Bəyimxanım Vəliyevanın uğurlu konserti
Tarix: 19.12.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Xanəndə “Yollara yağış yağır” adlı solo konsert proqramı ilə
Heydər Əliyev Sarayına toplaşanları məftun etməyi bacardı


İstedadlı xanəndə, tanınmış muğam ifaçısı Bəyimxanım Vəliyeva Heydər Əliyev Sarayında “Yollara yağış yağır” adlı solo konsert proqramı ilə çıxış etdi. Xanəndə iki saatlıq canlı ifası ilə bütün zalı coşdurmağı bacardı desək, yanılmarıq. Anşlaqla keçən konsertdə ustad sənətkarlar, ziyalılar və müxtəlif yaş qrupuna aid tamaşaçılar iştirak edirdi. Qeyd edək ki, bu, Bəyimxanım Vəliyevanın Azərbaycanda verdiyi ilk solo konsert idi.

Uğura gedən yol

Tamaşaçıların gur alqışları altında səhnəyə çıxan xanəndə ilk olaraq qonaqları salamladı və konsertdə iştirak etdikləri üçün onlara təşəkkürünü bildirdi. Bunun ardınca müğənni konsertin açılış ifasını - Cahangir Cahangirovun “Ana Kürüm” mahnısını səsləndirdi. Gözəl ifanın davamı kimi royalda Fəridə Hüseynovanın müşayiəti ilə “Dəli Kür” filmindən dinlədiyimiz mahnıları oxudu. Daha sonra Bəyimxanım repertuarında olan sevilən mahnılarına müraciət etdi. O, həmçinin muğam sevənlər üçün “Şirvan şikəstəsi” və “Cahargah”ı ürək yanğısı ilə ifa etdi.

İki saat ərzində ifaçı repertuarında olan mahnıları ilə yanaşı, yeni bəstələrə də müraciət etdi. Bəyimxanım tamaşaçılara verdiyi sözünü tutaraq, məhz bu konserti üçün iki yeni duet ortağı ilə mahnı oxudu. Xanəndənin sevilən ifaçı Namiq Qaraçuxurlu və xalq artisti Samir Cəfərovla baş tutan bu duetləri sarayda toplaşan tamaşaçılar tərəfindən də böyük maraqla qarşılandı.
Xalq artisti Samir Cəfərov səhnədə ilk olaraq öz sevilən mahnılarından birini oxuyaraq tamaşaçılara xoş anlar bəxş etdi. O, öz tələbəsini təbrik edərək, yaradıcılığında uğurlar arzuladı: “Bəyimxanım Milli Konservatoriyada mahnı və romansların ifa tərzinə dərindən yiyələnib. O, çox istedadlı xanımdır. Ona böyük uğurlar və bu uğurların davamlı olmasını arzulayıram”. Daha sonra müğənnilər bəstəkar Ramiz Mirişlinin “Səadət” mahnısı ilə tamaşaçıların könlünü oxşadılar.
Xanəndənin növbəti duet ortağı olan Namiq Qaraçuxurlu da Bəyimxanıma konsertlərinin davamlı olmasını dilədi. Tamaşaçılara təqdim olunan “Qəmli qadın” dueti isə gur alqışlarla qarşılandı. Qeyd edək ki, “Qəmli qadın” mahnısının musiqisi Ruslan Səfəroğluna, sözləri isə konsertdə qonaq qismində iştirak edən tanınmış şairə Sona Vəliyevaya məxsusdur.
Aldığımız məlumata görə, Namiq Qaraçuxurlu səhnəyə çıxarkən 39 dərəcə temperaturu olub. Lakin buna baxmayaraq, o, konsertdə iştirak edərək tərəf müqabilini tək qoymayıb.

