“Səttar eşqi” nin rəngləri
Tarix: 16.12.2013 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“Mən natura dalınca Qogen kimi baş götürüb başqa diyarlara getmərəm. Doğma yurdumun təbiəti mənim ilham qaynağımdır”
Səttar Bəhlulzadə

Səttar Bəhlulzadə yaradıcılığa çox erkən yaşlarından başlayan, neçə-neçə kitaba, məqaləyə, sənədli filmə, rəngkar və tişə ustalarının yaradıcılığına mövzu olan, obrazlı desək, bu gün Azərbaycan rəssamlığında haqqında əfsanələr dolaşan, nağıllaşan, öz əsərlərində doğma təbiətin gözəlliyini tərənnüm edən, özünəməxsusluğu ilə nəinki Azərbaycan, hətta dünya rəssamları ilə müqayisə edilən qeyri-adi rəssam. Bu qeyri-adilik həm onun əsərlərində, həm də şəxsiyyətini daxili aləminin və xarici görünüşünün vəhdətində söylədiklərimizin doğruluğunu təsdiq edir.
Bakının Əmircan kəndində dünyaya göz açan 65 illik ömrünə yüzlərlə rəngkarlıq və qrafika əsəri sığışdıran və onu həyat məktəbi kimi qəbul edənlərə rəssamlığın sirlərinə yiyələnmək üçün dəyərli məsləhətlər verən və ən başlıcası isə ikinci böyük tarixi-bədii miras qoyan Səttar Bəhlulzadə, Azərbaycan təsviri sənətində yeni səhifə açmış oldu. O, mənzərələrində hər daşın, qayanın, gülün obrazını yaradarkən öz içindəki rəngi “boğub”, təxəyyülündəki dünyasının arzulanan koloritini kətana köçürürdü. Azərbaycan təbiətinə nəhayətsiz vurğunluğu sonda onun öz üslubunun, dəst-xəttinin formalaşmasına gətirib çıxartdı.
O, yaradıcılığında əvvəlcə tarixi, sonra isə natürmort və mənzərə, hətta karikatura janrına yer versə də, həmişə axtarışlarda idi. Səttar Bəhlulzadə bir neçə janra müraciət etsə də, onun doğma torpağa bağlılığı, vətənpərvərlik hissi və yurda sonsuz məhəbbəti mənzərə janrında əsərlər yaratmağa və yaradıcılığının ana xəttini təşkil etməsinə səbəb oldu. O, lirik-romantik mənzərənin banisinə çevrildi. Səttar Azərbaycan rəssamlığında mənzərəyə fəlsəfi məna məzmunu verən ilk rəngkar oldu. O , dərviş kimi çox yerləri gəzdi, təbiəti müşahidə etdi və ölümsüz əsərlər yaratdı. İlahi eşqdən doğan sevgi, kədər, sevinc, sonsuzluq Səttarın mənzərələrində əbədi həyatın, dünyanın yalansız, günahsız, saf, təmiz, bir qədər də utopik simvoluna çevrildi. Özü isə “Sənətin Məcnunu” oldu.
Səttar Bəhlulzadənin tabloları rəssam yaradıcılığı ilə yanaşı , həmçinin şair, alim, filosof, musiqiçi təfəkkürünün sirlərini insanlara çatdırmağa çalışan dahini bizə tanıtdırır. Doğma xalqının mədəniyyətinə bağlılıq, adət-ənənələrə sadiqlik əsərlərində milli incəsənətin izlərini daşıyır. Lirik mənzərələri poetik-romantik ruhun, filosof təxəyyülünün verdiyi istedadın yekunu olaraq bizə “Füzulu eşqini”, Şərq xalqlarının çox əsrlik incəsənət səhifəsi olan - miniatür və qədim xalça sənətinin incəliyini, rənglərin “Şərq nağılları” ilə anım yaradan ovsunlanmış sehrkarlığını sərgiləyir.
Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına Füzuli poeziyasının təsiri çox güclüdür. Səttar əsərlərində Füzuli qəzəli ilə tamaşaçılara sənətə vurğunluğunu, sufilik fəlsəfəsi ilə sənətinin yüksəklərə ucalmasını, göylərə pərvazlanmasını göstərir.
Eşq dərd ilə xoşam, əl çək əlacımdan, təbib,
Qılma dərman kim həlakım zəhri dərmanımdadır.

