“Ermənistan-Azərbaycan münaqişəsi MDB daxilindəki inteqrasiya potensialını tam reallaşdırmağa imkan vermir”
Tarix: 12.05.2020 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans şəklində keçirilmiş iclasına qatılıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazir deyib ki, Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, Ermənistan tərəfi münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir və bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır: “Bu gün dünyada hökm sürən reallıqlar sabitlik və təhlükəsizlik üçün yeni çağırışlara və təhdidlərə qarşı bütün dövlətlərin səmərəli qarşılıqlı fəaliyyətini və səylərinin əlaqələndirilməsini tələb edir. Lakin Birlik məkanında mövcud olan həll olunmamış münaqişələr, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Birlik daxilindəki inteqrasiya potensialını tam və effektiv şəkildə reallaşdırmağa imkan vermir və MDB-yə üzv olan dövlətlərin yeni çağırışlara və təhdidlərə qarşı daha sıx qarşılıqlı fəaliyyətinə əsas maneədir”.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir: “Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz və danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanılmasına xidmət etməməlidir. Bir daha xatırlatmaq istərdim ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ vardır. Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan tezliklə həlli, şübhəsiz ki, bölgədə regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəkdir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində isə bildirilib ki, Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasından 26 il ötür ( APA). Qeyd olunub ki, sülh prosesində Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir.
“Bununla yanaşı, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini müntəzəm pozaraq təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, günahsız mülki şəxsləri də hədəf alır”, - deyə vurğulanıb.
Xatırladaq ki, 1994-cü ildə tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

“Arman Tatoyanın özünü icmalararası dialoqu dəstəkləməyə dəvət edirəm”
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın ombudsmanı Arman Tatoyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib. APA-nın xəbərinə görə, T. Gəncəliyev bildirib ki, Azərbaycan Respublikasının vətəndaşlarının ən təməl insan hüquqlarını pozan dövlətin – Ermənistanın bir nümayəndəsinin belə bir bəyanatının siyasi təbliğat məqsədilə ortaya atıldığı göz önündədir.
Onun sözlərinə görə, A. Tanoyan hazırda dəbdə olan insan hüquqları çətiri arxasında gizlənərək gəlişigözəl fikirlər səsləndirməyə çalışır: “İnsan hüquqlarından ağız dolusu danışan Tatoyanın nədənsə ölkəsinin işğalı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin hüquqlarından danışmağı unudub”.
İcma sədri qeyd edib ki, Ermənistan ombudsmanının məqsədi əksər Ermənistan rəsmiləri kimi ölkəsinin sadəcə “danışıq xətrinə danışıq” taktikasına öz dəstəyini verməyə hesablanıb: “Mən həm Ermənistanın siyasi rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz dəfələrlə bölgənin erməni icmasının nümayəndələrini sülh şəraitində birgə yaşayışı müzakirə etmək üçün dialoqa dəvət etmişik, lakin müsbət bir cavab ala bilməmişik. Hansısa “danışıq xətrinə danışıq” deyil, məhz gələcəkdə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq iki icmanın dialoqu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yekun sülhə yaxınlaşdıra bilər.
Buna görə də, elə Tatoyanın özünü icmalararası dialoqu dəstəkləməyə dəvət edirəm. Amma, əgər Ermənistan ombudsmanı Ermənistanda insan hüquqlarının təməl prinsiplərinə hörmətlə yanaşmayan şəxsləri aşkar etməklə məşğul olmaq istəyirsə, o zaman Xocalı soyqırımını, müharibə cinayətlərini, insanlıq əleyhinə digər cinayətləri törədən şəxsləri mühakimə etməklə başlaya bilər.
Həmçinin, Ermənistan ombudsmanı, Ermənistan ərazisində etnik təmizləməyə məruz qalaraq kütləvi şəkildə öz ata-baba yurdlarından qovulmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına çalışmalıdır. Bu məsələ BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal prosesi çərçivəsində dövrü hesabatlar zamanı Ermənistan qarşısında qaldırılıb”.

Pakistanda “Şuşa – Qafqaz sivilizasiyasının incisi. İşğalın 28-ci ili” adlı məqalə dərc olunub
Bu arada, Pakistanda nəşr edilən “Pakistan in the World” jurnalının internet səhifəsində, həmçinin “NN Urdu” portalının ingilis dili versiyasında “Şuşa – Qafqaz sivilizasiyasının incisi. İşğalın 28-ci ili” adlı məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə XX əsrin əvvəllərində erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladıqları, erməni şovinistlərinin bu siyasətinin 80-ci illərin sonlarında da davam etdiyi, Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan bölgələrinə yeni iddialar irəli sürüldüyü ilə bağlı məlumat verilir. Nəticədə, bu iddiaların genişmiqyaslı müharibəyə gətirib çıxardığı, Azərbaycan ərazilərinin, o cümlədən 1992-ci il may ayının 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğal edildiyi bildirilir. Müəllif Şuşanın işğalı zamanı 480 nəfər mülki əhalinin öldürüldüyünü, 600 adamın yaralandığını, 552 uşağın yetim qaldığını, 25 mindən çox insanın məcburi köçkünə çevrildiyini qeyd edir. Məqalədə Şuşada Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin türbəsi və digər çoxsaylı tarixi abidənin dağıdıldığı, muzeylərin, kitabxanaların yandırıldığı, Qafqazın qədim mədəniyyət mərkəzinin erməni vandalizminin qurbanına çevrildiyi vurğulanır. Müəllif hazırda işğal altında olan ərazilərdən ermənilər tərəfindən qeyri-qanuni olaraq silah və narkotik qaçaqmalçılığı məqsədilə də istifadə edildiyini və işğal olunmuş ərazilərin yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün təhdidə çevrildiyini diqqətə çatdırır. Materialın sonunda Azərbaycan xalqının erməni işğalçılarının onlara verdiyi iztirab və ağrını heç vaxt unutmayacağını, bu iztirabın yalnız ölkənin ürəyi olan Qarabağın və onun mirvarisi Şuşanın işğaldan azad ediləcəyi gün sona çatacağı vurğulanır.

Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info