“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
Tarix: 02.07.2020 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


İtaliyanın “European Affairs” onlayn jurnalında italyan jurnalist Culiano Bifolkinin “Paşinyanın rəhbərlik etdiyi Ermənistan daxili siyasi böhran, COVID-19 təhdidi və milli iqtisadiyyatın gələcəyinə şübhələr arasında” adlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə hazırda Ermənistanda dərin siyasi böhranın hökm sürdüyü, bu ölkədə COVID-19 pandemiyası səbəbindən ağır fövqəladə vəziyyətin hökm sürdüyü və bu göstəriciyə görə də Qafqazda ən acınacaqlı vəziyyətin məhz Ermənistanda olduğu, eləcə də ölkə iqtisadiyyatının hələ də digər dövlətlərin yardımlarından və diaspor ianələrindən asılı olduğu bildirilir.
Qeyd olunur ki, 2018-ci ildə “məxməri inqilab”dan sonra Ermənistanda davamlı və sabit demokratiyaya ümidlər yaradan rəhbərlik dəyişikliyi baş versə də, 2 ildən sonra baş nazir Nikol Paşinyanın getdikcə daha çox güc və rol əldə etməsi hazırkı hökumətin daxilində dərin ziddiyyətlərə və ölkədə demokratiya ümidlərinin puç olmasına gətirib çıxarır.
Müəllif bildirir ki, 2018-ci ildə hakimiyyətə gələn hazırkı rəhbərliklə keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryana bağlı Dağlıq Qarabağ regionundan olan ailə/klan əsasında qurulmuş köhnə erməni nomenklaturası arasında dərin ziddiyyətlər yaşanmaqdadır. Hətta Nikol Paşinyanın özünün belə öz çıxışlarında ölkədə siyasi iğtişaşların baş verməsinin mümkün olduğunu bildirdiyini vurğulayan jurnalist yazır ki, Ermənistan baş nazirinin fikrincə, mövcud hökuməti devirmək üçün S.Sarkisyanın və R.Köçəryanın ətrafının səy göstərdiyi siyasi iğtişaşlar ölkənin sabitliyinə hər an təhdid yarada bilər.
Jurnalist qeyd edir ki, Sovet İttifaqının dağılması nəticəsində müstəqillik əldə etmiş Ermənistanda ölkəni idarə etmək üçün mübarizə aparan "oliqarx" qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur və bununla Ermənistan himayədarlıq köklərinə əsaslanan sovet sisteminə qayıdaraq Brüssel ilə əməkdaşlıq etməkdə maraqlı olan bir sıra postsovet ölkələrinin səy göstərdiyi Avropa İttifaqı tərəfindən qurulan demokratik prinsiplərdən uzaqlaşır.
Ermənistanın “Hraparak” qəzetinə istinadən R.Köçəryanın həbsxanadan çıxdıqdan sonra S.Sarkisyanla görüşünün təfərrüatlarından danışan jurnalist hər iki şəxsin N.Paşinyanı Ermənistan dövlətinə təhlükə hesab etdiyini və bu səbəbdən onların məqsədinin Paşinyan rejiminə son qoymaq üçün müxalifətdaxili ziddiyyətləri aradan qaldırmaq və müxalifəti birləşdirmək olduğunu bildirir.
Müəllif qeyd edir ki, 2018-ci ildə hakimiyyətə gələn N.Paşinyan həm S.Sarkisyan, həm də R.Köçəryana qarşı kəskin hərəkətlər nümayiş etdirmiş, müxalifəti bölməyə və müxalifət liderlərinə qarşı məhkəmə proseslərinə başlamışdır. Bu xüsusda, R.Köçəryanın məhkəmə işinin böyük səs-küyə səbəb olduğunu deyən jurnalist Rusiya prezidenti V.Putinin şəxsən məsələyə müdaxilə etməyə çalışaraq Köçəryanın azad edilməsini təmin etdiyini və bu proseslərin İrəvan ilə Moskva arasındakı münasibətlərin soyumasına gətirib çıxardığını bildirir.
Jurnalist vurğulayır ki, Ermənistan əhalisi N.Paşinyana ölkədə ailə/klanlar üzərində qurulmuş əvvəlki Köçəryan və Sarkisyan hakimiyyətindən fərqli bir sistem yaratmaq ümidi bəsləyirdi. Lakin cəmi 2 il sonra xalqda N.Paşinyana münasibətdə konsensus kəskin azalmış və onunla hakimiyyətin digər təmsilçiləri və siyasi partiyaların liderləri arasında ciddi ziddiyyətlər ortaya çıxmışdır. Bu xüsusda, hazırda N.Paşinyanın ən təhlükəli rəqibi və düşməninə çevrilmiş “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyanı nümunə gətirən jurnalist qeyd edir ki, yerli iş adamı Q.Tsarukyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən təqdim edilmiş sübutlara əsasən 2017-ci il seçkiləri zamanı 17 mindən çox səsi pul müqabilində aldığı üçün korrupsiyada ittiham edilərək parlamentdə keçirilmiş səsvermədən sonra toxunulmazlıq hüququndan məhrum edilmiş, əslində hakimiyyətin bu addımlarına səbəb isə Q.Tsarukyanın bir müddət əvvəl Paşinyan hökumətinin istefasını tələb etməsi olmuşdur.
