Ermənilərin köhnə atəşkəs hiyləgərliyi: Hər dəfə yeni ərazilərin işğalı üçün cəhd ediblər - REAL FAKTLAR
Tarix: 27.10.2020 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələri hər dəfə olduğu kimi, bu dəfə də atəşkəsi pozaraq son bir ayda əldə edilən 3-cü humanitar atəşkəsə məhəl qoymur. Əldə edilən atəşkəs razılaşmalarına baxmayaraq, işğalçı ölkə döyüşlər zamanı "itirilən" əraziləri yenidən işğal etməyə cəhd edir. Amma hər dəfə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavablarını alır, işğal altında olan digər əraziləri də tərk etmək məcburiyyətində qalır.

Döyüş meydanında Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən Ermənistan hətta atəşkəs razılaşması zamanı mülki əhali yaşayan Azərbaycan yaşayış məntəqələrini də hədəf almağı qarşısına məqsəd qoyub.

Oktyabrın 10-da, 17-də və 26-da Rusiya və ABŞ-ın təşəbbüsü ilə iki tərəf arasında 3 dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan tərəfi bu atəşkəsləri hər dəfə kobud surətdə pozdu və döyüş bölgəsindəki mövqelərimizlə yanaşı, yaşayış məntəqələrimizi də atəşə tutdu. Oktyabrın 10-da Ermənistan silahlı qüvvələri Tərtər, Goranboy, Ağdam, Füzuli rayonları ərazilərini ağır artilleriya atəşinə məruz qoydu. Oktyabrın 11-də ermənilərin Gəncə şəhərinə atdıqları raket nəticəsində yaşayış binaları dağıdıldı, 11 nəfər dinc sakin dünyasını dəyişdi, onlarla mülki şəxs ağır yaralandı. Oktyabrın 17-də ikinci humanitar atəşkəsdən az sonra isə Azərbaycanın Mingəçevir və Gəncə şəhərlərində dinc sakinlər yenidən raket atəşinə tutuldu. Ermənilər Gəncə şəhərində həmin gecə dinc sakinlərə qarşı terror törətdi. Nəticədə Gəncə şəhərində 14 nəfər həlak oldu, 55 nəfər yaralandı, yüzlərlə evə külli miqdarda ziyan dəydi.

Və sonda, oktyabrın 26-da əldə edilən 3-cü razılaşmadan dərhal sonra Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisindən Azərbaycanın işğaldan azad edilən Qubadlı, Cəbrayıl və Laçın rayonları ərazisinə hücumu oldu.

Baş verənlər bir daha açıq-aşkar təsdiqləyir ki, düşmən hər 3 atəşkəsi bilərəkdən pozur, döyüşün dayanmasını və sülh yolu ilə razılaşmanı istəmir. Atəşkəsin pozulması nəticəsində isə Azərbaycan Silahlı Qüvvələri hər dəfə düşmənə layiqli cavab verir, sarsıdıcı zərbələrlə onları geri çəkilməyə məcbur edir.

Ermənistanın atəşkəs rejimini pozması 90-cı illərdən bu vaxta qədər faktlarla sübut olunub. Onlar hər dəfə atəşkəs elan olunmasını istəyib, Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsə riayət etməsindən sui-istifadə edib torpaqları işğal etməyə çalışıb.

Məsələn, bütün dünyaya məlumdur ki, Azərbaycanla Ermənistan arasında ilk dəfə atəşkəs 1991-ci ilin noyabrın 20-də Qarakənd üzərində Mi-8 helikopterinin vurulması ilə pozuldu. Erməni hərbi birləşmələri həmin vaxt Azərbaycanın dövlət xadimlərinin olduğu vertolyotu vurmaqla öz terorçuluq niyyətlərini tam ortaya qoydular. Daha sonra,1992-ci il fevralın 25-də İran İslam Respublikası və BMT-nin Təhlükəsizlik Şurası atəşkəs üçün müraciət etdi. Razılaşmadan 1 gün sonra, fevralın 26-da Xocalıda azərbaycanlıların soyqırımı törədildi. İran tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasına 1992-ci il martın 15-də və mayın 8-də də vasitəçilik etdi. Lakin 1992-ci il mayın 8-də ermənilər Şuşanı işğal etdilər. İran prezidenti Həşimi Rəfsəncaninin vasitəçiliyi ilə 1993-cü ilin oktyabrın 28-də atəşkəs razılaşması əldə olunandan 1 gün sonra, oktyabrın 29-da Zəngilan rayonu işğal edildi. Ermənistanın sabiq prezidenti Robert Koçaryan etiraf edib ki, Azərbaycanla əldə edilən atəşkəsdən həmişə öz xeyirlərinə istifadə ediblər.

