Dünyada boyuzatma rekordu edən azərbaycanlı travmatoloq-ortoped
Tarix: 05.08.2020 | Saat: 12:36:00 | E-mail | Çapa göndər


Hüseynəli İsmayılov: “Dünya ortopediya və travmatologiya tarixində ilk dəfə olaraq əl və pəncə patologiyasının İlizarov və onun təkmilləşmələri üsulu ilə müalicə prinsiplərinin konsepsiyasını tərtib edərək elmi əsasını verdim”

Bu gün xaricdə bir çox soydaşlarımız öz elmi ixtiraları ilə rekord nailiyyətlər əldə edirlər. Onların hər hansı uğuru Azərbaycanın tanıtımına, eləcə də azərbaycançılığa xidmət edir. Bu baxımdan dünyada möcüzələr yaradan və görkəmli travmatoloq-ortoped kimi məşhur olan professor Hüseynəli İsmayılovun adı fəxrlə çəkilir. Qeyd edək ki, tibb elmləri doktoru, professor H.İsmayılov 1961-ci ildə Borçalı mahalının Dmanisi rayonunun Qızıl Kilsə kəndində hamının xeyir-şərinə yarayan zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunda ümumi cərrahlıq ixtisasına yiyələnən H. İsmayılov sonralar həyatını Kurqan şəhərində yerləşən və hazırda həmyerlimiz akademik İlizarovun adını daşıyan travmatologiya-ortopediya elmi mərkəzinə bağlayıb.
2003-cü ildə H.İsmayılov Rusiya prezidenti V.V.Putin tərəfindən Rusiyanın Əməkdar səmərələşdiricisi adına layiq görülüb. 2007-ci ildə isə o, Rusiyada elmin inkişafına göstərdiyi xidmətə və elmi ixtiralarına görə Əməkdar elm və təhsil xadimi adına, “Alfred Nobel” və “Vernadiski” qızıl medallarına layiq görülüb, adı Rusiyanın görkəmli alimlərinin internet ensiklopediyasına daxil edilib.
Həmyerlimiz İlizarov adına fondun mükafatı laureatı, Pəncə və Pəncə-baldır üzrə Rusiya Cərrahiyə Cəmiyyətinin fəxri üzvü, Beynəlxalq və Ümumrusiya Estetik və Plastik Əl Cərrahiyyəsi Cəmiyyətinin, Dünya və Avropa Travmatologiya və Ortopediya Cəmiyyətlərinin, Amerika Travmatologiya və Ortopediya Cəmiyyəti Akademiyasının üzvü, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir. Professor H.İsmayılov hazırda Yaxın Şərqdə akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin rəhbəridir.

Ona niyə “İkinci İlizarov” adını veriblər?

