Kamran Əliyev:“Kiprdə bütün tarixi günlərimizi qeyd edirik”
Tarix: 16.12.2013 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


“Dövlətin xaricdə təhsillə bağlı gənclərimizə verdiyi diqqəti bəyan etmək qürurvericidir”

“Palitra”nın xaricdə təhsil alan və ölkəmizi uğurla təmsil edən istedadlı və savadlı gənclərlə bağlı rubrikasının budəfəki qonağı Kamran Əliyevdir. Kamran elm öyrənməklə yanaşı aktiv diaspor fəaliyyəti ilə də məşğul olur. Fəal və bacarıqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
- 1992-ci ildə Bakıda anadan olmuşam. 2010-cu ildə 219 nömrəli orta məktəbin rus dili bölməsini başa vurdum və elə həmin il Qərb Universitetinin Kompyuter mühəndisliyi fakültəsinə qəbul olundum.Azərbaycanı xaricdə daha gərəkli təmsil edəcəyimə inandım və uşaqlıq arzumu gerçəkləşdirmək üçün sənədlərimi Şimali Kipr Doğu Akdeniz Universitetinin Bank işi və maliyyə fakültəsinə göndərdim. Qəbul olduqdan sonra ingilis dilində bakalavr təhsilimə məhz burada başlamışam. Hazırda həmin universitetin 4-cü kurs tələbəsiyəm.
-Təhsil almaqla yanaşı digər fəaliyyətləriniz olurmu?
- Nə qədər qəribə səslənsə də, son 4 il ərzində dərslərimdən vacib sosial və ictimai işlər, diaspor fəaliyyəti oldu. Universitetdə və QHT sektorunda bir sıra vəzifə tutmağıma baxmayaraq, dərslərimdə də uğurlar olub. Doğu Akdeniz Universitetinin(DAU) “yüksək şərəf” mükafatına layiq görülməklə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Təhsil Nazirliyi tərəfindən tam ödənişsiz təhsil almaq haqqını qazanmışam.DAU beynəlxalq səviyyəli universitet olduğuna görə, burada 70 dən artıq ölkənin tələbəsi təhsil alır. Bu universitetdə ilk diaspor fəaliyyətimə DAU Azərbaycan Tələbə Cəmiyyətində başladım, bu da mənim diaspor fəaliyyətlərimdə daha məqsədəuyğun və daha yararlı işlər görməyimə imkan yaratdı. Mən bu cəmiyyətdə 3 il vitse-prezident vəzifəsində diaspor fəaliyyətimi davam etdirdim. Maraq üçün deyim ki, bu cəmiyyət 1994-cü ildə 4 azərbaycanlı tələbənin təşəbbüsü ilə qurulub. 20 ildir ki, fəaliyyətini davam etdirən DAU–da isə 500-ə yaxın azərbaycanlı tələbə təhsil aldığına görə bu cəmiyyət beynəlmiləl məkanda Azərbaycanı təmsil edən ən böyük üzv sayına malik olan bir universitet,daxili qurumdur. Sözügedən cəmiyyətdən əlavə oxuduğum universitetə yenilik gətirərək, qurucu-üzv olaraq “Heyvanlara yardım” və “Türkdilli çoxmədəniyyətli ölkələr” klublarını qurdum. Həmçinin, universitetin Beynəxalq Mərkəzində assistant, seçki vasitəsilə ilə gerçəkləşdirilən seçimlərdə 2011-2012 tədris ili üçün beynəlxalq tələbələrin vitse-konsulu, 2012-cü ildə Bank işi və maliyyə departamentinin Tələbə Şurasında təmsilçi seçildim və nəhayət, 2013-cü ildə tələbələr tərəfindən Biznes və iqtisadiyyat fakültəsinin təmsilçisi və Tələbə Şurasında sosial işlər üzrə cavabdeh şəxs təyin edildim. Yerli tədbirlərdən başqa xarici tədbirlərə maraq göstərib Avropa Şurası tərəfindən Rusiyaya (Beynəlxalq Gənclik Düşərgəsinə) və Ukraynaya (“Yaradıcı baxışlar” təliminə) vətənimi təmsil etməyə göndərildim.ŞKTC-də azərbaycanlılar tərəfindən keçirilən bir çox tədbirlərin və layihələrin sayəsində DAU rektoru tərəfindən mükafatlandırılmışam,prezident cənab Dərviş Eroğlu, ŞKTC parlementi sədri Sibel Siber və bir çox millət vəkilləri ilə rəsmi görüşlərim də oldu.
