Bir sürgün hekayəsi
Tarix: 30.11.2013 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


|

Xalqın ziyalıları göydəki ulduzlara bənzər, qaranlıq düşərkən ilk onlar parlar. Bir xalqı məhv etmək istəyənlər hər zaman onun dilinə, mədəniyyətinə və ziyalılarına əl atar... Vətənimizin tarix səhifələrində dövlətçilik, zəfərlər, dahilər, sərkərdələr səlnamələri olduğu qədər də zorla köç, sürgün, didərginlik qeydləri də olmuşdur . Bunların bir qismi gözümüzün önünə qırmızı pərdə çəkilərək, gizli yad əllər tərəfindən yırtılmasına baxmayaraq, xalqımızın qan hafizəsindən əsla
silinməmişdir.

Sürgünlər müxtəlif xarakterli olur. Bizlərin ən zəif məqamından istifadə edənlərin isə heç birinin xarakteri olmayıb. Bir qədər diqqətlə keçmiş xronologiyamıza nəzər salsaq çılpaq, gözlə belə, başımıza gətirilən oyunları görmək mümkündür. Belə ki, əcdadlarımızdan yadigar bu torpaqlardakı məğrur varlığımız hər zaman bədxah düşmənlər, zalım ideologiyalarca qısqanclıqla qarşılanmışdır. Hər dəfə xaraktersiz düşmənlər bu nəcib xalqı məhv etmək üçün ən qəddar yollara əl atmışlar.
Bu dəfə bir qazax dostumdan eşitdiyim bizim sürgün hekayəmizi hər kəslə bölüşmək istədim. Stalin repressiyaları ərəfəsində olmuş bu hadisə müəyyən dövrlərdə ayrı düşmüş insanımızı birləşdirən, gövdəsi eyni köklərə dayanan Azərbaycan-Qazaxıstan qardaşlığının digər nəsillərə də ötürülməsi dastanlarından biri desəm, məncə yanılmaram. Bəli, həmin dövr məhz “1937-ci illər” kimi tarixə keçmişdir. Çünki hər bir vahiməli saatı belə, illərə bərabər zülm idi. Yüzlərcə milli düşünür alimi,elm xadimini, yazarı, şairi, ziyalını hətta “biz niyə müstəqil deyilik? “sualını fikirləşəni belə, bir gündə üç nəfərdən ibarət iblisi məhkəmə qərarıyla güllələyir, əzizlərini uzaq Sibirin soyuq Günəşi altına gedər-gəlməzə yollayırdılar.
Hələ bununla kifayətlənməyən dövrünün terror rejimi azərbaycanlıları ölüm qatarlarına dolduraraq, Orta Asiya çöllərinə sürgün etməkdən də yan keçməmişlər (1920-1940). Xüsusilə qeyd edim ki, bu vəziyyətdən yüz illərdir gözləri torpaqlarımızda qalan bədxah, üzdəniraq mikoyanlar da sevinərək yararlanmışlar.Keçmişi “daşnaq” olan Stalinin “məsləhətçiləri” ermənilər də Azərbaycandan bütün azərbaycanlıları Orta Asiya steplərinə köçürülmə planında başlıca rol almışlar.Həmin illərdə dəfələrcə azərbaycanlılar qatarlara doldurularaq Bakı-Mahaçqala-Astraxan-Urallar-Qazaxıstan marşrutu ilə sürgün olunmuşlar.Bu rəqəm SSSR-i DTK-sı tərəfindən məcaziləşdirilərək 120.000 kimi qeydlərə düşüb.Daha sonralar İkinci Dünya müharibəsinin başlanması ilə Azərbaycan SSR-nin rolunun vacib olduğunu və azərbaycanlılardan ibarət hərbi diviziyaların müharibədəki nailiyyətini (Moskvanın müdafiəsi,Mozdok hərəkatı) görən İosif Stalin kütləvi sürgündən vaz keçmişdir. Ümumilikdə Stalinin qırmızı sürgün terrorundan çeçen, inquş, qaraçay, balkar, ahıska türkləri, Kırım tatarları, noqaylar, pontus yunanları,kürdlər, finlər, almanlar da öz acı nəsibini almışlar. Ən acı məqam budur ki, o qatarların vaqonları insan üçün yox, iri heyvanları aparmaq üçün idi. Hər vaqonda yüz əllidən artıq insan sıxışaraq gedərdi. Qatarlar soyuq aylarda istilik sistemi olmadan yola çıxar, üç gün sonra qapılar açılar, qidalanmaq üçün bir ovuc çörək, hər vaqona bir az içmək üçün su verərdilər... Stansiya məntəqələrindən bir addım kənara qoyanlar dərhal yerindəcə güllənələrdilər. Qeyri- insani əzablara dözə bilməyərək xəstələnib ölən minlərlə adamı növbəti stansiyada rejimin əsgərləri topluca