Ədəbiyyat mənəvi mədəniyyətimizin daşıyıcısıdır
Tarix: 08.01.2014 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Azərbaycan mədəniyyətinin müxtəlif tərəf və cəhətləri bu gün dünyada ölkəmiz, onun tarixi və dəyərləri barədə rəy və təsəvvür formalaşdırmaqda əvəzsiz rola malikdir.
Bu baxımdan Azərbaycan incəsənətinin və ədəbiyyatının müstəsna rolu və yeri var. Biz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsrlər boyunca ölkəmizin dünyadakı şöhrətinin daha da artmasında olduqca böyük rol oynadığına dair sonsuz misallar çəkə bilərik. Ən qədim ədəbi-tarixi abidələrdən tutmuş, ayrı-ayrı şair-filosof və yazıçılarımızın bədii yaradıcılıq nümunələrinə qədər bu barədə sonsuz misallar çəkmək mümkündür. Çağdaş Azərbaycan ədəbiyyatını tanıdan ədiblərimiz də az deyil. Bu ədiblərdən biri isə Bayram İsgəndərlidir ki, layihə çərçivəsində onun yaradıcılığı barəsində söhbət açmağa çalışacağıq.
Çağdaş ədəbi mühitimizdə özünün lirik ifadə stilinə görə seçilən yazıçılardandır. Bu barədə bizə fikirlərini bildirən FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU ƏBÜLFƏZ ƏZİMLİ qeyd edir ki, B.İsgəndərlinin bədii mövqeyi ilə şəxsiyyəti arasında simmetirik uyğunluqlar var. Özünəməxsus bədii duyumu, dərin psixoloji müşahidə qabiliyyətinə malik olan yazıçı hadisələrə və faktlara dramatik və tipik nöqtələrdən yanaşır: “Bayram İsgəndərlinin yaradıcılığını hansı əlamətlər süzgəcindən dəyərləndirmək olar? İlkin olaraq, qeyd edə bilərik ki, özünəməxsus bədii duyumu, dərin psixoloji müşahidə qabiliyyəti olan yazıçı hadisələrə və faktlara dramatik və tipik nöqtələrdən müdaxilə edir. İkinci bir halda, onun hekayələri lirik nəsr nümunələridir; bu, elə-belə lirik olan demək deyil, poetik nəsrdir. Hekayələrindəki lirik psixologizm, şairanə təsvir elementləri bunu söyləməyə haqq verir. O, miniatür hekayənin yaxşı nümunələrini yaradıb və bu hekayələrin dili, yatımlı təsvir stili şairanədir”.
Filoloq qeyd edir ki, yurd-yuva həsrəti, özünə qayıdanların və qayıda bilməyənlərin faciəsi Bayram İsgəndərlinin hekayələrinin əsas mövzularıdır. Onun bədii müşahidələri təxəyyül və təsəvvürün, düşüncələrin ən tipik məzmunlarının inikası olmaqla çoxrəngli və çoxşaxəlidir: “Bayramın bədii xəyalları zahiri mənada “xəyal” deyil, gerçəkliyin canlı, tipik ifadə poetizmidir. O, gerçəkliyin tipik mənzərələrini, epik simasını formaca yığcam, məzmun və mündəricə baxımından geniş və dolğun şəkildə əks etdirmək bacarığına malik olan yazıçıdır. Yaradıcılığa erkən başlasa da, “Bir payız günü” adlı ilk kitabı 1981-ci ildə işıq üzü görmüş, sonralar “Günəş həmişə olacaq”, “Balaca nağılçı”, “Yeddi ilin ayrılığı”, “ Vaxtla üz-üzə”,” Sevgi məktubları”,”Qorxaq ayı balası Toxmaq”,”Çil xoruzun aqibəti” adlı kitabları nəşr edilib.
Filoloqun fikrincə, Bayram İsgəndərli sözü qənaətlə işlədən yazıçıdır: “Onun hekayələri bədii yığcamlığına, habelə məna dolğunluğuna, ideyasına görə fərqlənir. O, miniatür hekayənin gözəl nümunələrini yaradıb. Onun bədii dühasında məxsusi nəsr lirizmi hakimdir. Sözlər sanki yazıçının qələminə doğru qaçır; Bayram isə sözün məqamını və yerini daha yaxşı bilir, sözü, necə deyərlər, sevir və sözlərlə canlı lövhələr, xarakterlər yaradır.
