Kiyevdə “Mədəniyyət körpüləri birləşdirir” konserti təşkil ediblər
Tarix: 27.11.2013 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Noyabrın 25-də Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) əsas binasının akt zalında “Mədəniyyət körpüləri birləşdirir” Azərbaycan-Ukrayna-Türkmənistan mədəni-maarifçilik tədbiri müvəffəqiyyətlə keçirilib. Tədbiri Azərbaycanın və Türkmənistanın Ukraynadakı səfirlikləri T.Şevçenko adına Kiyev Milli Universiteti ilə birlikdə təşkil ediblər.
Tədbirin keçirilməsində başlıca məqsəd sülh və dostluq, qarşılıqlı hörmət və anlaşma, başqa millətin və mədəniyyətin nümayəndələrinə tolerant münasibət ideyalarının təbliği olub.
Tədbirdən əvvəl iştirakçılar Azərbaycan haqqında Heydər Əliyev Fondunun sifarişi ilə çəkilmiş videoçarxa, habelə Ukrayna və Türkmənistan haqqında videosüjetlərə baxıblar.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə Ukraynanın əsas dövlət universitetinin prorektoru, professor Pyotr Bex açıb. O, toplaşanlara universitetin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının akademiki Leonid Quberskinin təbrikini çatdırıb, həmçinin bu gözəl, birgə pilot layihə təşəbbüsünə və onun həyata keçirilməsinə görə Azərbaycan və Türkmənistan səfirlərinə minnətdarlığını bildirib.
Azərbaycanın səfiri Eynulla Mədətli qonaqpərvər ev sahiblərinə - T.Şevçenko adına KMU-nun rektorluğuna, türkmən həmkarına, habelə “Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasova birgə mədəni tədbirin həyata keçirilməsini dəstəklədiklərinə görə təşəkkür edib. Diplomat qeyd edib ki, xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələri var. Bundan başqa, məlum olduğu kimi, Azərbaycan ilə Türkmənistanı Xəzər dənizi birləşdirir.
Səfir daha sonra deyib: “Azərbaycan ilə Ukrayna da eyni ümumi dəyərlərə malikdirlər. Azərbaycanda Ukrayna xalqının mənəvi atası, xalqının azadlığının böyük tərənnümçüsü Taras Şevçenkonun irsinə necə böyük ehtiram və hörmət göstərilməsi buna parlaq misaldır. 2014-cü ildə biz onun anadan olmasının 290 illiyini qeyd edəcəyik.
Səfir, həmçinin toplaşanlara bildirib ki, III Bakı Beynəlxalq Humanitar Forumunun işində Ukraynanın nümayəndə heyəti, o cümlədən T.Şevçenko adına KMU-nun rektoru L.Quberski, prorektor P.Bex və başqaları da iştirak ediblər.
Sonra diplomat xalqlarımızın ədəbiyyatı və xalq yaradıcılığı tarixinə qısaca nəzər yetirərək, Türkmənistan poeziyasının klassiki Mahtumkulunun əsərindən türkmən dilində əzbər misralar söyləyib. O, dahi şair və mütəfəkkirin irsini bütün türk dünyasının mənəvi sərvəti kimi səciyyələndirib. Çıxışının sonunda Azərbaycan səfiri qarşıdakı dövlət bayramı – Neytrallıq Günü münasibətilə həmkarının simasında bütün türkmən xalqını təbrik edib.
Türkmənistan səfiri Nurberdi Amanmuradov cavab nitqində mədəniyyət körpüsünün keçirilməsi təşəbbüsünə, 2014-cü ildə anadan olmasının 290 illiyi geniş qeyd ediləcək böyük mütəfəkkir və şairin xatirəsinə ehtiram əlaməti olaraq Mahtumkulunun misralarını sitat gətirdiyinə görə öz azərbaycanlı həmkarına minnətdarlığını bildirib, ölkələrimiz arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıb.
Sonra Azərbaycan, Ukrayna və Türkmənistanın dövlət bayraqları ilə bəzədilmiş səhnədə maraqlı konsert olub. Konsert Q.Abbasovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə açılıb. Konsert proqramında həm professional səhnə ustalarının, həm də Azərbaycan, Ukrayna və Türkmənistan tələbələrinin çıxışları təqdim olunub.
Bizim tərəfdən konsertdə “Azərbaycan” xalq mahnı və rəqs ansamblının (bədii rəhbər – Q.Abbasov) solisti, estrada ifaçılarının beynəlxalq müsabiqələrinin laureatı Təranə Məmmədova çıxış edib. T.Şevçenko adına KMU-nun Beynəlxalq Münasibətlər İnstitutunun II kurs tələbəsi Nərminə Məmişova Müslüm Maqomayevin “Noktürn” mahnısını ifa edib. Emil Səmədli gitarada virtuoz ifası və vokal məharəti ilə tamaşaçıları sevindirib.
Tamaşaçılar konsert proqramına öz xalq mahnı və rəqslərini daxil etmiş türkmən tələbələrin çıxışını da maraq və diqqətlə izləyib, Nigar Xamrayeva və Cənnət Başovanın ifasında mahnıları, xalq çalğı alətləri ansamblı kvintetini və digər ifaçıları alqışlarla qarşılayıblar.
Ürəyəyatımlı Ukrayna xalq mahnıları, qızğın “Qopaq” və digər milli rəqslər də tamaşaçılara müsbət emosiyalar bəxş edib.
Dostluq və incəsənət bayramı coşqun “Yallı” rəqsinin ifası ilə başa çatıb.
Tədbirin sonunda gecənin aparıcısı, universitetin tələbəsi Fərid Səfərov Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin başçısı adından iştirakçılara Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info