H.İsmayılov öz peşəsinin ən yüksək səviyyəsinə çatması üçün hər zaman əzmlə çalışıb. O, akademik İlizarovun inam və etimadını qazanmaq üçün çətin elmi sınaqdan keçib. Bu haqda H.İsmayılov fikirlərini KANAL 5-ə belə izah edib: “Öncə, akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Elmi Mərkəzində fəaliyyətə başlamaq üçün böyük bir müsabiqədən keçməli oldum. Akademik İlizarov 100 namizəd arasından 7 nəfəri seçmişdi ki, onlardan biri də mən idim. Mən 1989-cu ildə Kurqanda klinik ordinaturanı bitirdikdən sonra Elmi Şuranın qərarına əsasən aspiranturada saxlanıldım. Akademik İlizarov mənə özünün yeni başladığı travmatologiya-ortopediyanın ən çətin sahəsi olan əl və ayaq sümüklərinin patologiyası mövzusunda elmi iş üzərində işləməyi məsləhət gördü. Mənə qədər akademik İlizarov bu işi 3-4 nəfər elmi işçiyə və həkimlərə həvalə etmişdi, lakin onlar heç bir nəticə əldə edə bilməmişdilər.
Akademik İlizarov hələ aspiranturada oxuyarkən məni əl və ayaq sümüklərinin patologiyası elmi qrupuna rəhbər təyin etmişdi. 1990-cı ildə akademik İlizarovla müştərək ixtiramın qeydə alınması məni daha da ruhlandırdı. Yeni üsulla xəstə bir neçə dəfə əməliyyat olunmaqdan və yaxud da ayaq sümüklərinin 3-4 yerdən osteotomiya (sındırılma) olunmasından xilas olunurdu. 1993-cü ildə dissertasiya işimi müvəffəqiyyətlə tamamlayaraq elmlər namizədi adını qazandım. 2000-ci ildə isə doktorluq dissertasiyamı müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru dərəcəsini aldım.
Daha sonra mərkəzdə əl və ayaq sümüklərinin patologiyasının müalicəsi üzrə Elmi-klinik ortopediya şöbəsinin rəhbəri təyin olundum. Eyni vaxtda mərkəzin cərrahiyyə şurasının sədri, elmi tədqiqat komissiyasının, Elmi Şuranın və elmi müdafiə şurasının üzvü təyin olundum”.
Professor deyir ki, bu gün də İlizarov mərkəzinə baş çəkən dünya ortoped-travmatoloqlarını ən çox maraqlandıran əl və pəncə patologiyasının müalicə üsullarıdır: “Mən dünya ortopediya və travmatologiya tarixində ilk dəfə olaraq əl və pəncə patologiyasının İlizarov və onun təkmilləşmələri üsulu ilə müalicə prinsiplərinin konsepsiyasını tərtib edərək elmi əsasını verdim. Bu gün çox şadam ki, həmyerlimiz akademik İlizarovun işini və etimadını doğrultdum, eyni zamanda ilk dəfə mərkəzdə bu sahə üzrə elmi klinik qrup yaradaraq İlizarovun arzularını həyata keçirdim. Əbəs deyil ki, buna görə mərkəzdə mənə “İkinci İlizarov” adını veriblər”.
Mənim yaddaşımda qalan ən təsirli anlardan biri bizim instituta gəlib İlizarov metodunun möcüzələrini öyrənmək istəyən çox böyük bir Cənubi Koreya ortoped-travmatoloqlar qrupu ilə vidalaşma gecəsidir. Bu qrupa rəhbərlik edən Cənubi Koreya Ortopediya- Travmatologiya Cəmiyyətinin sədri, bizim mərkəzin direktorunun çıxışından sonra mikrafona yaxınlaşıb söz istədi və üzünü ona tutaraq dedi: "Biz burada 14 gün ən unudulmaz anlar yaşadıq. Mən və mənim həmkarlarım bu institutun ən cavan professoru, doktor İsmayılov qarşısında baş əyirik və biz istərdik professorla Azərbaycan musiqisini rəqs edək". Daha sonra onlarla Azərbaycan musiqisini rəqs etdik. O anlarda bir daha azərbaycanlı olmağımla qürur duydum. Mən öz işimlə, onlara göstərdiyim münasibətlə həm də azərbaycançılıq vəzifəmi yerinə yetirmişdim. Amma çox maraqlıdır ki, bizim institutun müdiriyyətindən başqa bütün Cənubi Koreya qrupu mənimlə rəqs etdilər...".

İlk dəfə olaraq uşaq beyin iflici olan xəstələrin ortopedik problemləri həmyerlimiz tərəfindən həll edilib