Məqalədə qeyd edilir ki, Paşinyan hökumətinin tənqidçiləri sırasına, eyni zamanda, iyunun 25-də ötən ilin dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin fövqəladə iclası zamanı “İşıqlı Ermənistan” partiyasının deputatı Mane Tandilyan da qoşulmuş və deputat öz çıxışında Ermənistan hökumətinin məhkəmə, sosial və iqtisadi islahatlar sahəsində heç bir uğur əldə etmədiyini bildirmişdir.
Jurnalist, habelə qeyd edir ki, N.Paşinyanın ölkə konstitusiyasını dəyişdirmək, habelə 2016-cı ilin aprel döyüşlərindəki uğursuzluqla bağlı S.Sarkisyanın dindirilməsi və həbs olunması işi kimi təşəbbüsləri ciddi müqavimətlə üzləşmişdir.


”Ermənistan xarici investorların maraqlarına töhfə verən siyasi, sosial və iqtisadi sabitliyə və açıqlığa ehtiyac duyur”
Məqalədə bildirilir ki, əgər indiki daxili siyasətdə Ermənistanın baş naziri bir tərəfdən öz hökumətinin daxilində güclü müqavimətlə qarşılaşırsa və digər tərəfdən isə R.Köçəryan və S.Sarkisyanı həbs etmək planının uğursuzluğunun şahidi olursa, xarici siyasətdə də Ermənistan ölkənin iqtisadi cəhətdən yaşaması üçün zəruri olan və Avrasiya İqtisadi Birliyi sayəsində Qafqaz bölgəsində yerləşdiyi təcrid vəziyyətindən çıxmasına imkan verən Rusiyanın dəstəyini yavaş-yavaş itirməkdədir.
Ermənistanın hazırda yaşadığı böhranın diplomatik çevrələrdə də ciddi müzakirə olunduğunu yazan jurnalist bu xüsusda diqqəti Ermənistanın Müqəddəs Taxtdakı keçmiş səfiri, S.Sarkisyanın kürəkəni Mikayel Minasyanın son açıqlamalarına yönəldir. Jurnalist bildirir ki, M.Minasyan N.Paşinyanı və onun həyat yoldaşı Anna Hakobyanı ölkənin gücünü, maliyyə və iqtisadi qaynaqlarını öz əlində cəmləşdirmək məqsədi daşıyan hakim bir elita yaratmaqda günahlandırır. Bu ittihamların Ermənistanın siyasi və diplomatik çevrələrində böyük səs-küyə səbəb olduğunu deyən jurnalist M.Minasyana istinadən N.Paşinyanın indi öz postunda əyləşərək artıq ölkədə demokratiyanın yoxluğunu inkar etmədiyini və bununla Ermənistanın bir növ “Paşinyanstan”a (Paşinyan ölkəsinə) çevrildiyini bildirir. Məqalədə M.Minasyanın Rusiyada iyunun 17-də Krasnodar və Voronej şəhərlərində cinayət işlərinin açılması ilə ortaya çıxan tütün qaçaqmalçılığında, qanunsuz metal, brilyant ixracı, Gümrüdəki gömrük binası kimi dövlət infrastruktur layihələrinin tikintisi ilə bağlı büdcənin şişirdilməsində N.Paşinyan və arvadını ittiham etdiyi deyilir. Habelə jurnalist qeyd edir ki, M.Minasyan N.Paşinyanın rəhbərliyi altında son 2 ildə Ermənistanda yaradılmış polis sistemindən bəhs edərək milli təhlükəsizlik orqanlarının, polisin, prokurorluğun və “Haykakan Jamanak” qəzetinin təbliğatı ilə ölkədəki bütün iş adamlarına qarşı qanuni bir “soyğunçuluq sistemi” yaradaraq N.Paşinyan və həyat yoldaşına “vergi” ödəmək üçün məcburi bir sistemin yaradıldığını da bildirir.
İyun ayının əvvəllərində bəzi KİV-lərin Ermənistan hökumətinin M.Minasyana bağlı olan bir neçə müəssisənin, o cümlədən PanArmenia şirkətinin, Lori bölgəsindəki su elektrik stansiyasının, ölkənin ən böyük gəmi şirkətinin, İrəvanda iki lüks otelin və məşhur “Jazzve” qəhvə şəbəkəsinin fəaliyyətinə həbs qoyması barədə xəbərlər yaydığını deyən jurnalist bütün bu hadisələrin İtaliyada gizlənildiyi ehtimal edilən M.Minasyanın pulların yuyulmasına dair ittihamlara cavab vermək üçün Ermənistana qayıtmaqdan imtina etdikdən sonra hökumətə qarşı mühacirətdə tənqidçi rolunu öz üzərinə götürməsi ilə eyni vaxtda baş verdiyini bildirir. Bu hərəkətlərə cavab olaraq, M.Minasyanın öz “Facebook” səhifəsində Ermənistanın baş nazirinə hücum edərək "Yalanın sonu" başlıqlı bir sıra videolar yaydığını vurğulayır.
