İKT-nin inkişafında start-up layihələrinin yeri və rolu
Tarix: 16.12.2013 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə formalaşır.
Son illərdə ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Bunun da səbəbi ümummilli lider Heydər Əliyev tərəfindən İKT-nin 2012-ci ilə qədər cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı Milli Strategiyanın qəbul olunmasıdır. Həmin siyasi kursun davamı olaraq Prezident İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir.
Milli start-upların inkişafı dövlətin prioritetlərindən biridir
Bu gün ölkəmizdə gələcək iqtisadi hədəflər iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulub. Eləcə də, elmi potensial və innovasiya fəaliyyəti dəstəklənir, xüsusən bu sahədə innovativ sahibkarlıq üçün əlverişli, münbit şərait yaradılmaqdadır. Bütün bunlar Azərbaycanda İKT bazarının formalaşmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan artıq yeni internet biznesi modelləri yaranıb. Bu, köhnə vərdişləri və düşüncələri tam dəyişib. Bu dəyişikliyi tez duyanların, qabağa düşənlərin sərvətləri və iqtisadiyyata qatqıları əvəz olunmazdır. Ənənəvi biznes modellərdən yeni biznes modellərə keçid nə qədər çətin olsa da, Azərbaycanda bu mühiti formalaşdırmaq üçün addımlar atılır. Bu baxımdan, milli start-up (yəni sürətli həyata keçirilməsi nəzərdə tutulan biznes ideyası) layihələrinin inkişafına dövlət tərəfindən dəstək göstərilir. Qeyd edək ki, ötən il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikası informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir. Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan start-up şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcək. Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və fondun fəaliyyəti istiqamətinə uyğun olan layihələrə veriləcəkdir. Bura mütərəqqi proqram təminatının və İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması layihələri; İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və kommersiyalaşdırma layihələri; Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması layihələri; İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələri daxildir. İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədilə vençur maliyyələşməsini həyata keçirmək niyyətindədir.
Fond İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və istehsal yönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məqsədlərə xidmət edəcəkdir. Fond bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının cəlb edilməsi və səmərəli istifadə olunmasını həyata keçirməlidir. “Yüksək texnologiyalar parkı”nın rezidentləri, biznes-inkubator layihələri, elmi və tədqiqat mərkəzləri üçün maliyyə-donor rolunun bir hissəsinin fond tərəfindən yerinə yetirilməsi gözlənilir.
Azərbaycanda start-up biznes modelinin yaşı çox deyil. Ölkə ictimaiyyəti və biznes strukturları start-up haqqında hələ az məlumatlıdırlar. Məhz bu məqsədlə ötən ay Azərbaycanda “Start-up Günləri” keçirilib. Məqsəd “İKT İli”ndə ölkədə milli start-up infrastrukturun inkişafına təkan vermək, yeni start-upların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, start-upçılar arasında əlaqələri gücləndirmək olub. “Start-up Günləri” çərçivəsində gənc və yeni başlayan start-upçılar üçün konfrans və təlimlər keçirilib. Həmçinin innovativ biznes ideyaların və yeni internet layihələrinin ilkin variantlarının yarışması təşkil edilib. Anlayış olsun deyə, hazırda həyata keçirilən start-up layihələrindən misal göstəririk. Məsələn, NETTRENDS (nettrends.az) xidməti Azərbaycanın internet məkanında mövcud olan əksər xəbər resurslarını monitorinq edir. Müştərinin istəyinə uyğun olaraq gündəlik məlumatları və xəbərləri çeşidlənmiş şəkildə təqdim edir.
Brandbook MMC (brandbook.az) isə Azərbaycanda Private Shopping (özəl alışveriş) modelini tətbiq edən ilk şirkətdir. Dünyaca məşhur brendlərin
məhsullarını 90%-ə qədər endirimlərlə ancaq üzvlərinə təqdim edir.

Start-up layihələrinin sahiblərinə ilk növbədə ideyalarını patentləşdirmək tövsiyə olunur