Onu da deyək ki, H.İsmayılov travmatologiya sahəsində daha bir neçə yeniliklər edib. Onun tərəfindən 1994-cü ildən ilk dəfə kompleks müalicə sistemi tətbiq edilərək uşaq beyin iflici olan xəstələrin ortopedik problemləri həll edilib. Professor İsmayılov tərəfindən tətbiq olunmuş yenı kompleks müalicə üsulu bu problemlə üzləşən xəstələrin müalicəsində böyük imkanlar açdı. Bu komleks müalicə üsulu eyni vaxtda 10-12 əməliyyatı bir mərhələdə, dəritoxumalarda heç bir kəsik aparmamağa imkan verdi ki, bu da xəstələrin müalicə vaxtının qısalmasına, bərpa dövrünün kamil aparılmasına, onların tez və keyfiyyətli formada normal həyata qayıtmalarına səbəb oldu. Bu üsulların nəticəsində, ümumiyyətlə gəzə bilməyən və əlil arabalarına möhtac olan minlərlə xəstə ayağa qalxıb gəzdilər, çoxları isə tam bərpa olunaraq öz xəstəliklərini unutdular.
Həmyerlimiz qeyd edir ki, bu xəstələrin çoxu əvvəllər dünyanın mötəbər klinikalarında dəfələrlə əməliyyat olunmalarına baxmayaraq, nəinki müsbət nəticə ala bilməmişdilər, əksinə dəridə böyük çapıqlara məruz qalaraq, problemlərini daha da ağırlaşdırmışdılar: "Yaxşı yadımdadır, klinikaya atasının qucağında gətirilən 22 yaşlı gənc oğlanın bir ildən sonra öz ayaqları üstündə qəbuluma gəlməyi yapon mütəxəssislərini necə də heyrətə salmışdı. Yaponiyanın baş ortopedinin stol altından vizit kartını mənə otürməyi də bir tarixdir. Kartın o biri üzündə yazılmışdı: "Sizi hər zaman Yaponiyada gözləyirik". Mən isə öz doktorluq elmi işim üzərində işləməyə üstünlük verdim.
Akademik İlizarov adətən, ortopedık problemləri olan xəstələri beş yaşından başlayaraq müalicə edərdi, əsas da pəncə patologiyasında. Bunun bir səbəbi müalicə üçün müraciət edən şəxslərin illərlə növbə gözləməsi, digər səbəbi isə aparatın azyaşlı uşaqlara qoyulmasının çətinliyi idi. Mən İlizarov aparatının yüngül modelini yaradaraq, onu azyaşlı uşaqlara tətbiq etdim və bu sahədə böyük nailiyyətlər qazandım. Bu sahədə əldə etdiyim nailiyyətlərdən ən əhəmiyyətlisi əməliyyatın kiçik nöqtələrdən kəsiklərsız yerinə yetirilməsi idi. Belə əməliyyatdan sonra xəstələrin dərisində heç bir iz, çapıq toxumaları qalmır. Bu da kosmetoloji və psixoloji baxımdan xəstələr üçün çox mühüm əhəmiyyət daşıması və əldə olunan müsbət nəticələrin saxlanılmasına zəmin yaradırdı. İlk xəstəm Tümen şəhərindən olan 11 aylıq qız uşağı idi. Bir gün otağıma bir xanım və yanında bir qız uşağı daxil oldu. Köməkçim bu uşağın 5 il əvvəl mənim xəstəm olduğunu və hər iki pəncənin anadangəlmə əyriliyi ilə müalicə etdiyimi söylədi. Mən uşağı müayinə etdim, hər şey əla idi. Dəridə əməliyyatdan heç bir iz qalmamışdı. Uşağın anasının göz yaşlarının səbəbini soruşanda, onun "Professor, mən sevincimdən ağlayıram. Mənim qızım heç zaman bilməyəcək ki, onun pəncələri nə vaxtsa əyri olmuşdur" cavabı məni çox təsirləndirdi.
İlk dəfə olaraq Yaxın və Orta Şərqdə İlizarov üsulu ilə xəstələrin ambulator şəraitdə müalicə olunması prinsiplərini tətbiq etdim. Bu da müalicədə daha yaxşı nəticələrin alınmasında əsas şərtlardan bırıdır.
Daha bir ilkə imza ataraq akademik İlizarovun boyuzatma rekordunu (37 sm) keçərək, hollandiyalı qızın boyunu 41 sm uzatdım. İraqlı qızın boyunu isə 57 sm uzadaraq dünya rekordunu təzələdim.
Mən öz nailiyyətlərimi 100-dən artıq beynəlxalq konfrans və simpoziumlarda nümayiş etdirərək İlizarovun ruhunu yaşatmışam və ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, fəxr edirəm ki, azərbaycanlıyam. Harada olasam da azərbaycançılığımı qoruyuram. Azərbaycançılıq ideyası hansı vəzifədə çalışmağından asılı olmayaraq xaricdəki soydaşlarımız qarşısında Vətəni tanıtmaq məsuliyyəti qoyur. Xaricdəki soydaşlarımız hər bir işini azərbaycançılıq ideologiyasına əsaslanaraq etməlidir.
Xüsusən gənclərin azərbaycançılıq düşüncəsi inkişaf etdirilməlidir".
Həmyerlimiz ara-sıra Azərbaycanda da cərrahi əməliyyatlar aparır. Onun Azərbaycanda əməliyyat etdiyi xəstələr, əsasən tanışları və keçmişdə müalicə olunmuş xəstələri tərəfindən göndərilən insanlardır: “Onlar dəfələrlə uğursuz əməliyyat olunan və sonda heç bir həkim tərəfindən qəbul olunmayan ağır xəstələrdir. Bir çoxları da öz ağır problemləri ilə xaricə müalicə olunmağa gedə bilməyən xəstələrdir.
Məsələn, Azərbaycanda anadangəlmə ortopedik qüsurlu, 9 yaşlı oğlan 5 dəfə uğursuz əməliyyat olunmuşdu. Valideynləri hansı həkimə getsə də, ayaqlarının kəsilməsi təklif olunmuşdu. Mən bu uşağın ayağının əyriliyini və 24 sm gödəkliyini bərpa etdim.
Siz buna təəccüblənməyin. Hətta ən inkişaf etmiş ölkələrdə bu ayaqları çox rahat amputasiya (kəsilmə) edirlər və protezlər geyindirirlər. Mən belə insanlara indiyə kimi Rusiya, ABŞ, Böyük Britaniya, İran, Türkiyə, Çin və bir çox Yaxın Şərq ölkələrində 10 mindən artıq əməliyyat etdiyim xəstələr arasında çox rast gəlmişəm. Çox şadam ki, belə xəstələrə özlərinin dedikləri kimi, ikinci həyat verib, uğurlu cərrahiyyə əməliyyatlarımla onları amputasiyadan qurtarıb normal həyata qaytarmışam".

