“Ən səmərəli təhsil universitetin geniş və işıqlı auditoriyalarında tələbələrlə canlı ünsiyyət qurmaqdır”
Tarix: 23.06.2020 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Elvin Əzizbəyov: “Onlayn müdafiədə iştirak edə bilməyən magistrantlar üçün də koronavirus əleyhinə təhlükəsizlik qaydalarına riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada dissertasiya müdafiələri təşkil olunacaq”

Bakı Dövlət Universiteti (BDU) COVİD-19 pandemiyası ilə əlaqədar təhsilin davamlılığının və keyfiyyətinin təmin edilməsi məqsədilə tədris prosesini onlayn formada davam etdirir. İyunun 23-dən BDU-da yaz semestrinin onlayn imtahan sessiyasının üçüncü həftəsi başlayır.
Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi imtahanların gedişi, tələbələrin yeni vəziyyətə adaptasiyası, onlayn imtahan sessiyasının səmərəliliyi barədə mütəmadi olaraq professor-müəllim heyətinin fikirlərini ictimaiyyətə təqdim edir.
Belə şəxslərdən biri də müsahibimiz BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Elvin Əzizbəyovdur.

- Elvin müəllim, BDU-da keçirilən onlayn imtahan sessiyasının təşkili və gedişatı hansı səviyyədədir?

- Artıq üçüncü həftəsinə qədəm qoyduğumuz onlayn imtahan sessiyası uğurla davam edir. İmtahanlar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq ikinövbəli formada təşkil olunur. İmtahan prosesində fənn müəllimi, asistent, kafedra müdiri iştirak edir. Əlavə olaraq imtahanın gedişini Tələbə Nəzarət Qrupunun üzvləri də müşahidə edə bilir. Jurnal siyahısı üzrə ilk tələbədən başlamaqla bilet seçilir və müəllim həmin bileti açıb tələbəyə göstərir. Tələbə götürdüyü biletlə tanış olub hazırlaşmağa başlayır. İlk beşinci tələbə də bilet götürdükdən sonra birinci tələbə cavab verməyə başlayır. Tələbə biletdəki bütün sualları cavablandırdıqdan sonra qiymətləndirilir və elektron sistemə daxil edilir. Bütün bu proses videoyazı vasitəsi ilə qeydə alınır. Tələbə hər hansı anlaşılmazlıq yarandığı halda Apellyasiya Komissiyasına müraciət edir, videoyazı yenidən izlənilir və haqlı olduğu halda tələbənin istəyi təmin edilir.
- Yekun dövlət attestasiyası buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi necə təşkil olunub?
- Hazırda Universitetdə onlayn imtahan sessiyası ilə yanaşı, bakalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işlərinin və magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi prosesi də davam edir. Universitetin son Elmi Şurasının qərarına görə bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜÖMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab edilirlər. ÜÖMG-yə uyğun olaraq dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada buraxılış yekun dövlət imtahanlarının təşkili nəzərdə tutulub. Magistratura səviyyəsində isə magistrlik dissertasiyalarının müdafiəsinin ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçirilməsi nəzərə alınıb. Onlayn müdafiədə iştirak edə bilməyən magistrantlar üçün də koronavirus əleyhinə təhlükəsizlik qaydalarına riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada dissertasiya müdafiələri təşkil olunacaq.
- COVİD-19 pandemiyası ilə əlaqədar BDU distant təhsillə bağlı hansı işləri görüb?
- Dörd aya yaxındır ki, karantin rejimində yaşayırıq. Dünyanı bürüyən COVİD-19 pandemiyasının ölkəmizdə yayılma sürətini minimuma endirmək, epidemiyanın qarşısını almaq və iqtisadi dayanıqlığı saxlamaq üçün ölkə rəhbərliyi tərəfindən mühüm silsilə tədbirlər həyata keçirilir. Məhz bu qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu gün pandemiyadan ən az əziyyət çəkən dövlətlər sırasında yer alır. Lakin təəssüf ki, bütün sahələrdə olduğu kimi pandemiya təhsil sahəsinə də öz mənfi təsirini göstərdi və virusun ölkə sərhədlərinə yaxınlaşdığı vaxt bütün təhsil müəssisələrində tədris prosesi donduruldu. Buna baxmayaraq, Universitet rəhbərliyinin çevik yanaşması, professor-müəllim heyətinin, köməkçi heyətin və tələbələrin @bsu.edu.az domenli elektron ünvanlarla təmin olmunması, vaxt itirmədən distant tədrisə başlamağa imkan yaratdı. Qısa müddət ərzində geniş imkanlara malik olan “Microsoft Teams” platforması üzərindən dərslər onlayn formada bərpa olundu. Bununla da BDU-da ənənəvi təhsil distant təhsillə əvəz olundu. İlk günlərdə bəzi texniki çətinliklər olsa da təhsilalanlar və müəllimlər tezliklə bu tədris formasına tam uyğunlaşa bildilər. Daha sonra bu platforma üzərindən distant iclaslar, elmi seminarlar, hətta elmi konfransların təşkil olunması uğurla həyata keçirildi.
- Pandemiyanın zərurətə çevirdiyi distant təhsilin üstünlükləri və çatışmazlıqları barədə nə deyə bilərsiniz?
- Distant təhsilin əlavə vaxt itkisinin olmaması, təhsilalanların virtual tədris sistemləri ilə işləmək bacarıqlarının artırılması və bu platformalar vasitəsi ilə digər təhsil müəssisələrindəki professor-müəllim heyətinin mühazirələrini dinləmək imkanları əldə etməsi, kağız sərfiyyatının azalması kimi üstün cəhətlərini qeyd etmək olar. Ümumilikdə isə gənclərin sosiallaşmasının, öz aralarında fikir mübadiləsi aparmalarının, mühazirələrdə müəllimlə birbaşa ünsiyyətdə olmalarının və ən əsası bir çox fənlərin ayrılmaz hissəsi olan laborator dərslərin keçilməsinin, təcrübi tapşırıqların virtual olaraq yerinə yetirilməsinin mümkünsüzlüyü kimi çatışmazlıqlara görə distant təhsil ənənəvi təhsillə rəqabət apara bilmir. Mənim qənaətimə görə ən səmərəli təhsil, universitetin geniş və işıqlı auditoriyalarında tələbələrlə canlı ünsiyyətdə olmaqla verilən təhsildir! Çətinliklərə baxmayaraq bütün tələbələrə uğurlar arzu edirəm!
Tural




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
“Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
07.07.2020
“Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
04.07.2020
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
04.07.2020
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
03.07.2020
Səfir: Azərbaycan və Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11549

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
3 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
4 Nə edək ki, koronadan yaxa qurtaraq?
5 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info