Azərbaycanın potensial ikinci “neft”i -zeytun
Tarix: 07.01.2014 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Zeytun əvəzolunmaz qida və müalicəvi bitki kimi minillər boyu insanların diqqətini özünə çəkib. Yunanların hələ miladdan öncə zeytun budağını ilk Olimpiya oyunlarının rəmzi seçməsi və həyat simvolu adlandırması da təsadüfi deyil. Zeytun meyvəsi bu gün dünyada ən xeyirli bitki sayılmaqla yanaşı, hətta bəzi ölkələrdə strateji məhsul statusunu da alıb. Zeytun həm də çox məhsuldar meyvə sayılır və ən xeyirli yağ da məhz zeytundan alınır. Bu meyvədən yağ alınmasının spesifik xüsusiyyəti ondadır ki, yağ fiziki üsullarla əldə edilir və burada heç bir kimyəvi metoddan istifadə edilmir. Azərbaycanda isə zeytunçuluq hələ uzun illər əvvəl maraq dairəsinə düşüb. Bakı və Bakıətrafı ərazilərdə böyük zeytun bağlarının salınması da buna bariz nümunə ola bilər.
SSRİ dönəmində Azərbaycan zeytun istehsal edən əsas respublika sayılırdı. O vaxtlar ölkədə istehsal edilən zeytun meyvəsi və ondan hazırlanan məhsullar yüksək qiymətləndirilirdi. Azərbaycanda zeytunçuluq üzrə ilk təsərrüfat isə 1949-cu ildə Zığda təşkil edilib. 1949-1950-ci illərdə sənaye əsasında zeytunun emalı üçün kiçik zavod tikilərək işə salınıb. Ötən əsrin 90-cı illərindən sonra isə digər istehsal sahələri kimi, zeytunçuluq da tənəzzülə uğradı. Belə ki, müstəqillik dövründə torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarıldı və yerdə qalan bağların məhsuldarlığı da qayğısızlıq ucbatından aşağı düşdü. Hazırda isə dövlətin bu sahəyə olan xüsusi diqqəti və zeytunçuluğa ciddi maraq göstərən “Azersun Holdinq”in bir çox tədbirlər həyata keçirməsi sayəsində bu sahə yenidən tənəzzüldən qurtularaq inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycanda gələcəkdə ildə 300 tondan çox zeytun yağı istehsal olunacağı da proqnozlaşdırılır. Çünki zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı da tədricən artır.
Azərbaycanda zeytunçuluğun inkişafını zəruri edən digər amillər də var. Zeytunun Abşeron yarımadasında küləklərin qarşısını almaqda, torpaqları erroziyadan qorumaqda da əvəzsiz rolu var.
Qeyri-neft sektorunun inkişafı çərçivəsində zeytunçuluğun inkişafı üçün Azərbaycanda «Azərsun Holdinq»in gördüyü işlər isə alqışalayiqdir. Bəzi ölkələrdə zeytundan götürülən gəlirin neftdən götürülən gəlirə bərabər olduğunu nəzərə alsaq, bu bitkini Azərbaycan üçün potensial ikinci “neft” də adlandıra bilərik! «Azərsun Holdinq» də müəyyən mənada bu prinsiplə hərəkət edərək ölkədə zeytunçuluğa marağı daha da artırıb bəzi tədbirlər görür. Şirkət zeytunçuluğun əvvəlki şöhrətini qaytarmaq üçün hətta, bu meyvənin qəbulu məqsədilə hər il vətəndaşlara da üz tutaraq onlarda zeytun bağlarının salınmasında maraq oyadır. Bakı və Bakıətrafı ərazilərdə zeytun bağlarının genişləndirilməsinin, yeni sahələrin salınmasının real olduğunu nəzərə alsaq, sakinlərin də bundan sonra bu sahəyə kifayət qədər maraq göstərəcəklərini deyə bilərik. Hətta bu işdə bir qədər irəli gedərək demək olar ki, Ceyranbatan gölündən Ələt ərazisinə qədər də yeni bağlar salmaq olar.
