“Gənc alimlərimizin gələcəyinə inanıram”
Tarix: 04.12.2013 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində müsahibimiz AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Şəmsi Pənahoğludur:
- İnstitut əməkdaşları ölkəmizdə keçirilən tədbirlərdə təmsil olunurmu?
- İnstitumuzun əməkdaşları respublikada keçirilən elmi tədbirlərdə yaxından iştirak edirlər. Mən son vaxtlar Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin “Ərəb baharı: onun siyasi, iqtisadi, sosial nəticələri” mövzusunda təşkil edərək keçirdiyi konfransda iştirak etdim. Konfransa dünyanın müxtəlif yerlərindən, o cümlədən ərəb ölkələrindən çoxlu sayda mütəxəssislər gəlmişdi. Həm də onların içərisində çox böyük dövlət postlarında işləmiş zəngin həyat və iş təcrübəsinə malik mütəxəssislər var idi. Maraqlı müzakirələr aparıldı. Xüsusən ərəb alimlərinin və ekspertlərinin özlərinin gəldiyi nəticələr bunlardan ibarət idi ki, ictimai tərəqqi öz axarı ilə getməlidir. İmkan vermək olmaz ki, hansısa daxili və ya xarici qüvvələr ölkəni vətəndaş müharibəsi burulğanına sürükləsinlər. Son illərdə ərəb ölkələrində baş verən hadisələr bu həqiqəti bir daha əyani şəkildə ortaya qoydu. Rəqəmlərə müraciət etsək, son illərdə təkcə Suriyada baş verən hadisələrdə 100 min nəfərdən artıq günahsız insan həlak olub. Həlak olanların hər birinin 10 nəfərdən artıq yaxın qohumunun (ata, ana, bacı, qardaş, ər, arvad, oğul, qız) olduğunu nəzərə alsaq, bu, 1 milyondan çox insanın faciəsi deməkdir. Yaxud Suriya böhranının nəticəsində saysız-hesabsız insanlar evsiz-eşiksiz qalmış, bir çoxları məcburi qaçqın və ya köçkün vəziyyətinə düşüb. Təsəvvür edin ki, milyonlarla insan illər boyu çalışır, hər cür məhrumiyyətlərə qatlaşaraq özünə ev-eşik düzəldir və bir anda hər şeyini, bir çox hallarda isə yaxınlarını itirir...Ona görə də hər bir ölkədə ictimai-iqtisadi və siyasi sabitliyin qorunub saxlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi bir nömrəli məsələdir...! Əgər bu olmasa, hansı elmdən, tədqiqatdan və ümumiyyətlə inkişafdan danışmaq olar?
- Son vaxtlar hansı mövzu üzərində işləyirsiniz?
- Elm bir xəstəlikdir, insan elmə mübtəla olduqdan sonra bir daha ondan ayrıla bilmir. Mən orta təhsilimi Ordubad internat məktəbində almışam, o zaman internatda maarifpərvər bir mühit var idi. Təsəvvür edin ki, mənim olduğum buraxılış sinfində 27 nəfər orta məktəbi qurtardı. Onların hamısı təhsilini davam etdirdi. Əksəriyyəti ali məktəblərə, qalanları isə texnikumlara daxil oldular. Mühitin insan üzərində təsiri şəksizdir. Bu mənada mənim əvvəldən elmə həvəsim olub. Bir bədii əsər oxuyanda, yaxud da bir filmə baxanda xoşuma gələn bir cəhəti və ya epizodu qeyd edərdim. Elm hərtərəfli olaraq mənim üçün maraqlıdır. Elmi dövriyyədə 30-a qədər elmi məqalələrim çap olunb, bir sıra beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişəm. Amma bir müddətdir ki, Mirzə Müslüm Qüdsi İrəvaninin əlyazma divanı üzərində işləyirəm. Söhbət bu günə qədər nə İranda və nə də Azərbaycan Respublikasında ədəbiyyat tariximizə düşməmiş Mirzə Müslüm Qüdsi İrəvanidən gedir. Onun hələlik elm aləminə bir “Divan”ı məlumdur. Bu divan 2814 şifrə ilə Hacı Məhəmməd Naxçıvani adına Təbriz Milli Kitabxanasında qorunub saxlanır. Ədalət naminə demək lazımdır ki, M.M.Qüdsinin “Divan”ı haqqında məlumatı İranda səfirimiz olmuş hörmətli ziyalımız Eynulla Mədətli gətirmişdi. Bugünkü Azərbaycan şərqşünaslıq elminin aparıcı