“Vətənə bağlı olmağımda atamın xüsusi rolu oldu”
Tarix: 15.01.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Ülviyyə Əlizadə: “Moldovalılar ailəyə bağlılığı və qonaqpərvərliyi ilə bizə çox bənzəyirlər”

Fəal Azərbaycan gənclərinin sıralarının genişlənməsi ölkənin gələcəyinin etibarlı əllərdə olacağına bir işarədir. Son illərdə aktiv gənclərin bütün sahələrdə perspektivlərini ortaya qoymaları üçün də kifayət qədər şərait yaradılır. Hətta son bir neçə ay ərzində gənc kadrlar icra strukturlarında məsuliyyətli və kifayət qədər bacarıq tələb edən vəzifələrə çəkilir, onların öz bilik, bacarıq və imkanlarını ortaya qoymaq üçün şəraitlər yaradılır. Bu işdə xaricdə təhsil alıb ölkəyə dönən gənclərin də potensialından istifadə olunur. Belə perspektiv vəd edən gənclərdən biri də Ülviyyə Əlizadədir. O, həm Azərbaycan, həm də digər ölkələrin ali təhsilini alıb və hazırda dövlət işində çalışır. Ülviyyə Əlizadə ilə olan müsahibəni oxuculara təqdim edirik.
-Ülviyyə xanım, ilk olaraq oxuculara özünüz barədə qısa məlumat verərdiniz.
-Mən, Əlizadə Ülviyyə Surxay qızı 14 aprel 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri 134 saylı məktəbdə almışam. 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam və 2011-ci ildə bu ali təhsil ocağını yaxşı qiymətlərlə bitirdim. Elə həmin ilin sentyabr ayında Moldova Dövlət Universitetinin iqtisadi hüquq ixtisası üzrə magistr pilləsinə qəbul oldum və 2013-cü ilin iyun ayında magistraturanı bitirdim.
- Ali təhsilinizi Moldovada davam etdirmisiniz. Başqa ölkədə təhsil almaq marağı sizdə necə yarandı?
-Atam diplomatdır. İş fəaliyyəti ilə əlaqədar vaxtaşırı müxtəlif ölkələrdə çalışır. Ona görə də mənim təhsil aldığım illərdə bir qədər rəngarənglik oldu. Yəni, orta təhsilimin dörd ilini Daşkənddəki Şevçenko adına rus məktəbində, ali təhsilimin iki ilini Düşənbə Slavyan Universitetinin Hüquq fakültəsində davam etdirmişəm. Elə bu səbəbdən də Moldova Dövlət Universitetinin Hüquq fakültəsinin magistraturasını seçmiş oldum. Düzü, buna heç də peşman olmadım.
- Peşman olmadığınızı dediniz. Görünür, təhsil aldığınız Moldova Dövlət Universitetindən çox razı qalmısınız.
- Əlbəttə. Moldova Dövlət Universiteti bu ölkədə bir nömrəli təhsil ocağı sayılır. Burada təhsilin bütün sahələri, o cümlədən xarici dil, iqtisadiyyat, musiqi və s. fakültələr mövcuddur və bu sahələrə də daim böyük diqqət göstərilir. Hüquq fakültəsi isə xüsusi önəm kəsb edir və görünür, bu səbəbdəndir ki, fakültə ayrıca binada yerləşir. Təsəvvür edin ki, Moldovada dövlətin ən yüksək məmurları Hüquq fakültəsinin məzunlarıdır. Burada üçnövbəli təhsil sistemi il ərzində davam edir. Bu da eyni zamanda işləyən tələbələr üçün çox sərfəli sayılır. Xüsusən, müəllimlərin istiqanlılığı diqqətimi çox cəlb etdi, tələbələrin və magistrlərin isə sərbəst yaradıcılıq işinə böyük diqqət yetirilirdi.
- O zaman təhsil üçün hər cür şərait yaradılan belə bir ölkədə azərbaycanlı tələbələrin də sayı çox olar. Azərbaycanlı gənclər, orada yaşayan soydaşlarımız haqqında bilgiləriniz var idimi?
