“Milli-mədəni irsimizin nümunələrini gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq”
Tarix: 27.11.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Faiq İsmayılov: “Ermənilərin oğurladığı milli-mədəni
dəyərlərimiz Azərbaycana qarşı təbliğatda istifadə olunur”


Layihə çərçivəsində Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, yazıçı publisist Faiq İsmayılovla müsahibəni təqdim edirik.

-İşğal altındakı mədəni irsimizə hansı zərbə vurulub?
-20 ildən artıqıdır ki, qonşu Ermənistan Respublikası, Azərbaycan Respublikasının 20 % torpaqlarını işğal altında saxlayır. Ermənilər işğal altında saxladıqları ərazilərimizdə nəinki sənayemizi, kənd təsərrüfatımızı, təbii sərvətlərimizi dağıdıb, qarət edib iflic vəziyyətinə salıblar, eyni zamanda orada yaşayan azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq, bu xalqın işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət nümunələrini, o, cümlədən folklorumuzu, toponimlərimizi, mətbəximizi eləcə də tarixi əsərlərimizin yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf götürüblər. Bütün milli-mədəni dəyərlərimizin planlı və sistemli bir şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçirirlər. Ermənilərin oğurladığı milli-mədəni dəyərlərimiz, Azərbaycana qarşı təbliğatda istifadə olunur. Burada qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan ərazilərində ermənilər tərəfindən həyata keçirilən bu hadisələr beynəlxalq hüquqda mədəniyyətin soyqırımı anlamını verir.
Bu gün işğal altındakı ərazilərimizdəki tarix və mədəniyyət abidələrimizin beynəlxalq təşkilatların vasitəçiliyi ilə mühafizəsi və müdafiəsi daha çox aktuallıq kəsb edir. Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələri dünya mədəniyyətinin tərkib hissəsi olduğundan, bu abidələr ümumbəşəri xarakter daşıyır, onları mühafizə edərək, gələcək nəsillərə çatdırmaq bizim borcumuz və vəzifəmizdir.
- Hazırda işğal altında təxminən nə qədər milli-mədəniyyət abidələrimiz qalıb?
-İşğal altındakı abidələr forma və həcminə görə iki hissəyə bölünür; daşınan abidələr (səyyar) və daşınmaz (stasionar) abidələrdir. Daşınan abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, şəxsi kolleksiyalarda, ibadət yerlərində (məscid, kilsə, məbəd), şəxsi mülklərdə və başqa yerlərdə qorunan eksponat və digər əşyalardır. Ümumiyyətlə, son münaqişə zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdən 1200 tarixi memarlıq abidəsi tamamilə məhv edilib, ya da qismən dağıdılmış, 27 muzey və Şəkil Qalereyası qarət edilib, 100 mindən çox eksponat Ermənistana daşınıb. Bu mədəniyyət nümunələrinin bir qismi Almaniya, Fransa, Rusiya və Amerika kimi dövlətlərin, böyük şəhərlərində satış üçün hərraca çıxarılıb və ya nüfuzlu şəxslərə hədiyyə edilib.
Hal-hazırda işğal olunmuş ərazilərdə qismən salamat qalan abidələr, daşınmaz abidələr kateqoriyasına aid olanlardırlar. Onlar əsasən arxeoloji və memarlıq qrupuna daxil olan binalar, tikintilər və qurğulardır ki, bu abidələr inşa edildikləri və ya qurulduqları yerlərdə hələlik öz mövcudluqlarını qoruyub saxlayırlar.
Ermənilər tərəfindən məqsədli şəkildə onlarla kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurub. Ermənilərin dağıtdığı yerləri belə qruplaşdırmaq olar:
- Tarixi şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı qəhrəmanlarının, Milli qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, mədəniyyət, incəsənət və elm xadimlərinin həyatı ilə bağlı xatirə yerləri, yaşayış evləri, kompleksləri və ansamblları. Ölkənin, şəhərin və ya kəndin həyatında baş vermiş mühüm tarixi hadisələrlə bağlı xatirə yerləri, xatirə abidələri, kompleksləri və ansamblları; Azərbaycanın elm, texnika və məişəti ilə bağlı xatirə yerləri, xatirə abidələri, kompleksləri və ansamblları; Qədim qəbristanlıqlar; baş daşları, məzarlar və qalıqları, dövlət və hökumət xadimlərinin məzar kompleksləri; xalq qəhrəmanlarının məzarları; ədəbiyyat, incəsənət və elm xadimlərinin məzarları, qardaş qəbristanlıqları, əsgər və vətəndaşların qəbirləri; Dövlət müstəqilliyi uğurunda həlak olanların qəbirləri və.s.
Ermənistan eyni zamanda işğal edilmiş Azərbaycan ərazilərində vaxtaşırı abidələrin qeydiyyatını aparır və bu abidələri sənədləşdirməyə çalışırlar. Buna misal olaraq göstərmək olar ki, ermənilər 2000-ci ildə 1750 abidə, 2006-cı ildə 500 abidə və 2011-ci ildə isə 289 abidə qeydə alaraq sənədləşdiriblər. Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarda ermənilərin qeydə aldıqları abidələrin sayı üst-üstə 2539-a bərabərdir. Halbuki Azərbaycanın rəsmi dairələrində bu abidələrin sayı 850-dən artıq deyildir. Lakin ermənilərin qeydə aldıqları bu abidələrin sırasında Şuşa şəhərindəki Aşağı və Yuxarı Gövhərağa məscidləri istisna olunmaqla, müsəlman dini abidələri, məscidlər, türbələr və digər qəbirüstü abidələr yer almır.