mütəxəssislərindən biri, professor Möhsün Nağısoylu bu divanı araşdırmağı mənə məsləhət gördü. İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzinin hörmətli sədri İbrahim Nurinin dəstəyi və Təbriz Milli Kitabxanasının rəisi Hacı Seyidin köməyi ilə mən Təbrizdən bu əsərin faksmiləsini əldə edərək gətirdim. Divanda farsca, türkcə və ərəbcə şeirlər var. Bu əsərlər içərisində farsca yazılmış “Tousife-İrəvan” (“İrəvanın vəsfi”) məsnəvisi xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, poeziya deyəndə ilk ağla gələn maddi və ya mənəviyə ithaf, onun vəsfi, tərənnümü gəlir. Adından da göründüyü kimi “Tousife-İrəvan” məsnəvisi İrəvan şəhəri və bütövlükdə tarixi ÇuxurSəəd vilayətinin vəsfinə həsr olunmuşdur. Doğrudan da, bu əsərdə o dövr İrəvanının özəllikləri və gözəllikləri hər yönüylə bədii sözün ecazkar sehri və qüdrəti ilə o qədər incə, lətif və qəlboxşayan bir dillə ifadə edilib ki, əsəri oxuduqca bir tərəfdən şairin vətən sevgisinə və fitri istedadına heyran olursan, şairin vəsfinə daldığı gözəlliklərdən sənə də pay düşür, digər tərəfdən də ruhən o yerləri, o tarixləri dolaşır, İrəvanı onun tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, təbiəti, insanları və digər bütün səciyyəvi xüsusiyyətləri ilə birlikdə təsəvvür edə bilir, sanki o dövr İrəvanını səyahətə çıxır və öz gözlərinlə görürsən. Yəni M.M.Qüdsinin “Divanı”, xüsusən də divandakı “Tousife-İrəvan” məsnəvisi əslində azərbaycanşünaslıq üçün yeni və orijinal bir mənbədir, əsassız erməni iddialarına qarşı təkzibolunmaz sübutlar məcmusudur. Mən şeiriyyətini qorumaqla bu məsnəvini Azərbaycan dilinə tərcümə etdim və o, “Azərbaycan” jurnalında (2012, say 9) çap olundu. Ümumiyyətlə, M.M.Qüdsinin “Divan”ı ilə bağlı bir neçə məqalə hazırlanaraq ölkə daxilində və xaricdə nəşr etdirilib. İnşallah, yaxın vaxtlarda bu divan kitab şəklində ictimaiyyətə təqdim olunacaq.
Bir neçə kəlmə də şairin özü haqqında. Mirzə Müslüm Qüdsi İrəvani 1752-ci ildə qədim türk yurdu İrəvan şəhərində anadan olub, 1808-ci ildə orada vəfat edib. O, çox böyük şəxsiyyətdir. Üç dildə, Azərbaycan, fars və ərəb dilində şeirləri var və bu baxımdan ölməz Füzulinin azsaylı davamçılarındandır. Adətən sovet dövründə orta və ali məktəb dərsliklərində belə bir fikir vurğulanırdı ki, guya, sovet hakimiyyəti qurulana qədər Azərbaycanda kütləvi savadsızlıq hökm sürmüşdür. Xüsusilə bunu təhsillə əlaqələndirirdilər ki, sanki sovetləşməyə qədər Azərbaycanda savadlı adam olmayıb. Əgər belə idisə, o zaman üçdilli alim və şairlər necə yetişirdi? İndi XXI əsrdir və elmin və texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə az adam tapılar ki, 3 dili rahat bilsin. Bir çoxları kitab yazıb, sonra onu tərcümə etdirir. O zaman belə tərcümə yox idi, hər kəs özü yazırdı. Məsələ burasındadır ki, sovet dövründə əksər hallarda dostlarımızı bizə düşmən, düşmənlərimizi isə dost kimi təqdim edirdilər. Hətta mollaxana məktəbi nə qədər güclü olubsa, ərəb qrafikasındakı hərfləri oxşarlıqlarına görə qruplaşdırır, fərqin nöqtələrin sayına və qoyulma yerlərinə görə olduğunu izah edir və bir həftədə ərəb qrafikasını öyrədirdilər. Tarixən fars dili şeir dili olub və nə qədər istedadlı qeyri-fars olasan ki, poeziya dili olan fars dilində o dilin sahiblərindən daha yüksək səviyyədə poeziya yarada biləsən... M.M.Qüdsi də türk dilində olduğu kimi fars dilində də gözəl poeziya nümunələri yaratmış istedadlı şairlərimizdən biridir.
