Dünyada 1 milyarda qədər miqrant var
Tarix: 18.12.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Dövlət Miqrasiya Xidməti və Ombudsman Aparatının təşkilatçılığı ilə Beynəlxalq Miqrasiya Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə ombudsman Elmira Süleymanova, Dövlət Miqarsiya Xidmətinin rəis müavini Pərviz Musayev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdir müavini Telman Məmmədov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak, BMqT-nin Cenevrədəki Baş Qərargahından Əməliyyatlar və Fövqəladə Hallar Departamentinin idarə rəisi Peter Van Der Auveraert, Xarici İşlər Nazirliyinin əməkdaşları iştirak edirdi.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bildirdi ki, son üç ildə dünyada miqrantların sayı 214 milyondan 232 milyona çatıb, 760 milyon daxili miqrant var. O qeyd etdi ki, bu gün dünyada məcburi köçkünlər, daşqın və digər problemlərlə bağlı daxili miqrasiya nəzərə alınsa, 1 milyarda qədər miqrant var. S.Aktoprak bildirdi ki, Azərbaycan əvvəllər miqrantların mənşə ölkəsi olub, hazırda təyinat ölkəsinə çevrilməkdədir. Gələcəkdə Azərbaycanın tranzit ölkə kimi də rolu artacaq: “Mən 2011-ci ildən Azərbaycana gələn və gedən insanların, həm vətəndaşların, həm əcnəbilərin statistikasını izləyirəm. Çox yüksək templə giriş-çıxışda artım var. 2011-2012-ci illərdə 400 min Azərbaycan vətəndaşının ölkəyə giriş-çıxışı olub. Əcnəbilərin giriş-çıxışı da artır. Miqrantların sayı artdıqca bu sahədə problemlər də artır. Əslində miqrasiya problem deyil, tənzimlənməyə ehtiyacı olan prosesdir. Azərbaycanda dövlət qurumları əməkdaşlıq şəraitində işləyir”. O da vurğulandı ki, miqrantların sayı artdıqca qeyri-qanuni miqrantların da sayı artır: “Bu gün dünyada gəliri 35 milyard dollara çatan insan qaçaqmalçılığı sahəsi formalaşıb. Hər 4 saatda 1 nəfər qeyri-qanuni miqrasiya edərkən həyatını itirib. Dövlətlər təhlükəsizliyi təmin etməlidirlər. Amma sərt miqrasiya siyasəti də olmamalıdır. İnsanların başqa çıxışları olmadığı üçün insanların giriş-çıxışları ilə bağlı humanist yanaşma tətbiq olunacağına ümid edirəm. Azərbaycanda bu istiqamətdə böyük işlər görülür və biz həmişə Dövlət Miqrasiya Xidmətinə dəstək veririk”.
S.Aktoprak bildirdi ki, Miqrasiya Məcəlləsinin qəbulu miqrasiya sahəsindəki proseslərin tənzimlənməsi yönündə böyük addımdır, anaq zaman keçdikcə təkmilləşdirilməlidir. O, miqrasiyanın tənzimlənməyə ehtiyacı olan bir proses olduğunu söylədi. Miqrasiyanın ölkədaxili və ölkələr arasında baş verən proses olduğunu deyən S.Aktoprak bildirdi ki, hər iki halda miqrasiya prosesinin tənzimlənməsini bir dövlət təklikdə həyata keçirə bilməz, digər dövlətlərin, BMT-nin və müvafiq qurumların birgə fəaliyyəti zəruridir. S.Aktoprak müstəqilliyinin ilk illərində miqrantlarla bağlı Azərbaycanın mənşə ölkə olduğunu, ancaq artıq bu durumun dəyişdiyini, Azərbaycanın gücləndiyini vurğuladı. O, öncəki illərdə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının kütləvi ölkəyə geri dönəcəyi halda Azərbaycanın ciddi problemlə üzləşməyəcəyini də söylədi. S.Aktoprak Azərbaycanın nəqliyyat infrastrukturu inkişaf etdikcə ölkənin miqrasiya prosesində tranzit rolunun da artacağını qeyd etdi. Onun sözlərinə görə, digər ölkələrin vətəndaşlarının da Azərbaycana miqrant qismində gəlməsi halları artır və bu sahədə Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə birgə fəaliyyəti vacibdir: “Çünki miqrasiya prosesi zamanı insan alveri, insan qaçaqmalçılığı kimi problemlər ortaya çıxır. Bu sahədə müvafiq dövlət qurumlarının, digər dövlətlərin, Beynəlxalq Miqrasiya Təşkilatının birgə fəaliyyəti belə problemlərin aradan qaldırılmasında əsas rol oynayır”.