“Azərsun Holdinq”in də ciddi maraq dairəsində olan bu dözümlü və perspektivli meyvənin Azərbaycanda geniş yayılması reallaşarsa, xaricdən zeytun yağının idxalına ehtiyac qalmaz. Düzdür, zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan, təəssüf ki, bu sahə investorları bir o qədər cəlb etmir. Amma zeytun ağacını becərməyə və qayğısına qalmağa ehtiyac yoxdur. Baxmayaraq ki, o, ən bahalı bitkilərdən biri hesab edilir. Bu sahəyə diqqət yaradan daha bir amil isə artıq bar verən zeytun bağlarının əsrlər boyu yaşamasıdır.
Azərbaycanda yeni zeytun bağlarının salınmasını zəruri edən əsas amillərdən biri də Bakının bu gün yaşıllığa daha çox ehtiyac duymasıdır. Artıq meqapolisə çevrilmiş paytaxtımızda yaşıllıq massivləri salınarkən kiçik də olsa, zeytun bağlarının salınması daha məqbul sayılardı. Burada həm yaşıllaşdırma işləri görülmüş olar, həm də qeyd edildiyi kimi zeytun ağaclarının meyvəsindən xammal kimi istifadə oluna bilər və bu da kifayət qədər zeytun yığımını təmin edər. Belə olan təqdirdə, nəinki Bakı əvvəlki yaşıllığını bərpa edər, hətta Azərbaycan özünün zeytun yağına, yeri gələndə isə gübrəyə olan tələbatını tam ödəmiş olar.
Hazırda isə Azərbaycan zeytun yağını əsasən, idxal edir. Daha çox İtaliya, Türkiyə və Yunanıstandan zeytun məhsulu idxal olunur.
Azərbaycan zeytununun şöhrətinin də qaytarılması bu gün bu sahəyə diqqət ayıran “Azərsun Holdinq”in qarşısında duran əsas məqsədlərdən biridir. Zeytunçuluq kimi qədim ənənələrə malik sahənin təbliğini də aparan sözügedən şirkətin gördüyü bəzi tədbirlər sayəsində artıq zeytunçuluğa marağın artdığını da demək olar.
Zeytun ağaclarının qorunması və zeytunçuluğa olan marağı artırmaq məqsədilə “Azərsun Holdinq” hətta, bir sıra təbliğat xarakterli tədbirlər də həyata keçirir. Bundan əlavə, maraq üçün bildirək ki, “Azərsun Holdinq”in müxtəlif çeşiddə istehsal etdiyi zeytun yağları keyfiyyət xüsusiyyətlərinə görə də digər ölkələrin məhsulları ilə nəinki ayaqlaşır, hətta bir çox hallarda onları üstələməyi də bacarır.
Bu gün “Azərsun Holdinq“in həm təbliğat xarakterli tədbirləri, həm də sözügedən meyvədən hazırladığı keyfiyyətli məhsullar sayəsində Azərbaycanda zeytuna münasibət dəyişib. Zeytun artıq süfrə yeməyinə çevrilib. Sevindirici haldır ki, Sovet İttifaqı dağıldıqdan sonra əhali tərəfindən yığılaraq, xarici ölkələrə satılan zeytun artıq ölkəmizdə fəaliyyət göstərən sözügedən böyük istehsalçı şirkətə təhvil verilir.
Bir sözlə, az qala, neft qədər dəyəri və perspektivi olan zeytunçuluq “Azersun Holdinq”in sayəsində öz inkişafının kulminasiya nöqtəsinə çatacaq və zeytun Azərbaycanın ikinci “neft”i olacaq, desək yanılmarıq.
