Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün strategiyası
Tarix: 02.06.2020 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş

Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil ilə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

Uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur.

Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşularaq, uşaqlarla bağlı qanunvericiliyi beynəlxalq normalara uyğun təkmilləşdirmişdir. Bununla yanaşı, BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan və 2016-cı ildən qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri uşaqların rifahının yüksəlməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini zəruri edir.

Ölkənin iqtisadi inkişaf tempi aztəminatlı ailələrdən və Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünə çevrilmiş ailələrdən olan uşaqların, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların hərtərəfli inkişafı istiqamətində tədbirlərin gücləndirilməsinə imkan verir.

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” (bundan sonra – Strategiya) Azərbaycan Respublikasında uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqları müdafiənin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edir.

2. Azərbaycan Respublikasında uşaq hüquqları sahəsində mövcud vəziyyət

2020-ci ilin əvvəlində Azərbaycan əhalisinin 26,2 faizini, yəni 2636,8 min nəfərini uşaqlar təşkil etmişdir.

Azərbaycan Respublikasında 1998-ci ildə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, 2002-ci ildə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, 2003-cü ildə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, 2005-ci ildə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilmişdir.

Həmçinin Azərbaycan Respublikası 2002-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolu”nu və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokolu”nu, 2008-ci ildə “Əlillərin hüquqları haqqında” Konvensiyanı ratifikasiya etmiş, 1993-cü ildə Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 138 saylı Konvensiyasına və 2004-cü ildə “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyasına, 2000-ci ildə “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasına, 2004-cü ildə “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya, 2019-cu ildə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasına və digər beynəlxalq sənədlərə qoşulmuş və bunun nəticəsi olaraq milli qanunvericilikdə mühüm islahatlar aparılmışdır.

Qəbul edilmiş normativ hüquqi aktlar uşaq problemlərinin həllində mühüm rol oynayır. Bununla yanaşı, çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində daha səmərəli tədbirlər görülməsinə, onların cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına və çevik prosedurların müəyyənləşdirilməsinə ehtiyac vardır.

2013-cü ildə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2018-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 550 nömrəli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014–2020-ci illər üçün Dövlət Proqramı”, 2018-ci il 10 may tarixli 64 nömrəli Sərəncamı ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət sahəsində aparılan yeni hüquqi və institusional islahatlar dövlət uşaq müəssisələrinin monitorinqinin aparılmasına, uşaqlarla bağlı ölkədə həyata keçirilən tədbirlərin qiymətləndirilməsinə və bu sahədə çatışmazlıqların müəyyən edilməsinə imkan yaradır. Bununla yanaşı, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumların işinin beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir.

Həyata keçirilən tədbirlər ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etmiş, perinatal yardım sahəsində islahatları sürətləndirmişdir. Ölkədə ana və uşaqların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlər nəticəsində ana və körpə ölümü göstəriciləri azalmışdır. Belə ki, ana ölümü əmsalı hər 100 min diridoğulana 2010-cu ildə 15,7 olmuşdursa, 2019-cu ildə bu rəqəm 14,9 təşkil etmişdir. Körpə ölümü göstəricisi isə hər 1000 diridoğulana 2010-cu ildə 11,2 idisə, 2019-cu ildə 11,0 təşkil etmişdir.

Azərbaycan Respublikasında hazırda anemiya ciddi bir problem olaraq qalır və ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstə uşaqların sayında artım müşahidə edilir. Yod və A vitamini çatışmazlığı olan uşaqların sayında azalma müşahidə edilsə də, boyatmanın ləngiməsi və zəifliyi olan uşaqların sayında cüzi artım izlənilir. Bu baxımdan aztəminatlı ailələrin uşaqlarının müayinəsinə və müalicəsinə dövlət dəstəyinin gücləndirilməsi, reproduktiv sağlamlıq xidmətinin genişləndirilməsi, aztəminatlı ailələrdən olan qadınların qadın məsləhətxanalarının xidmətlərindən istifadə imkanlarının artırılması önəmlidir.

