Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü başa çatıb
Tarix: 07.01.2014 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Təhlükəsizlik Şurasına sədrlik müddətində qurumun 59 açıq və
qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və
13 mətbuat bəyanatı qəbul edilib


Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü 2013-cü il dekabrın 31-də başa çatıb. Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən bildirilib ki, müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi ölkəmiz beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olmuşdur. Şurada üzvlüyün yaratdığı imkanlardan tam istifadə edən Azərbaycan bir sıra vacib mövzularda prinsipial mövqeyini ortaya qoyub.
Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında idi.
İki il ərzində Azərbaycan Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında sədrlik vəzifəsini həyata keçirib, bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil edib. 2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edilib. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənib və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi vurğulanıb. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi, terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Ölkəmizin Təhlükəsizlik Şurasında ikinci sədrliyi də çox səmərəli keçib. Oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası təşkil olunub. Şuranın tarixində ilk dəfə bu mövzu üzrə keçirilən və xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Pan Gi Mun və İƏT-in sabiq baş katibi Ekmələddin İhsanoğlu iştirak ediblər. İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanıb və onun gücləndirilməsinin vacibliyi, həmçinin münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilib. Bundan başqa, ötən ilin oktyabrında beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində qadınların rolu, Yaxın Şərqdə vəziyyət və Təhlükəsizlik Şurasının iş metodlarına dair Şuranın açıq müzakirələri də təşkil edilib.
Təhlükəsizlik Şurasında üzvlüyü dövründə Azərbaycan milli maraqlarımızın qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərib. Ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri Şuranın müvafiq iclaslarında mütəmadi olaraq diqqətə çatdırılıb. Bundan əlavə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi məsələsi ardıcıl olaraq qaldırılıb və müvafiq müddəalar Şuranın qəbul etdiyi sənədlərdə əks olunub.
Bu kontekstdə 2012-ci il mayın 30-da Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilmiş “Mübahisələrin dinc yolla nizamlanması, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, məhkəmə həlli və ədalət” mövzusunda qeyri-rəsmi müzakirələri (“Arria” formulası çərçivəsində) böyük maraq doğurub. Tədbirdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv dövlətlərinin, BMT Katibliyinin, beynəlxalq hökumətlərarası təşkilatların, vətəndaş cəmiyyətinin və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak edib.
Müzakirələrdə xarici işlər nazirinin müavini Araz Əzimov və tanınmış hüquqşünas, Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış ediblər.
Afrika dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verən Azərbaycan qitənin üzləşdiyi müxtəlif problemlərin həllinə Təhlükəsizlik Şurasında üzvlüyü dövründə də fəal töhfə verməyə çalışıb. Təsadüfi deyil ki, məhz Azərbaycanın Şuraya hər iki sədrliyi müddətində qurumun Qərbi Afrika bölgəsinə (Liberiya, Kot Divuar və Sierra Leone) və Afrikanın Böyük Göllər regionuna (Konqo Demokratik Respublikası, Ruanda və Uqanda) səfərləri təşkil edilib. Sonuncu səfər çərçivəsində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin həmsədrliyi ilə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi keçirilmiş, yekunda birgə kommunike qəbul olunub. Bununla yanaşı, 2013-cü ilin oktyabrında səfir Aqşin Mehdiyev Təhlükəsizlik Şurasının sədri qismində Afrika İttifaqının İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirləri ilə görüşüb. Həmçinin Əlaqələndirmə Qrupunun yüksək səviyyəli üzvlərinin iştirakı ilə oktyabrın 31-də Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri olub.
Ümumiyyətlə, Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib.
Keçən iki il ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, BMT Katibliyi və qeyri-hökumət təşkilatları və araşdırma mərkəzləri ilə sıx əməkdaşlıq münasibətlərini daha da genişləndirib. Şurada üzvlüyü müddətində Azərbaycanın uğurlu fəaliyyəti və hər zaman ədalət və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqedən çıxış etməsi yüksək qiymətləndirilib.
Təhlükəsizlik Şurasında qazanılmış təcrübə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə və milli maraqlarının təmin olunmasına xidmət edəcək.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info