Zeytunçuluğun inkişafına və zeytun bağlarının salınması məsələsinə ekspertlər də optimist yanaşırlar. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz biologiya elmləri namizədi, “Ərzaq Təhlükəsizliyi Uğrunda” İctimai Birliyinin sədri Zahid Abbasov zeytunçuluğun ölkəmizdə böyük inkişaf perspektivlərinin olduğunu deyərək, Azərbaycanda təbii iqlim şəraitinin zeytunun yetişməsi üçün çox əlverişli olduğunu söylədi: “Azərbaycan zeytunu çox qiymətli xüsusiyyətlərə malikdir. Ona görə də dünya miqyasında bizim zeytun məhsulları tanınmış brend kimi də qəbul olunur. Təəssüf ki, bu sahədə olan işlər o qədər də ürəkaçan deyil. Əvvəllər ölkəmizdə zeytunçuluq sovxozları var idi. İndi onların bəziləri ləğv olunub və zeytun bağlarının bir qismi ya baxımsızlıqdan, ya da digər səbəblərdən məhv olub. Ümumilikdə isə bu sahəyə diqqəti daha da artırmaq lazımdır. Hələ 1980-ci ildə Elmlər Akademiyası zeytun yağının istehsalı ilə bağlı xüsusi texnologiya hazırlamışdı. Hətta çox keyfiyyətli yağın istehsalına da başlamışdıq. Bundan sonra zeytunçuluq sovxozunun bəzilərində xüsusi sexlər quruldu və ölkəmiz kifayət qədər zeytun yağı istehsal edə bildi. Zənnimcə, artıq zeytunun əvvəlki şöhrətini qaytarmalı, bu sahəni daha da inkişaf etdirməliyik. Zeytun yağı ilə həm öz daxili tələbatımızı ödəməli, həm də geniş şəkildə xarici bazarlara çıxmalıyıq. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan ərzaqla öz tələbatını təmin etməli və xarici bazarlara çıxmalıdır. Xarici bazarlara çıxmaq üçün isə ölkənin ən böyük imkanını elə zeytunçuluq sahəsində görürəm. Bu sahəni inkişaf etdirmək üçün təkcə Abşeronda yox, digər regionlarda da müəyyən işlər aparıb, yaxşı nəticələr də əldə etmək olar”.
Ekspert deyir ki, hazırda bitki yağına olan tələbatın çox hissəsi xaricdən gətirilən ixrac mallarının hesabına təmin olunur. Halbuki bunu zeytun yağı ilə təmin etmək olar: “Zeytun yağı tərkibinə və keyfiyyətinə görə bütün yağlardan xeyli fərqlənir və üstündür. Bu bitki çox da tələbkar deyil. Sadəcə, adi aqrotexniki qulluq bəs edir ki, ağac yaxşı məhsul versin. Uzunömürlüdür və həmişəyaşıl bitki olmaqla yanaşı, istənilən iqlim şəraitinə də davamlıdır. Milli Məclisin plenar iclasına təqdim olunmuş “Yaşıllıqlar haqqında” qanun layihəsində qeyd olunub ki, yaşıllıqlar salınarkən ölkənin ənənəvi bitki növlərindən, cinslərindən istifadə olunsun. Azərbaycan təbiəti üçün ənənəvi bitkilərdən biri elə zeytundur. Yəqin ki, bu qanunun qəbul olunması zeytunçuluğun inkişafına təsir edəcək. Ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında əsas ərzaq məhsullarından biri olan bitki yağının tam ödənilməsi üçün zeytunçuluğu inkişaf etdirmək mümkündür. Bu, bizə verilən böyük nemətdir. Bütün Abşeron yarımadasında zeytun ağaclarına rast gəlmək olur. Meyvə yetişir, lakin külək onu töküb məhv edir. Amma zeytun yığımı, bu sahədə görülən işlər daha düzgün qurulsa, emal müəssisələri çoxalsa, xeyli irəliləyişlər əldə edə bilərik. Bu işi “Azersun Holdinq”in görməsi, qəbul məntəqələri təşkil edib insanlarda bu sahəyə maraq oyatması yaxşı hal olsa da, emal müəssisələri artmalıdır. Bu sahə elə də böyük investisiya da tələb etmir”.