Bayram İsgəndərlini tanıyandan bəri, gördüm ki, o, bir vətəndaş yazıçı kimi özünü mənəvi ağrıların və ruhani əzabların içərisində rahat hiss edir. Mənəvi ağrı və əzablara qatlaşıb onu özündə yaşatmaq və bu yaşantı içərisində həyata və insanlara ruhən bağlanmaq psixologizmi onun bədii yaradıcılığına xarakterik və tipik əlamətlər vermişdir. İnsanların iztirabları, həyati inam və arzularının sərt zərbələr altında əzilməsi, aldanışları onun hekayələrinin əsas mövzularıdır.
Cəmisi ikicə səhifədən ibarət olan “İsti yay günü” hekayəsində Musa kişinin daxili aləmini əks etdirmək üçün yazıçı elə bir faktı təsvir edir ki, bu fakt obrazın bütün həyatını anlamağa və dərk etməyə yetir. Səksən beş yaşlı Musa kişi altmış beş ildir ki, Bakıda yaşayır, əslən İrəvandandır. Düz altmış beş ildir ki, onun qəlbi boşluq içərisindədir. Yaşının bu ahıl çağında bu boşluq onun mənəvi ağrılarını, əzablarını daha da artırır. Doğma yurdun həsrəti onun sakitliyini əlindən alıb. Bu hekayə səksəninci illərin ortalarında qələmə alınıb. Bayram İsgəndərlinin qəhrəmanları özlərini anlamağa qabil insanlardır”.
Mövzu və ideyasına görə bir-birindən fərqli hekayələrində yazıçının özünəməxsus fərdi yaradıcılıq keyfiyyətlərini aydın görmək olar: bu hekayələr, hər şeydən əvvəl, yetkin yazıçı qələminin məhsuludur: “Məlum olduğu kimi, hekayə epik növün ən çətin janrıdır. Onun özünəxas bədii quruluşu, estetik tutumu, məna və ideya açımları var. Bu cəhətdən, Bayram İsgəndərlinin hekayələri bədii sənətkarlığı, ideyası, xarakterlərin açımı, psixoloji təzahürləri ilə fərqlənir. Onun yaradıcılığının ən uğurlu cəhətlərindən birincisi budur ki, o, miniatür hekayənin ən tipik nümunələrini qələmə alıb. Bədii tutumuna görə bu miniatürlükdə yazıçı tipik, real məzmunları əks etdirib, canlı həyat lövhələrini qabarıqlaşdırıb. Onun hekayələrində ciddi və dramatik təzahürlər var; obrazlarının həyatındakı faktlar və bədii lövhələr bir-birini tamamlayır. Yığcamlıq və bitkinlik onun təhkiyəsinin əsas əlamətləridir: o, yığcamlığı xüsusi tələb ve meyar hesab edir; bu mənada onun belə bir fikrini yada salmaq istərdim: “Hiss edəndə ki, nəsə çatdıra bilmirəm oxucuya, onda söz uzanır”. Ümumiyyətlə, yığcamlığı formal mənada qəbul etmək olmaz: hər bir təəssürat və münasibət özlüyündə bir estetik, bədii vahiddir və bu vahid ümumi xətt boyunca, süjet kompozisiyası daxilində bitkin və dolğun həyat hadislərini, insan psixologizminin tipik lövhələrini inikas etdirməlidir. Bu prosesdə yazıçının təsviri və ifadə stili obyektə, fakta daha yaxın olur. Geniş həyat lövhələri geniş mənada yığcamlıq tələb edir və bu yığcamlıq ümumiləşdirmə və tipikləşdirmə tələblərinə tabedir. Bayram İsgəndərlinin tipikləşdirməsi miniatür təsvirin ən incə əlamətlərini təzahür