“Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar“
Tarix: 28.05.2020 | Saat: 19:46:00 | E-mail | Çapa göndər



"Sənədlər və tarixi faktlar onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə heç vaxt almanlarla əməkdaşlıq etməyib".
Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinin araşdırmaçısı, görkəmli diplomat Ramiz Abutalıbovun APA-nın Moskva müxbirinə müsahibəsi:

-Ramiz müəllim, biz sizinlə Şərqdə ilk demokratik Respublikanın, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 102-ci ildönümü ərəfəsində görüşürük. Bu yaxınlarda sizin tarixçi Georgi Mamulia ilə birgə həmmüəllifi olduğunuz "Qafqazın azadlığı və müstəqilliyi uğrunda" (Prometey hərəkatı iştirakçılarının, müşahidəçilərin və əleyhdarların gizli sənəd və materiallarında) kitabı çapdan çıxıb. Kitabın məqsədi nədən ibarətdir. Bu kitab haqqında zəhmət olmasa məlumat verərdiniz.

- Biz Georgi Mamulia ilə 20 ildən artıqdır ki, tanışıq. O, Fransada yaşayır. Təbiidir ki, Fransada yaşayan adamın arxivlərdə işləmək şansı daha çoxdur. Ona görə də, qarşımıza belə bir məqsəd qoyduq ki, Azərbaycan mühacirət tarixi ilə bağlı Fransa arxivlərindəki olan sənədləri ictimailəşdirək. Həmin arxiv sənədlərini belə deyək, elmi dövriyyəyə buraxaq. İndiyə kimi 1 000-dən artıq sənədi çap etmişik. Bu sənədlər indiyədək öyrənilməmişdi. Çap olunan sənədlər tarixçilər üçün böyük əhəmiyyət daşıyan materiallardır. Misal üçün tək elə dörd kitab Əlimərdan bəy Topçubaşovun arxivini çap etmişik. Burada 550-yə yaxın sənəd var. Bu kitabların çap olunmasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bizə kömək edib. Bu kitabların çap olunmasında əsas məqsəd tarixçələri indiyədək öyrənilməyən sənədlərlə tanış etməkdir. O ki qaldı çap olunan son kitaba, bu əsərdə 143 sənəd öz əksini tapıb. Maraqlı məqamlardan biri, bu kitabda həm Prometey hərəkatının tərəfdarlarının, həm də əleyhdarlarının məktubları və hesabatlarının çap olunmasıdır. Misal üçün bu kitabda SSRİ Dövlət Təhlükəsizlik orqanlarının hesabatlarına bu kitabda rast gəlmək olar. 1920-30-cu illərdə SSRİ daxilində Zaqafqaziya Sosialist Respublikaları adlı dövlət vardı. Onların baş siyasi idarəsi, o vaxt ona "QPU" deyirdilər, Tiflisdə yerləşirdi. Bu idarənin xarici agentlərlə əsas əlaqəsi Tiflisdən keçirdi. Ona görə də bu kitab hazırlanarkən Tiflis arxivindən tam istifadə olunub. Bundan başqa, Əlimərdan bəy Topçubaşovun arxivindən istifadə olunub. Eyni zamanda Fransanın həm dövlət arxivi, həm Xarici İşlər Nazirliyinin arxivi, həm də prefektura, yəni, polis arxivindən istifadə olunub. Çünki polisdə də çox maraqlı sənədlər olur. Beləliklə, bu kitab Fransa, Polşa, Gürcüstan və Fransada yaşayan gürcü mühacirlərin arxiv materialları əsasında bu kitab ərsəyə gəlib.

Prometey hərəkatı 1920-ci illərdə Polşanın təşəbbüsü ilə yaranan antibolşevik xarakter daşıyırdı. Polşa Rusiyanı öz sərhədlərindən uzaqlaşdırmaq, onların əsarətində qalan xalqların müstəqilliyini istəyirdi. Məhz bu məqsədlə Prometey hərəkatı yaradılmışdı.

