Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
Tarix: 29.06.2020 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməsi ilə bağlı KİV-ə müsahibə verib.
Trend müsahibəni təqdim edir:


- Dövlətimizin başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəkləndi. Yaxın zamanda dünyada sülh və təhlükəsizliyin qorunmasına məsul olan beynəlxalq platformanın qlobal pandemiya ilə mübarizə mövzusunda iclasının keçirilməsi gözlənilir. Bu təşəbbüsün əhəmiyyəti, onun ümumdünya sağlamlıq böhranı ilə mübarizəyə verə biləcəyi töhfə barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi ilə bağlı Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən açıqlama verildi. Məlum olduğu kimi, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü dövlətimizin başçısı tərəfindən bu il mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin koronavirus pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə görüşü zamanı irəli sürülmüşdü. Təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu daxilində müzakirə edilib və Hərəkata üzv olan 120 ölkə yekdilliklə Azərbaycan Prezidentinin təklifini dəstəkləyərək təklifin BMT Baş katibinə Hərəkat adından təqdim edilməsinə razılıq bildiriblər. Beləliklə, cari ilin 13 may tarixində Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş katibinə Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı məktubla müraciət edib. Baş katib, öz növbəsində, BMT-nin üzv dövlətləri arasında təmimi nota yayaraq prosedur qaydalarına uyğun olaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünə 30 gün ərzində hər bir dövlət tərəfindən milli qisimdə dəstək bildirilməsini xahiş edib. Qeyd olunan vaxt çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Nyu-Yorkda BMT yanındakı nümayəndəliyimiz, eləcə də xaricdəki digər diplomatik nümayəndəliklərimiz akkreditə olunduqları dövlətlərdə Azərbaycan Prezidentinin təşəbbüsü barədə məlumatlandırma üzrə fəal iş aparıb və nəticədə BMT üzv dövlətlərinin üçdəikisindən çoxunun təşəbbüsə dəstəyi təmin edilib.

Təşəbbüsün əhəmiyyəti ilə bağlı konkret suala gəldikdə, hazırda bütün dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir vaxtda bu qlobal bəla ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi yüksək əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Azərbaycan Prezidentinin təşəbbüsü ilə sədrlik etdiyimiz iki beynəlxalq təşkilat çərçivəsində (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı) yeni koronovirusla mübarizə mövzusunda yüksək səviyyəli toplantılar keçirilib və qlobal pandemiya ilə mübarizə və onun təsirlərinin azaldılması üçün beynəlxalq əməkdaşlıq, əlaqələndirmə və həmrəylik məsələləri müzakirə edilib. Bu mövzunun BMT Baş Assambleyası çərçivəsində yüksək səviyyədə müzakirəsi, əlbəttə, dünyanın üzləşdiyi sağlamlıq böhranının nəticələrinin yumşaldılması və aradan qaldırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və nəticədə dünyada sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi töhfə verəcək.

- Azərbaycan Prezidentinin təşəbbüsünün BMT-nin üzv dövlətlərinin üçdəikisi tərəfindən dəstəkləndiyini qeyd etdiniz. Bu, əlbəttə ki, yüksək göstəricidir. Maraqlıdır, təşəbbüsün əleyhinə çıxan və ya dəstəkləməyən ölkələr oldumu? Bu, elə bir mövzudur ki, burada yekdilliklə dəstək gözlənilməliydi, elə deyilmi?


- Qeyd etdiyimiz kimi, BMT Baş Assambleyasının Prosedur Qaydalarının 9(a) bəndinə uyğun olaraq assambleyanın xüsusi sessiyası çağırıla bilər və Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş katibinə məktub ünvanlaması, eləcə də Baş Katibin üzv ölkələrə milli qisimdə dəstək bildirilməsi ilə bağlı müraciəti də məhz bu proseduraya uyğun olaraq həyata keçirildi. Qaydalara əsasən, Baş Assambleyanın üzvlərinin sadə çoxluğunun dəstəyi sessiyanın çağırılması üçün kifayət idi. Azərbaycan Prezidentinin təşəbbüsünə isə BMT-nin 130 ölkəsi, yəni üzvlərin üçdəikisi tərəfindən milli qisimdə dəstək ifadə olundu. Onu da bildirmək istərdim ki, Azərbaycan Prezidentinin təşəbbüsünə nəinki Qoşulmama Hərəkatına üzv dövlətlər, eləcə də Avropanın əksər dövlətləri, o cümlədən Avropa İttifaqı üzvləri, Asiya, Afrika, Latın Amerikası regionlarının aparıcı dövlətləri dəstək bildiriblər.

Təşəbbüsün əleyhinə çıxan ölkənin olub-olmadığı ilə maraqlandınız. Belə ölkə olub, adını isə yəqin ki, təxmin edirsiniz – Ermənistan. Bu ölkənin BMT yanındakı nümayəndəliyi Baş katibə məktubla müraciət edərək bu təşəbbüsün həyata keçirilməsinə lüzum görmədiyini bildirib. Dünyanın qlobal pandemiya ilə üz-üzə olduğu, bütün ölkələrin bu məsələdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə çıxış etməsinin əsas səbəbi, əlbəttə, bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqədardır. Fikir verin, bu ölkə dünyamızın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermir. Beləliklə, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi.

Məlum məsələdir ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir. Fürsətdə istifadə edərək, bu təşəbbüsü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkür edirik.

- Növbəti addımlar nədən ibarət olacaq və sessiya nə zaman çağırılacaq?

- Növbəti mərhələdə atılacaq addımlara gəldikdə, yaxın günlərdə BMT-nin Baş katibi Antonio Quterreş üzv dövlətlər arasında məlumat yayaraq Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək və prosedur baxımından növbəti addımların nədən ibarət olacağını açıqlamalıdır. Prosedur qaydalarına əsasən, növbəti tədbir BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı assambleyanın qətnaməsinin qəbul edilməsidir. Qətnamə qəbul edildikdən sonra ən qısa müddətdə xüsusi sessiya çağırılmalıdır. Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin təklifinə əsasən xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, müvafiq addımlar atıldıqdan sonra mümkün qədər tez bir zamanda xüsusi sessiya təşkil olunacaq. İnanırıq ki, xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcək.
Azərbaycan Prezidentinin irəli sürdüyü bu təşəbbüs beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və bu təşəbbüsü dəstəkləyən hər bir ölkə COVID-19-la mübarizədə maraqlı olan ölkədir. Ölkəmiz bu təşəbbüsü dəstəkləyən bütün dövlətlərlə birlikdə onun reallaşdırılması istiqamətində işləyəcək.




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
“Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
07.07.2020
“Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
04.07.2020
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
04.07.2020
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
03.07.2020
Səfir: Azərbaycan və Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
3 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
4 Nə edək ki, koronadan yaxa qurtaraq?
5 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info