etdirir. Hər şeydən əvvəl, bunu unutmaq olmaz ki, obrazı səciyyələndirən, onun xarakterinin incə detallarını əks etdirəcək hadisə və münasibətləri təsvir etmək tərzi yazıçıdan xüsusi duyum və müşahidə bacarığı tələb edir. Bu mənada, Bayram İsgəndərlinin bədii duyumu dərindir və bu dərinlikdən o, dolğun və tipik situasiyaların daxilinə nüfuz edir. “Fikir yaman şeydir” hekayəsinin qəhrəmanı Mehdi kişi də özünü anlayır. Mehdi kişi özünün mənəvi-iradi saflığına bağlıdır. Təmiz yaşamaq onun üçün çətin olsa da, onun bu təmizliyində və saflığında daxili bir səbatlıq, qürur var. Bayram İsgəndərli öz qəhrəmanlarına onlara xas olan yaşayışın tipik sirləri içərisindən yanaşır. “Bir ovuc torpaq”, “Dağlar çağırır məni”, “Yolların sonu yoxdur”, “Oğullar qayıdır” hekayələrində obrazların mənəvi dünyasını xarakterizə edən ən mühüm amil-doğma yurd-yuva,torpaq sevgisidir. Yazıçı o məqamları və anları qələmə alır ki, orada obrazın xarakteri, mənəvi-psixoloji aləmi aydın ifadə edilir”.
Filoloqun fikrincə, Bayram İsgəndərlinin yaradıcılığında insanın daxili aləmi, həyəcanları, iztirabları bədii cəhətdən konkret və tipik həyat lövhələri ilə təsvir edilir. Bu proseslərdə bütün bədii situasiyalar canlı və dramatikdir; başqa bir məziyyət odur ki, həyata və insanın daxilinin gizlin vəziyyətlərinə fəal yazıçı marağı var.Yazıçı lirik-dramatik təsvirləri ilə şairanə bir poetizm nümayiş etdirir. Bütün bunlar onun bədii ifadə strukturunda ən dinamik keyfiyyətləri bəlirləyir. Epik situasiyalardakı keyfiyyətlərdən biri də budur ki, yazıçı həyat hadisələrinə, obrazların daxili dünyasına real psixoloji situasiyalardan yanaşır, obrazların ən tipik və həyəcanlı vəziyyətlərini təbii boyalardan inikas etdirir. Bu zaman yığcam və aydın, tutarlı həyat faktları daxilindən obrazlar bitkin görünür. Bütün bunlar Bayram İsgəndərlinin yaradıcılıq fərdiyyətini xarakterizə edən əlamətlərin poetik inikasıdır.
Filoloq onu da qeyd edir ki, Bayram İsgəndərlinin hekayələrindəki lirizmi və epik dolğunluğu xarakterizə edən cəhətlərdən üç poetik fiqur qabarıqdır: 1) duyum, 2) xatirə, 3) yuxu.
Təbiət - Bayram İsgəndərlinin obrazlarının daxili aləminin poetik mənbəyidir. Bu obrazlar real, habelə romantik, lirik daxili zənginliyə malikdirlər: onların qəlbində saflıq və səmimiyyət dərinlikləri vardır, belə adamlar vüqarlı və cəsarətli, dəyanətli olurlar. Yazıçı onları rəğbət və məhəbbətlə təsvir edir: onların həyati düşüncələri aktivdir. Başqa bir əlamət: onun obrazları bir insan kimi saflıq, mənəvi təmizlik, sarsılmaz inam içərisində rahatlıq tapırlar. Təbiət saflığı ilə onların daxili dünyası arasında bir silinməz bağlılıq var. Ona görədir ki, bu obrazların hər biri narahat, kədərli, həsrətli və təlaşlı anlarında təbiətə üz tuturlar.