Xalqımızın illərlə hissə-hissə itirdiyi mədəni irsinin yerini doldurmaq və ya onu hansısa rəqəmlərlə ifadə edib itkinin qiymətləndirilməsini hesablamaq qeyri-mümkündür. Əgər biz işğal altında olan tarix və mədəniyyət abidələrimiz üzərində sahibliyi əldə edib, milli-mədəni irsimizin nümunələrini gələcək nəsillərə olduğu kimi qaytarmasaq, bu, Azərbaycan mədəniyyətininin mənəvi yoxsullaşmasına gətirib çıxaracaq.
-Zaman-zaman ermənilər musiqimizi də oğurlamağa çalışıblar. Bu istiqamətdə hansı araşdırmalar aparıbsız?
-Ermənilər məskunlaşdıqları Azərbaycan torpaqlarında yerli əhali ilə tez qaynayıb-qarışdılar. Onlar azərbaycanlıların toy şənliklərində, bayramlarında iştirak edirdilər. Özləri ilə gətirdikləri hind, ərəb, fransız musiqiləri burada işə yaramadığından, onlar Azərbaycan xalq musiqisini və dilini tez mənimsədilər. Ermənilər dünyada köçəri həyat sürdüklərindən, özlərinin milli mədəniyyətləri və musiqiləri olmayıb. Ermənilərin Sayat-Nova ilə başlanan poeziya və incəsənəti çox da uzaq olmayan tarixi keçmişi əks etdirir. Hətta erməni klassiki sayılan Sayat-Nova öz yaradıcılığında istifadə etdiyi çox şeyləri türk mədəniyyətindən əxz etdiyini etiraf edir.
Ermənilər özlərinin toy və digər şənliklərində yalnız Azərbaycan musiqisindən istifadə edirdilər. Bununla yanaşı, artıq onlar Azərbaycan ifaçılıq sənətini mənimsəməyə başladılar. Onlar tar, kamança, dəf, zərb, nağara kimi alətlərdə çalmağı nəinki mənimsədilər, hətta onu azərbaycanlı uşaqlara tədris etməyə başladılar. XVIII-XIX əsrlərdə Azərbaycanda bir çox adlı-sanlı muğam üçlüyünün kamança çalanı erməni idi. Ermənilər bir çox musiqi kollektivlərində çalışır, özlərinin ifaçılıq sənətlərini inkişaf etdirirdilər.
Artıq XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın xalq musiqisini, sonralar isə bəstəkar mahnılarını açıq-aşkar erməni musiqisi kimi təqdim etməyə başladılar. Azərbaycan musiqisi ilə yaşayan, özlərini türk xalqlarının əzəli və əbədi düşməni elan etməklə Azərbaycan incəsənətini mənimsəyəcəklərini zənn edən ermənilər, bir zaman bu hərəkətlərinin beynəlxalq konvensiya və qanunlara zidd olduğunu anlayacaqlar, Azərbaycan musiqisindən aldıqları həzzə görə Azərbaycan xalqına minnətdar olacaqlar.
- Bəs, bu siyasət memarlıq abidələrimizə qarşı necə aparılıb?
- Ermənilərin etnik təmizləmə siyasəti işğal olunmuş ərazilərdəki tarix və memarlıq abidələrimizdən də yan keçməyib. Təkcə Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində mindən çox tarixi, memarlıq və mədəniyyət abidələri mövcud idi ki, onların da böyük əksəriyyəti ermənilər tərəfindən ya tamamilə, ya da qismən dağıdılaraq yararsız hala salınıb. Qərbi Azərbaycan torpaqlarında isə nə bir dənə də olsun azərbaycanlılara məxsus salamat qalmış tarix və mədəniyyət, nə də qəbirüstü abidələrə rast gəlmək mümkündür.
Ermənilər istər Qarabağ, istərsə də Azərbaycanın digər ərazilərində vandalizm siyasətini düşünülmüş, planlı şəkildə həyata keçirirlər. Onlar guya tarixi abidələrin izini itirməklə azərbaycanlıların bir zamanlar bu ərazilərdə yaşamadıqlarını sübut edəcəklərini düşünürlər. Lakin onlar çox işlərdə olduğu kimi, bu işlərdə də yanılırlar ki, bizi bu tarixi qaynaqlardan silmək sadəcə mümkün deyil.
Neolit dövründən XX yüzilliyədək insanların bizim ərazilərimizdə oyma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərinin ən qədim nümunələrinə Kəlbəcər və Laçın ərazilərində rast gəlinir. Bu ərazilərdə daş üzərində bəzəkləri əsasən nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edir.
XIII əsrdən başlayaraq, memarlıq abidələrinin bəzəkləri arasında da fərdi xüsusiyyət daşıyan quş, heyvan, insan təsvirlərinə rast gəlmək olur. Lakin bunlar qabartma səpkisində yox, xeyli səthi, daha çox cızma üsulunda icra edilirdi. Belə bəzəkli abidələr sırasına ilk növbədə Ağdam rayonunun Xaçın Türbətli kəndindəki və Laçın rayonunun Cicimli kəndi yaxınlığındakı Məlik Əjdər türbələrinin rəsmlərini aid etmək olar.
Budur XXI əsrdə Azərbaycan torpaqlarında erməni vandalizminin reallığı. Dünyada elə bir xalq yoxdur ki, onun həm musiqisinə, həm tarixinə, həm kulinariyasına, həm mədəniyyət və incəsənət nümunələrinə bizimki qədər təcavüz olunmuş olsun.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info