“Jurnalistika fakültəsinə qəbulun təkcə testlə aparılması bu sahəyə böyük zərbə vurub”
Tarix: 26.11.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Professor Şamil Vəliyev: “Ona görə də qəbul olmaq
istəyən abituriyentlər yaradıcılıq müsabiqəsindən
keçsələr, yaxşı olar”


Hələ mən tələbə olanda xüsusən yaşlı müəllimlərimiz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə abituriyentlərin testlə qəbulundan “dad edirdilər”. Əsasən də yaradıcılığı olmayan, təcrübəyə meyilli olmayan tələbəni görəndə onlar sübut gətirirdilər ki, Jurnalistika fakültəsinə qəbul zamanı yaradıcılıq müsabiqəsi keçirilməlidir. Hərçənd, fakültəmizin gənc müəllimlərindən bəzisi buna loyal münasibət göstərirdi, hətta yaradıcılıq sahəsində bu cür qaydanın tətbiqinin insan haqlarının tapdanması kimi qiymətləndirənlər də olurdu.

Ümumiyyətlə, bu məsələ artıq sanki “atalar və oğullar” probleminə çevrilib. Yaşlı nəslin nümayəndələrinin əksəriyyəti jurnalist olmaq istəyən abituriyentlərin həm də qabiliyyət imtahanı verməsinin tərəfdarıdır. Nisbətən gənc jurnalistlərinsə bir çoxu müasir jurnalistikada önə informasiyanın çatdırılması çıxdığını, yaradıcılığın o qədər də tələb olunmadığını düşünür. Bəziləri isə qabiliyyət imtahanı ideyasını bəyənsə də, bu gün onun tətbiqinin tərəfdarı deyil. Amma fakt odur ki, qeyri-peşəkarların çoxalması cəmiyyətdə jurnalistikanı gözdən salıb. Artıq jurnalistlərin peşəkarlıq “süzgəcindən” keçirilməsi sosial sifarişə çevrilib. Bunun üçün isə abituriyentlərin bu sahəyə qəbulundan başlanmasına ehtiyacın olduğu görünür. Hazırda bu ideya dövlət başçısı tərəfindən də dəstəklənir. Belə ki, Prezident İlham Əliyevin jurnalistlərlə son görüşündə, Əməkdar jurnalist, Milli Məclisin deputatı Aqil Abbas çıxışında bu məsələyə toxunub. A.Abbas deyib ki, bu gün Azərbaycan jurnalistikasında problemlərdən biri də qabiliyyət imtahanının olmamasıdır: “Bunun nəticəsində təsadüfi adamlar gəlib jurnalistikaya düşürlər ki, sonra onlar gedib heç jurnalist işləmirlər və yaxud da ki, işləyirlərsə də “sarı mətbuat”a çevrilirlər. Əgər qabiliyyət imtahanı tətbiq edilərsə, Azərbaycan jurnalistikası daha da güclənər, daha da savadlı olar, mətbuatımız daha da inkişaf edər. Mənə elə gəlir ki, bu, bütün jurnalistlərin ürəyindən keçən bir fikirdir” Həmin görüşdə Prezident bir çox təkliflər kimi, bu məsələyə də müsbət münasibət bildirib: “Qabiliyyət imtahanları ilə bağlı hesab edirəm ki, bu, çox düzgün təklifdir və bunu biz nəzərə almalıyıq. Çünki jurnalistika xüsusi bir peşədir. Burada sadəcə olaraq gələcək jurnalistlərin peşəkarlığı, bacarığı testlə ölçülə bilməz. Ona görə hansısa formada, - əgər bu qabiliyyət imtahanı olarsa, - mən buna etiraz etmirəm. Baxın hansı formada bunu etmək mümkündür”. BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev bizimlə söhbətində bu məsələyə münasibət açıqladı : “Mən özüm də həmin tədbirdə iştirak edirdim. Cənab Prezident jurnalistikanın yaxın və uzaq inkişafı üçün strateji nitq söylədi. Bizim geniş istiqamət və vəzifələrimizi müəyyənləşdirdi”. Ş.Vəliyev dedi ki, Jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanının olması onların işini rahatlaşdırar: “Sovet vaxtı Azərbaycanda Jurnalistika fakültəsinə imtahan verənlər qabiliyyət imtahanından keçirdilər. Amma indi Jurnalistika fakültəsinə test xətti ilə çoxsaylı təsadüfi adamlar gəlirlər. Bura yaradıcı fakültədir. Ona görə də qəbul olmaq istəyən abituriyentlər yaradıcılıq müsabiqəsindən keçsələr, yaxşı olar. İndi istisna etmirəm, bu xəttdə də zəif jurnalistlər 3-5 nəfər ola bilər. Amma zəif tələbə də olsa, bilərik ki, buranı istəyib gəlib. Amma istəmədən gələnləri, sonradan zorla jurnalist etmək çətindir. Bu, zorən diplomat yaratmaq kimi bir şeydir. Praktiki olaraq bu əziyyəti biz çəkirik. Ən əsası da cəmiyyətimiz bunun ziyanını görür”. Onun sözlərinə görə, bu, bir-iki nəfərin istəyi deyil, cəmiyyətdən gələn ictimai sifarişdir: “Çünki cəmiyyətimiz artıq görür ki, jurnalistika ilə məşğul olan qeyri-peşəkarların sayı çoxalır. Jurnalistikaya dair sənətkarlıq məsələləri, professionallıq aşağı düşür. Azərbaycan ictimaiyyəti jurnalistikamızın vəziyyətindən narazıdır. Biz də istərdik ki, intellektul jurnalistlər olsun, sahə jurnalistikası formalaşsın. Yəni, biz istəyirik ki, ədalətli mövqedə duran, hadisələrə obyektiv yanaşan, informasiyanı balanslı verən jurnalistlər çox olsun”. Professor bildirdi ki, Jurnalistika fakültəsinə təkcə testlə qəbulun aparılması Azərbaycan jurnalistikasına böyük zərbə vurub: “Şükür Allaha ki, bu gün şər-böhtan atan, “reket jurnalisit”lərin arasında peşəkar jurnalist yoxdur. Amma başqa ixtisas sahibləri sui-istifadə edib hərəsi bir qəzet, jurnal çıxarır və “reketçiliklə” məşğul olurlar. Beləcə, jurnalistikanın mühitini korlayırlar. Buna görə də jurnalistika haqqında cəmiyyətdə yüksək rəy olmur. Fakültəyə yaradıcılıq müsabiqəsi ilə qəbul ən optimal yoldur. Belə olanda bilirsən ki, bu tələbə jurnalist olmaq istəyir və buna da qabiliyyəti var. İndi yaxşısından olacaq, zəifindən olacaq, bu, taleyin işidir”. Ş.Vəliyevə görə yaradıcılıq müsabiqəsinin olması “reket jurnalistikası”nın aradan qalxmasına da böyük təsiri olacaq: “Çünki peşəkarlar, jurnalistikaya aid qanunu bilənlər heç vaxt səhv etməzlər və heç vaxt da cəmiyyətə ziyan vurmazlar. Ola bilər min nəfərdən 3-5 nəfər zəif və ya yalnış yolda olsun. Amma əksəriyyət keyfiyyət nümayiş etdirəcəklər və keyfiyyətli jurnalistika ilə məşğul olacaqlar. Bu da cəmiyyətin obyektiv informasiya ehtiyaclarını ödəyəcək və analitik yazıların səviyyəsini yüksəldəcək”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info