Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilib (Yenilənib)
Tarix: 07.01.2014 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Paytaxtda Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Son illərdə Azərbaycanda səhiyyə yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət alıb. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilib. Bu məqsədlə səhiyyənin prioritet sahələri üzrə 9 dövlət proqramı qəbul olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətin mühüm tərkib hissəsi kimi, ölkənin dövlət tibb ocaqlarında pulsuz xidmət göstərilməsinə başlanıb. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların dərmanlarla pulsuz təmin olunması və müalicəsi diqqət mərkəzində saxlanılıb. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də ölkədə ardıcıl tədbirlər həyata keçirilib. Bu məqsədlə 6 perinatal mərkəz fəaliyyətə başlayıb. Son 10 ildə səhiyyə sahəsində görülən işlər nəticəsində ümumilikdə 500-ə yaxın tibb müəssisəsində təmir və tikinti işləri aparılıb. Onlardan təxminən 70 faizi regionların payına düşür. Bundan əlavə, son illərdə ölkədə tibb kadrlarının hazırlanması, tibbi təhsil və tibb elminin inkişafı sahəsində də ciddi uğurlara nail olunub.
Bakı Sağlamlıq Mərkəzində yaradılan şərait bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial sahəyə daha çox diqqət göstərilir və bu proses davamlı xarakter alıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlərin yaradılması nəzərdə tutulur. 2014-cü ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə Qəbələdə dağ-xizək kompleksinin, daha sonra Bakı Sağlamlıq Mərkəzinin açılması Azərbaycanda sosial sahənin inkişafına və əhalinin sağlamlığına göstərilən dövlət qayğısının əsas göstəricilərindəndir.
Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli sərəncamı əsasında inşa olunmuşdur. Dövlət başçısı 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak edib. Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezidentə və xanımı Mehriban Əliyevaya məlumat verib.
Qeyd edilib ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilib. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunub. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılıb. Bütün şöbələr dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təchiz olunub. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq edilir. Bunların arasında müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş sterilləşdirmə sistemi mühüm yer tutur. Bundan əlavə, Bakı Sağlamlıq Mərkəzində istifadəyə verilən kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları və digər müasir tibbi cihazlar xəstələrin müalicəsində əhəmiyyətli rol oynayacaq. Cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər və reanimasiya otaqları mərkəzin əhəmiyyətini daha da artırır.
Dövlət başçısı və xanımı Sağlamlıq Mərkəzinin ayrı-ayrı şöbələrində yaradılan şərait və müasir tibbi avadanlıqla tanış olublar.
Bildirilib ki, Mərkəzdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi üçün ən yüksək şərait yaradılıb. Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra həkim kollektivi ilə görüşüb.
Tibb işçilərini salamlayan Prezident İlham Əliyev deyib ki, Bakı Sağlamlıq Mərkəzi müstəqillik dövründə tikilmiş ən böyük tibb müəssisəsidir: “550 çarpayılıq mərkəzdə bütün lazımi şərait yaradılıbdır. Bu, ən böyük mərkəzdir. Burada bir neçə şöbə fəaliyyət göstərir. Bütün əsas şöbələr vardır. Müasir avadanlıq quraşdırılıb. Yəni, burada yüksək tibbi xidmət göstərmək üçün bütün imkanlar vardır. Əminəm ki, burada çalışan həkimlər də xəstələrə qayğı və diqqətlə yanaşacaqlar. Bu mərkəzin tikintisi əlamətdar hadisədir. Son illərdə Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görülmüşdür. Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilmişdir. Son illərdə yüzlərlə tibb mərkəzi açılmışdır ki, bu gün Azərbaycan vətəndaşlarına xidmət göstərir.
Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir. Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaqdır. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial sahəyə diqqət daha da böyük olsun.
Əlbəttə ki, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır. Bu sahəyə də daim böyük diqqət göstərilir. Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir. Çünki ana ölümü, uşaq ölümü kəskin dərəcədə aşağı düşmüşdür. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin yaradılması geniş vüsət almışdır. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaq”. Prezident qeyd edib ki, son illərdə belə mərkəzlərin tikintisinə nadir hallarda rast gəlmək olar. Çünki dünyada hələ ki, iqtisadi böhran davam edir, bəzi ölkələrin iqtisadi vəziyyəti o qədər də yaxşı deyil: “Ancaq belə mərkəzlər Azərbaycanda tikilir və tikiləcək”. Prezident deyib ki, bu gün Azərbaycan səhiyyə sahəsində, xüsusilə, avadanlıq, təchizat və tikinti işlərində öz standartlarını da təqdim edir:
“Ancaq əlbəttə ki, səhiyyə sisteminin əsas göstəricisi həkimlərin peşəkarlığıdır. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər. Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcəkdir. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaq. Ancaq o da həqiqətdir ki, buradakı avadanlıqdan səmərəli şəkildə istifadə etdikdə, əlbəttə, gözəl nəticələr də olacaq. Çünki diaqnostika vaxtında aparılmalıdır. Burada diaqnostika üçün bütün imkanlar vardır. Müalicə düzgün aparılmalıdır. Düzgün diaqnoz qoyulmalıdır. Elə etməliyik ki, Azərbaycanda səhiyyə sahəsində daim inkişaf olsun. Bir daha qeyd etmək istəyirəm ki, 2014-cü ildə səhiyyə sahəsi, ümumiyyətlə, sosial sahə prioritet olaraq qalacaq. Biz 2014-cü ilin birinci həftəsində görüşürük. Deyə bilərəm ki, artıq 2014-cü ildə ölkəmiz üçün əhəmiyyətli olan iki obyektin açılışı olmuşdur. Ayın 3-də biz Qəbələdə müasir Dağ-Xizək Mərkəzinin açılışını qeyd etdik. Bu gün isə burada, Bakıda Sağlamlıq Mərkəzinin açılışını qeyd edirik. Nəzərə alsaq ki, bu gün 2014-cü ilin birinci iş günüdür, əminliklə demək olar 2014-cü ildə belə açılışlar çox olacaq. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu il olacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info