“Uşaq mahnılarına müraciət edənlər çox azdır”
Tarix: 20.12.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


İradə Yaqubova: “Gələcəkdə cəmiyyətə layiqli üzv olacaq hər bir şəxsin tərbiyələndirilməsinə uşaqlıqdan başlamalıyıq”

Layihə çərçivəsində müsahibimiz “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadır
- “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ilin yanvar ayından ictimai əsaslarla “Vətəndaş cəmiyyəti- gələcəyimiz naminə” adlı kampaniyaya başladı. Həmin kampaniya çərçivəsində biz ilk növbədə gənc nəslin mənəvi- mədəni tərbiyələndirilməsinə önəm verdik. Həmin istiqamətdə fəaliyyətimizi qurduq. Ona görə ki, gələcəkdə mədəni, cəmiyyətə layiqli üzv olacaq hər bir şəxsin tərbiyələndirilməsinə biz uşaqlıqdan başlamalıyıq. İlk növbədə əsas rolu burada mədəniyyət, insanın beyninə, ürəyinə yaxın olan musiqi oynayır. Ona görə də uşaq yaşlarında o, mahnı dinləyərkən həmin mahnılarda ilk növbədə ona yaxın mövzuları eşitməlidir. O mahnılar elə yazılmalıdır ki, onların musiqisi ürəyəyatımlı olmalıdır, uşağın yadında tez qalmalıdır, mətni sadə olmalıdır. Elə olmalıdır ki, uşaq onu başa düşsün. Onun mövzuları elə olmalıdır ki, uşaqlara ətraf mühit, onu əhatə edən dünya, ünsiyyət formaları haqqında məlumat versin. Burada həm vərənpərvərlik, həm valideynlərə, həm böyüyə hörmət, eləcə də dostluğa sədaqət, ətraf mühitlə bağlı anlayışlar öz əksini tapmalıdır. Məsələn, biz Günəşdən oxuyuruqsa orada onun harda olduğunu, isti , gündüz olduğunu, yaxud quşlar haqqında mahnıdırsa, gözəl cəh-cəh vurması, onlara qulluq etmək, qorumaq və s. öz əksini tapır. Beləliklə, uşaq, sadəcə olaraq körpəlikdən müəyyən davranma qaydalarını qavrayır. Ona görə də uşaq mahnılarının rolu əvəzsizdir. Azərbaycanın yüzlərlə uşaq mahnılarından ibarət musiqi bazası var. Bizim bəstəkarlar gözəl, mahnılar yaradıblar. Onlardan bəziləri bu gün də yaddaşlardadır, hazırda da oxunur. Məşhur “Cücələrim”, “Kuklam”dan başqa, digər mahnılar da oxunur.
- Hazırda bu sahədə mövcud problem nədir?
- İlk növbədə bu mahnıların bir çoxu həmin nəsil, bizim indiki nənə-babalarımız üçün yazılmışdı. Elə mövzular var ki, məsələn,
Sağıcıdır mənim nənəm,
Köməkçisi mənəm, mənəm.
Mən badyanı gətirirəm,
Nənəmə tez yetirirəm.