Erkən yaşda uşağın sağlam qidalanmasının təmin edilməsi üçün ana südü ilə qidalanmanın təbliği, uşaq qidaları və uşaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə ciddi nəzarətin həyata keçirilməsi zəruridir. Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 2019-cu ildə 72979 nəfər olmuşdur. Bu rəqəmin ölkə üzrə uşaqların ümumi sayının təqribən 2,8 faizini təşkil etməsinə baxmayaraq, son 5 ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayında artım müşahidə olunur. Əsas səbəblər isə qohumlar arasında nikah nəticəsində yaranan genetik xəstəliklər, erkən nikah və doğuş vaxtı alınan travmalardır. Bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi, xüsusilə regionlarda ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi çox önəmlidir. Uşaqlar arasında inkişaf geriliyinin erkən aşkarlanması, sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və erkən müdaxilənin təmin olunması üçün bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması vacibdir.

Erkən uşaqlıq dövrünün inkişafına uşaqların qidalanması, sağlamlığı ilə yanaşı, onların sağlam və təhlükəsiz ailə mühitində tərbiyəsi, əqli və psixi inkişafı da daxildir. Dünya təcrübəsində tətbiq edilən erkən uşaqlıq dövrünün inkişafı mərkəzləri uşağın erkən yaşda tərbiyə olunmasında valideyn iştirakının təmin edilməsi, uşağın sağlamlığı ilə bağlı problemlərin vaxtında aşkarlanması və gərəkli müdaxilə baxımından valideynlərə yardımın göstərilməsində mühüm rol oynayır.

Uşaqların təlim-tərbiyəsi işinin təşkili onların erkən yaşda inkişafının əsas komponentidir. Ölkədə uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə artırılması üçün zəruri təşkilati-pedaqoji tədbirlərin həyata keçilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 1 yanvar tarixinə ölkədə 2–5 yaşlı uşaqların sayı 661,0 min nəfər olmuş, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumi təhsil müəssisələrində məktəbəhazırlığa cəlb olunmuşların 1–5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi 28,5 faiz təşkil etmişdir. Bu göstərici 2010-cu illə müqayisədə 10 faiz çoxdur. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi 5 yaşınadək uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən fərdi yanaşma əsasında təhsilin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Uşaqların fiziki, əqli və mənəvi inkişafı, sosial bacarıqlarının artırılması üçün məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi, tərbiyəçi-müəllimlər və dayələr üçün peşə hazırlığının təkmilləşdirilməsi, valideynlərin zəruri məsləhət xidməti ilə təmin edilməsi vacibdir.

Çətin həyat şəraitində olan uşaqlara (valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan, məişət zorakılığından zərər çəkmiş, insan alverinin qurbanı olmuş uşaqlara) son illərdə dövlətin qayğı və dəstəyi daha da artırılmış, sağlamlıq imkanları məhdud olan, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi gücləndirilmiş, onların təhsil imkanları genişləndirilmişdir. Çətin həyat şəraitində olan uşaqlara sosial xidmətlər göstərilməsi ilə bağlı ümumi hüquqi çərçivə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qəbildən olan ayrı-ayrı kateqoriyalara aid uşaqların hüquqlarının müdafiəsi üzrə xüsusi mexanizmlər isə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmişdir.

Respublikada dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılmışdır.

Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006–2015-ci illər) icrası dövründə internat məktəblərin əksəriyyəti peşə liseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunmuş, bəzi internat məktəblər ləğv edilmiş və dövlət uşaq müəssisələrinin sayı 53-dən 24-ə qədər azalmışdır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, internat məktəblərində həm təhsil alan, həm də yaşayan uşaqların bir qisminin bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılması nəticəsində bu müəssisələrdə yaşayan uşaqların sayı 2006-cı ildə 2441-dən 2019-cu ildə 862-yə qədər azalmışdır.

Regionlarda yaşayan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil almaq üçün ailələrindən ayrılaraq paytaxtda yerləşən dövlət uşaq müəssisəsinə yerləşdirilməsi halları mövcuddur. Bu istiqamətdə regionlarda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün təhsil imkanlarının artırılması xüsusi əhəmiyyət kəsb edir.

Uşaqlara qarşı məişət zorakılığının, uşaqların baxımsızlığının profilaktikası onların sosial təhlükəli vəziyyətə düşməsinin qarşısını alır. Bu kateqoriyalardan olan uşaqların, habelə ailələrin aşkar edilməsi və reabilitasiyası üzrə təminatlar, sosial xidmət müəssisələrinin yaradılması və fəaliyyəti ilə bağlı normalar qanunvericilikdə öz əksini tapmışdır.