Miqrantlarla bağlı etibarlı məlumat bankı yaradılmasına ehtiyac var

Ombudsman Elmira Süleymanova Azərbaycanın qloballaşan dünyanın tərkib hissəsi olduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycanın qoşulduğu sənədlərdən biri əmək miqrantlarının və onların hüquqlarının qorunması ilə bağlı Konvensiyadır: “Bu gün miqrantların, qaçqın və köçkünlərin problemi dünyanı narahat edir. Azərbaycanda yeni təsisatlar yaranıb və bunlardan iri də Ombudsman Aparatıdır. Ombudsman Aparatının vəzifəsi əhalinin bütün qrupların, o cümlədən vətəndaşlığı olmayan insanların hüquqlarını müdafiə etməkdir. Azərbaycanda Miqrasiya Məcəlləsinin qəbulu böyük hadisədir. Ancaq konkret hallarla bağlı Miqrasiya Məcəlləsində boşluqlar var. Bu sırada Gürcüstandan Azərbaycana keçən azərbaycanlılar, azərbaycanlıların miqrasiyası və başqa məqamları qeyd etmək olar”. E.Süleymanova Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlandığı şöbəsində də görüşlər keçirdiyini vurğuladı: “Bu insanların qidalanması, hüquqlarının müdafiəsi diqqət mərkəzində saxlanılır. Bu sahədə nə qədər işlər görülsə də, yenə də azdır”. Ombudsman miqrantlarla bağlı etibarlı məlumat bankı yaradılmasını təklif etdi: “Biz bu məlumat bankına müraciət edərək, onların iş qabiliyyəti imkanları ilə tanış ola bilərik”. O bildirdi ki, miqrantların sosial-hüquqi vəziyyətinin müəyyən edilməsi üçün monitorinqlər də keçirilməsi lazımdır: “Nə Ombudsman Aparatı, nə də başqa bir qurum ayrıca belə monitorinq keçirə bilər. Eyni zamanda miqrantların dünyaya gələn uşaqlarına sənəd verilməsi və digər problemlər var. Digər tərəfdən, müharibə başlayanda 1 milyon qaçqın və məcburi köçkünün çox az qismi ölkəni tərk etdi. O vaxt beynəlxalq qurumlar böyük yardımlar etdilər. İndi belə təsəvvür var ki, Azərbaycan varlı dövlətdir, nefti var. Ancaq həmin beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, o insanların əsas arzusu o torpaqlara qayıtmasıdır. Həm də o qaçqınların iş yerlərilə təmin olunması, mənzil problemləri var. Onların böyük qismi yeni tikilən yaşayış qəsəbələrinə köçürüldülər, ancaq hələ də başqalarının evlərində, yataqxanalarda yaşayanlar var. Beynəlxalq qurumlar bunu nəzərə almalıdırlar”.

