“Bizdə rəssamlıq məktəbinin bünövrəsi güclüdür”
Tarix: 14.12.2013 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Əməkdar rəssam Rza Avşar: “Televiziyalarımız rəssamlarımızı təbliğ etmir, efiri ya yemək hazırlamaq verilişləri, ya da mənasız söhbətlərlə doldururlar”
Azərbaycan xalqının mədəniyyət və incəsənəti çoxəsrlik tarixə malikdir. Onu qoruyib saxlamaq, inkişaf etdirmək hər bir ölkə vətəndaşının mənəvi borcudur.
İncəsənət bizim milli sərvətimiz olduğunu deyən ölkə başçısı onu da bildirib ki, əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan incəsənətimiz olub: “Ədəbiyyat, ana dili, musiqi, incəsənət, xalçaçılıq, rəssamlıq sənəti. Bu gün biz bu gözəl ənənələri qorumalı və Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bütün dünyaya çatdırmalıyıq. Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Aparıcı dövlətlərdə Azərbaycan sərgiləri keçirilir, Azərbaycan incəsənət xadimlərinin əl işləri nümayiş etdirilir. Yəni, bu sərgilərin keçirilməsi ilə biz öz mədəniyyətimizi təbliğ edirik, dünyaya çatdırırıq. Bütün dünyaya göstəririk ki, Azərbaycan qədim dövlətdir. Burada qədim dövrlərdə incəsənət, ədəbiyyat, mədəniyyət inkişaf edib. Biz öz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik”. Azərbaycanda rəssamlıq sənəti də qədim dövrə söykənir. Real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq, hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlərin canlandırıldığı rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Ötən müddət ərzində Azərbaycan rəssamlıq sənəti tarixində öz imzasını qoyan sənətkarlamız olub. Qəzetimizin budəfəki qonağı məhz belə rəssamlardan biri Əməkdar rəssam Rza Avşarla birlikdə onun yaradıcılığına bir daha nəzər saldıq:
- Digər ölkə rəssamlarının əsərləri ilə bizim rəssamların əsərlərini necə müqayisə edərdiniz?
- Bu ilin may ayında Tallin şəhərində sərgim açılmışdı. Estoniyanın iqlimi soyuq, təbiəti cansız, insanlar da bizim kimi dinamik, enerjili deyillər. Əhalisi də çox sakit insanlardır. Onlar mənim əsərlərimi- rəngləri, boyaları, günəş işığını, parlaqlığı görəndə məəttəl qalırdılar. Mən deyirdim ki, Azərbaycandanam, bizdə təbiət canlıdır. Ancaq müqayisədə onların rəsmlərində sakit, boz, rənglər, həyat tərzləri, xarakterləri necədirsə əsərləri də bu tərzdədir. Mən Leninqradda, Moskvada da əsərlərə baxmışam və Azərbaycan sənəti, bizim rəssamların işi seçilir. Birincisi rəng, günəş çoxdur, bir də temperament, dinamiklik, enerji çoxdu və bu əsərlərdə də əks olunub. Şimalda yaşayan insanların əsərləri başqadır. Mən Türkiyədə sərgilərdə çox olmuşam. Biz sovet dönəmində təhsil almışıq, o məktəbi keçmişik və bu, bizə çox şey verib. Rəssamlıq sənəti Avropadan Rusiyaya gəlib, Rusiyadan da bizə gəlib. Bizdə peşəkar rəssamlar yox idi. Peşəkar rəssamlar keçən əsrin əvvəlində, Ə.