- Gənc yaşında sadaladığın uğurlara nail olmusan. Digər həmyaşıdlarının da belə nailiyyətlər əldə etməsi üçün hansı məsləhətləri verərdin?
- Bilirsiniz, əslində heç bir zaman məqsədim uğur qazanmaq, ya da hər hansı bir mənfəət əldə etmək olmayıb. Uşaqlıqdan, əsasən də, orta məktəbi bitirdikdən sonra məqsədim ölkəm, xalqım və dövlətimin uğur qazanması, irəli getməsi və daha sürətli inkişaf etməsini istəmək olub və bu qərarı aldıqdan sonra da bütün atdığım addımlar, gördüyüm işlər, uğurlarım özü gəlməyə başlayıb. Daha doğrusu, sosial işləri, diaspor fəaliyyətini öz həyatımda bir hobbiyə çevirmişəm. Vətənə olan sevgimi və hobbimi də bir araya gətirib uğurlu addımlar atmışam. Hamımızın bildiyi bir hədis var: “Vətəni sevmək imandandır”. Mən də bu əsasda hərəkət etmişəm və hər kəsə də bu prinsiplə addımlamağı tövsiyə edirəm.
- Bir qədər də orada təhsil alan tələbələrimiz barədə danışardın. Gənclərimiz aktivdirlərmi?
- Bəli, ŞKTC-də bir çox universitetlər var ki, hər birində tələbərimiz təhsil alırlarlar. Ən çox azərbaycanlı isə məhz elə mən oxuduğum universitetdədir. Ümumiyyətlə, tək DAU-da deyil, bütün universitetlərdəki tələbələrimiz həm siyasi, həm də sosial xarakterli tədbirlərə lazımi diqqət və maraq göstərirlər. DAU Azərbaycan Tələbə Cəmiyyətindəki 3 illik xidmətim müddətində keçirilən bütün tədbirlərin hər birinin təşkil edilməsində, layihələndirilməsində və həyata keçirilməsində yaxından iştirak etmişəm və buna görə də istər sözügedən tələbə cəmiyyəti, istərsə də universitet rektorluğu tərəfindən dəfələrlə sertifikat və digər mükafatlara layiq görülmüşəm. Kiprdəki universitetlərin bir çoxunda azərbaycanlı tələbələr birgə fəaliyyət göstərirlər. Buna nümunə olaraq da tərkibində 3 il xidmət göstərdiyim DAU Azərbaycan Tələbə Cəmiyyətini göstərmək olar. Digər universitetlərdə və şəhərlərdəki azərbaycanlı tələbələr də bunun kimi universitet daxili təşkilatların ətrafında birləşiblər. Məqsəd isə ölkənin milli, tarixi və mənəvi dəyərlərini, mədəniyyətini digər xalqlara çatdırmaqla fəaliyyət göstərməkdir. Azərbaycan gəncliyinin ŞKTC-də layiqincə təmsil olunması, təhsil alan tələbələrimizin müstəqil və məhsuldar bir şəkildə şəbəkələşməsi, diasporumuzun gücləndirilməsi, Azərbaycan gəncliyinin beynəlxalq tədbirlərdə iştirakını artırmaqla Azərbaycanın akademik səviyyədə tanınmasını təmin etmək və s. azərbaycanlı tələbə birliklərinin məqsəd və məramları siyahısına daxildir. Tariximizin önəmli günləri yüksək səviyyədə təşkil olunmaqla 70-dən artıq müxtəlif ölkə vətəndaşının təhsil aldığı Kipr adasında hər il qeyd olunur. Bununla yanaşı mütəmadi olaraq müxtəlif mövzularda layihələr, konfranslar, seminarlar, təlimlər, illik panel və forumlar, Azərbaycan mədəniyyət gecələri həyata keçirilməkdədir. Tələbələrimiz Kiprdə fəaliyyət göstərən qurumlarla beynəlxalq əlaqələr qurulmasına xüsusi önəm verir. Belə ki, əməkdaşlıq edilən təşkilatlarla birgə müxtəlif layihələr həyata keçirərək həmin layihələrdə Azərbaycan dəyərlərinin təbliğinə nail ola bilmək daha da asanlaşır.
