EY ODLAR ÖLKƏSİ, AZƏRBAYCANIM
Tarix: 20.05.2020 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Eyvaz SƏMƏDOV




EY ODLAR ÖLKƏSİ, AZƏRBAYCANIM

Bir tərəfi çəmən, bir tərəfi çay,
Qaranlıq gecədə işıq saçan ay,
Dayan, indi bir-bir qəhrəmanlar say,
Qəhrəman yetirən şərəfim, şanım,
Ey Odlar Ölkəsi, Azərbaycanım!

Kəkliyin, tərlanın göylərdə süzər,
Bir yanın Savalan, bir yanın Xəzər
Səni Qarabağdan başqa nə üzər?
Sən, ey parçalanan, ayrılan canım,
Ey Odlar Ölkəsi, Azərbaycanım!


Babək, Koroğlu tək oğulların var,
Şeirlə sözünü dedi Bəxtiyar
Səni məndən artıq axı, kim umar?
Sənsiz heç olmasın dəqiqəm, anım,
Ey Odlar Ölkəsi, Azərbaycanım!

***
NAXÇIVAN

Adın kimi bəzəyirsən cahanı,
Səndən qədim bu dünyada de, hanı?
Abadlaşır günü-gündən hər yanı,
Abad olan vətənimdi Naxçıvan.

Düşmənin gözünə daim köz qoyub,
Tarix səhifəsində şanlı iz qoyub,
Cəlilin, Cavidin səndə söz qoyub,
Sözlərlə hikmətli yerdi Naxçıvan.

Hər daşın üstündə bir tarixin var,
Aləmə hay salan şəxsiyyətin var,
Yenilməz, əyilməz şücaətin var,
Alınmaz qaladı, pirdi Naxçıvan.

Vüqarlı dağların başında qarı,
Hər bir vətəndaşın olmusan yarı,
Sən oldun Heydərin qədim diyarı,
Tarixi yaşadan yerdi Naxçıvan


Öndərlə birlikdə çəkilir adın,
Bununla sevinir qohumun, yadın,
Əzab əziyyətlə azad yaşadın,
Azad olan vətənimdi Naxçıvan.

***
BAYRAĞIM

Göylərə ucalıb dalğalananda,
Vətənçün alışan qəlblər yananda,
Özümü dünyada yalqız sananda,
Sənsən ixtiyarım, dünyada varım,
Ey qədim tarixim, şanlı bayrağım!

BMT zalında, iclaslarda sən,
Özündə türklüyü bəyan etmisən,
Həmişə, hər zaman öndə getmisən
Sən, ey qüdrətlənən qanlı sancağım,
Ey qədim tarixim, şanlı bayrağım!

Səni düşmənindən bac alan görüm,
Səni rəhbərindən güc alan görüm,
Səni Qarabağda ucalan görüm.
Sənsən qibləgahım, nurlu çırağım,
Ey qədim tarixim, şanlı bayrağım!

***
SƏDƏRƏK

(Günnüt zəfəri ilə bağlı)
Düşmənlə durmusan özün üz-üzə,
İllərdir beləcə qaldın, Sədərək
Mətinliyin sığmaz şeirə, sözə,
Tatarovla zəfər çaldın, Sədərək.

“İgid döyüşçüdür” sənin öz adın,
Dağ çəkdin qəlbinə düşmənin, yadın
Qürurla dayanıb Heydərabadın
Tarixi yadıma saldın, Sədərək.

Sakitcə dırmandın ən uca dağa,
Arxayın olmadın heç sola, sağa
Zəfərin yetişdi Şahdağ,Ağdama
Vüqarla dayanıb qaldın, Sədərək.

Heç yerdə qalmasın torpağın, qanın
Sərhədlə örtülüb sənin hər yanın.
Sən zəfər yurdusan Azərbaycanın,
Çox şükür, qələbə çaldın, Sədərək.