Əzimzadə, B.Kəngərli olub. Ondan sonra sovet dönəmində bizim rəssamlar Moskvada, Leninqradda oxudular. Ona görə də bizim məktəbimiz çox güclü, dünyada seçilən, sayılan olub. Ancaq mən İranda, Türkiyədə də olmuşam və onların rəssamlıq səviyyəsini də görmüşəm. Bizimki onlardan qat-qat yüksəkdədir. Onların da güclü rəssamları var. Amma bizim kimi bünövrəsi güclü deyil. Məsələn, Türkiyədə rəssamlar gedib xaricdə, Fransada, Almaniyada oxuyanda əksəriyyəti qayıtmır, orada qalırlar. Qayıdan da bir neçə nəfərdir. Buna baxanda Türkiyə təsviri sənəti bizdən aşağıdır. Məsələn, Atatürk böyük şəxsiyyətdir, öndərdir, onun portretini elə çəkirdilər ki, mən baxanda şokda idim. Ancaq ziyarətçilər də bəyənirdilər. Eləcə də İranda, yenə onların sənəti, bizimki qədər deyil. Beləliklə, bizim məktəbi qorumaq, inkişaf etdirmək lazımdır. Keçmişdə rəssamlar gedib bu sahədə Rusiyada təhsil alırdılar. İndi artıq bu, yoxdur, özümüzdə akademiya açılıb. Əlbəttə, bizim akademiyanın, səviyyəsi o dövrdəki Leninqrad rəssamlıq akademiyasının səviyyəsi kimi yüksək deyil. Eləcə də indi bir-iki nəfər ola bilər ki, gedib Moskvada rəssamlıq oxusun. Çünki hamısı vəsait tələb edir. Amma bizim akademiyada hazırda dərs deyən müəllimlər özləri o vaxt həmin adıçəkilən ali təhsil ocaqlarında oxuyublar. İndi onlar yaşlanıblar. Ona görə də gərək indi biz inkişaf edək, müəllimləri maraqlandıraq ki, onlar bu sənəti aşağı düşməyə qoymasınlar. Onu da qeyd edim ki, indi bu sahədə Moskva, Leninqradın özünün də səviyyəsi o vaxtkı kimi deyil, 20-30 il bundan əvvəllə müqayisədə çox fərq var.
Bir məqamı da qeyd etmək istərdim ki, nadir hallarda rəssamlar haqqında nə isə yazırlar, təbliğ edirlər. Bizdə bu, standart şablon halını alıb. Yəni, rəssamlarımızla bağlı ad çəkiləndə T.Salahov, S.Bəhlulzadə, M. Abdullayev, T.Nərimanbəyovun adları göstərilir. Sovet dövründə necə idisə, bu standart indi də davam edir. Onlar bizim böyük sənərkarlarımızdır. Axı 30 ildə başqa sənətkar dünyaya gəlməyib? Bizim başqa da gözəl sənətkarlarımız, rəssamlarımız var. Televiziyada, qəzetdə də eyni vəziyyətdir. Gözəl rəssamlarımızı niyə təbliğ etmirlər? Onlar bizim fəxrimizdir, klassik rəssamlarımızdır. Ancaq onlardan sonra gələnləri də qeyd etmək lazımdır. Bu gün bizdə musiqi-şou gündəmdədir. Nə qədər bu cür verilişlər vermək olar? Telekanalları açdıqda eyni adamlar təbliğ olunur. Bizi xaricdə başqa cür qəbul edirlər ki, burada isə əksinədir. Mənə İstanbulda təklif etdilər burda qalın, mən dedim ki, qala bilmərəm. Ancaq gəlib burada telekanalları açdıqda görürsən ki, ya yemək hazırlamaq verilişləri, ya da mənasız söhbətlərlə efiri doldurular. Onlar bir xarici telekanallarda baxsınlar, bu fərqi görsünlər.
- Ölkəmizdə tamaşaçıların sərgilərə, rəsm əsərlərinə marağını necə qiymətləndirirsiniz?