“Doktor, mən ürəyimi sizə bağışlardım, ancaq bilirəm ki, götürməzsiniz. Çünki...


H.İsmayılov hazırda elmi fəaliyyətini də davam etdirir. Belə ki, o, ümumi olaraq anadangəlmə və qazanılmış ortopedik və travmatoloji xəstəliklərin müalicəsinə həsr olunmuş 250-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 16 tədris kitabçasının, praktikada geniş tətbiq olunan 200-dən artıq ixtira və təkmilləşmələrin müəllifidir. Həmyerlimiz dünyanın 86 ölkəsinin (ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, Türkiyə, İran və s.) mütəxəssislərinə İlizarov üsulunun öyrənilməsində iştirak edib. Əsas elmi ixtirası olan əl və ayaq xəstəliklərində və sınıqlarında böyük uğurla tətbiq edilən aparat Yaponiyada patent alıb. Həmçinin ortopediya və travmatologiya sahəsində müvəffəqiyyətlə istifadə olunan İranda etdiyi ixtirası isə 2008-ci ildə İsveçrədə keçirilən beynəlxalq müsabiqədə birinci yeri tutaraq fəxri mükafata layiq görülüb: “Bu qələbə İranın həm dini lideri, həm də prezidenti tərəfindən yüksək qiymətləndirildi. 1998-2001-ci illərdə Böyük Britaniyada ortoped-travmatoloqlara (87 nəfər) 3 ay müddətinə İlizarov metodu ilə müalisə üsulllarına yiyələnmək qaydalarını öyrətmişəm. Bu müddətdə 5 dəfə BBC-ə müsahibə vermişəm. İngiltərə Kraliça xəstəxanasının təşəkkürnamələrini almışam. İngiltərədə atdan yıxılıb baldırın açıq çat sınığı almış həmkarımın ayağını kəsilməkdən xilas etdim. Londonda Uşaq Kraliça xəstəxanasında anadangəlmə barmaqları olmayan 3 yaşlı uşağa barmaq düzəltdim...Bunlardan ən təsirlisi və Şotlandiyada mənə verilən ən qiymətli hədiyyə, anadangəlmə əl əyriliyindən əziyyət çəkən 13 yaşlı qız uşağının kompüterdə çəkdiyi şəkil və onun ürək sözləridir. Həmin qızın çəkdiyi şəkildə bu sözlər yazılmışdı: “Doktor, mən ürəyimi sizə ərməğan edərdim, ancaq bilirəm ki, götürməzsiniz. Çünki Siz özünüz insanlara həyat bəxş edirsiz”.

