“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
Tarix: 11.06.2020 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


“Yeni istismara verilən müəssisələr pandemiya şəraitində əhalinin ən çox ehtiyacı olan virusdan qoruyucu vasitələrlə özü-özünü təmin etməsinə şərait yaratdı. Bu mühüm uğurdur”



Ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması və ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunur. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması özündə mühüm amilləri və hədəfləri birləşdirir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri kimi bugünlərdə Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi istifadəyə verilib. Mövcud vəziyyətlə bağlı müsahibimiz millət vəkili Tahir Mirkişilidir:


- Regionlarda yeni yaradılan müəssisələrin iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu necə qiymətləndirirsiniz?

- Regionların inkişafı Azərbaycanın iqtisadi siyasətini mühüm istiqamətlərindən biridir. Bu məqsədlə dövlət başçısı tərəfindən regionların inkişafına, yeni müəssisələrin inşasına, regionlarda sənaye zonalarının yaradılmasına xüsusi diqqət ayrılır. Hazırda ölkədə kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edir. Bu sahədə aparılan islahatlar özünü həm məhsuldarlığın, həm də məhsul istehsalının həcminin artmasında göstərir. Toxumçuluq strateji sahədir. Bu sahənin inkişafı kənd təsərrüfatında bütün istehsal zəncirinə müsbət təsir edir. Eyni zamanda, toxumçuluğun inkişafı ərzaq təhlükəsizliyinin möhkəmlənməsi, mənbəyi bəlli olmayan toxumların ölkəyə idxalının qarşısının alınması baxımından da mühüm əhəmiyyət kəsb edir. Regionlarda belə müəssislərin açılması iqtisadi inkişaf üçün planların ardıcıl olaraq yerinə yetirilməsi deməkdir.
-Bugünlərdə Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışı oldu. Ölkə başçısı bildirdi ki, “ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. Sizcə bu düşünülmüş siyasətin və icraedici mexanizmlərin təkmilləşməsinin nəticəsidirmi?
- Korrupsiya və rüşvətxorluqla mübarizə bu gün dünyada müxtəlif üsullarla aparılır. Bu bəla dünyada hər yerdə var. Kimdəsə az, kimdəsə çox. Amma bu hallarla mübarizə Azərbaycanda daim və ardıcıl olaraq aparılır. Təcrübə göstərir ki, ən effektiv mübarizə innovativ üsullarla aparılan mübarizədir və Azərbaycan “ASAN xidmət” modelini yaratmaqla bunu bütün dünyaya sübut etdi. Layihə Azərbaycan Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir. Bu layihə insanların şüurunda inqilab etdi. Yeni dövlət xidməti fəlsəfəsini yaratdı. Sevindirici haldır ki, bu təcrübə digər dövlət orqanlarında da tətbiq edilməyə başladı. Yeni yaradılan “Dost mərkəzləri” də eyni fəlsəfəyə sahibdirlər. Biz də əminik ki, innovasiyaların geniş tətbiqi və elektron hökumətin inkişafı korrupsiya və rüşvətxorluq kimi halların xeyli azalmasına gətirib çıxara biləcək.
- Bütün dünya ölkələrində pandemiya iqtisadiyyata müəyyən təsir göstərdi. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Mövcud şəraitin iqtisadiyyata mənfi təsir edəcəyi bütün dünyada müşahidə edilir. İndi əsas məsələ pandemiya şəraitinin iqtisadiyyata təsirlərinin həcmi və dinamikasıdır. Müqayisə üçün qeyd edim ki, Avropa Birliyində 2-cü rüb üzrə Ümumi Daxili Məhsulun 14 faiz azalması gözlənilir. Dünya Bankının bir neçə gün öncə açıqladığı yeni hesabatında (Global Economic Prospects) 2020-ci ildə Azərbaycanda ÜDM-in 2,6 faiz azalacağı proqnozlaşdırılır. Müqayisə üçün