80 yaşlı Ədəbiyyat İnstitutu
Tarix: 21.01.2014 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir
keçirildi.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri iştirak edirdi. İştirakçılar əvvəlcə akademiyanın foyesində Ədəbiyyat İnstitutunun alimləri tərəfindən nəşr etdirilmiş kitablarla tanış oldular. Yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən və milli ədəbi nümunələrimizin tədqiqi, öyrənilməsi və təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən geniş söz açdı. O bildirdi ki, Ədəbiyyat İnstitutunun tarixin bütün dövrlərində Azərbaycanda ədəbiyyatşünaslıq elminin, humanitar düşüncə və milli ideologiyanın inkişafında böyük xidmətləri olub. Onun sözlərinə görə, keçmiş sovet ideologiyasının ən sərt dövrlərində belə ədəbiyyat və ədəbiyyatşünaslıq elmi milli birlik, vətənpərvərlik ideyalarının qorunub saxlanmasında xidmət göstərə bilib: “Akademiyanın institutu da ədəbiyyat, dil və mədəni inkişafa öz təsirlərini göstərib. Ədəbiyyat İnstitutu fəaliyyəti dövründə Azərbaycana bir çox görkəmli alimlər bəxş edib. Ulu öndər Heydər Əliyevin Azərbaycan elm adamlarına göstərdiyi diqqət və qayğıdan danışan akademik hazırda bu istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Bildirildi ki, son dövrlərdə institutda baş verən yeniliklər də ədəbiyyatşünaslığın inkişafına imkan yaradacaq.

“Bütövlükdə AMEA-da olduğu kimi Nizami adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır”

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Mili Məclisin deputatı, akademik İsa Həbibbəyli “Nizami adına Ədəbiyyat İnstitutu davamlı ənənələr və müasirləşmə yollarında” mövzusunda geniş məruzə ilə çıxış etdi. Məruzədə institutun keçdiyi tarixi yola bir daha nəzər salınaraq qeyd edildi ki, 1933-cü ildə əsası qoyulan bu elm məbədi 80 ildən artıq müddətdə Azərbaycan filologiya elminin mərkəzinə çevrilib, mili mənəvi dəyərlərimizin, xalqın folklorunun, klassik və müasir ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olub, onun tədqiqi, nəşri və təbliği sahəsində geniş işlər görüb: “İnstitutda elmi və təşkilati işlərin yüksək səviyyədə qurulmasında və onun qarşısında qoyulan vəzifələrin həyata keçirilməsində Bəkir Çobanzadə, Əli Nazim, Hənəfi Zeynallı, Salman Mümtaz, Həmid Araslı, Feyzulla Qasımzadə, Mir Cəlal və başqa görkəmli alimlər yaxından iştirak ediblər. Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat institutunda formalaşıb inkişaf edib”.
Müstəqillik dövründə Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələyə qədəm qoyduğunu söyləyən İ.Həbibbəyli hazırda bu elm məbədində görülən işlərdən və həyata keçirilən layihələrdən danışaraq bildirdi ki, elmi müəssisə müstəqil Azərbaycan dövlətinin elm və ədəbiyyat siyasətinin həyata keçirilməsində özünəməxsus işlər görüb. Onun sözlərinə görə, burada ictimai və humanitar elmlər, ədəbiyyatşünaslığın inkişafı bir sıra mərhələlərdə həyata keçirilib: “Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Prezident İlham Əliyevin 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamının həyata keçirilməsində institut əməkdaşlarının özünəməxsus xidmətləri var. Hazırda Ədəbiyyat İnstitutunda yeddi cildlik Azərbaycan ədəbiyyatı tarixinin dörd cildinin nəşri başa çatdırılıb. 5, 6, 7-ci cildlər üzərində isə ciddi elmi-tədqiqat işləri aparılmaqda davam edir. Ədəbiyyat İnstitutunun çap etdirdiyi “Molla Nəsrəddin” jurnalının 8 cilddə və Əli bəy Hüseynzadənin “Füyuzat” jurnalının bir cilddə transliterasiya nəşri ölkə miqyasında elmi-ədəbi hadisədir. Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında “Azərbaycan folkloru və ədəbi abidələri” antologiyasının 4 cildinin kitab halında nəşr edilməsi də mühüm əhəmiyyətə malikdir. Hazırda bütövlükdə AMEA-da olduğu kimi Nizami adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır. Bu baxımdan 2013-cü ildə yaradılan “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Ədəbi tənqid” şöbələri, “Nizamişünaslıq” və “Füzulişünaslıq” sektorları ədəbiyyatşünaslıq elminin nüfuzunun genişləndirilməsinə yeni imkanlar açır ”.
Son vaxtlarda Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində də mühüm addımlar atıldığını deyən İ.Həbibbəyli qeyd etdi ki, institutun tarixində ilk dəfə olaraq ayrı-ayrı ölkələrin akademik qurumları ilə yaradılan əlaqələr ölkə hüdudlarından kənarda da iş aparmasına, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində yaxından iştirak etməsinə imkan yaradır. Bildirildi ki, Almaniyanın Humbold Universitetinin “Azərbaycan tarixi kafedrası”, Qazaxıstanın paytaxtı Astana şəhərində fəaliyyət göstərən “Türk Akademiyası” ilə imzalanan müqavilələr, Türkiyənin Yunus Əmrə Vəqfi, Polşa Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Ukrayna Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutu ilə əldə olunan razılaşmalar elmi-tədqiqat institutları arasında əlaqələrin inkişaf etdirilməsinə böyük meydan açır. 2013-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Türkiyə, Rusiya, İran, Polşa, Ukrayna, Yunanıstan, Qazaxıstan və Türkmənistanda keçirilmiş konfranslarda elmi məruzələrlə çıxış etmələri Azərbaycan ədəbiyyatşünaslıq elminin hüdudlarının genişləndirilməsində yeni addımlardır.