İranda deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."

Professor İsmayılov uzun müddət İranda da fəaliyyət göstərərək insanlara şəfa verib. O, 1995-ci ildə İran əsilli Böyük Britaniya vətəndaşı olan 12 yaşlı qızın əllərini müalicə edib. 1996-cı ildə isə onu İrana dəvət ediblər: "Mənə İranda 18 yaşında bir xəstə qız uşağı təqdim etdilər. Uşaq olanda aldığı maşın zərbəsindən sonra aparılan çoxsaylı əməliyyatların nəticəsindən sol pancənin xronik osteomieliti (iltihabı) onun dərəsinin çapıq toxuması ilə örtülməsi və baldır sümüyündə 5 sm gödəklik müşahidə olunurdu. Üç ortoped qərara gəlmişdi ki ayaq amputasiya olunmalıdır. Mən bu xəstəni cərrahiyyə əməliyyatı etdim, baldır sümüklərini uzatdım, pəncənin sümüklərini bərpa etdim, əyriliyini düzəltdim, iltihabı müalicə etdim. Sonradan xəstə ailə həyatı qurdu və 2 uşaq dünyaya gətirdi".
Həmyerlimizin bu uğurlu əməliyyatından sonra İran ortoped-travmatoloqları İlizarov üsulunun bu ölkədə mütləq tətbiq olunmasının zəruriliyini qeyd ediblər. Beləcə, 2002-ci ildə İranın səhiyyə nazirinin müavini doktor Nürbaxış tərəfindən rəsmən İranda işləmək üçün dəvət alıb. O, İranın paytaxtı Tehran şəhərinin ən müasir, yeni açılmış sığorta xəstəxanasında ozamanki prezident Xatəminin və səhiyyə nazirı doktor Pezeşkianın xeyir-duasından sonra çalışmağa başlayıb. Onun üçün İlizarov Travmatologiya və Ortopediya klinikası təşkil olunub. Bu xəstəxanada çalışdığı müddətdə 4800 xəstəyə şafa verib. Bunların da 90%-i ondan əvvəl İran həkimləri və ya xarici travmatoloq-ortopedlər tərəfindən 2 dəfədən 68 dəfəyə qədər əməliyyat olunmuş xəstələr imişlər.
Professor İsmayılov o zamanlar etdiyi əməliyyatları belə xatırlayır: "Ümidlərini itirmiş, qəti şəkildə müalicənin mümkünsüzlüyü cavabı verilmiş, amputasiya təklif olunmuş xəstələr mənə müraciət edirdi. Əlin və ayaqların anadanğəlmə eybəcərliyi ilə Almaniyada dəfələrlə uğursuz əməliyyat olunmuş 21 yaşında qızını müayinəyə gətirən həmkarım və xəstənin atası göz yaşlarını tökərək danışırdı: "Professor, qızımın əlində 4-cü barmağında gödəklik var idi. Almaniyada ən tanınmış professor əməliyyat etdi və dedi ki, hər şey yaxşı olacaq. Görürsüz nəticəni. İndi, ümumiyyətlə, olan barmaq da qalmayıb, üstəlik dəridə eybəcər çapıqlar qalıb. İndi qızıma elçi gəlmək istəyirlər, o da ağlayıb deyir ki, özünü oldürəcək. Nişan üzüyünü taxmağa barmağı yoxdur deyə, ərə də getmək istəmir". Mən həmkarımın qızının barmağını öz sümüyü hesabına 4 sm uzatdım, əyriliyini düzəltdim. Plastik əmaliyyat edib çapıq toxumanı götürdüm. Dedim, indi gedin 3-4 nişan üzüyü taxın.
Mənim belə xəstələrim çox olmuşdur. Onlardan bir neçəsini misal çəkmək istərdim. 6 yaşında bir xəstənin pəncəsinin formasını və əl barmaqlarının uzunluğunu bərpa etdim, plastik əməliyyatlarla barmaqları formalaşdırdım. Mənim əl barmaqlarında əldə etdiyim nəticədən sonra, bu xəstəm İranda uşaqlar arasında keçirilən fortepiano müsabiqəsində birinci yeri tutdu.