- Əsas diaspor təşkilatlarımız tələbələrimizə dəstək olurmu?
-Bildiyiniz kimi, ŞKTC müəyyən səbəblərdən Azərbaycan dövləti tərəfindən rəsmi olaraq tanınmır. Bu səbəbdəndir ki, Azərbaycanın bu ölkədə hər hansı konsulluq və ya səfirliyi yoxdur. Buna görə buradakı tədbirlər, diaspor fəaliyyətləri və ya hər hansı layihələrin gerçəkləşdirilməsində əsas yük tələbələrimizin üzərinə düşür. Amma nə mən, nə də tələbə yoldaşlarım bu cür çətinliklərin verdiyi öhdəliklərdən qaçmırıq, bütün layihələrin təşkilində və həyata keçirilməsində lazımi maddi və mənəvi fədakarlıqları edirik. Hər birimiz azərbaycanlıyıq və Azərbaycanı xaricdə ən yaxşı şəkildə təmsil etmək, öz zəngin tariximizi və mədəniyyətimizi, bir sözlə,ölkəni xaricdə tanıtmaq bizim ən şərəfli vəzifələrimizdən biridir ki, biz də bunu sevə-sevə edirik. Amma, bəzən də elə hallar yaranır ki, dövlətimizdən dəstək almağa məcbur oluruq. Dövlətimiz və bir çox qurumlarımız ən azı, mənəvi dəstəyi əsirgəməyərək bizə yardımcı olurlar. Nümunə olaraq, şəxsən koordinatoru olduğum, beynəlxalq səviyyədə gerçəkləşən və YAP Gənclər Birliyinin dəstəyini alan “Mən Qarabağam” (“I am Karabakh”) videolayihəsini göstərə bilərəm. Həmçinin də, millət vəkillərimizin, elm adamlarının və digər rəsmilərin ŞKTC-yə səfərlərini qeyd etmədən keçmək olmaz. Bir çox forumlarımız, konfranslarımız və bəzi tədbirlərimiz hər il məhz onların iştirakı ilə həyata keçirilir.
- Bu ölkədə Azərbaycan və azərbaycanlılara olan münasibət necədir? Mədəniyyətlərarası problemlər olmur ki? ŞKTC-nin təhsil sistemi barədə oxucularımıza məlumat verərdiniz...
- Hər nə qədər də rəsmi olaraq tanımadığımız bir ölkə, bir mədəniyyət olsa da hamı bilir ki, bütün türklər qardaşdır, eyni kökdən gəlirik və Şimali Kipr də bir türk respublikasıdır. Mən burada təhsil almadığım zamanlarda bu ölkə haqqında çox az bilgiyə sahib idim və buraya gəlməzdən əvvəl çox həyəcanlı idim. Xarici bir ölkəyə-tanımadığım mədəniyyət, tanımadığım insanlar, bir sözlə, yad mühitə gedirdim və tək bildiyim burada əsas danışıq dilinin türk dili olduğu idi. Amma, burada yaşadıqdan sonra əslində aramızda çox da böyük dil və mədəniyyət fərqinin olmadığını gördüm. Adət-ənənələrimizin də çoxu bənzərdir və sırf bu səbəblərdən qaynaqlanan hər hansı bir anlaşılmazlıq, ya da problem yaşanmayıb. Bunun birinci səbəbi eyni dinə, eyni irqə və çox bənzər mədəniyyətlərə sahib olmağımızdır. Şimali Kipr əhalisi çox istiqanlı, gülərüz və qonaqpərvərdir. Əminliklə deyə bilərəm ki, bu ölkə azərbaycanlı tələbələrin təhsil alacağı ən yaxşı xarici ölkələrdən biridir. Həm təhsil, həm də təhlükəsiz mühit baxımından. Çünki mənim təhsil aldığım universitet də daxil olmaqla buradakı universitetlərdən bəziləri həm Türkiyə, həm də Avropa miqyasında təhsilində, tələbə şəhərciklərindəki şəraitin dərəcəsində və tələbələrin özünüinkişaf potensialının böyüklüyündə kifayət qədər keyfiyyətli və