1994-cü ilin mayın 12-də ATƏT-in Minsk qrupunun həmsədrləri uzunmüddətli atəşkəs elan etsə də, bu vaxta qədər təmas və cəbhə xətlərində Ermənistan silahlı qüvvələri dəfələrlə atəşkəsi pozaraq, gün ərzində bölmələrimizi hədəfə alıblar. Atəşkəsin uzunmüddətli olmasına səbəb isə artıq Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu tam işğal etməsi idi. Amma buna baxmayaraq, ermənilər yenə də cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozub, onlarla təxribatlar törədiblər. 2010 - 2012-ci illər və nəhayət 2016-cı ilin Aprel hadisələri də ermənilərin atəşkəsi kobud pozması nəticəsində baş verdi. 2020-ci ilin iyul ayının 12-də Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib və Tovuz rayonundakı mövqelərimizə hücum edib. 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun gücünü gördü və yalvararaq atəşkəs istədi. Amma bu onlar üçün son olmadı.

2020-ci ilin iyul ayında erməni silahlı qüvvələri Ermənistan ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən Tovuz rayonuna hücum etdi. Bir neçə gün baş verən təxribatlar nəticəsində ermənilər layiqli cavablarını alaraq geri çəkildilər. Hadisədən bir ay keçməmiş, avqust ayında Ermənistanın diversiya qrupu Azərbaycan ərazisinə daxil olaraq yenidən təxribat törətmək istəsə də Azərbaycan Ordusu bu cəhdin də qarşısını aldı, erməni diversiya qrupunun rəhbəri əsir götürüldü, dəstə üzvlərinin bir qismi isə məhv edildi.

Və nəhayət, bu il sentyabrın 27-si Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər, Goranboy, Ağdam və Füzuli istiqamətində yenidən təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinə hücum etdilər. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab olaraq bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı və hazırda döyüş davam edir. Əks-hücum əməliyyatlarımız nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan 4 şəhər, 4 qəsəbə və 165 kəndi düşmən tapdağından azad etdi. Hər gün həm canlı qüvvə və texnika, həm də ərazi itirən düşmən indi yenidən hiyləgərliyini işə salıb. Sentyabrın 29-dan başlayaraq Ermənistan siyasi rəhbərliyi əvvəlki çirkin niyyətlərini yenidən atəşkəs adı altında həyata keçirmək istəyirlər. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan bəzi dünya liderlərinə yalvararaq atəşkəs elan olunmasını istəyir ki, atəşkəs adı ilə hücum edib itirdikləri əraziləri yenidən işğal etsinlər. Onların bu niyyətləri isə bu dəfə baş tutmur. Atəşkəsə riayət edən Azərbaycan Silahlı Qüvvələri artıq erməni hiyləgərliyinə bələd olduğundan hər an onların hücumlarının qarşısını almağa hazır vəziyyətə gətirilib. Hər dəfə atəşkəs elan olunan kimi hücuma keçən ermənilərin başı əzilərək geri qayıdır, bəzi əraziləri də itirir. Artıq bu iyrənc planları da baş tutmayan ermənilər indi yalnız dinc sakinlərin yaşadığı məntəqələri hədəf seçib Azərbaycan Ordusundan qisas almağa çalışır. İndi onlar bu üsulla Azərbaycana təsir etməyə çalışır. Onlar əhali arasında panika yaratmaqla ruh düşkünlüyü yaratmağa cəhd etsə də bu niyyətləri də boşa çıxdı.

Ermənilərin bir həftə ərzində 2 dəfə terror törətdikləri Gəncədə əhali daha da aktivləşdi, Azərbaycanın Ali Baş Komandanına, Azərbaycan Ordusuna dəstək verdi, düşmənə qarşı nifrətini bir az da artırdı. Və nəticədə Azərbaycan əhalisindəki ruh yüksəkliyini görən ordumuz hər gün irəliləyir, işğal altındakı ərazilərimizi düşməndən azad edir.

Bəli, baş verən proseslər də bir daha sübut edir ki, atəşkəs rejiminin tarixən pozulmasına və hazırkı vəziyyətə görə məhz Ermənistan məsuliyyət daşıyır. 90-cı illərdən atəşkəsi pazaraq Azərbaycan ərazilərini işğal edən Ermənistan bu dəfə də bu üsuldan istifadəyə cəhd etsə də, artıq onların bu hiyləgərlik kartı ifşa olundu. Azərbaycan Ordusu onların hiyləgər hücumlarının qarşısını ustalıqla alır və işğal olunmuş ərazilərimizdən qovur.
Trend




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
02.12.2020
Simasız ermənilərin növbəti rəzilliyi – Peskovun cavabı
02.12.2020
Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri...
02.12.2020
Ermənistanın müdafiə naziri Xankəndiyə gəldi
02.12.2020
Rusiya ermənilərə növbəti yardım göndərdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info