İranda 32 yaşında bir xanım mənə müraciət etmişdi. 5 yaşında ikən iranlı həkimlər onun pəncəsinin çox hissəsini kəsib ömürlük protezə məhkum etmişdilər. Mən onu görəndə pəncəsinin qalmış daban hissəsi iltihablanmışdı. Bütün İran ortopedləri onun ayağnın dizdən aşağı hissəsini kəsmək qərarını vermişdilər. Valideynləri də, xəstə də 27 il buna razı olmamışdılar. Xəstə heç yerə çıxayıb, ailə qurmamış, özü söylədiyi kimı gündüzləri də gecəyə çevrilərək gözlərini tavana zilləyib Allahdan kömək istəyirmiş. Mən bu xəstəni əməlliyyat edərək 9 sm baldır sümüyünü uzatdım. Pəncə sümüyünün qalan hissəsini 21 sm uzadaraq və əyriliyini düzəldərək pəncə formalaşdırdım. Bütün bu işlər bir mərhələdə yerinə yetirildi. İlk dəfə ayaqqabı geyinərək xəstəxanaya gələndə siz onun gözlərində ümidlə dolu qığılcımları görə bilsəydiniz...
Bir gün mənə 19 yaşlı bir xəstəni müayinə etməyi xahiş etdilər. Motosikletdə qəzaya uğramış bu xəstə dəfələrlə əməliyyat olunmuş, nəticə isə yoxdur və üstəlik yaradan çirk axır. İran Travmatologiya-Ortopediya Cəmiyyətinin qərarı və 53 nəfər üzvünün imzası ilə onun ayaq bud sümüyünün yuxarı hissəsindən amputasıya olunması nəzərdə tutulmuşdu. Cəmiyyətin iclasında əyləşən bir nəfər sağlam fikirli travmatoloq deyib ki, İrana yeni bir rus professoru gəlib, bəlkə İlizarov üsulu ilə bunu müalicə etdi. Bu vaxt orada əyləşən İranın rəhbərlərinin xüsusi həkimi, travmatoloq-vertebroloq Fəxiri söyləyir ki, əgər həmin rus professoru bu xəstəni müalicə edib ayağa qaldırsa, onda İran ortopedləri çıxıb bu dövlətdən getməlidir. Xəstənin çox yüksək vəzifəli dayısı deyir ki, buna razıdır, təki professor xəstəni müalicə etsin.
Mən xəstənin müalicəsini öz boynuma götürdüm. Xəstəni 7-10 gün müddətində əməliyyata hazırladım. Əməliyyat zamanı müşahidə etdim ki, xəstənin bud sümüyü 20 sm çürüyüb, ümumi baldırla bir yerdə 56 sm sümük yoxdur. Mən öz qalan sümüklərinin hissəlirinin hesabına bu sümük qüsurunu bərpa etdim, sümükləri birləşdirdim. Xəstə ayağa durdu, müalicə böyük müvəffəqiyyətlə başa çatdı. Mən bir gün doktor Fəxrini əməliyyat otağında görüb soruşdum: "Doktor, sız hələ İrandasız?". Mənə cavab verdi ki, bəs harada olmalıdır? Dedim mənə demişdilər sən söyləyibmişsən ki, bu xəstəni professor İsmaylov müalicə edə bilsə siz gərək İrandan çıxıb gedəsiz. Xeyli güldü və bildirdi ki, zarafat edib. Ancaq sonralar mənim yanıma müalicəyə çox xəstələr göndərdi".
Professor deyir ki, müalicə üçün onun yanın çətin xəstələrin 60% nəinki İran travmatoloq-ortopedləri, hətta Almaniyada, Türkiyədə, Böyük Britaniyada çalışan hamkarları da göndəriblər: "Bütün bunlara sübut minlərlə müalicə olunan, ayaq və əlləri amputasiyadan qurtarılan, normal həyata qayıdan xəstələrdir.
Bütün bu işlərimin müqabilində İran mediasında çap olunmuş təşəkkür dolu məqalələr, müsahibələr və İran televiziyalarında onlarla müsahibələr, çəkilmiş üç sənədli film, yadda qalan xoş anlardır. Ən əsası isə bəzi xəstələrin, ya da onların yaxınlarının ürəklə söylədikləri: "Professor İsmayılov, sizi Rusiyadan bizə Allah göndərdi" deyib, xeyir-dua vermələri idi".