- Təbii ki, əlaqələr var idi və gənclərimiz digər ölkələrdə olduğu kimi, burada aktiv idilər. Zənnimcə, Moldovada yaşayan azərbaycanlılar, orada təhsil alan azərbaycanlı tələbələr və aspirantlar, o cümlədən Moldova Azərbaycanlıları Konqresi (MAK) MDB ölkələri içərisində ən fəal, ən işgüzar, ən mehriban insanlar və qurumlardan biri kimi tanınmaqdadır. Misal olaraq bir neçə məsələni diqqətinizə çatdıra bilərəm. Bu ölkədə MAK tərəfindən təşkil olunan Novruz bayramı tədbirləri, Moldovada yaşayan millətlərin hər ilin sentyabr ayında birgə keçirdikləri Etnofestival bayramı, Respublika Günü, Müstəqillik Günü, müxtəlif humanitar tədbirlərin keçirilməsi təqdirəlayiq haldır. Bu tədbirlərin təşkil olunmasında gənclərin, o cümlədən mənim də əməyim az olmayıb. Əlbəttə ki, bu işlərdə səfirliyimizin dəstəyini də xüsusi olaraq qeyd etmək lazımdır. Eyni zamanda, 2012-ci ildə Moldovada keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərini də qeyd etmək istərdim. Burada da tədbirin uğurlu alınmasında biz tələbələrin rolu böyük oldu. Mədəniyyət günləri çərçivəsində Azərbaycan filmlərinin festivalı, S.Vurğun adına Rus Dram Teatrının çıxışları, Azərbaycan milli mətbəxi günləri, turizm sərgisi müvəffəqiyyətlə təşkil olundu. Biz tələbələr də sənətkarlarımıza qoşulub, onlara əlimizdən gələn yardımı etməyə çalışırdıq. Dahi Nizamiyə həsr olunmuş xüsusi bağın abadlaşdırılmasında da böyük əməyimiz olmuşdu. Burada, Nizami Gəncəvinin yenidən qurulmuş abidəsi açılmışdı. Bundan başqa Moldovada mart ayında bizim Novruz bayramına bənzər Martişor bayramı keçirilir. Hər il bu bayrama Azərbaycanın incəsənət xadimləri də dəvət olunurlar. Bu isə yerli xalqın diqqətini çox çəkir. Hətta 2011-ci ildə Xalq artisti, maestro Ramiz Quliyev və oğlu gənc dirijor Eyyub Quliyev, 2012-ci ildə isə Mələkxanım Əyyubova öz triosu ilə və gənc opera müğənnilərimiz Moldovaya gələndə burada əsl bayram ab-havası yaşanmışdı. Biz də sənətkarlarımızın asudə vaxtlarında onları Moldovanın görməli yerləri ilə tanış etməyə çalışmış, şəxsən mən, diasporumuz və o cümlədən tələbələrlə onların görüşlərini təşkil etmişəm.
Tələbələr bu gün də bu ölkədə çox aktivdirlər və Kişinauda hər il təşkil olunan Milad bayramına həsr olunmuş yarmarkalarda fəal iştirak edir, yığılan vəsaitləri isə uşaq evlərinə, əlillər evlərinə və s. təqdim edirlər.
Eyni zamanda qeyd etməliyəm ki, Moldovada təhsil alan tələbələr Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına qoşularaq Kişinauda bir sıra uğurlu tədbir keçirməyə nail olublar. Bu tədbirlərə Kişinaunun ali təhsil məktəblərində təhsil alan digər xarici ölkələrin tələbələrinin iştirakı da bizim tərəfimizdən təmin olunmuşdu. Əlbəttə ki, bütün bu işlərdə Azərbaycanın Moldovadakı səfirliyi və şəxsən səfir Namiq Əliyevin xüsusi rolu oldu.
- Yerli xalqın azərbaycanlılara rəğbət bəslədiyini qeyd etdiniz. Bəs onların mədəniyyəti, adətləri barədə nə deyə bilərsiniz?
- Moldovalılar çox sadə, səmimi insanlardır və azərbaycanlılara da çox hörmətlə yanaşırlar. Orada yaşadığım müddətdə bunun dəfələrlə şahidi olmuşam və bu mənə qürur hissi verirdi. Bizim mədəniyyətimiz, adət-ənənələrimiz onları çox maraqlandırırdı. Fərqli mənsəbə və mədəniyyətlərə malik olsaq da, xalqlarımız arasında oxşar cəhətlərimiz çoxdur. Moldovalılar ailəyə bağlılığı və qonaqpərvərliyi ilə bizə çox bənzəyirlər. Burada qeyd olunan “Valideynlər günü”nü xüsusi olaraq qeyd etmək istərdim. Həmin gün hamı öz valideynini ziyarət edir, hədiyyələr alır, böyük bayram süfrəsi açılır. Vəfat edənlərin isə məzarlığı hamılıqla ziyarət olunur. Bayram iki gün davam edir. Bildiyiniz kimi Moldova həm də şərab ölkəsi sayılır. Burada istehsal olunan şərablar bütün dünyada tanınır. Moldovada hər il möhtəşəm “Şərab festivalı” da keçirilir. Əlbəttə ki, yuxarıda qeyd etdiyim ənənəvi Martişor bayramı və Etnofestival da möhtəşəmliyi ilə seçilir.
-Artıq Moldova ilə bağlı sizdə yalnız xatirələr qalıb. Bu gün Azərbaycandasınız və öz doğma vətəninizdə hansı ictimai işlərlə məşğul olursunuz?
- Ümumiyyətlə, mən iş fəaliyyətimə “Kaspian Servis” tikinti şirkətində hüquqşünas kimi başlamışam. Burada az müddət çalışmağıma baxmayaraq, böyük təcrübə qazandım. Magistr təhsilimi bitirəndən sonra isə dövlət işində çalışmağı qərara aldım. Hazırda, Nərimanov Rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibiyəm. İşim haqda onu deyə bilərəm ki, çox maraqlı bir sahədir və işimi də çox sevirəm. Ailə münaqişələrini tənzimləmək və uşaqların haqlarını qoruyaraq, onların problemlərini həll etməyə cəhd göstərirəm. Vəzifəmi yerinə yetirərkən həqiqətən də özümü əsl vətəndaş kimi hiss edirəm.