gömərdilər. Onların məzarlarından heç bir işarə belə günümüzə qədər qalmamışdır... Qazax dostumun “bizlər azərbaycanlılar və digər başıbəlalı qafqazlı qardaşlarınız ilə hələ Stalin dövründən dostluq edirik” deməsi ilə başladı söhbətimiz: “O zaman qafqazlıları və azərbaycanlıları Orta Asiya şəhərlərinə yox, məhz yaşayış məntəqələrindən aralıda qatarlardan boşaldardılar. Yerli xalqa isə gətirilənlər “vəhşi adamyeyənlərdir” deyərdilər. Onlara nəbadə yaxın düşəsiniz, onlar sovet insanını yedikləri üçün qırmızı-hökumət onları məğlub edib əsir kimi bura gətirib deyərdilər...Həqiqətən iki ay qeyri-insani işgəncələrlə yük vaqonlarında yol gəlmiş insanlara baxanda onların üz-gözlərinin kobud, paltarlarının çirk, aclıqdan zəifləmiş xarici görünüşləri qorxunc idi. Beləliklə, yerli qazax ailələr də bir-birilərini xəbərdar edər, xüsusilə azyaşlılara tapşırardılar ki, “adamyeyənlərin” bölgəsinə keçməyin. Hətta daha da irəli gedərək dəcəl, yatmayan uşaqları sürgün olunmuş insanlarımızla qorxudardılar... Amma bir gün olan oldu, bir qrup dəcəl qazax uşaq hər kəsdən xəbərsiz “adamyeyən-qorxunclar” bölgəsinə gedirlər. Maraqlı idi, onlar necə olur görəsən?... Qafqazlarda yaşayan qartal baxışlı yaralı insanların bitgin və yorğun görüntüsünü görəndə qorxmuş uşaqlar bir başa qəsəbəyə doğru qaçırlar. Uşaqlardan biri təngnəfəs evə daxil olur. Gördüklərindən vahiməyə düşmüş uşaq olanları valideynlərinə deməkdən qorxur. Hər bir şərqli balacalar kimi qazaxlar da öz ağsaqqal sirdaş babalarına çox bağlı olurlar.Balaca babasının yanına gəlir, çox üzr istədikdən sonra ona dostları ilə “adamyeyənlərə” baxmağa getdiyini söyləyir .Onların həqiqətən qorxunc olduğunu dəfələrcə təkrarlayır.Qazax baba buna çox əsəbləşir, nəvəsinə bir daha ora getməməsi üçün nəvazişlə acıqlanır. Bu an uşaq deyir: “Baba amma onların da içində yaxşı insanlar var. Babacan onların da babaları sən öz otağının qapısını bağlayıb, oturub- duraraq, əllərini göyə qaldıraraq etdiyin hərəkətləri edirdilər. Bax, ondan bildim ki, onların da içində yaxşılar var”. Bunu eşidən ağsaqqal qazaxın qəlbi titrəyir, gözləri dolur, yüksək səslə “İlahi, bizləri bağışla” deyir. Dərhal anlayır ki, bədxah komunistlər “adamyeyən” deyə bizləri aldatdıqları adamlar uzaq diyarlardan sürgün olunmuş müsəlmanlar imiş...Bu sözü də uydurmaqlarında məqsəd sürgün olunmuş adamların yerli camaatla əlaqəyə keçməməsi, onların aclıqdan tələf olması üçün idi. Ağsaqqal cəld qəsəbəyə yola düşür. Olanları yaxın bildiyi ailələrə nəql edir. O gün hər kəs evində nəyi var isə bir boxçaya toplayıb “adamyeyənlərin” bölgəsinə axışır... “Həmin ağsaqqal mənim qazax dostumun babası idi... Bu hekayəni ilk dəfə dinləyəndə gözlərim bulud olmuşdu...
Repressiya illərində bu kimi acı hadisələr çox olmuşdu. Mən eşitdiklərimdən birini ancaq qələmə ala bildim. Çox azərbaycanlı ailəsindən yan ötməmiş həmin repressiya illəri bizlərə bir daha müstəqil Azərbaycan Respublikasının ətrafında “Güclü Dövlət! Bir Ürək! Bir Yumruq!” olmaq dərsi keçib.
...Öldük, amma yenə dirildik... Qəlbimizdən Tanrını qovmaq, dodağımızdan Azərbaycan sözünü silmək istədilər...Varlığımıza atəş açdılar, amma məğrur qürurumuz və ümidlərimiz güllə keçirtməz oldu. Ədalətli zaman saatı yenə də öz sözünü dedi. Budur, minlərlə il gözlərimizdə sönməyən alov bizləri meydanlardan, sürgünlərdən, səngərlərdən keçirərək,İstiqlal Azərbaycana gətirdi. Bütöv olaq! Müstəqilliyimizlə fəxr edənlərdən olaq!




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info