Maraqlı bir məsələni də qeyd edim ki, M.M.Qüdsinin oğlu Hacı Mirzə Səlim Ağası İrəvani Məhəmməd şahın vaxtında, 1834-1842-ci illərdə İranın baş naziri (sədr-əzəm) olub. Bəzi ədəbiyyatlarda onun haqqında mənfi fikirlər söylənilir. Bunun da səbəbi odur ki, ümumiyyətlə, Şərq elmi bir çox hallarda qaynaqlarını Qərb alimlərinin tədqiqat və səfərnamələrindən götürüb. Yəni, əvvəllər qərblilər araşdırıb, tədqiq ediblər, sonra rus alimləri Qərb ailimlərinə istinad ediblər, biz də ruslardan götürmüşük. İndi təzədən başlayırıq Qərb ailimlərini araşdırmağa və görürük ki, onların yazılarında bir çox hallarda məlumatsızlıqdan və ya qəsdən hadisələr, proseslər təhrif edilmişdir. Bu təhriflər şərqşünaslıqda Mirzə Ağası haqqında bəzi xoşagəlməz fikirlərin ortaya atılmasına səbəb olub. Bu da ondan irəli gəlir ki, məsələn, Amerika filmlərində görürük ki, gəlmələr yerli aboriogen əhaliyə necə mənfi münasibət bəsləyir. Avropalılar da, xüsusən keçmişdə əksər hallarda bizlərə, yəni şərqlilərə o cür yuxarıdan aşağı baxırdılar. Amma əslində Mirzə Ağası Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərdən biridir. O, irfani bir şəxsiyyətə sahib alim, şair və dövlət xadimi olmuşdur. “Fəxri” təxəllüsü ilə şeirlər yazmış M.Ağası həm də dövrünün böyük alimlərindən biri idi. Onun elm aləminə aşağıdakı əsərləri məlumdur:
“Sultanlığın 40 fəsli”-M.Ağasının gəncliyində Xoyda yazılıb, əxlaq, fəlsəfə və irfandan bəhs edir. Bu əsər 1945-ci ildə seçilmiş şeirləri ilə birlikdə Əlişah və Zəfərüddövlə tərəfindən çap edilmişdir;
“Səhame Abbasiyyə” (“Abbasiyyənin payı”);
“Kələmat” iki yığcam fəsildə;
“Negarname dər elme coğrafiya” (“Coğrafiya elmində əsər”);
“Dövlət qanunu”;
“Məsabehe Məhəmmədi” (“Məhəmmədi təlimatları”);
“Təfsire bəzi ayate moşkele Qoran” (“Quranın bəzi çətin ayələrinin təfsiri”);
Şeirləri.
M.Ağası İranda sədr-əzəm olarkən, işgəncələrin aradan qaldırılması haqqında xüsusi sərəncam vermiş, müxtəlif sahələrin, xüsusən də kənd təsərrüfatının və hərbi sənayenin inkişafı üçün bir çox işlər görmüşdür.
Yeri gəlmişkən, bu günə qədər M.Ağasının həyat və yaradıcılığı da elmi şəkildə araşdırılmayıb.
- Bu gün şərqşünaslıq elminə gənclərin marağını necə dəyərləndirirsiniz?