Rzərbaycan və Rusiya arasında miqrantlarla bağlı saziş imzalanacaq

Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirdi ki, Ermənistandan 250 min azərbaycanlı Azərbaycana miqrasiya edib. Həmin dövrdə 50 min Mesxeti türkü də Azərbaycana gəlib. 750 min azərbaycanlı isə Ermənistanın işğalı nəticəsində daxili miqrasiyaya məruz qalıb. Azərbaycan, sayı 1 milyona çatan bu insanların zəruri ehtiyaclarının təmin edilməsi işinin öhdəsindən layiqincə gələ bilib. P.Musayev bu sahədə beynəlxalq qurumların də dəstəyinin önəmli olduğunu bildirdi. O, BMT-nin qəbul etdiyi 4 qətnaməyə və digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq Ermənistanın işğal etdiyi torpaqlardan çəkilmədiyini qeyd etdi: “Biz inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək və məcburi miqrasiyaya məruz qalmış insanlar yurd-yuvalarına qayıdacaqlar. Bu gün işğal olunmuş torpaqlarda narkotik bitkilərin becərilməsi, insan orqanlarının transplantasiyası üçün münbit bir şərait yaranıb”. P.Musayev ötən dövr ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində əvvəllər xarici ölkələrə üz tutmuş azərbaycanlıların ölkəyə qayıtdıqlarını vurğuladı. O, artıq Azərbaycanda çoxlu sayda əcnəbilərin də çalışdığını qeyd etdi: “Miqrantların insan alveri qurbanlarına çevrilməmələri üçün Dövlət Miqrasiya Xidməti yaradılıb. Dövlət Miqrasiya Xidməti qarşısına qoyulan vəzifənin öhdəsindən gəlir. Sərhəd-buraxılış məntəqələrində də əməkdaşlarımız xidmət göstərir. Əcnəbilərin müraciətlərinin elektron qaydada qəbulu ilə bağlı işlər görülüb. Regional idarələrin yaradılmasında məqsəd miqrantların uzaq məsafə qət etməməsinə hesablanıb”. Rusiyada son zamanlar soydaşlarımızın daha çox çətinliklərlə üzləşdiyinə diqqət çəkən P.Musayev Rusiyada həmvətənlərimizin hüquqlarının qorunması istiqamətində addımlar atıldığını açıqladı: “Rusiya ilə bu sahədə ikitərəfli sazişin hazırlanması istiqamətində iş görülür, layihə hazırlanır. İnanıram ki, qısa müddətə bu sənəd imzalanacaq, həmvətənlərimizin üzləşdiyi problemlər aradan qalxacaq”. P.Musayev Miqrasiya Məcəlləsinin bu il avqustun 1-dən qüvvəyə mindiyini, Miqrasiya Məcəlləsi hazırlanarkən QHT-lərin, Beynəlxalq Miqrasiya Təşkilatının tövsiyələrinin nəzərə alındığını bildirdi: “Regionda analoqu olmayan bir sənəd hazırlanıb və qəbul edilib. Miqrantlardan ölkəmizdə qeydiyyata düşərkən rüsum alınmır. Artıq Azərbaycan vətəndaşı ilə nikaha daxil olanlar iş üçün rəsmi icazə almırlar. Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzində yaşamaq yeri olmayan əcnəbilər, qaçqın statusu almaq istəyənlər və digər miqrantlar yerləşdirilir. Məsələn, Əfqanıstandan Həmid Sabiri adlı şəxs istədiyi qızla Azərbaycana gəlmişdi. Əfqan icmasının da iştirakı ilə onların saxlama mərkəzində nikah mərasimi təşkil olundu”.

1996-2013-cü illərdə sığınacaq istəyən 2 min 363 nəfər üçüncü ölkələrə göndərilib

Nazirlər Kabineti Aparatının qaçqınların və məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin müdir müavini Telman Məmmədov isə çıxışında bildirdi ki, Azərbaycanda hər 9 nəfərdən biri öz yurd-yuvasından didərgin düşüb, bunun dünyada analoqu yoxdur. T.Məmmədov hazırda Azərbaycanda qaçqın statusu almış və almaq istəyən 1,7 min insan olduğunu qeyd etdi. Onun sözlərinə görə, əvvəllər bu insanların sayı 11 min nəfər olub. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi, ölkənin həm mənşə, həm tranzit, həm də təyinat ölkəyə çevrilməsinə yol verir. Digər tərəfdən, Azərbaycan torpaqlarının işğalı nəticəsində İranla sərhədin müəyyən hissəsi nəzarətsiz qalıb, bu ərazilərdən narkotik daşınır və beynəlxalq qurumlar bu sahədə Azərbaycana yardım etməlidirlər. O, 1996-2013-cü illərdə sığınacaq istəyən 2 min 363 nəfərin Azərbaycandan üçüncü ölkələrə, əsasən ABŞ və Avropaya göndərildiyini bildirib. T.Məmmədov məcburi köçkünlərin beynəlxalq aləmdə statusunun tanınmasını da vacib saydığını bildirdi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Türkiyədən xaricə avtomobil satışında rekord artım
22.08.2019
Gürcüstanda meşə yanğınının miqyası genişlənib
22.08.2019
Metroda 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb
22.08.2019
Goranboyda zəlzələ olub
22.08.2019
Böyük Britaniya Rusiya prezidenti haqda film çəkəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info