Azərbaycan ədəbiyyatının unikal mövqeyi dünyada təqdim olunmalıdır

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva isə çıxışında bildirdi ki, ədəbiyyat böyük düha və aləmdir. Onun sözlərinə görə, ədəbiyyat xalqları, fikirləri, insaniyyəti birləşdirir: “Bədii söz insanı göylərə ucaldır, ruh verir, mənən zənginləşdirir, daxilən təmizləyir, elmi şərh isə insanı ədalətə, yerdəki qanunlara bağlayır. Bu da qanunların ali, ədalətli olmasına gətirib çıxarır. Bütün bunlar isə ədəbiyyatın, sözün, bədii fikrin gücüdür. Dünyada ədəbiyyat qədər ictimai fikrə, insana, cəmiyyətə təsir edən ikinci güc, silah yoxdur”. N.Paşayeva onu da bildirdi ki, əsrlər boyu Azərbaycan ədəbiyyatı özünün böyük dühasını göstərib: “Amma bəzən dünya çərçivəsində, böyük arenada biz öz ədəbiyyatımızı lazımi səviyyədə təqdim etməyi bacarmamışıq”. N. Paşayeva qeyd etdi ki, bundan sonra Azərbaycan ədəbiyyatının dəyəri, unikal mövqeyi dünyada təqdim olunması önəmlidir. O bildirdi ki, tarixin hər bir mərhələsində bizim ədəbiyyat bir çox xalqları özündə birləşdirə və inkişaf etdirə bilib: “Azərbaycan ədəbiyyatını bir çox bucaqlar daxilində və nəzər bucaqları qismində araşdırmalıyıq. İlk növbədə ona görə ki, Azərbaycan ədəbiyyatı tək Azərbaycan ədəbiyyatı olaraq kifayətlənmir, məhdudlaşmır. Bu, özündə bir çox elmi və bədii fikirləri ehtiva etməyi bacarıb. Buraya həm qədim Qərb, həm yaxın Şərq, həm orta əsərlər, həm də XIX-XX əsrlərə aid ədəbi tarixlər daxildir. Tarixin müxtəlif dövrlərində Azərbaycan ədəbiyyatı yalnız olduğu kimi qalmayıb. Onun dühaları, simaları yaxın və orta Şərq fikrini, mədəniyyətini özlərində cəmləşdirib. Orta əsrlərdə bütün fəlsəfi fikirlər, məktəblər Azərbaycan ədəbiyyatı tərkibində özünü dünyaya tanıdıb. Əgər XVIII-XIX əsrdə Avropa müasirpərvərləri insanın və cəmiyyətin azadlığını maarifdə görürdüsə, bunu hələ XII əsrdə Nizami Gəncəvi görüb və ədəbiyyatda qeyd etmişdi. Bu, böyük bir material və zənginlikdir. Bəzən biz özümüz də nə qədər varlı və zəngin olduğumuzu bilmirik. Bu irsi təqdim və təqlid etmək isə bizim borcumuzdur”.
Tədbirdə Azərbaycan Yazıçılar Biliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru, akademiyanın müxbir üzvi Kamal Abdullayev, Macarıstan Elmlər Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georg Xazai və başqaları əlamətdar gün münasibətilə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik etdi, onlara yeni uğurlar arzuladı.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Sabah hava isinəcək - 32 dərəcə
17.09.2019
Azərbaycan Radiosunda Bədii Şura yaradılıb
17.09.2019
Prezident Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17.09.2019
Özbəkistan Türk şurasına üzv oldu
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info