- Düzdür, bir çoxları belə hesab edirlər ki, gənclərin əksəriyyəti kompyuter-internet aludəçisidir, kitab, eləcə də qəzet-jurnal oxumur. Bu, təkcə bizdə belə deyil, dünyanın hər yerində analoji vəziyyət hökm sürür. Bu, zamanın diktə elədiyi bir məsələdir. O ki, qaldı gənclərin şərqşünaslıq elminə marağı məsələsinə, bəzi gənclərimizdə təkcə şərqşünaslıq elminə deyil, ümumiyyətlə, bütün elmlərə qarşı maraq azdır. Bunun bir neçə səbəbi var. Birincisi, etiraf edək ki, elmdə maddi və sosial təminat hələ ki, lazımı səviyyədə deyil. İndiki gəncləri isə daha çox maddi tərəf düşündürür, o da təbiidir. İkincisi, bu gün bütün dünyada mənəvi aşınma var. İndi çox ailələrdə böyük duran yerdə, kiçik danışır. Bu həm də onun göstəricisidr ki, insanlar daha çox eqoist olublar, onların əksəriyyəti özünü daha ağıllı və savadlı hesab edir. Bu qəbildən olanlara elə gəlir ki, nəyisə araşdırmağa ehtyac yoxdur, hər şey ortadadır. Onlar məsələn, mənim düşündüyüm kimi düşünmür ki, 1400 illik mədəniyyətimizə sahib çıxmaq lazımdır və bunun üçün bir çox şəxsi maraqları kənara qoyub, əziyyətə qatlaşmaq-işləmək gərəkir. Bu düşüncə çox az insanda, xüsusən də gəncdə olduğuna görə, elm dalınca gedənlərin sayı da azdır. Amma bütün bunlara baxmayaraq mən naümid deyiləm. Dünənə qədər hansısa bir idarəyə gedəndə idarə rəhbərinin öz qohum-əqrəbasını başına topladığını müşahidə edirdin. Düzdür, indi də bəzi dövlət müəssisələrində bu hala rast gəlinir. Ancaq, xüsusilə də özəl bölmədə işçi götürəndə qabiliyyətli, işi bilən adam axtarırlar. Yəni zaman keçdikcə, ictimai inkişaf eninə və dərininə daha çox işlədikcə həqiqi mütəxəssislərə tələbat da artır. Mən sevinirəm ki, dövlətimizin elmə və ümumilikdə təhsilə qayğılarından biri də özünü onda göstərir ki, qəbulda ən yüksək bal toplamış bir çox gənclərə xaricdə təhsil almaq imkanı yaradılır. Son illər dövlətin bu istiqamətdə apardığı siyasət çox təqdirəlayidir. Belə gənclərlə rastlaşanda adama ləzzət edir, belələri ən azından bir neçə dil bilir, dünyadan daha çox xəbərdar olur, öz ixtisas səviyyəsi və dünyagörüşü ilə fərqlənir. Məsələn, bu yaxınlarda bir gənc qız sənədlərini toplayır, İngiltərədə mixi əlifbanı öyrənməyə gedirdi. Təbii ki, bir neçə ildən sonra həqiqi mütəxəssis kimi qayıdacaq. Mən də şərqşünasam. Amma sovet hakimiyyəti dövründə bizə mixi əlifbanı ötəri öyrədirdilər. Hətta bir çox məsələlərdə qadağalar var idi. Məsələn, mən 1976-cı ildə ADU-nun Şərqşünaslıq fakültəsinin I kursunda əlifbanı ala-yarımçıq öyrənəndən sonra oxu zalından “Quran”ı götürüb oxumaq istədim, vermədilər. Bunun üçün rektorun qəbuluna getdim, ərizəmin üstünü yazdırdıqdan sonra “Quran”ı alıb oxumaq imkanı qazandım. Yəni, zamandan-zamana çox fərq var. O dövrün siyasəti başqa idi. İndi, şükürlər olsun, müstəqil dövlətimiz var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, “Dövlət müstəqilliyimiz ən böyük sərvətimizdir”. Onun geniş mənada qədri bilinməlidir. Sevinirəm ki, dövlət müstəqilliyi şəraitində bugünkü gəncliyin təhsil almaq və elmi araşdırmalar aparmaq imkanları daha genişdir. Elmə həvəsi olan hər bir gənc bu imkandan maksimum yararlanmalıdır. Onlar daha çox qabağa gedə və daha çox elmi nailiyyətlərə nail ola bilərlər. Mən elmimizin və gənc alimlərimizin gələcəyinə inanıram.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info