“Son iki zirvə görüşü göstərdi ki, ölkəmiz beynəlxalq arenada böyük nüfuz qazana bilib”
Tarix: 12.05.2020 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Günxan Əhmədli: “Müxtəlif güc birliklərinin qlobal birlikdə bir araya gətirilməsinin məhz Azərbaycan Prezidentinin rəhbərliyi altında keçirilən zirvə toplantısında olması çox ciddi məqamlardan xəbər verir”

Bu günlərdə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Həmçinin ölkə başçısının iştirakı ilə Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. Prezident İlham Əliyev “Mir” televiziya kanalına və Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Bütün bu tədbirlərdə və müsahibələrdə dövlət başçısı ölkədə pandemiya və əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Ziyalılarımız, ictimaiyyət nümayəndələri də hökumətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirirlər. "Sosial-İqtisadi Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Günxan Əhmədli “Palitra”ya müsahibəsində beynəlxalq təşkilatların pandemiya ilə bağlı Azərbaycanın həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyini bildirdi.

“Koronavirusla mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərə ictimai dəstək yüksək səviyyədədir. Milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır”

- Qoşulmama Hərəkatının zirvə görüşünü necə qiymətləndirirsiniz?

- İlk öncə bildirim ki, Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirən BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Bu Hərəkat dünyanın iki böyük hərbi blokun toqquşması nəticəsində ölkələrin zərər çəkməməsi üçün yaranıb. Belə bir böyük təsisata- Qoşulmama Hərəkatına Azərbaycan 2011-ci ildə üzv seçilib. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş 17-ci zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyinin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Qoşulmama Hərəkatının zirvə görüşünü həqiqətən də tarixi görüş adlandırsaq yanılmarıq. Pandemiyanın davam etməsinə baxmayaraq, Prezident İlham Əliyevin qətiyyətli addımı və təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Azərbaycana göstərilən hörmət və etimad ona dəlalət edir ki, ölkəmiz beynəlxalq arenada böyük nüfuz qazana bilib. Azərbaycan daxildə islahatlar sistemi və beynəlxalq arenada sülhməramlı mövqe sərgiləməklə ölkələr arasında sıx birlik yaradır. Azərbaycan öz mövqeyi ilə bir daha sübut etdi ki, Qoşulmama Hərəkatına təkcə sədrlik etdiyi dövrdə deyil, bundan sonra da beynəlxalq arenada üzv ölkələrin mənafeyini müdafiə edəcək. Beynəlxalq arenanın digər birliklərində olduğu kimi Zirvə görüşünün baş tutması da göstərdi ki, ölkəmiz öz sözünə sadiqdir. Təmas qrupunun Zirvə toplantısında çıxış edənlər arasında Afrika birliyinin komissiya sədri və Avropa Komissiyasının vitse-prezidenti də oldu. Bu, müxtəlif güc birliklərinin qlobal birlikdə bir araya gətirilməsinin məhz Azərbaycan Prezidentinin rəhbərliyi altında keçirilən zirvə toplantısında olması çox ciddi məqamlardan xəbər verir. Bu addımlar dövlətimizin və Prezidentin nüfuzundan xəbər verir. Görüşdə dünya siyasətini formalaşdıran müxtəlif ölkələrin koronavirusla bağlı fəaliyyətin koordinasiya olunması və digər qlobal məsələlər müzakirə olundu. Qoşulmama Hərəkatında yaradılmış Təmas Qrupu formatı üzv ölkələr tərəfindən böyük dəstək aldı. Azərbaycanın hərəkatın üzvü olan ən həssas ölkələrə təxirəsalınmaz kömək göstərilməsi üçün Ümumdunya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırması təqdirəlayiq addım oldu. Bir nüansı da nəzərinizə çatdırım ki, Azərbaycan həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədridir və aprelin 10-da bu təşkilatın Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Zirvə görüşü faktiki olaraq dünyada videokonfrans formatında ilk Zirvə görüşü oldu.

- Azərbaycanın pandemiya ilə bağlı atdığı addımlar bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Siz bu barədə nə deyə bilərsiniz?

- Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun Azərbaycan Prezidentinə ünvanlanmış məktubunda Azərbaycan rəhbərliyinin həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə adlandırılıb. Həqiqətən də ölkə başçısı “Covid-19” bəlası ilə mübarizədə dünya ölkələrinə öncüllük etdi. Belə ki, mərhələli şəkildə məhdudlaşdırıcı tədbirlər tətbiq etdi və hadisələrin arxasınca getməyə yox, onları qabaqlamağa çalışaraq uğur qazandı. Azərbaycanda dövlət xəstəxanalarının işi operativ surətdə tamamilə yeni formatda təşkil edildi. Çox qısa müddətdə modul tipli xəstəxanaların açılması bunun bariz nümunəsidir. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının sürətinin qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezidentin nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən zəruri qabaqlayıcı, profilaktik və təxirə salınmaz tədbirlər görüldü. Bu gün təsadüfü deyil ki, pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycanı nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks tədbirlər çərçivəsində 10 modul tipli xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Belə ki, bu, arta biləcək xəstə sayına tab gətirmək üçün infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Hazırda 10 modul tipli xəstəxananın quraşdırılması üzrə işlər gedir. Onlardan ikisi Bakıda digərləri isə ölkənin müxtəlif regionlarında quraşdırılır. Bu xəstəxanaların istifadəyə verilməsi sayəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000-dən artıq çarpayı ehtiyatı yaranacaq. Əlavə olaraq deyim ki, bu gün 20-dən çox dövlət xəstəxanası koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb, ölkədə 23 laboratoriya fəaliyyət göstərir. Milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır. Pandemiyadan öncə və pandemiya dövründə belə, Azərbaycanda həkimlərə, tibb işçilərinə qayğı ilə yanaşılır, onların fəaliyyəti yüksək qiymətləndirilir. Müalicə prosesinin düzgün təşkilinə yönəlmiş kompleks tədbirlər sayəsində Azərbaycan bu vəziyyətdən az itkilərlə çıxa bilir. Koronovirusla mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərə ictimai dəstək yüksək səviyyədədir. Pandemiyadan əziyyət çəkənlərə təqribən 2 milyard dollarlıq sosial-iqtisadi yardım paketi ayrılıb. Bu paket 700 minə yaxın insanı və mikrosahibkarları əhatə edir. Ünvanlı sosial yardım alan ailələrin sayı artırılaraq 80 minə çatdırılıb, belə ailələrin hər biri orta hesabla 222 manat alır, 90 min ödənişli ictimai iş yeri və 12 min özünüməşğulluq yeri yaradılır və vergi güzəştləri tətbiq olunur. Görülən tədbirlər, beynəlxalq aləmdəki nüfuzun artırılması ölkənin əmin əllərdə olmasının bariz nümunəsidir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info