Cinayət törətmiş uşaqların sayı ötən illərlə müqayisədə qismən azalmışdır. Məhkum olunmuş uşaqların əksəriyyəti oğurluq hərəkətləri törətmişlər.

Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası üzrə ən vacib məsələlərdən biri yetkinlik yaşına çatmayanların hüquqlarının ədalət mühakiməsi prosesində tam təmin edilməsidir. Bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi beynəlxalq normalara əsas etibarilə uyğun gəlir. Son illərdə həyata keçirilən məhkəmə-hüquq islahatları uşaqların da maraqlarına müsbət təsir göstərir. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 28 iyul tarixli 652 nömrəli Qərarı ilə ölkəmiz BMT Baş Məclisinin 1985-ci il noyabrın 29-da qəbul etdiyi “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”na qoşulmuş, milli qanunvericilik bu sənəddən irəli gələrək təkmilləşdirilmişdir.

Uşaq əməyinin və uşaqların cinsi istismarının qarşısının alınması istiqamətində ölkədə mütəmadi tədbirlər görülür. Ölkədə uşaqların əməyə cəlbolunma səviyyəsinin qiymətləndirilməsinə, bu sahədə problemlərin araşdırılmasına, uşaq əməyinə dair beynəlxalq konvensiyalarda nəzərdə tutulan fəaliyyətlərin daha da gücləndirilməsinə, bu istiqamətdə Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə, həmçinin uşaq əməyindən yararlanma və onların cinsi istismarı ilə mübarizə sahəsində əlaqələndirmə mexanizminin yaradılmasına, maarifləndirmə işlərinin aparılmasına ehtiyac vardır. Uşaqların əməyə cəlb edilməsi hallarının aşkarlanması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi zəruridir.

Uşaqların fiziki inkişafı və sağlam həyat tərzi keçirmələri üçün istirahətin, asudə vaxtın düzgün və səmərəli təşkili xüsusi əhəmiyyət kəsb edir. Son illərin statistikası göstərir ki, uşaq teatrlarına gedən, həmçinin uşaq dərnək və kollektivlərində iştirak edən uşaqların sayı azalmaqdadır. Uşaq dərnəklərinin və kollektivlərinin sayı 2010-cu ilin əvvəlində 3517 olduğu halda, 2019-cu ilin əvvəlində onların sayı 1953-ə enmiş, iştirakçıların sayı müvafiq dövr ərzində 42,1 min nəfərdən 31 min nəfərədək azalmışdır. Odur ki, uşaqların mədəni-estetik inkişafı, asudə vaxtının düzgün və səmərəli təşkilinin gücləndirilməsi vacibdir. Bu sahədə dövlət və qeyri-dövlət sektorunun aktiv fəaliyyəti üçün mexanizmlərin işlənib hazırlanmasına ehtiyac vardır.

3. Strategiyanın məqsədi

Strategiyanın əsas məqsədi Azərbaycan Respublikasında uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, Azərbaycan Respublikasının ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.

4. Strategiyanın prioritet istiqamətləri

4.1. Uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi istiqamətində aşağıdakı prioritetlər müəyyən edilir:

4.1.1. uşaq hüquqlarının təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi;

4.1.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi;

4.1.3. uşaq hüquqlarının müdafiəsi, onların problemlərinin həlli sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə mütəxəssislərin hazırlanması;

4.1.4. uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi;

4.1.5. çətin şəraitdə yaşayan uşaqların aşkarlanması və onlar barəsində təxirəsalınmaz sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılması;

4.1.6. baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;

4.1.7. alternativ qayğı xidmətlərinin (himayədar (foster) qayğı xidməti, ailə tipli kiçik qrup evi) tətbiqi və inkişaf etdirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübəyə əsaslanan tələblərin müəyyənləşdirilməsi;

4.1.8. uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması ilə bağlı qanunvericiliyin təhlili və təkmilləşdirilməsi;

4.1.9. ədalət mühakiməsinin həyata keçirilməsi zamanı uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin təhlili və təkmilləşdirilməsi.