Sənətdə yüksəliş cığırı

Sürprizlərlə zəngin olan konsertdə xanəndə muğam və xalq mahnıları ilə bərabər, sevilən bəstəkar mahnılarını da ifa edərək tamaşaçılarına xoş anlar yaşatdı. Xanəndə konsertdə daha çox şairə Sona Vəliyevanın şeirlərinə bəstələnmiş mahnıları ifa etdi. Bəyimxanım Vəliyeva bu xoş günündə daim yanında olan, ona hər zaman doğru yolu göstərən müəllimi, xalq artisti, məşhur muğam ifaçısı Ağaxan Abdullayevə də minnətdarlığını bildirdi. Xalq artistinin Bəyimxanım və onun sənəti haqqında çıxışı, söylədiyi fikirlər konserti daha da rəngləndirdi. Sevimli tələbəsinin uğurlarını gördükcə fərəhləndiyini söyləyən Ağaxan Abdullayev Bəyimxanımla fəxr etdiyini dedi: “Arzu edirəm ki, hər günümüz belə gözəl keçsin. Qoy, Tanrım hər zaman xalqımıza belə gözəl günlər qismət etsin. Bu gün mənim üçün ən gözəl günlərdən biridir. Çünki mənim gözəl qızım bu gün səhnədə ilk solo konsertini verir. Bəyimxanımı Bül-bül adına orta ixtisas musiqi məktəbində oxuyan zamanlardan tanıyıram. 2-ci sinifdən 11-ci sinfə qədər ona dərs demişəm. Sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi ilə mənim tələbəm oldu. Mən Bəyimxanımı öz övladlarımdan ayırmıram. Bəyimxanımın ailəsindəki xoşbəxtliyini, sənət aləmində yüksəlməyini izlədikdə fərəhlənirəm. O, yaşadığı bu gözəl günlərə layiq qızdır. Bəyimxanımın valideyni mənə onun iki yaşından oxuduğunu və oxumağa marağının olduğunu deyirdi. Bu, sizə inandırıcı görünməsə də, doğrudan da elə idi, çünki istedadı olan insanda o hisslər erkən yaşda baş qaldırır. Nə xoş mənə ki, bu gün tələbəmin uğurlarını görürəm və bu gün də onun konsertini izləyirəm. Mən öz övladlarıma nə arzulayıramsa, Bəyimxanıma da onu arzulayıram. Mənim dörd oğlum var, ancaq qızım yoxdur. Elə hesab edirəm ki, Bəyimxanım mənim qızımdır”.
Xalq artisti Bəyimxanıma daha çox məşhurluq qazandıran I Muğam televiziya müsabiqəsinin seçim turlarından danışaraq xanəndənin keçdiyi yaradıcılıq yoluna da nəzər saldı: “O, həmin müsabiqədə iştirak edərkən mən də münsiflər heyəti qismində çıxış edirdim. Gözəl səslərdən biri də Bəyimxanım idi. Həmin müsabiqədə çox gözəl çıxışlar etdi. Gözəl mükafata layiq görüldü. Bu gün Bəyimxanımı səhnədə görəndə ürəyim dağa dönür. Gün o gün olsun ki, fəxri ad, Şöhrət ordeni alasan. Sən səhnəyə yaraşırsan, daima belə gözəl səhnələrdə olasan”.

Qəlblərin fəthi

Ağaxan Abdullayevin çıxışı nə qədər səmimi idisə, zalı ağuşuna alan alqışlar da o qədər sürəkli idi. Alqışlar bitər-bitməz, tamaşaçılara qısa bir filmə baxmaq təklif olundu. Film Bəyimxanımın uşaq yaşlarından - 3 yaşından bu günə qədər sənət yolunda atdığı addımlardan və qazandığı uğurlardan bəhs edirdi. Belə ki, 1989-cu il sentyabrın 20-də Bakıda doğulan B.Vəliyeva 1992-ci ildə “Bədii şən və rəqs” ansamblının solisti olaraq Az TV-də “Nargilə” mahnısını ifa edib. Ardınca 5 yaşında Respublika üzrə keçirilən “Bağçalar və məktəblər” müsabiqəsində birinci yerə layiq görülüb ki, bu da onun sənət yolunda ilk uğurlarından hesab olunur. Bir-birinin ardınca uğurlar qazanan azyaşlı xanəndə 1996-cı ildə hər kəsin sevimli müsabiqəsi olan “7-dən 77-yə” müsabiqəsinin qalibi olur. 1997-ci ildə “İstedadlar axtarırıq” müsabiqəsinin fəxri diplomuna layiq görülür. Muğam sənətinə olan sevgi onu Bülbül adına orta ixtisas məktəbinə aparır və ustad sənətkar Ağaxan Abdullayevin xanəndəlik sinfinə daxil olur. 1998-ci ildə “İkinci Uşaq Muğam Festivalı”, 1999-cu ildə isə “Üçüncü Uşaq Muğam Festivalı”nın diplomuna layiq görülür. İllər keçdikcə, Bəyimxanım musiqi sənətinin dərin və sonsuz olduğunu anladıqca, ona daha çox bağlanmağa və addım-addım onu kəşf etməyə başlayır. “Muğam Assosiasiyası 99” müsabiqəsində üçüncü dərəcəli laureatı fəxri adına layiq görülür.
“Yollara yağış yağır” adlı konsertdə Bəyimxanımı iki ansambl - 11 nəfərdən ibarət Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri Ələkbər Ələkbərov) və 6 nəfərdən ibarət Hicaz qrupu (bədii rəhbəri Vahid Qəribov) müşayiət etdi. Əksər mahnıları böyük alqışlarla qarşılanan müğənninin ifası insanların qəlbinə yol tapmağı bacardı. Konsertin sonunda isə tamaşaçılar xanəndəni gözəl ifasına görə ayaq üstə alqışladılar.
Qeyd edək ki, konsertdə bir sıra rəsmi şəxslər, millət vəkilləri, tanınmış ziyalılar, eləcə də Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, xalq artistləri Ağaxan Abdullayev, Arif Babayev, Zabit Nəbizadə, Zamiq Əliyev, Ramiz Mirişli, Əməkdar incəsənət xadimləri Tahir Əkbər, Nailə Mirməmmədli, xanəndələr Qəzənfər Abbasov, Almaz Orucova, Bahar Lətifqızı, əməkdar artistlər Firuzə İbadova, Gülyaz və Gülyanaq bacıları, Xalq artisti Fuad Poladov, aparıcılar Zaur Kamal, Anar və digər qonaqlar iştirak edirdi.
Xəyalə




 
Bölməyə aid digər xəbərlər
09.08.2020
Uşaq və yeniyetmələr üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
08.08.2020
Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
08.08.2020
Tibetdə simli musiqi alətləri ilə rəqs şousunda rekord qeydə alınıb
07.08.2020
“Cəngi” estrada-folklor ansamblı beynəlxalq festivalda iştirak edəcək
06.08.2020
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info