şeirini oxuyanda mən bilmirəm ki, indi kənddə yaşayan uşaq onu oxuyanda başa düşəcək, ya yox. Lakin gözəl mahnı idi və uşağı başa salırdı ki, nənə iş görəndə sən mütləq ona kömək etməlisən. Uşaqları körpəlikdən zəhmətə alışdırırdı. Lakin bu günün ahənginə uyğundurmu? Elə mahnılar var ki, gözəl mahnılardı, amma o vaxtın aranjimanıdır, bugünkü, müasir uşaqlar üçün maraqlı olmayacaq. Məsələn, “Kuklam” mahnısının indi bir neçə variantı var və dinləyəndə görürsən ki, köhnə variant lap kiçik uşaqların ürəyinə yatır, amma təzə variant 5-6 yaşında olan uşaqların xoşuna gəlir. Yəni, artıq biz nəzərə almalıyıq ki, indi böyüyən nəsil o vaxtkı musiqini bu gün çətin qavrayacaq. Ona görə də bu mahnıları ya yeni aranjimanda yazmaq lazımdır, ya da yeni mahnılar yazılmalıdır. Ümumiyyətlə, mütləq, yeni mahnılar yazılmalıdır. Ona görə ki, bugünkü mövzular, prioritetlər də dəyişib. Yeni-yeni mövzular yaranır ki, onlar bügünkü uşaqlar üçün maraqlıdır. Hazırda uşaqlar kiçik yaşlarından telefonla, kompyuterlə məşğul olur, yəni artıq bu başqa nəsildir. Bunlar üçün yazılan mahnılar da başqa cür olmalıdır, başqa mövzulara toxunulmalıdır. Günəşdən, quşdan, çiçəkdən,Vətəndən yenə yazılacaq, bu əbədi mövzulardır. Lakin yeni mahnılar da yazılmalıdır.
-Məhz bu zərurət sizi yeni uşaq mahnıları ilə bağlı müsabiqə keçirməyə vadar etdi?
- Son 30 ildə uşaq mahnılarına müraciət edənlər çox azdır. Onların da mahnıları dinləyiciyə gəlib çatmır. Məsələn, bizim bu istiqamətdə keçirdiyimiz müsabiqədə birinci yer tutan “Xoş gəlmisən Novruzum” mahnısı 9 il bundan öncə yazılıb. Necə yazılıbsa, eləcə də qovluqda qalıb, sadəcə olaraq ortaya çıxara bilməyiblər. Ona görə də nə yazılıbsa onları üzə çıxartmaq lazımdır. Üstəlik bəstəkarlara “Sizin mahnılarınız lazımdır!” və gənc bəstəkarlara “gəlin qoşulun ki, gələcəkdə 10-20 ildən sonra artıq püxtələşmiş bəstəkar olanda siz də bu mahnıları yazarsız” şüarları ilə müraciət etdik. İyunun 1-dən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənc nəslin mənəvi-mədəni tərbiyələndirilməsinə dəstək” layihəsini həyata keçirməyə başladıq. Həmin layihə çərçivəsində “Yeni uşaq mahnıları-2013” müsabiqəsini keçirdik. Bu müsabiqənin ideyasını biz hələ 2011-ci ilin fevral ayının 7-də keçirdiyimiz dəyirmi masada səsləndirmişdik. O zaman bildirmişdik ki, hansısa bir hərəkət, çağırış olsun, biz uşaq mahnılarının yazılması üçün müxtəlif stimullaşdırıcı formatlardan istifadə etməliyik. Onlardan da biri bu sahədə müsabiqələrin keçirilməsidir. Hətta ölkə başçısına müraciət də ünvanlamışdıq. İyunun 7-də 12 nəfərdən ibarət münsiflər heyətini yığdıq və orada müsabiqənin şərtlərini müzakirə etdik. İyulun 2-də mahnının yazılmasına aid şəxsləri toplayaraq müsabiqə haqqında məlumat verdik. Çünki biz bununla bağlı telekanallarda məlumat versək də, bu mahnını adi tamaşaçı yazan deyil. Bunun üçün məxsusi olaraq mahnını yazan peşəkarlara müraciət etmək lazımdır. Ona görə onlarla danışdıq, müzakirələr apardıq, oktyabrın 14-nə qədər vaxt verdik. Bizim bu müsabiqə ilə bağlı video-çarx çəkilmişdi və İTV də bir neçə dəfə nümayiş olundu. Beləliklə, oktyabrın 14-nə qədər peşəkar bəstəkarlar da daxil olmaqla bizə 19 nəfər 73 mahnı gətirmişdi. Həmin mahnılara oktyabrın 25-dən dinlənilmələr başlandı. Münsiflər heyəti qalib mahnıları seçdi. Mahnıların oraya təqdimatı tam anonim şəkildə idi. Yəni, müəllifləri, nə vaxt yazılması bilinmirdi. Onları dinlədilər, son səsvermə gizli şəkildə oldu. Qalibləri müəyyən etdik. Sonra hazırlıq işi başladı. QHT-lərə Dövlət Dəstəyi Şurasından başqa, bizə bu işdə kömək edənlərə, konsertin reallaşmasında bizə yardım edən Fərhad Bədəlbəyliyə, münsiflər heyətinin həmsədrləri Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov və Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadəyə təşəkkürümü bildirirəm.
-Bugünlərdə müsabiqənin nəticələri açıqlandı. Bununla bağlı nə deyərdiniz?
- Dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti keçirildi.
Qalib mahnıların müəlliflərinin mükafatlandırılması mərasimi keçirildi.
“Yeni uşaq mahnıları-2013” müsabiqəsinin qalib-mahnılarını Azərbaycan Dövlət Televiziyasının “Bənövşə” uşaq teatrı, Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” kollektivi, “Gülən notlar”, “Kəpənəklər” və “Nağıllar” mahnı kollektivləri, “Aysel” mahnı teatrı və digər kollektivlərin solistləri ifa etdilər. Gecənin qonaqları Azərbaycan Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin Hərbi Orkestri, Azərbaycan Dövlət Kukla Teatrının aktyorları, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Cücələrim” mahnı və rəqs ansamblı, “Təbəssüm” rəqs qrupu maraqlı musiqi nömrələri ilə çıxış etdilər. “Laylalar” nominasiyasının qalibi olmuş “Ana laylası” mahnısı Əməkdar artist Gülyanaq Məmmədovanın ifasında səsləndirildi. “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konsertinin sonunda uşaqlar birlikdə “Dostluq himni”ni ifa etdilər. Gecədə bir çox dövlət strukturları və beynəlxalq təşkilatlar və ictimaiyyətin təmsilçiləri iştirak edirdi. Müsabiqədə ilk yerlərin qalibləri kimi 1-ci yerə layiq görülən qalib mahnı “Xoş gəlmisən, Novruzum” (sözləri və musiqisi: Səadət Fərziyeva), 2-ci yerə “Rəssam olacağam” (sözləri: İsmayıl Dadaşov, musiqisi: Zabitə Məmmədova) və “Vətən hissi” (sözləri: Yusif Həsənbəy), musqisi: Cahangir Zülfüqarov, 3-cü yerə “Yeddi çiçək, yeddi gül” (sözləri: Zümrüdxanım Ağayeva, musiqisi: Məryəm Əlibəyli), “Qaranquşum” (sözləri və musiqisi: Səadət Fərziyeva),“Qaçma dayan” (sözləri: Abdulla Şaiq, musiqisi: Nazim Quliyev) layiq görüldü. Burada həmçinin müsabiqədə 4-cü yerə layiq görülən və ikinci onluqda yer alan mahnılar da öz əksini tapıb. Qalib mahnıların müəllifləri diplom və hədiyyələrlə mükafatlandırıldı.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info