4.2.Erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması istiqamətində aşağıdakı prioritetlər müəyyən edilir:

4.2.1. körpə və ana ölümü hallarının sayının azaldılması məqsədilə profilaktik tədbirlərin gücləndirilməsi, bu sahədə antenatal, perinatal və neonatal xidmət mütəxəssislərinin ixtisasının artırılması;

4.2.2. körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinə və süni qida məhsullarından istifadənin sağlamlıq üçün risklərinə dair təbliğat işinin təşkil edilməsi;

4.2.3. uşaq qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi, uşaq qida məhsullarının istehsalı və çeşidinin artırılması istiqamətində stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;

4.2.4.uşaqların ana südü ilə qidalanmasının təmini məqsədilə işləyən analarla bağlı əmək qanunvericiliyinin tələblərinə işəgötürənlər tərəfindən riayət olunmasına nəzarətin gücləndirilməsi;

4.2.5. ailədaxili sosial-psixoloji işin və fəaliyyətin təşkili üçün ailə məsləhət mərkəzlərinin yaradılması;

4.2.6. erkən uşaqlıq dövründə uşaqlara göstərilən sosial xidmətlərin effektivliyinin artırılması, uşaqlarla işləyən mütəxəssislərin peşəkarlığının, eləcə də valideynlərin bacarıqlarının artırılması;

4.2.7. sağlamlıq imkanlarının məhdudluğuna səbəb ola biləcək halların vaxtında müəyyənləşdirilməsi üçün beynəlxalq metodların, həmçinin uşaq inkişafının pozulması hallarının əvvəlcədən aşkarlanması istiqamətində diaqnostik metodikanın tətbiqi və sistemləşdirilməsi, erkən müdaxilə proqramlarının tətbiq edilməsi;

4.2.8. məktəbəqədər təhsil müəssisələrinin tikintisi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsi.

4.3. Çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aşağıdakı prioritetlər müəyyən edilir:

4.3.1. dövlət uşaq müəssisələrinin məzunu olan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası üçün sosial xidmət müəssisələrinin yaradılması;

4.3.2. dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili, xüsusilə gənc məzunların təhsilinin və məşğulluğunun təmin edilməsi, sosial təminatı və sosial müdafiəsi ilə bağlı məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi, bu sahədə işin inkişaf etdirilməsi və mütəxəssislərin potensialının artırılması;

4.3.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların övladlığa götürülməsinin təşviq edilməsi;

4.3.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların inklüziv təhsilinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi;

4.3.5.kənd yerlərində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə (səyyar) sosial xidmətlərin təşkil edilməsi;

4.3.6.uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməsi, ailədaxili münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

4.3.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailə əsaslı alternativ xidmətlər (himayədar (foster) qayğı xidməti, ailə tipli kiçik qrup evi) sisteminin tətbiqi və inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi;

4.3.8. sosial sifariş əsasında günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşviq edilməsi, onların regionlarda genişləndirilməsi və mövcud mərkəzlərin işinin təkmilləşdirilməsi;

4.3.9. aidiyyəti dövlət orqanlarına (qurumlarına) uşaqların məruz qaldıqları zorakılıq hallarına dair məlumat verilməsi və onların yardım almaq imkanlarının genişləndirilməsi üçün qaynar xətt xidmətlərinin təşkil edilməsi;

4.3.10. tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi;

4.3.11. zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi və onlara müvafiq sosial xidmətlər göstərilməsi işinin təkmilləşdirilməsi;

4.3.12. erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi, maarifləndirmə işinin təşkili;

4.3.13. aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi məqsədilə dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığının təşviqi;

4.3.14. uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində tədbirlərin səmərəliliyinin artırılması;

4.3.15. uşaq əməyinin istismarı hallarının mənfi nəticələri barədə ictimaiyyətin maarifləndirilməsi, dövlət qurumları və biznes strukturları nümayəndələrinin uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili;

4.3.16. əməyə cəlb edilmiş məktəbli uşaqların icbari təhsili başa vurmalarının təmin edilməsi istiqamətində davamlı tədbirlər görülməsi;

4.3.17. uşaqların baxımsızlığının və kimsəsizliyinin qarşısının alınması məqsədilə çətin həyat şəraitində olan ailələrin müəyyənləşdirilməsi və onlarla profilaktik xarakterli işin gücləndirilməsi;