Azərbaycanda internet-bizneslə bağlı keçilən konfransda çıxış edən rabitə və informasiya texnologiyaları nazir Əli Abbasov bildirib ki, RİTN start-up layihələrinin dəstəklənməsi məqsədilə vençur fondların yaradılması məsələsini nəzərdən keçirir.Ə. Abbasovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı danışıqlar həm respublikanın özəl sektorunu təmsil edən, həm də böyük beynəlxalq şirkətlərlə aparılır: "Şəxsi kapitalla fondların yaradılması çox vacib məsələdir. Onlar start-up şirkətlərin əsas maliyyə mənbələri ola bilərlər. Müvafiq olaraq, biz bu istiqaməti də genişləndirmək istəyirik”. Nazirin sözlərinə görə, bu gün Azərbaycan gəncləri kifayət qədər bilik və bacarıqlara malikdirlər. Əsas maneə kimi o, bir çox ölkələrə xarakterik olan ideyaların sonrakı inkişafı üçün maliyyə resurslarının olmamasını hesab edir. Hökumət intellektual gənclərin maliyyələşdirilməsi üçün bir sıra mexanizmlərə malikdir. Bu, məhz İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və texnoparkların köməyi ilə edilir.
Ə. Abbasov start-up layihələrinin səmərəli şərtlərlə fəaliyyətinin, uğurlu inkişafının təmin edilməsi məqsədilə ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. İnnovativ ideyaların Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən daim dəstəklənəcəyini də vurğulayan nazir start-up layihələrinin sahiblərinə ilk növbədə ideyalarının patentləşdirilməsini tövsiyə edib.
Hazırda ölkəmizdə “Start-up Azərbaycan” layihəsi həyata keçirilir. “Startup Azərbaycan” layihəsi İT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq və innovativ ideyaları uğurlu biznes sahəsinə çevirmək məqsədilə yaradılan bir platformadır. Bu komanda uğurlu hesab ediləcək layihələrin investorlara təqdim edilməsində və investor axtarışında seçilmiş start-up-lara köməklik edir. Həmçinin investorlar üçün cəlbedici layihələrə əlçatımlılığın təmin edilməsi istiqamətdə fəaliyyət göstərir. Azərbaycan İnternet Forumunun prezidenti, “Start-up Azərbaycan”ın rəhbəri Osman Gündüz bizimlə söhbətində dedi ki, Azərbaycanda internet, xüsusən genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı xeyli artıb, eyni zamanda elektron xidmətlər sahəsi də genişlənib və bu bazar da kifayət qədər inkişaf edib: “Bununla belə, digər sahələrin inkişaf etdiyi dönəmdə start-uplar üçün müvafiq mühitin yaradılması da gündəmdədir”. O, İnternet -biznes və milli startupların inkişafının indiki dövrdə Azərbaycan üçün aktual olduğunu diqqətə çatdırdı.

Azərbaycanda start-upın inkişafı üçün nə edilməlidir?

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovsa qəzetimizə bildirdi ki, Azərbaycanda yaxın illərdə start-up hərəkatının davamlı inkişafı gözlənilir: “Bunun üçün artıq ekosistem formalaşmaqdadır - həm start-upları stimullaşdıran müsabiqələr, tədbirlər keçirilir, həm də onlara dəstək üçün biznes inkubatorlar, texnoparklar yaradılır. Bununla yanaşı güzəştli maliyyə xətləri də innovativ biznesə dəstək olacaqdır. Amma bununla yanaşı Azərbaycanda bir sıra problemlər də vardır. Bu ilk növbədə müəllif hüquqları qanunvericiliyinin daha da sərtləşdirilməsi, innovativ istiqamətə investisiya proseslərinin investorlar üçün daha da əlverişli şəraitin yaradılmasıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan bazarı çox kiçikdir və buna görə də ölkə daxilinə ünvanlanan start-uplar böyük gəlirlər haqqında fikirləşə bilməz”. Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrin start-upların uğru qlobal bazarlara ünvanlanır: “İsrail, Estoniya, hətta internet istehlakçıları hələ də az olan Ukrayna kimi dövlərlətin start-upları qlobal bazarlara istiqamətlənib. Biz də bu uğurlu modeldən istifadə etməliyik. Amma uğur üçün orijinal ideyalar, bu ideyaları həyata keçirən peşəkar komandalar lazımdır”.
Azərbaycanda sart-up layihələri yenidir deyə, burada müəllif hüquqlarının qorunması məsələsinə diqqət yetirilməlidir. Bu baxımdan "Microsoft" şirkətinin təhsil layihələri üzrə meneceri Emin Axundov təklif edib ki, bu sahədə dövlət səviyyəsində müəllif hüquqlarının qorunması təmin edilməlidir: “Çünki layihələrin məhz yerli kontent provayderlər tərəfindən yaradılması ilə bağlı gələcəkdə problemlər yaşana bilər. Məncə, bu hüquqları pozanlara qarşı sərt tədbirlərin görülməsi nəzərdə tutulmalıdır. Bununla yanaşı, bu cür layihələrə müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar iştirak etməlidirlər, çünki dünya təcrübəsi göstərir ki, ən uğurlu start- up layihələrinin ideyaları 90% İT sahəsində işləməyən insanlar tərəfindən təqdim edilir. Bu, tibb, təhsil, ticarət sahələri və s. ola bilər”.
Start-up layihələrinin son məqsədi real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir. Hələlik az da, olsa gənc start-upçılar öz ideyalarını həyata keçirmələri üçün investisiya və dövlət dəstəyi ala bilir. Bütün bunlar Start up-Vençur Kapital ekosisteminin inkişafından xəbər verir. Azərbaycan cəmiyyətinin start-up-a ehtiyacı var deyə, bu sahənin inkişaf edəcəyi şəksizdir.
Fuad Hüseynzadə

"Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info