-Prometey hərəkatında Azərbaycanlı mühacirlərin rolu nədən ibarət olub. Qafqazın azadlığı və müstəqilliyi uğrunda bu regionun təmsilçiləri bərabər səviyyədə mübarizə aparıblarmı? Bildiyim qədəri ilə Prometey hərəkatına daxil olan Qafqazın müstəqilliyi Komitəsinin rəyasət heyətinin üç sədrindən biri Məhəmməd Əmin Rəsulzadə dəfələrlə erməni emiqrant siyasi təşkilatlara digər qafqazlı xadimlərlə birlikdə Qafqaz Konfederasiyası Paktını imzalamağı təklif edib. Lakin ermənilər bu paktı imzalamaqdan boyun qaçırıblar. Belə çıxır ki, Qafqazın bolşevik işğalından azad olunaraq müstəqillik əldə etməsinə ən böyük zərbəni ermənilər vurublar.


- Məsələ belə idi. Qafqazın müstəqilliyi Komitəsinin üç həmsədri vardı. Bunlar Azərbaycan, Gürcüstan və Şimali Qafqaz idilər. Digər ölkələrin nümayəndələri isə bir növ müşavir səviyyəsində iştirak edirdilər. Qurumun əsas orqanı “Prometey” jurnalı idi. Azərbaycan tərəfdən əsas yazar Məhəmməd Əmin bəy idi. 1917-ci ildə Müsavatın proqramına baxsanız, orada əsas məsələlərdən birinin Qafqaz xalqlarının birləşməsi məsələsinin qoyulduğunu görmək olar. Bu ideyanı Əlimərdan bəy Topçubaşov da hər zaman təbliğ edib. Azərbaycan tərəfi hər zaman Qafqaz xalqlarının birləşməsi və müstəqilliyini təbliğ edib. Lakin ermənilərin iddiası daha çox idi. Onlar Türkiyəyə ərazi iddiaları ilə çıxış edirdilər. Təbii ki, buna heç kəs razı olmurdu. Ancaq sizə deyim ki, iki nəfər Xaatisyan və Camalyan 1939-cu ilin sonu, 1940-cı ilin əvvəlində Qafqaz Konfederasiyasına daxil olmağa razılıq verirlər. Lakin daha gec idi. İkinci Dünya müharibəsi başlamışdı, Polşa istədiyi yardımı Qafqazlı mühacirlərə edə bilmirdi. Buna baxmayaraq Polşanın istəyi vardı.

-Azərbaycanlı mühacirlərin 30-40-cı illərdə Almaniyadakı fəaliyyəti barədə danışmağınızı istərdik. Xüsusi ilə də Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı fəaliyyəti haqqında tarixi faktlar nəyi göstərir?

- Məhəmməd Əmin bəy Türkiyədə yaşayırdı. Bu ölkədə onun nəşr etdirdiyi qəzet və jurnallar antisovet xətti daşıyırdı. Məhz buna görə vaxtaşırı Türkiyə hökuməti tərəfindən xəbərdarlıq alırdı ki, bir az antisvet tonu azaldılsın. Ancaq kəskin məqalələr çap olunmağa davam edirdi. Türkiyənin o zaman Sovetlər İttifaqı ilə müqaviləsi vardı ki, orada üçüncü qüvvənin bu ölkələrdə fəaliyyətinə imkan verilməməsi qeyd olunmuşdu. Üçüncü qüvvə isə Türkiyədə azərbaycanlılar idi. Bununla da 1929-cu ildə Məhəmməd Əmin Rəsulzadə Varşavaya köçməyə məcbur olur. Oradan isə Almaniyaya gedir. O, Almaniyada iki maraqlı qəzet və jurnal buraxılmışdı. Bunlar "İstiqlal" qəzeti və "Qurtuluş" jurnalı idi. "Qurtuluş" alman dilində də nəşr olunurdu. 1930-cu illərdə Məhəmməd Əmin bəy Almaniyada ancaq təbliğat fəaliyyəti göstərib. Mühacirətdə azərbaycanlılar arasında müxtəlif fikirlər olub. Bəziləri Azərbaycanda Sovetlər İttifaqına qarşı üsyanın qaldırılmasının tərəfdarı olublar. Lakin Məhəmməd Əmin bəy deyirdi ki, bizim indi ancaq təbliğat etmək imkanımız var. Təbliğatla Azərbaycana münasibətdə ictimai fikir yaxşı istiqamətə dəyişmək olar.