4.3.18. baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönəldilməsi istiqamətində tədbirlər görülməsi;

4.3.19.“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyasına və inteqrasiyasına dair layihələrin dövlət qurumlarının maliyyələşdirməsi istiqamətində dəstəyin artırılması;

4.3.20. cinayətin şahidi olan və zərərçəkmiş uşaqların psixo-sosial reabilitasiyası istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi;

4.3.21. təhsil müəssisələrində psixoloji xidmətin təkmilləşdirilməsi və təşviqi;

4.3.22. hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranış qaydalarının hazırlanması və təlim proqramlarının həyata keçirilməsi;

4.3.23. cinayət və ya digər hüquq pozuntuları törədən, həmçinin cinayət nəticəsində zərərçəkmiş uşaqlara və müvafiq işlər üzrə onların qanuni nümayəndələrinə ödənişsiz və keyfiyyətli hüquqi yardım göstərilməsi;

4.3.24. qeyri-dövlət sektoru tərəfindən çətin həyat şəraitində olan uşaqlarla bağlı layihələrin həyata keçirilməsinin təşviqi.

4.4. Uşaqların mədəni-estetik tərbiyəsi və onların mədəni tədbirlərdə iştirakının təmin edilməsi istiqamətində aşağıdakı prioritetlər müəyyən edilir:

4.4.1. xüsusi istedadı olan uşaqların aşkarlanması istiqamətində fəaliyyətin gücləndirilməsi;

4.4.2. uşaqlarda düzgün ilkin nitq və nitq vərdişlərinin və bacarıqlarının formalaşdırılması məqsədilə müvafiq tövsiyələrin hazırlanması;

4.4.3. müxtəlif yaşlı uşaqların Azərbaycan dili biliklərini inkişaf etdirəcək müasir vasitələrlə (jurnallar, kitablar, televiziya verilişləri və s.) təminatı imkanlarının yaradılması;

4.4.4. uşaq teatrının və uşaqların ədəbi-bədii yaradıcılığının inkişafı istiqamətində tədbirlərin genişləndirilməsi;

4.4.5. uşaqlar arasında sağlam həyat tərzinin və fiziki inkişafın təbliği, həmçinin onların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi;

4.4.6. uşaqların ekoloji sahədə maarifləndirilməsi işinin təşkili;

4.4.7. kitabxanaların uşaq şöbələrinin, kitab fondlarının zənginləşdirilməsi, fondda saxlanılan informasiya resurslarının müxtəlifliyinin və müasir texnologiyalardan istifadə etməklə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün uyğunlaşdırılmasının (Brayl əlifbası, audiokitablar və s.) təmin edilməsi;

4.4.8.uşaqların asudə vaxtının təşkili işinin gücləndirilməsi, uşaq istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin səmərəliliyinin artırılması;

4.4.9. məktəbdənkənar təhsil müəssisələrinin inkişafı istiqamətində tədbirlər görülməsi;

4.4.10. uşaqların zərərli informasiyadan qorunması istiqamətində tədbirlərin gücləndirilməsi;

4.4.11. uşaqlar (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların maraqları nəzərə alınmaqla) üçün teleradio məhsullarının, xüsusilə cizgi filmləri, uşaq mahnıları, uşaq tamaşaları, maarifləndirici xarakterli sosial çarxlar hazırlanmasına dair dövlət sifarişlərinin verilməsi;

4.4.12. uşaqların dünyagörüşünün və biliklərinin artırılması məqsədilə müasir tərtibatda bədii ədəbiyyat nümunələrinin və vəsaitlərin sayının artırılması;

4.4.13. informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ondan istifadə imkanları nəzərə alınmaqla uşaqların inkişafı və düzgün tərbiyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi;

4.4.14. informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi, uşaqlarda yaşına uyğun innovativ vərdişlərin yaradılması, uşaqların texniki yaradıcılıq potensialının və alqoritmik düşüncə bacarıqlarının artırılması;

4.4.15. uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının müxtəlif formalarda təmin edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi;

4.4.16. uşaqlarla bağlı keçirilən tədbirlərdə məcburi köçkün ailələrdən olan, Ermənistan¬¬–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasına yaxın yaşayan uşaqların iştirakının təmin edilməsi və onlara sosial-psixoloji dəstək göstərilməsi;