Mənfi təzahürlərə qarşı sərt reaksiyalar Bayram İsgəndərlinin obrazlarının xarakterlərini qabarıq şəkildə əks etdirən əlamətlərdəndir. “Xallı”, “Gömgöy səma”, “Toydan sonra nağara” kimi hekayələrdə obrazlar fəal bir psixologizmdən təsvir edilir. Onların şəxsində yazıçı ətrafdakı özbaşınalıqlara, əliəyrilik və tamahkarlığa qarşı mübarizə aparır: “Ümumiyyətlə, Bayram İsgəndərli üslublu yazıçıdır. O, həmişə öz üslubuna sadiq qalıb, gözəlliyi, nəcibliyi, xeyirxahlığı, özünüanlama psixologizmini önə çəkib. Lirik-psixoloji təhkiyə, təsvir, hadisələrə və münasibətlərə ciddi yanaşmaq bacarığı onun üslub dinamizminin başlıca əlamətlərindəndir: bu zaman o, ciddi və və dramatik həyat lövhələrinin inikasına xüsusi diqqət yetirir. Məsələn, “Gözləri önündə qəribə bir mənzərə açılmışdı. Yer də, göy də nur içində idi. Hər şey necə vardısa, eləcə görünürdü. Elə bil deyirdi: “Bu mənəm, bu özgəsi deyil. Bu mənəm”. Qıjıltı ilə axan çay daha çox nəzərini cəlb elədi. Çay duru idi. Elə duru idi ki, dibindəki daşlar belə görünürdü: ağ, qara, qəhvəyi, çopur-çopur, hamarlanmış daşlar” (“Payız yağışı”).
Yazıçı real həyat faktlarından çıxış edir, hadisələrə insanın daxili aləminin, mənəvi dünyasının tipik prizmalarından yanaşır. Onun obrazları daxilən kamilləşmiş, özünü anlamış şəxslərdir. Buradaca qeyd etmək gərəkdir ki, Bayram İsgəndərlinin hekayələri, özünün dediyi kimi, “mən də deməliyəm, yazmalıyam” fikrilə yox, “mən də deyə bilərəm, yaza bilərəm” fikrilə yazılıb. Aydın məsələdir ki, burada əsas məsələ yazıçının bədii mövqeyi prinsipidir; bu onun fərdi cəhətinin inikasına bağlıdır. Bu fərdilikdə obrazlı dil, təsvir dolğunluğu yığcamlıq, lirik səmimiyyət, bədii genişlik və dolğunluq, ümumiləşdirmə və tipikləşdirmə amilləri xüsusi əhəmiyyət daşıyır”.
Ə.Əzimlinin fikrincə, bütün bu keyfiyyətlər onun miniatür hekayə yaradıcılığında bədii sənətkarlığı səciyyələndirən əlamətlərdir. O, hadisələrə geniş prizmadan yanaşır, epik mənzərələri ən təsirli və tutarlı təsvirlərlə canlandırır. Onun qəhrəmanları geniş həyat mənzərələrindən qoparılmış haldadır: onlar sıxılır, əzab çəkirlər - bu onların həyatlarının real məzmunudur. Lakin onların xəyal və təsəvvürləri yaşadıqları həyatdan - mövcud vəziyyətdən çox-çox geniş və məzmunludur: bu onların daxili kamilliklərinin təzahürü kimi səciyyəvidir. Bu, Bayram İsgəndərli yaradıcılığının psixoloji lirizmidir. Yazıçı ən yığcam formanı seçmiş və bu yığcam forma daxilində özünün ideya və məzmun baxımından epik genişliyini təzahür etdirə bilmişdir. Yazıçının özünəməxsus poetik kompozisiyaları bunu deməyə haqq verir ki, daha yığcam təsvirlər daxilində tipik, geniş məzmunlar vermək, xarakterlər canlandırmaq mümkündür. Bu tərz nəsrin forma tipologiyasında ən incə əlamətlərdən biridir. Bu aspektdən yanaşaraq demək olar ki, Bayram İsgəndərlinin təsvirləri oxucunu həm də geniş epik mənzərələrə aparır, başqa sözlə, o, obrazları çox-çox dərinliklərdən gələn və get-gedə şaxələnən, dərin qatlara enən həyat lövhələri daxilindən təqdim edir. Yazıçı seçdiyi bədii formanın tələblərinə uyğun olaraq, az sözdən istifadə edir, yığcam təsvir və təəssüratları canlı dillə, lirik təsiri daha çox olan obrazlı, üslubi əlamətlər daxilindən əks etdirir.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info