***
2015-Cİ İLİN APREL DÖYÜŞLƏRİNDƏ ŞƏHİD OLMUŞ QABİL ORUCƏLİYEVİN ƏZİZ XATİRƏSİNƏ

Ən uca zirəyə yüksəldin özün,
Dünyaya yayıldı söhbətin, sözün,
Balaca körpəni görmədən gözün,
Şərəfli bayrağa özün and içdin,
Bu vətən uğrunda canından keçdin.

Fəxr var, qürur var sənin adında,
Şərəfli ölümün qaldı yadımda,
Qəlbimə hökm etdi öz fəryadım da
Son mənzilə yox, qəlblərə köçdün,
Bu vətən uğrunda canından keçdin.

Səninlə fəxr etdi hər bölgə, hər yan,
Dondu damarımda axammadı qan,
Sənə oğul dedi bu Azərbaycan
Şəhidlik şərbətin bir anda içdin,
Bu vətən uğrunda canından keçdin.

O torpaq bizimdi var çoxlu dəlil,
Sənə qıyan düşmən qoy olsun zəlil,
Adını tarixə yazdırdın, Qabil
Döyüşlə şəhidlik məqamı seçdin,
Bu vətən uğrunda canından keçdin.

Heç zaman unutmaz səni bu vətən,
Vətənlə yaşayır vətənçün gedən.
Qələbə xəbəri gələr cəbhədən
Düşmənlər qorxudan saralar, solar
Qabillər dünyada Qabil tək qalar.

***
ANAM, YENİ YAŞIN MÜBARƏK OLSUN!

Ey bizə dünyada bizdən çox yanan,
Anam, yeni yaşın mübarək olsun!
Şeirimi oxuyan, gözləri dolan,
Anam, yeni yaşın mübarək olsun!

Qaranlıq yoluma sənsən gur işıq,
Kiçik ailəmizə bəzək, yaraşıq,
Sən varsan, biz varıq, biz dayanmışıq,
Anam, yeni yaşın mübarək olsun!

Həyatın bəzənsin olsun laləzər,
Bizi səndən artıq, axı kim sevər?
“Cənnət səninlədir”- dedi Peyğəmbər
Anam, yeni yaşın mübarək olsun!

Bu il xoş ötüşsün zamanın, anın,
Allah xeyir versin, sağ olsun canın,
Sən əziz qızısan nənəm Zəhranın
Anam, yeni yaşın mübarək olsun!

Getsin həyatından qoy dərdi-sərin,
Başqadır, ay ana, dünyada yerin,
Heç vaxt tükənməsin gücün, hünərin,
Anam, yeni yaşın mübarək olsun!
***
SEVGİ

Gündüzlər tənhalıq, gecələr ayıq,
Fikirdən odlanıb yanmaqdı sevgi.
Yarın sınağından keçib atlanıb,
Bisutun dağını çapmaqdı sevgi.

Hər gecə, hər səhər bir haray çəkib,
Özünü yandırıb, özünü töküb,
Leylisiz Məcnunun bəxtinə köçüb,
İllərin xəyalın qurmaqdı sevgi.

Fərhad Şirinçün arxlar çəkəndə,
Leyli Məcnununun qəlbin sökəndə,
Kərəmi yandırıb Əsli tökəndə,
O odun içindən çıxandı sevgi.

***

GƏL, DANIŞAQ GİZLİCƏ

Məktubunu alaram,
Xəyallara dalaram,
Lap yuxusuz qalaram
Deyərəm ki, ölüncə
Gəl, danışaq gizlicə.

Baxışın var, gözün var,
Alovun var, közün var,
Bəlkə,mənə sözün var?
Sən üzümə gülüncə,
Gəl ,danışaq gizlicə.

Daha yoxdu köməyim,
Ta dayanmır ürəyim,
Söylə, sənsiz neyləyim?
Danışmamış ölüncə,
Gəl danışaq gizlicə.

***
MƏN SƏNİ UNUDA BİLMİRƏM AXI

Mən səni unuda bilmirəm, axı
Unutsam nələri unudam gərək
Göylərə baxmışıq aylı gecədə
Unutsam göyləri unudam gərək!
Nüsrət Kəsəmənli

Dağların başında olan buludam,
Yağmasamda, çətin ola guruldam,
Qorxuram ki, mən özümü unudam
Mən səni unuda bilmirəm axı.