Daha sonra İkinci Dünya müharibəsi başladı. 1941-ci ildə Almaniya SSRİ-yə müharibə edəndən sonra 5 milyona yaxın Sovet əsgəri əsir düşdü. Burada bir maraqlı məqam var. Ondan heç kəs danışmır. Lakin bilmək lazımdır ki, Sovetlər İttifaqı əsirlərlə bağlı Qızıl Xaç Cəmiyyətinə üzv olmadığından və əsirlərlə bağlı Konvensiyaya qoşulmadığından bu ölkənin əsirlərinin vəziyyəti çox pis idi. Məhz bu zaman legion məsələsi ortaya çıxdı. Onu da deyim ki, Hitler əsirlərdən formalaşdırılan legionun tərəfdarı olmayıb. Legionlar təşkil olunanda almanlar sanballı mühacirləri danışıqlar aparmaq üçün Almaniyaya dəvət edirdilər. O zaman Almaniya hökumətində Şərq əraziləri nazirliyi yaradılmışdı. Həmin nazirlikdə Qafqaz departamenti fəaliyyət göstərirdi. Bu departamentin rəhbəri isə professor türkoloq şərq Gerxard fon Mendey idi. Məhəmməd Əmin Rəsulzadənin danışıqları məhz onunla olub. Müəyyən vaxtdan sonra Məhəmməd Əmin bəy Almaniyadan müstəqillik məsələsində güzəştə gedilməyəcəyini anlayır. Bundan sonra Rəsulzadə Rumıniyaya gedir. Orada Türkiyənin bu ölkədəki səfiri Subhi Tanrıverin yanında qalır. Məhəmməd Əmin bəyi ikinci dəfə Almaniyaya çağırırlar. Yenə Gerxard fon Mendey Məhəmməd Əmin bəydən Azərbaycan legionunun formalaşmasına rəhbərlik iştirak etməyi xahiş edirdi. Lakin bu dəfə də onların danışıqları alınmır. Mən indi istəmirəm kimisə günahlandırım, lakin bizim tarixçilərimiz arasında da Məhəmməd Əmin bəyin Milli Komitəyə rəhbərlik etməsi haqqında fikirlər var. Ancaq ortaya çıxan sənədlər onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə heç vaxt Milli Komitəyə rəhbərlik etməyib. Misal üçün, Türkiyədə 2004-cü ildə keçmiş legionçu Cabbar Məmmədzadənin (sonradan soyadını Ertürk etmişdi) xatirələri çap olunub. O yazırdı ki, bizim çoxsaylı xahişlərimizə baxmayaraq Məhəmməd Əmin bəy Azərbaycan Milli Komitəsinə başçılıq etməyə razılıq vermədi. Daha sonra Rusiya tarixçisi, Kazan Universitetinin professoru Gilyazov "Şərq legionları" adlı kitabında Azərbaycan milli Komitəsinə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etməsi ilə bağlı danışıqlar aparılıb, lakin Rəsulzadə buna razılıq verməyib. Ən sanballı sənəd isə alman tarixçisi Patrik Mülenin "Qızıl ulduzdan Qamali xaça" kitabıdır. Orada qeyd olunur ki, Gürcüstan və Ermənistan milli komitələri kağız üstündə yaradılmışdısa da, Azərbaycan milli komitəsi ancaq Rəsulzadənin adı ilə bağlı bir epizod idi. Demək Azərbaycan Milli Komitəsinin Rəsulzadənin rəhbərliyi ilə yaradılması kağız üstündə də olmayıb. Daha sonra isə milli komitə başqa adla yaradılır və ona mayor Fətəli bəy Düdənginski rəhbərlik edir. Tarixi faktlar onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə Hitler Almaniyası ilə əməkdaşlıq etməyib.