4.4.17. uşaq paralimpiya, deflimpiya və xüsusi olimpiya hərəkatlarının inkişaf etdirilməsi;

4.4.18. işarət dilinin tədrisi və inkişaf etdirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi;

4.4.19. xaricdə yaşayan azərbaycanlı uşaqların Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini mənimsəməsi istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi;

4.4.20. uşaqların zərərli vərdişlərdən qorunması barədə təhsil müəssisələrində səmərəli maarifləndirmə işinin görülməsi;

4.4.21. uşaqların bədən tərbiyəsi və idmana cəlb edilməsi üçün infrastrukturun yaxşılaşdırılması.

4.5. Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində aşağıdakı prioritetlər müəyyən edilir:

4.5.1. qəyyumluğa, himayəyə, habelə övladlığa götürülmüş uşaqların mərkəzləşdirilmiş məlumat bazasının yaradılması;

4.5.2. qəyyumluğa, himayəyə və övladlığa götürülmüş uşaqların sonrakı təhsil, tərbiyə və sağlamlıq vəziyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı mövcud mexanizmin təkmilləşdirilməsi;

4.5.3. təhsildənyayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər görülməsi;

4.5.4. Azərbaycan Respublikasında uşaq əməyinin səbəbləri, əsas xüsusiyyətləri, coğrafiyası və qarşısının alınması istiqamətində təhlillər aparılması;

4.5.5. çətin həyat şəraitində olan, əməyə cəlb edilən və cinsi istismara məruz qalan uşaqların aşkar edilməsi məqsədilə monitorinq mexanizminin yaradılması, bu istiqamətdə aidiyyəti dövlət orqanlarının (qurumlarının) əməkdaşları üçün təlimlər keçirilməsi;

4.5.6. uşaqlara qarşı zorakılıq, erkən nikah hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması istiqamətində problemlərin öyrənilməsi məqsədilə statistik müayinələr aparılması;

4.5.7. uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi.

5. Strategiyanın həyata keçirilməsi

5.1. Strategiya kütləvi informasiya vasitələri ilə və digər yollarla əhaliyə, müvafiq dövlət orqanlarına (qurumlarına), qeyri-hökumət təşkilatlarına, qeyri-dövlət sektoruna və digər hədəf qruplarına çatdırılır.

5.2. Strategiyanın həyata keçirilməsi 2020–2025-ci və 2026–2030-cu illəri əhatə edən iki fəaliyyət planının reallaşması ilə təmin edilir. Fəaliyyət planlarını Azərbaycan Respublikasının Prezidenti təsdiq edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Strategiyanın icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.

5.3. Dövlət büdcəsi vəsaiti hesabına icrası nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi Strategiyanın həyata keçirilməsinə dair fəaliyyət planına uyğun olaraq, əsas icraçı qismində müəyyən edilən dövlət qurumlarına ayrılan büdcə təxsisatları daxilində təmin olunur.

6. Strategiyanın icrasından gözlənilən nəticələr

6.1. Strategiyanın icrasından gözlənilən nəticələr aşağıdakılardır:

6.1.1. uşaq hüquqlarının müdafiəsi ilə bağlı çevik institusional mexanizmin formalaşdırılması;

6.1.2. erkən yaş dövründə uşaqların fiziki və psixoloji inkişafı ilə bağlı tədbirlərin effektivliyinin artırılması;

6.1.3. xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsillə, tibbi və sosial xidmətlərlə əhatə olunması;

6.1.4. çətin həyat şəraitində olan ailələrin uşaqlarının sosial müdafiəsinin daha da gücləndirilməsi;

6.1.5. uşaqların istedadlarının və bacarıqlarının inkişaf etdirilməsi, onların milli-mənəvi ruhda tərbiyə edilməsi istiqamətində tədbirlərin səmərəliliyinin artırılması.




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Nə edək ki, koronadan yaxa qurtaraq?
08.07.2020
Dövlətimiz koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir
07.07.2020
Hikmət Əlizadə: Böyükşor gölü müəyyən ekoloji problemləri olan su hövzəsidir
07.07.2020
Özünü müxalifət adlandıran antimilli şura Ermənistanla eyni mövqedən çıxış edir
07.07.2020
Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info