Zahid Abbasov deyir ki, Milli Məclisdə “Zeytunçuluq haqqında” qanunun qəbul edilməsi, ya da hökumətin zeytunçuluğun inkişafına dair xüsusi bir proqram hazırlaması da mümkündür. Burada da göstərilməlidir ki, hansı regionlarda neçə hektar zeytun bağı salınsın və bu işə özəl sektor da cəlb edilsin: “Dövlətin də ehtiyat fond torpaqları var, bələdiyyələrin də. Bütün qüvvələri səfərbər edib, bu sahədə ciddi uğurlar əldə etsək, zənnimcə nəinki kənd təsərrüfatı, aqrar sahədə, eləcə də ərzaq təhlükəsizliyi ilə bağlı bir çox məqamlarda da xeyli irəli getmiş olarıq. Adicə meşə zolaqlarının və tarlaqoruyucu zolaqların salınmasında da zeytun ağaclarından geniş istifadə etmək olar. Həm məhsulundan yararlanarıq, həm də bu, torpağı külək eroziyasından da qoruyar. Zeytunçuluğun inkişafı yaşıllığın da bərpası deməkdir. Azərbaycan yaşıllıq zonasına görə hələ ki bir çox ölkələrdən geri qalır. Bizim meşə fondumuz cəmi 12 faiz təşkil edir. Amma normalda, bu rəqəm ən azı 20 faiz olmalıdır. Dediyim dövlət siyasəti sayəsində həm də yaşıllıqları kəskin surətdə artıra bilərik. Heç olmasa, hökumətin məhz bu sahə üzrə yaxın vaxtlarda proqram hazırlaması əla olardı. Təklif edirəm ki, beşillik bir proqram hazırlanıb işlənməli, bu sahədə investisiya qoyuluşu da nəzərdə tutulmalıdır. Stimullaşdırıcı tədbirlər də həyata keçirilə bilər. Məsələn, əkin materialları ilə sahibkarları, bələdiyyələri dövlət təmin edə bilər. Burada yeni iş yerlərinin açılması da olacaq. Biz nəyə görə ölkəyə geni dəyişdirilmiş məhsullardan alınan bitki yağları və mənşəyi bilinməyən yağları alıb gətirməliyik? Halbuki bizdə yüksək keyfiyyətli həm farmokoloji, həm də sağlamlıq nöqteyi-nəzərdən xeyirli, gözəl nemət - zeytun var”.
Mütəxəssis deyir ki, zeytun iqtisadi cəhətdən də çox sərfəlidir. Bu ağacı xəstəlik vurmur, hər il də yaxşı məhsul verir. Maraqlısı isə budur ki, istehsal prosesində yağ əldə olunmaqla yanaşı tullantıya da ehtiyac qalmır və zeytunun cecəsindən qurudulduqdan sonra ən yaxşı halda mal-qara üçün keyfiyyətli yem, yaxşı gübrə və ekoloji cəhətdən təmiz yanacaq materialı kimi istifadə olunur. Qısası, inanırıq ki, yaxın gələcəkdə zeytunun əvvəlki şöhrəti bərpa olunacaq və nəinki Bakıda, eləcə də ölkədə zeytun bağlarının sayı o qədər artacaq ki, biz bütün yağ tələbatımızı daxili istehsal hesabına təmin edə biləcəyik.
Tural Tağıyev

Yazı Azərbaycan Mətbuat Şurası və “Azərsun Holdinq”in birgə təşkil etdiyi “Zeytun bağları” Azərbaycanda zeytunun şöhrəti” müsabiqəsinə təqdim olunur




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info