-Bu gün postsovet məkanında tarixin siyasiləşdirilməsi müşahidə olunur. Ancaq bu siyasiləşdirilmə tamamilə əsassız və səthi müqayisəli tarixi analizlərin və tarixi keçmişdə yeri olmayan faktların manipulyasiyası ilə müşayiət edildiyi zaman təəssüf hissi doğurur. Ermənistanın baş naziri Nikol Paşinyanın Məhəmməd Əmin Rəsulzadə ilə bağlı səsləndirdiyi iddialardan yəqin ki, xəbəriniz var. Bu dövrün araşdırmaçısı kimi Paşinyanın fikirlərinə münasibət bildirməyiniz çox maraqlıdır.

- Yenə qayıdaq 40-cı illərin Almaniyasına, orada bir təbliğat naziri vardı, Gebbels. O deyirdi ki, yalanı yüz dəfə desən, axır kimsə inanacaq. Paşinyan da onun kimi, yalanı dəfələrlə deyir ki, bəlkə sonra kimsə inanacaq. Bir daha deyirəm, sənədlər və tarixi faktlar onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə heç vaxt almanlarla əməkdaşlıq etməyib. Paşinyanın iddialarının heç bir sübutu ola bilməz. Bu gülünc bir şeydir. Yalan təbliğat üçün istifadə olunur.

-Aydındır ki, Paşinyanın bu sayıqlamaları Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq tribunalardan Ermənistanda faşist Qaragin Njdeyə abidə qoyulmasını dünya ictimaiyyətinə çatdırmasına qarşı uğursuz cəhddən başqa bir şey deyil. Lakin bununla belə Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından olan Məhəmməd Əmin bəyin, bütün səyləri Azərbaycanın və digər Qafqaz respublikalarının müstəqilliyinə nail olunmasına istiqamətlənən siyasi xadimin faşistlərin əlaltısı, nasist cəllad olduğu tarixi sənədlərlə təsdiqlənən Njde ilə müqayisə olunması nə dərəcədə etikdir?

- Məhəmməd Əmin bəy Njde ilə heç vaxt müqayisə oluna bilinməz. Rəsulzadə 1917-ci ildən Qafqaz xalqlarının birliyinin tərəfdarı olub. Njdenin nəzəriyyəsində isə Qafqaz birliyinin tərəfdarı olmasına aid bir cümləyə belə rast gəlmək mümkün deyil. Njde hərbçi olub, Rəsulzadə isə jurnalist, publisist və siyasi xadim... Njdeni bəlkə də Düdənginski ilə müqayisə etmək olar. Çünki hər ikisi faşistlər tərəfində Sovetlər İttifaqına qarşı vuruşublar.

-Ramiz müəllim, Avropanın, xüsusi ilə də Fransa, Almaniya və Polşa arxivlərinin Məhəmməd Əmin Rəsulzadənin faşist Almaniyası ilə heç bir işbirliyində olmamasını sübut edir. Maraqlıdır, Rusiya arxivləri bu barədə nə deyir?

- Rusiya arxivlərində də belə məlumata rast gəlinmir. Əgər belə bir sənəd və ya hansısa məlumat olsaydı ortaya çıxardı. Əksinə, Rusiyanın Dövlət arxivində tapılan sənəddə 30-cu illərdə SSRİ Dövlət Təhlükəsizlik Orqanının kəşfiyyat idarəsinin rəisi Pavel Fitin yazır ki, Qafqaz mühacirətləri arasında ən güclü siyasi xadim Məhəmməd Əmin Rəsulzadədir. Bundan başqa Rusiya Dövlət arxivində tapılan digər sənəddə isə Məhəmməd Əmin bəyin Polşada olan zaman bütün görüşləri haqqında SSRİ kəşfiyyatının məlumatlı olduğu qeyd olunub. Çox güman ki, Polşa xarici işlər nazirliyində SSRİ kəşfiyyatına işləyən adam olub, ya da ki, Rəsulzadənin ətrafındakılardan kimsə rus kəşfiyyatına işləyirmiş. Çünki sənəddə qeyd olunur ki, Rəsulzadənin görüşləri barədə məlumat həmin görüşlər baş verən gününün sabahı gəlirdi. Maraqlananlar oxuya bilər, kəşfiyyat generalı Lev Satskovun Moskvada "Neizvestnıy separatizm" adlı bir kitabı çıxıb. Orada o, bu haqda yazıb.