prestijli universitetlərdir. Onu da vurğalamaq istəyirəm ki, ŞKTC-nin tanınmaması bu ölkənin təhsil sisteminə və universitetlərin beynəlxalq arenada tanınmasına heç bir mənfi təsir göstərmir. Öz doğma topraqlarında müstəqil dövlətlərini quran yerli əhalinin əsas uğurlarından biri də müasir təhsil sistemini yarada bilməsidir. Bu ölkənin ali məktəbləri qitənin qabaqcıl təhsil ocaqları sırasındadır. İnkişaf etmiş maddi-texniki bazaya malik olan universitetlər, xaricdən gələn yüksək səviyyəli professor-müəllim heyəti, dünyanın 70 ölkəsindən artıq tələbə, ingiliscə təhsil proqramları, ikinci xarici dil öyrənmək imkanı, tələbə mübadilə proqramları, zəngin sosial mədəni mühit, akreditasiyalar, beynəlxalq aləmdə tanınan diplomları ilə ŞKTC universitetləri tələbələrini yaradıcı, beynəlxalq səviyyədə rəqabətə hazır gənclər olaraq yetişdirir və onları beynəlxalq karyera üçün hazırlayır. Bu ölkənin təhsil sistemində nailiyyətlərinin əldə olunmasında türk dünyasının ən ünlü öndərlərdən biri, Kipr türklərinin qəhrəmanı Dr. Rauf Denktaşın böyük əməyi olub.
- Hər il xaricdə təhsil alan gənclərimizin sayı sürətlə artır. Gənc fəal kimi bunu necə dəyərləndirərdin?
- Xaricdə ali təhsil alan bir tələbə kimi bu nailiyyətə münasibətim müsbətdir. Çünki, qloballaşan bir dünyada inkişaf etmiş bütün ölkələrin gənc nəsilləri dünyaya inteqrasiya olunmuş vəziyətdədir. Nəyə görə bizim gənclərimiz dünyanı bürümüş qloballaşmadan geri qalsınlar? Yəqin siz də mənimlə razı olarsınız ki, Azərbaycanda hər hansı bir universitetdə təhsil alan tələbə ilə xarici ölkədə oxuyan tələbə arasında böyük fərq var. Çünki xaricdə oxuyan tələbə daha bir mədəniyyət öyrənir, oxuduğu ölkənin dili, tarixi haqqında mükəmməl dərəcədə olmasa da, orta səviyyədə biliyə sahib olur. Azərbaycanda təhsil alan tələbənin xaricdə təhsil alana nisbətən ölkəni tanıtmaq, mədəniyətini yaymaq başqa ölkələrin insanlarına Azərbaycan haqqında bilgi vermək cəhətdən imkanları məhduddur. Həm də xaricdə təhsil almaq gənc tələbələrimizə ölkəmizi bir də kənardan kəşf etmək şansı verir. Bir çox ölkələrin, əsasəndə postsovet ölkələrinin gənclərindən fərqli olaraq bizim gənclərimizə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” ilə yararlanmaq şansı verilib. Bizim dövlətimizin gənclərimizə verdiyi bu diqqəti yüksək səslə hər yerdə bəyan etmək mənim üçün qürurvericidir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Azərbaycanda uşaq oyunları liqaları yaradacağıq”
21.10.2019
“Onlarla könüllümüz Azərbaycanca “Vikipediya”da məqalələrin zənginləşdirilməsini həyata keçirir”
15.10.2019
Çingiz Allazov: “Bütün dünya bilir ki, mən azərbaycanlıyam”
15.10.2019
Gömrük Akademiyasının tələbəsi: “Akademiyada təhsil almaq bir addım öndə olmağa imkan verir”
14.10.2019
“Bud-çanaq oynaqlarının implantla əvəz edilməsi bir çox xəstəliklər zamanı aparılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info