- Doğrudan da insanlara, xüsusən də belə nəcib işdə çalışaraq uşaqlara layiqli xidmət göstərmək əsl vətəndaş mövqeyi sayıla bilər. Görünür, vətənə belə bağlı olmağınız da xaricdə təhsilinizi bitirəndən sonra ölkəyə dönməyinizdə rol oynadı.
-Haqlısınız. Əlbəttə bəzi gənclər xaricdə təhsil alarkən orada qalmağı düşünürlər. Amma belə hallar artıq çox azalıb. Həyatımın yarısından çoxunu vətəndən kənarda yaşamışam və həmin ölkələrdə oxudum məktəblərdə, təhsil aldığım universitetdə yeganə azərbaycanlı olmuşam. Bunu dərk edərək vətənimin layiqli təmsilçisi olmağa çalışmışam, çünki vətənimi çox sevirəm və bu hissi hər kəsə aşılamağa çalışıram. Bu işdə atamın rolunu xüsusi vurğulamaq istərdim. Çünki o, mənim üçün vətənini çox sevən bir insan kimi həmişə örnək olub. Qayıtmaqda məqsədim qazandığım bilikləri burada tətbiq etmək, vətənimin daha da inkişaf etməsində zərrə qədər olsa da rolumun olmasını görməkdir. Əlbəttə, bunun üçün öz üzərimdə daha çox çalışmalıyam.
- Artıq biliyinizi öz ölkənizdə tətbiq edirsiniz və bu işdə sizə dövlətin yaratdığı şəraitin də böyük rolu olub. Dövlətin yürütdüyü gənclər siyasətini necə təqdir edirsiniz?
- Bəli, bu gün Azərbaycan gəncinin hərtərəfli inkişafı, öz bacarığını və istedadını üzə çıxara bilməsi üçün hər cür şərait yaradılıb. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" biz gənclər tərəfindən böyük sevinclə qarşılanmışdı. Dövlətin və Prezidentimizin gənclərə göstərdiyi bu qayğı bizdən tələb edir ki, var-gücümüzlə ölkəmizin inkişafında ləyaqətlə iştirak edək. Bunun üçün də ilk növbədə aldığımız təhsildə yüksək nailiyyətlər göstərməli, eyni zamanda bizə həvalə olunan iş sahəsində nümunəvi rol oynamalıyıq. Xüsusən, Prezidentimizin apardığı gənclərlə bağlı siyasətinə cavab olaraq xaricdə təhsil alan tələbələrin təsis etdiyi təşkilatlar artıq sistemli şəkildə birləşərək əlaqələndirilir və ölkəmizin daha dolğun şəkildə təmsil olunmasında böyük rol oynayır. Bunlara misal olaraq, sayı son zamanlar sürətlə artan gənclər təşkilatlarını göstərmək olar. Dövlətin qayğısı sayəsində belə gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdiriblər.
-Az da olsa, təcrübənizə əsaslanıb uşaq hüquqlarının qorunması istiqamətində hansı təklifləri verərdiniz?
-İstər işimlə əlaqədar olaraq, istərsə də gündəlik həyatımızda yetkinlik yaşına çatmayanların hüquqlarının pozulması ilə tez-tez rastlaşırıq. Dövlət cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verir və bu məsələnin həlli ilə bağlı müxtəlif işlər də aparır. Amma bu, tək dövlətin problemi deyil, hər birimizin insanlıq borcudur. Təklifim odur ki, bu işin həllində heç kəs biganə qalmasın. Bu gün Avropada uşaq və qadın hüquqlarına çox həssaslıqla yanaşılır. Amma orada da məsələ dövlət-məmur səviyyəsinə qalxmamışdan öncə ictimai səviyyədə gündəmə gətirilir və bu ictimai qınaqdan qorxan bəzi insanlar uşaq hüquqlarını pozmurlar. Uşaqlar ilk növbədə öz haqq və hüquqlarını bilməli, hətta ailəiçi məişət zorakılığına uğradıqları zaman belə dövlət tərəfindən qorunduqlarını anlamalıdırlar və ona güvənməlidirlər. Bununla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi və uşaqların məlumatlandırılması vacibdir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
06.11.2019
Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
01.11.2019
Rus qazının qiymətinin artırılacağı erməniləri qorxuya salıb
31.10.2019
“Əkiləcək 650 min ağacın gələcək taleyini izləmək üçün nəzarət funksiyası həyata keçirilməlidir”
24.10.2019
“Ali təhsillilər də Mərkəzimizə müraciət edərək peşə oyrənirlər”
21.10.2019
“16 şirkətlə müqavilə bağlamışıq, bizim məzunlarımızı heç bir problem olmadan işə götürürlər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 Prezidentdən Bayraq Günü paylaşımı - Video
5 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info