Çiçəkli ağacı susuz qurutmaq,
Özünü yalandan yuyub durultmaq,
Hər şeydən çətinmiş səni unutmaq
Mən səni unuda bilmirəm axı.

Sən bu qəlbin gecəsisən, gözüsən,
Günəşisən, söhbətisən, sözüsən,
Vallah, gülüm, sən Eyvazın özüsən
Mən səni unuda bilmirəm axı.


***
HARDASAN?

Siyah zülfün sayrışanda uzaqdan,
Qış da olsa ləzzət allam sazaqdan,
Yollarını gözləyirəm bayaqdan
Sədəfim, yaqutum, ləlim hardasan?

Səninlə xoş keçər saatım, ilim,
Həyatın qəmini ömrümdən silim,
Məni sevdiyini gəl, söylə, bilim
Şəkərim, dəhanım, dilim hardasan?

Ölüncə insanla yaşayar ürək,
Getsən ürəyimi üşüdər külək,
Sənsiz vuran qəlbim nəyimə gərək?
Bülbülüm, çiçəyim, gülüm, hardasan?

***
DÜNYANIN ƏVVƏLİ, SONUDUR SEVGİ

Görürdüm, gəlmisən sən mənə sarı,
Ayıldım, anladım bu bir yuxuymuş.
Könlümün çoxaldı dərdi, qubarı
Sənsiz dərdi qəmin sayı çoxuymuş.

Sən getdin qalıbdı daha intizar,
Gecə gündüz qəlbim edib ahu-zar.
Sən bir namə olsan, mənsə bir yazar,
Dünyada bizimtək əsər yoxuymuş.

Nə qədər eylədin mənə işvə-naz,
Qəlbimi bürüyüb indi çən, ayaz.
Nə mən dahi Cavid, nə sən Müşkünaz,
Bizimki hədəfsiz gedən oxuymuş.

Dünyanın əvvəli, sonudur sevgi
Mənə qazandırdı nə qədər bilgi
Anladım mən səni indi bildim ki,
Məni mənim qədər sevən yoxuymuş.

***
QIŞ OLUB ÜSTÜMƏ NİYƏ GƏLMİSƏN?

Soldurub bağını töküb barını,
Daha şuxdan salıb yarpaqlarını,
Saraldıb o çıraq yanaqlarını,
Qış olub üstümə niyə gəlmisən?
Musa Yaqub

Mən sənin yazını sevmişdim gözəl,
Qış olub üstümə niyə gəlmisən?
O xoş avazını sevmişdim gözəl,
Lal olub üstümə niyə gəlmisən?

Gəlmisən sən məni dərdə salmağa?
Gəlmisən dünyanı məndən almağa?
Gəlmisən sən indi mənlə qalmağa?
Qış olub üstümə niyə gəlmisən?

Sənsiz keçirdiyim o günlər təmiz,
Sənsiz keçən günüm səndən də əziz,
Di söylə: a qəmgin, a yorğunbəniz,
Qış olub üstümə niyə gəlmisən?


Etdin bu dünyanı sən mənə haram,
Dərdini çəkirdim mən aram-aram.
Sən yoxsan, deməli indi mən varam
Özgəylə həyatı xoşbəxt bilmisən,
Qış olub üstümə niyə gəlmisən?

***
NƏ OLAR, BİR DAHA QARŞIMA ÇIXMA

Ömrümün baharın vermişəm sənə,
Ömrümün payızı mənə qalıbdır.
Bir tərəfi zülmət ayam mən yenə,
Günəş ayın nurun belə alıbdır.

Dərdi kədərimiz bir yerdə keçdi,
İndisə kənarda dayanmışıq biz.
Hicran uzaqlardan bizləri seçdi,
Bu hicrana baxıb çox yanmışıq biz.