-Məhəmməd Əmin bəyin Moskva həyatı haqqında arxivlər nə deyir?

- Finlandiyada Tahirə Cəfərova adlı bir xanım yaşayır. Onun atasının əmisi Məmmədyusif Cəfərovu Cümhuriyyət dövründə Azərbaycanın xarici işlər naziri olub. Tahirə xanım öz ailəsi haqqında araşdırmalar aparan zaman Finlandiyada tatar cəmiyyəti arasında azərbaycanlıların olmasının mümkünlüyü barədə məlumat əldə edib. Finlandiya arxivlərində araşdırma aparan zaman Məhəmməd Əmin bəyin Petroqraddan, indiki Sankt-Peterburqdan Finlandiyaya qaçması barədə sənəd tapıb. bu sənəddə Məhəmməd Əmin Rəsulzadənin sərhədi keçən zaman polis tərəfindən saxlanılması haqqında olub. Həmin sənəddə Rəsulzadənin izahatı qeyd olunub. Anket formasında olan izahatda Məhəmməd Əmin bəyin son Preçistinskiy bulvar, 29, mənzil 14-də, indiki Qoqolevskiy bulvar, 29 ünvanında yaşadığı qeyd olunub. Apardığımız araşdırmalar zamanı 20-ci illərdə həmin binada, 16-cı mənzildə Sovetlər İttifaqının Millətlər Nazirliyinin yerləşdiyi məlum olub. Millətlər naziri isə İosif Stalin olub. Stalin Rəsulzadəni öz yanında saxlayıb, eyni binada yaşayıblar. Belə bir versiya var ki, o zaman Stalinlə Nəriman Nərimanovun münasibətləri kəskin olub. O, Nərimanovun yerinə, Azərbaycan SSR-nin birinci katibi vəzifəsinə Məhəmməd Əmin Rəsulzadənin gətirmək istəyirmiş. Stalinlə Məhəmməd Əmin bəy çox yaxın olublar. Moskvada onların bir binada yaşaması da buna işarə edir.

-Siz Azərbaycanın Cümhuriyyət və siyasi mühacirət tarixinin dəyərli araşdırmaçılarından birisiniz. Cümhuriyyət tariximizin araşdırılmayan dövrü, indiyədək öyrənilməyən səhifəsi qalıbmı?

- Heç kəs deyə bilməz ki, bütün arxivləri öyrənib, sənədlərlə tanış olub. Əlbəttə, hələ öyrənilməyən sənədlər qalıb. Mən deyərdim ki, bizim mühacirət tarixinin İran hissəsi öyrənilməyib. Bilirik ki, İranda mühacirətdə olanlarımız çox olub. Çünki İran sərhədini keçmək o dövrdə çox asan idi. 20-30-cu illərdə İranda çoxlu azərbaycanlı mühacirlər vardı. Hətta Müsavat partiyasının özəyi İranda fəaliyyət göstərirdi. Məhəmməd Əmin bəyin əmisi oğlu Məmmədəli Rəsulzadə, Müsavat Partiyasında müavini olmuş Mirzəbala Məmmədzadə mühacirət həyatlarını İrandan başlayıblar. Bizim mühacirətin İran dövrü yaxşı işlənməyib. Ümid edirəm, bu sahəni kimsə işləyəcək və ortaya yeni sənədlər, yeni faktlar çıxacaq. Bir maraqlı faktı deyim. Bakıda arxivdə belə bir sənəd tapılıb. bu sənəd Məhəmməd Əmin bəy Türkiyədə mühacirətdə olan zaman Məmmədəli Rəsulzadəyə yazdığı məktubun sürətidir. İki əmioğlu məktublaşıblar, bu məktubun sürətinin Bakıya gəlib çıxması necə mümkün ola bilərdi? Bu onu göstərir ki, SSRİ kəşfiyyatı İranda gözəl işləyirmiş, poçt işçilərini pulla ələ alıb, məlumatlar əldə edirmişlər. Ona görə də, mühacirət tariximizin İran hissəsi ətraflı öyrənilməlidir.




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
“Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
07.07.2020
“Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
04.07.2020
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
04.07.2020
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
03.07.2020
Səfir: Azərbaycan və Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
3 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info