
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatına münasibət bildirib. Bununla bağlı KİV-in sualını cavablandıran Leyla Abdullayeva deyib: “Bu bəyanatı ilə Ermənistan baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olur. Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə, isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir. Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir”.

ABŞ Dövlət katibinin köməkçisinin müavini: “Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləyirik”
APA-nın xəbərinə görə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Marşal Fondu ilə keçirilən videokonfransda deyib ki, ABŞ Azərbaycan, Türkiyə və Gürcüstanı əlaqələndirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini, həmçinin tamamlanmaqda olan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib. O bildirib ki, ABŞ region ölkələrinin inkişaf etməsinə yardım edən yeni iqtisadi təşəbbüsləri də dəstəkləməyə davam edəcək. “Bu layihələr əhəmiyyətli layihələrdir. Onların həyata keçirilməsi üçün milyardlarla dollar vəsait xərclənir və tamamlanması üçün uzun vaxt tələb olunur. Hazırda yeni layihənin icrası nəzərdən keçirilir. Gürcüstanda Anaklia və Poti dərin su limanının tikintisi planlaşdırılır. Dərin su limanının tikintisi daha böyük həcmli yük gəmilərinin istifadəsinə imkan verəcək ki, bu da regionun ticarət imkanlarını artıracaq. Fikrimcə bu həm Gürcüstan, həm də qonşu ölkələr üçün faydalı layihədir. Çünki bu alternativ ticarət istiqamətidir. ABŞ bu layihələrin həyata keçirilməsini dəstəkləyəcək, çünki bu layihələr regionun inkişaf etməsinə imkan yaradır”, - deyə C. Kent vurğulayıb. Videokonfransda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrdə mövcud olan münaqişələr də müzakirə edilib. C. Kent qeyd edib ki, ABŞ proqrama üzv ölkələrdə münaqişələrin həllini dəstəkləyir: “Bu münaqişələr bəzən dondurulmuş münaqişələr də adlandırılır. Bura həmçinin şiddətin az olduğu yarım dondurulmuş münaqişələr olan Moldovada Dnestryanı və Dağlıq Qarabağ münaqişələri daxildir”.

Erməni zabit ağır vəziyyətdə hospitala yerləşdirilib

Onu da qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi yaşayış məntəqələrimizdə yerləşdirilən bölmələrdə xidmət edən zabitlərin törətdikləri hadisə və cinayətlərin sayı durmadan artır. Məlumatda bildirilir ki, düşmən ordusunun 3-cü dağ atıcı taboru komandirinin müavini David Tunyan içkili vəziyyətdə şəxsi avtomobili ilə qəza törədib. Yol polisi əməkdaşlarının dediyinə görə zabit D.Tunyan alkoqolun təsiri altında idarəetməni itirərək maşını körpüdən aşırıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan zabit hospitala təxliyə olunub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Faktla bağlı açılan cinayət işi araşdırılması üçün hərbi polisə göndərilib. Bir neçə gün əvvəl isə kef məclisindən iştirak edən Ermənistan silahlı qüvvələrinin zabitləri arasında böyük qalmaqal yaşanıb. İçkili vəziyyətdə olan hərbçilərin mübahisəsi sonradan əməlli-başlı davaya çevrilib. Artilleriya divizionunda xidmət edən zabit Aşot Xaçatryan 3-cü motoatıcı bölüyün taqım komandirini yaxşıca əzişdirib. Döyülərək müxtəlif xəsarətlər alan taqım komandiri A.Xaçatryan barədə şikayət ərizəsi yazıb. Faktla bağlı araşdırmaya nəzarət edən istintaq şöbəsinin rəis müavini Artak Voskanyan hər iki zabitlə bağlı xidmət etdikləri hərbi hissəyə sorğular göndərib.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info