Bu misralar “Füzuli eşqi”ni onu özünə ilham qaynağı sayan ustad Səttar Bəhlulzadə yaradıcılığına köçürür. Əgər Füzuli eşqini əbədiləşdirən, dünyaya tanıdan sözdürsə, Səttar eşqi isə öz fırçasının gücü ilə dünyada tanınır. Füzuli söz, Səttarsa rəng zirvəsini fəth etdi desək, yanılmarıq. Sənətində pərvanəyə çevrilən, şamla əriyib, əbədiyyətə qovuşan rəssam “Füzuli qəhrəmanı”nın yaşantılarını öz dəst-xətti ilə kətana köçürür. O, həm Füzuli, həm də Məcnunun obrazına müraciət edərkən sufi fəlsəfəsinin təzahürünə tapınır. Rəssamın “Məcnun” (1965), “Məcnun” (1966), “Şair kədəri” (1969), “Məcnun” (1969), “Füzulinin portreti” (1971) kimi qrafik lövhələrində Füzuli poeziyasının təsiri ilə şairənəliyin, rəssam dühasının verdiyi güclə obrazların daxili aləmini qüsursuz xətlərlə üz cizgilərində ifadəsinə nail olmuşdur . Dalğalanan saçlarında bəşəriyyətin “qəmini” daşıyan Məcnun obrazına hərəkət, dinamiklik verməklə yanaşı, bizə obrazın daxili aləmini açır. Yumulmuş gözləri əbədi həyata qovuşan ədəbi qəhrəmanın kirpiklərində həyatın qəmi, yorğunluğu , həzin kədərin mehi duyulur...
Məcnun eşq dərdinə düçar olub səhraya üz tutmuşdusa, Səttar sənətə olan eşqi ilə tənhalığa qapanıb möcüzəli əsərlər yaradıb. Səttar da Məcnun kimi azadlığı təbiətin qoynunda tapır və elə buna görə də yaradıcılığının ana xəttini təşkil edən mənzərələri bu gün də sənətsevərlərin heyrətinə və marağına səbəb olur.
Onun mənzərə janrında aid olan Abşeron ünvanlı “Abşeron” (1960), “Abşeronda axşam” (1962), “Abşeron motivi” (1964), “Tut ağacları” (1965), “Abşeronun bəzəkləri” (1967), “Abşeronun tacı” (1968), “Azərbaycan nağılı” (1970), “Suraxanı torpağının qədim alovları” (1971) və s. tablolarını xüsusi ilə qeyd etməliyik. Mülayim isti-təbiəti, quru subtropik iqlimi və neft-qaz çıxarma, sənaye kompleksinin burada yerləşməsi nəticəsində “ekoloji durumun” pozulması qarşılığında, Abşeron motivlərində “Səttar fırçası” bizə arzuladığı “cənnət”i təqdim edir. Rənglərin əlvan çalarları, təbiətin soyuq-bozumtul rəngini boğmuş və yeni, gözoxşayan kolorit kətanı bəzəmişdir.
Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olmasını altmışıncı illərdə işlədiyi “Torpaq, su ,günəş və əmək ”(1961), “Yaz səhəri (1961)”, “Əbədi alovlar” (1963), “Xəzər gözəli “(1961), “Torpağın arzusu” (1963), “Gülüstan” (1965), “Kəpəzin göz yaşları” (1965), “Mavi əfsanə” (1961), “Qədim alov” (1967), Muğanda bahar (1961), “Oyanma”(1965) tabloları ilə bizə təsdiqləmişdir.
Dahi ingilis humanisti, filosof və dövlət xadimi Tomas Mor: “Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir…” ifadəsini ən yaxşı daşıyıcısı kimi Səttar Bəhlulzadənin adını qeyd etsək yanılmarıq. Bizə yenidən Azərbaycan təbiətini tanıdan rəssam, rəngləri tanıyaraq, qarış-qarış gəzdiyi torpağı görmək istədiyi kimi təsvir edib. Bədii təsvir vasitələrinin gücü mənzərələrinə yeni ruh verir. Qəlbinə ayna tutan tabloları, gözlərindəki kədərin rəngi, insani sadəliyi, özünəməxsusluğu müasir dövrdə onu bu gün də yaşadır - bir sözlə, fərqli dünyanın, fərqli insanı, fərqli rəssamı kimi ...
Həmidə SÜLEYMANOVA
Sənətşünas




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, 5 hərbçi xəsarət alıb
19.06.2018
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib
19.06.2018
Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib
18.06.2018
Yaponiyada zəlzələ
18.06.2018
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9425

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info