Müəllif məqaləsini bu fikirlərlə tamamlayır: “Ermənistanın gələcəyi Paşinyana qarşı irəli sürülən ittihamların doğru olacağı və sübuta yetəcəyi təqdirdə ağır azadlıqdan məhrumetmə təhlükəsinə gətirib çıxara bilər ki, bu da daxili siyasi qarşıdurmanı və qeyri-müəyyənliyi daha da dərinləşdirə bilər. Lakin korrupsiya və ya çirkli pulların yuyulması hallarının kimlərə, o cümlədən Ermənistan hökumətinə və baş nazirinə qarşı çıxmış Tsarukyan və Minasyan kimi şəxslərə necə təsir etdiyini görmək maraqlıdır. Ermənistan Brüssel ilə 2017-ci ildə imzalanmış müqavilədən irəli gələrək Avropaya tərəf baxsa da, siyasi gərgin vəziyyət, ölkədəki və mühacirətdə olan bir sıra siyasətçilərin, çoxsaylı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının ittihamları ölkədə real demokratiya ilə bağlı ciddi narahatlıqların olduğunu göstərir. Ermənistan xarici investorların maraqlarına töhfə verən siyasi, sosial və iqtisadi sabitliyə və açıqlığa ehtiyac duyur. Gərgin vəziyyət, hökumətin iradəsi ilə başlanan məhkəmə prosesləri və COVID-19-un ikinci dalğası ehtimalı ölkənin təhlükəsizliyinə və bütövlüyünə ciddi şübhə yaradır”.


Ukraynalı pilot: “Xocalıda insanlığa qarşı cinayəti görəndən sonra döyüşlərə qatılmaya bilməzdim”


Yeri gəlmişkən, Qarabağ döyüşlərində yaxından iştirak etmiş ukraynalı pilot, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov deyib ki, Xocalıda insanlığa qarşı cinayəti görəndən sonra, döyüşlərə necə qatılmaya bilərdim?.
1982-ci ildə ali hərbi aviasiya məktəbini bitirdikdən sonra bir çox ölkələrdə, o cümlədən Əfqanıstan, Özbəkistan və Tacikistanda xidmət edib. 1989-cu ilə döyüş helikopterlərinin istifadəsi üzrə peşəkar pilot kimi Azərbaycanda hərbi xidmətini davam etdirib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan Milli Ordusunun sıralarında xidmət göstərib.
O bildirib ki, 1992-ci ilin əvvəlindən başlayaraq cəbhə bölgəsində bir neçə əməliyyat uçuşları həyata keçirib. Həmin ilin mayında isə digər ekipaj Rafael Şirinov ilə bir heyətdə Ağdam, Abdal-Gülablı istiqamətində erməni mövqelərinə hücum edən vaxt onların helikopteri vurulub. R.Şirinov helikopterdən tullansa da, A.Şvaryov ermənilərə əsir düşüb.
“Həmin günü hərbi uçuşu uğurla başa vurub geri dönərkən, ermənilərin BMP texnikasını məhv etmək qərarına gəldik. Lakin ermənilər helikopterimizi vurdular. Helikopterin idarəedilməsi mümkünsüz olduğundan, Rafaelə yerə tullanmağı tapşırdım. Son anda isə mən paraşütlə enməyə müvəffəq oldum. Lakin yerə enən zaman artıq ermənilər məni yaralamışdı. Özümü müdafiə edə bilmədim və ermənilər məni əsir götürdülər. Erməni hərbçiləri mənə işgəncə verdilər. Təxminən üç saat erməni əsirliyində qalsam da, Azərbaycanın xüsusi təyinatlılarının əməliyyatı zamanı əsirlikdən azad oldum. Dəstəmiz geri çəkilərkən, ermənilərin pulemyotdan açdığı atəş nəticəsində ağır güllə yarası aldım. Ayılanda artıq özümüzünkülərin yanında olduğunu gördüm”, - deyə ukraynalı pilot əlavə edib.
Xəstəxanada müalicədən sonra A.Şvaryova uçuş təlim mərkəzinin yaradılmasında iştirak etmək təklif olunub: “Mən bu təklifi qəbul etdim, pilot Hüseyncan Əzimovla birgə Pilotların Tədris Mərkəzini yaratdıq, 40-a yaxın pilotu yetişdirdik. Onların arasında Mİ-24, Mİ-8 helikopterləri idarə edən pilotlar var idi”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.06.2020
Azərbaycan “Tvinninq” layihəsinə görə liderdir
23.06.2020
“Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?”
22.06.2020
“Antisemitizm Ermənistanda, həmçinin dünyada mövcud olan erməni icmalarında geniş yayılan problemdir“
22.06.2020
“Ermənistan hələ də işğalçılıq siyasətindən əl çəkmir“
18.06.2020
Amerika ictimaiyyətini erməni təcavüzü barədə məlumatlandırma kampaniyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info