- Bizdə elə rəssamlar var ki, bu sənətin fanatikidir, xəstəsidir, bütün fikri o sənətdədir. Amma onunla maraqlanan, bir əsərini alan yoxdur. Ancaq hansısa bir müğənni gedib fonoqrama ilə mahnı oxuyur, ona küllü miqdarda vəsait ödəyirlər. Bizdə gedib restoranda oturub yemək yeyib, xeyli midarda vəsait xərcləyirlər, amma bir mənzərə rəsmi almırlar. Mən Türkiyədə olanda ən kasıb evdə belə, olmuşam. Hər evdə əsər var. Onlar bunun “xəstəsi”, vurğunudurlar. Amma bizdə deyirlər ki, əsər mənim divar kağızımın rəngi ilə uyğun gəlməlidir. Mən hardasa oxumuşdum, gərək ki, Yaponiyada idi, uşaqlar ibtidai sinifə gedəndə onlara bəşəriyyət hansı dahiləri verib, orada Şekspir, Nizami, Motsart, Çaykovski kimi dahilər olduğu öyrədilir. O uşağa Nizaminin bir şeirini verəndə həmin an tanıyır ki, bu kimin şeiridir. Yaxud bilir ki, bu əsər Motsart, ya da Bethovenindir. Eləcədə rəssamlıqla bağlı Rembrand, Pikassonu tanıyır. Bizdə küçədə ziyalıdan bir rəssamın adını soruşsaq, ancaq bir-iki nəfər azərbaycanlı rəssamın adını çəkə bilər. Ancaq musiqiçiləri soruşsanız, hamısını tanıyacaqlar.
Hansısa bir rəssamın sərgisi açılanda özümüz, jurnalistlər,qonaqlar gəlir, təqdimat olur, amma sabah bir nəfər belə sərgidə olmur. Amma restoranlar, çayxanalar insanlarla doludur. Yaxud bir teatra gedib, bir operaya, baletə baxmırlar. Məsələn, Moskvada Pikassonun əsərlərinin sərgisi açılmışdı, insanlar növbəyə durmuşdu. Amma əgər onun əsərlərini Bakıya gətirsələr rəssamlardan başqa cəmi bir neçə nəfər gedib baxar.
- Pedaqoji fəaliyyətlə məşğul olmamanızın səbəbi nədir?
- Mənim həm vaxtım, həm də hövsələm çatmır. Bəzən olur ki, valideynlər uşaqlarını yanıma gətirirlər ki, öyrənsin. Görürəm ki, davranışı fərqlidir, əyləncə kimi baxmağa gəlib. Mən istəsəm onunla ciddi məşğul olaram, onu rəssam edərəm. Amma mən gərək ona nə qədər enerji, vaxt sərf edim. Bilirəm ki, ondan rəssam çıxmayacaq. Sadəcə, ailə imkanlıdır. Biz Puşkin, Lermontov dövrünə qayıtsaq orada hər aristokrat, zəngin ailədən olanlar gərək rəqs edə, qılınc oynada biləydi, rəssamlıq, musiqi ifa etmək, yemək qaydaları, xarici dil bilməsi norma sayılırdı. İndi bizdə də bəziləri məhz bu məqsədlə uşağını aristokrat etmək istəyir. Aristokratlıq bununla ölçülmür.
- Qarşıda hansı planlarınız var?
-Yeni planlar var. “Nar sərgisi” keçirilməsi nəzərdə tutulur, hazırda ona hazırlaşıram. Gələn il mart ayında da Türkiyədə sərgidə iştirak edəcəm.
Ümumiyyətlə, mən çalışıram ki, yavaş-yavaş cəmiyyətdən uşaqlaşım, yoruluram. Bəzən baxıram rəssamların işlərinə, deyirəm necə vaxt tapıblar. Sonra deyirəm ki, o vaxt nə maşın, nə telefon, nə internet var idi. Amma indi tam fərqlidir. Ona görə də necə yaşayıransa, əsərlərin də o cürdür.
Rəssamlıq sənətinə elə-belə baxmaq olmaz. Çünki sənət aynadır, güzgüdür. Sən özün necəsən, içində nə var hamısı burada əks olunur. Siz mənə bir rəssamın əsərini versəz, mən onun xarakterini deyə bilərəm. Məsələn, T. Salahovun əsərləri necə sərtdir, T.Nərimanbəyovun əsərlərində isə rənglər yumşaq, yaxud S. Bəhlulzadə həyatda necə idisə əsərləri də o cürdür. Bəzən rəssamlığa sadəcə şəkil çəkmək kimi yanaşırlar. Ancaq rəssamlıq böyük bir elmdir.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib”
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info