deyim ki, 2020-ci ildə Rusiyada ÜDM-in 6 faiz, Gürcüstanda 4,8 faiz, Qazaxstanda 3 faiz, Türkiyədə 3,8 faiz azalacağı proqnozlaşdırılır. İstənilən halda bu ilin 5 ayının nəticələrinə görə, Azərbaycan iqtisadiyyatının əsas iqtisadi artım və məşğulluğu təmin edən mənbələrin, yəni qeyri-neft sənayesi, kənd təsərrüfatı məhsul istehsalında mühüm irəliləyişlərin müşahidə olunması dövlətin gördüyü tədbirlərin effektiv olmasını göstərir. Beynəlxalq bazar konyunkturasından asılı olan və Azərbaycan dövlətinin atdığı addımlardan asılı olmayan sahələrdə (neftin qiymətinin, ixrac qiymətlərinin azalması, yük daşımalarda azalma və s) azalmalarının olması təbiidir və gözləniləndir. Büdcə gəlirlərinin artması, proqnozdan əlavə 500 milyon manat vəsaitin büdcəyə daxil olması əhalinin maddi rifah halına əsas təsir edəcək sosial xərclərin icrası üçün mühüm maliyyə zəmini yaratmadadır. Bu ilin büdcəsinin də ən böyük hissəsi (40%-ə yaxın) zatən sosial xərclərdir. İnflyasiyanın minimum həddə olması və orta aylıq əmək haqqının artması da mühüm sosial-iqtisadi nəticədir. İqtisadiyyatın ən çox islahatlara məruz qalan sahələrində indiki şəraitdə belə artımın qeydə alınması, ÜDM-də azalma tempinin az olması onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur. Son 2 ay ərzində dövlətin gördüyü mühüm tədbirlər, 3.5 mlrd manat həcmində iqtisadi dəstək paketi, əhalini sosial dəstəyə ehtiyacı olan hissəsinə birdəfəlik ödənişlərin edilməsi ölkəmizi pandemiya şəraiti ilə ən effektiv mübarizə aparan ölkələr sırasına çıxarıb.
- Pandemiya ilə bağlı görülən tədbirlərdən biri kimi Sumqayıt şəhərində yeni müəssisələr istifadəyə verildi. Ümumiyyətlə, ölkədə tibb sənayesinin inkişafı ilə bağlı reallaşan tədbirlər barədə nə deyərdiniz?
- Yeni istismara verilən müəssisələr pandemiya şəraitində əhalinin ən çox ehtiyacı olan virusdan qoruyucu vasitələrlə özü-özünü təmin etməsinə şərait yaratdı. Bu mühüm uğurdur. Digər tərəfdən tibb sənayesinin inkişafı ölkəmizin bu müasir iqtisadi sahədən də gələcəkdə gəlir əldə etməsinə imkan yaracaqdır. Tibb sənayesi müasir iqtisadiyyatın ən perspektivli sahələrindən biri sayılır, texnoloji tutumlu sahədir. Azərbaycanda bu sahənin inkişafına diqqət hələ bir neçə il öncədən yetirilib. Dərman istehsalı zavodlarının inşası bu istiqamətdə mühüm addımlardandır. Bu sahənin inkişafı həm də artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir.
- Bu sahədə ən vacib addımlardan biri də əhalinin mövcud vəziyyətə məsuliyyətlə yanaşmasıdır. Sizin bir ziyalı kimi tövsiyələrinizi bilmək istərdik....
- Pandemiya şəraitini yaranmasında nə dövlət, nə də vətəndaş günahkar deyil. Amma bu şəraitdən minimum itki ilə çıxmaq həm dövlətin, həm də vətəndaşın məsuliyyətidir. Bir tərəfli addımların səmərəsi az olacaqdır. Dövlət vətəndaşı qorumaq üçün bütün vasitələrdən istifadə edir, yardım edir. Cəmiyyətin əksəriyyəti, vətəndaşların mütləq əksəriyyəti bu məsuliyyəti anlayır və dövlətin atdığı addımları dəstəkləyərək davranışlarını da buna uyğun edir. Amma bəzi qüvvələr, ölkəmizin və xalqımızın bu bəladan üzü açıq çıxmağını arzulamayan qüvvələr cəmiyyətdə yalan informasiyalar yayaraq çaşqınlıq yaymağa çalışırlar. Lakin onlar məqsədlərinə çata bilməyəcəklər. Vətəndaşlarımızı bu çətin günlərdə dövlətimizə, ziyalılarımıza, elm adamlarımıza, həkimlərimizə daim güvənməyə və onların tövsiyələrinə əməl etməyə çağırıram.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info