Təzədən həyata başlamısan sən,
Həyatı dayanan indi tək mənəm.
Səndən ayrılalı bilirəm ki, mən,
Daha mən deyiləm, daha mən sənəm.

Bizə də yazılan tale beləymiş,
Sən bir tərəfdəsən, mən bir tərəfdə.
Kim deyir: “ayrılan o an ölərmiş”,
Ölmədik, keçibdir gör neçə həftə.

Eylədin bu eşqi daha tarimar,
İndi eşq şamını yandırıb yaxma.
Sənə xahişim var, “ey vəfalı yar”,
Nə olar, bir daha qarşıma çıxma.
***
ELƏ HƏMİN İNSANAM

Nə vaxtdı deyirəm qaçıb ilhamım,
Bəlkə də, bu hissim məndən küsübdür,
İndi anladım ki, ötən anların
Üstündən bir soyuq külək əsibdir.

Aparıb o külək sənli günləri,
Sənsiz günlərimi mənə yetirib.
Uzaqlaşdırıb daha o xoş ünləri,
Ayrılıq sədasın tapıb, gətirib.

Fərhad Şirinçün dağı aşanda,
Vüsal dalğaları gözündən itdi.
Biz həmin limana yaxınlaşanda,
Astaca sahildən gəmimiz getdi.

Nə sənin adını, nə də bu eşqi,
İnanmıram daha sahilə yazam
Birazca da olsa tanıdın məni,
Elə həmin insan, həmin Eyvazam.
***
GETMİSƏN, BEZMİŞƏM MƏN BU ŞƏHƏRDƏN

Bu gün asta-asta küçəni gəzdim,
Payız yarpaqların taptadım, əzdim,
Yenə mən fikirli, dalğın dənizdim,
Düşdün sən yadıma o yerdə birdən,
Getmisən, bezmişəm mən bu şəhərdən

Bir zaman səninlə şad olan şəhər,
İndi mən tənhaya göstərmir hünər.
Bu yerdə səniydin ləli-simuzər,
Səni soruşmuşam mən hər nəfərdən,
Getmisən, bezmişəm mən bu şəhərdən.

Özümə deyirəm: nə qəm, nə kədər,
Heyif o günlərə vaxt getdi hədər
Sən məni sevmədin, mən sevən qədər.
Sevginlə düşürsən yadıma hərdən,
Getmisən, bezmişəm mən bu şəhərdən.
***
DOST

Fikirli olanda sənin yoldaşın,
Xəyala dalanda xəyal sirdaşın,
Hamıdan yaxının əziz qardaşın,
İnsanlar içində seçiləndi dost.

Ürəyi həmişə səninlə olan,
Vəfasız dünyada qeydinə qalan,
Bütün kainatı sənünçün alan,
Kainat mülkünün sultanıdı dost

Qaranlıq gecədə parlayan aydı,
Dalğalı dənizdi, çoşqun bir çaydı
Tanrının verdiyi ən gözəl paydı,
Dərdlərin əlacı, dərmanıdı dost.

***
NEYLƏR?

Gündüzlər aranı qatıb dolaşan,
Gecə sakit gəzən o pislər neylər?
İnsanlığın tamam satıb dolaşan,
Dost kimi görünən iblislər neylər?

Ha yaxşılıq eylə, bəlkə bu qana,
Bilmədim, bu dünya gedir hayana,
Vəzifə eşqiylə şaha, sultana
Yaxınlıq eyləyən xəbislər neylər?

Qaya kölgəsində qıvrılıb yatan,
Özünü dünyada ad-sana satan,
Namusun, qeyrətin, vicdanın atan,
Yaxşılıq dadmayan nəfslər neylər?

İnsan gərək qədir-qiymət anlasın,
Düzü istəyirəm səfləri asın,
Qoy mənə dəyməyən ilan yaşasın,
İlanı göndərən baislər neylər?

Mərd olan dostuyla çörəyin bölüb,
Nə varsa qurtarıb, nə varsa ölüb,
Namərdlər bir yerdə üzünə gülüb,
Arxana dönəndə iblislər neylər?




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info