Həyat davam edir...


Professor İsmayılov özünün 34 illik həkimlik təcrübəsində tibbin sirlərini öyrənməklə yanaşı, bu sahəni tədris də edib. Onun rəhbərliyi altında və yaratdığı elmi klinik bazanın nəzdində çoxlu sayda elmlər namizədi işi, həmçinin doktorluq dissertasiyası müdafiə olunub. Vaxtilə çalışdığı institutda bu gün də onun elmi klinik konsepsiyaları əsasında tədris kitabçaları və hətta dünyanın bir çox dövlətlərində monoqrafiyalar çap olunur. Professorun özü də öyrənməkdən heç vaxt çəkinməmişdir. Ətrafların oynaqlarında və fəqərə sütununun sınıq və patologiyasının genış cərrahi və estetik müalicəsi üçün ABŞ-da, Rusiyada, Böyük Britaniyada, Almaniyada, Türkiyədə, İranda, İsveçrədə iştirak etdiyi kurs və seminarlarda aldığı nəzəri, klinik bilikləri praktikasında geniş istifadə edir. Bu gün professor İsmayılovun tədqiqat və müalicə işlərində sümük iltihabı, çürüməsi, xoş və bədxassəli şişlərin nəticəsində sümük və oynaqların total qüsurların bərpa olunması mühüm yer tutur.
Hər zaman azərbaycançılıq ideyasının xaricdə təbliğinə üstünlük verən pofessor İsmayılovu travmatoloq-ortoped olaraq dünyada xəstələri ayağa qaldıran güc mərkəzinə bənzətmək olar. Öz sahəsində dünya rekordu edən belə bir insan təkcə Azərbaycan üçün deyil, bəşəriyyət üçün faydalıdır.








 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Tanınmış rusiyalı kardioloq: Təzyiqi salmaq üçün bu 2 məhsuldan imtina edin
14.09.2020
Ortoped-travmatoloq Dr.Müseyib Əhmədov “Koksartroz xəstəliyinin vaxtında müayinəsi nə üçün vacibdir?” sualını cavablandırıb
11.09.2020
Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu uşaqlara qrip əleyhinə peyvəndin vurulması ilə bağlı məsləhəti
11.09.2020
Vaginizm və cinsi zəiflik: Problemdən necə qurtulaq? - VİDEO
09.09.2020
Podaqra kişilərdə daha çox rast gəlinir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info